* PAKISTAN: QISA TARIXI-SIYASI OÇERKLƏR Tanınmış diplomat, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində
müşavir, Təbrizdə baş konsul (1996-2002), Pakistan İslam Respublikasında və Əfqanıstanda (2002-
2010) və Ukraynada (2010-2015) fövqəladə və səlahiyyətli səfir olmuş, hazırda AMEA Fəlsəfə və
Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, şərqşünas alim Eynulla Mədətlinin
Pakistan İslam Respublikası haqqında yazdığı əsər xüsusi əhəmiyyət daşıyan monoqrafiyadır.
Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikasının xarici siyasətində
Pakistan İslam respublikası ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi dövlətimizin xarici
siyasətində başlıca istiqamətlərdən olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il
iyunun 9-dan qurulmuşdur.
Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında diplomatik əlaqələr
qurulmasının 30 illiyinə həsr olunmuş kitabda Pakistan xalqının və onun dövlətçilik tarixinin ən
ümdə məsələləri qələmə alınmışdır. Eynulla Mədətli 2002-2010-cu illərdə Azərbaycanın Pakistanda
fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışdığı zaman yazdığı gündəliklərdən, şəxsi
müşahidələrindən, keçirdiyi görüşlərdən, eləcə də müxtəlif tarixi mənbələrdən və ədəbiyyatlardan
faydalanmaqla qardaş ölkənin qısa tarixi-siyasi mənzərəsini yaratmağa çalışmışdır. Kitabda
Pakistan dövlətinin tarixi, burada islam dininin qəbulu, ayrı-ayrı hökmdarların hakimiyyəti
dövründə dövlət idarəçiliyi məsələləri, Pakistan İslam Respublikasının yaradılması və müxtəlif
illərdə burada baş verən siyasi proseslər, Pakistanın etnik mənzərəsi, beynəlxalq münasibətlər
sistemində yeri, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasındakı əlaqələr haqda
araşdırmalar yer almışdır.
Kitab tarixçilər, filoloqlar, beynəlxalq münasibətlər sahəsinin mütəxəssisləri və tələbələri
daxil olmaqla geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.