~ 78 ~
Yaponiya ilə müharibəyə girmək öhdəliyi Çinin mərkəzi hakimiyyəti ilə münasibətləri
yaxşılaşdırmağı tələb edirdi.
Əlbəttə, SSRİ-nin dəstək verməsi Şərqi Türküstanın çinli olmayan xalqını ruhlandırır və Çin
hökuməti qarşısında onların müqavimətini gücləndirirdi. Onların lideri Sovet İttifaqına sığınmış
Əlixan Tora ümid edirdi ki, bütün Şərqi Türküstanı Çin hakimiyyətindən azad etmək mümkün
olacaq. O, Stalinə məktubunda ona ―bütün xalqların mədəniyyətlərinin və hüquq bərabərliyinin
yaradıcısı və Sovet İttifaqının böyük Lideri kimi‖ müraciət edirdi. Sovet komandanlığını bölgədə
təcili hərbi əməliyyatlara başlamağa çağırırdı. Çin əsarətindən xilas yolunu Sovet ordusunun
dəstəyində görürdü. Lakin, Stalin Çinlə 1945-ci ilin avqustunda ―Dostluq və Müttəfiqlik
Müqaviləsi‖ imzalayandan sonra Şərqi Türküstana hərbi müdaxilə ilə yardım etmək fikrində
deyildi.
Mərkəzi Çin hökuməti Sincanı bir türk respublikası kimi görmək niyyətində deyildi və öz
planını həyata keçirmək üçün əlverişli zamanı gözləyirdi. Elə həmin ilin sentyabrında Çin
hökuməti Şərqi Türküstan problemini sülh yolu ilə həll etmək üçün təkliflərini verdi . Məsələnin
dinc yolla həllinə SSRİ də olduqca maraqlı idi və Sovet yetkililəri həm vasitəçilik edirdilər, həm də
çoxsaylı müşavirlərindən istifadə edərək bölgədə öz təsir gücünü qoruyub saxlamağa çalışırdılar.
1945-ci ilin yayında Şərqi Türküstan nümayəndə heyəti Əhmədcan Qasıminin başçılığı ilə Çin
hökuməti ilə danışıqlara getdi. Əslində, yaranan yeni vəziyyət bundan başqa yol qoymurdu.1945-ci
ilin oktyabrında GMD hökuməti ilə sülh danışıqları başladı. Şərqi Türküstan nümayəndə heyəti ilə
Çan-kay-şi hökumətinin nümayəndələri arasında 14 oktyabr 1945-ci ildə başlanan müzakirələr
fasilələrlə uzun müddət davam etdi və nəhayət 12 iyul 1946-cı ildə 12 maddəlik bir Razılaşma ilə
tamamlandı.
Əldə edilən Razılaşmaya görə 1946-cı ilin martında Zhang Zhizhong Sincanın qubernatoru
təyin edildi. Razılaşmaya uyğun olaraq əyalətdə 25 nəfərlik hökumət təşkil olunurdu, onlardan
onunu, o cümlədən hökumətin sədrini mərkəzi hökumət təyin edirdi, qalan 15-ni rayonlar seçirdi.
Bundan sonra Çinin Sülhü Qoruyan Korpusu rayonlara yerləşdirildi. Ağsu və Kaşqarda bu qüvvələr
müsəlmanlardan təşkil olunmalı və müsəlman zabitlərinin komandanlığında olmalı idi. Razılaşmada
əyalətdə yerli seçkilərin keçirilməsi, din azadlığı, hökumət işlərində, təhsildə və iş həyatında yerli
dillərin istifadəsi təsbit edilirdi. Hökumətdə yalnız 6 üzv Han sülaləsinə aid olmalı idi. Hökumət
başçısı Zhang, müavinləri isə müsəlmanları təmsil edən Bürhan Şəhidi və Qasimi olacaqdı. Amma
bu Razılaşma heç vaxt həyata keçirilmədi. Belə olduqda Şərqi Türküstan Gənclər Liqası Çin
daxilində muxtariyyət tələbini yenidən qaldırdı. Qubernatordan Çin hərbi qüvvələrinin əyalətdən
çıxarılması tələb olunurdu. Urumçidə (Ürümchi) 1947-ci ilin fevralında davamlı mitinqlər keçirildi
və Razılaşmaya əməl olunması tələbi irəli sürüldü. Artan təzyiqlər qarşısında qubernator Zhang türk
dilini əyalətin rəsmi dili kimi tanıdığını bildirdi, məktəblərdə yerli xalqın tarixinin tədrisinə icazə
verildi. ―Şərqi Türküstan‖ ifadəsinin rəsmi mətbuatda işlədilməsinə də icazə verildi. Kaşqar
yaxınlığında Yengisardan (Yeni Hisar) bir bəy oğlu olan, mədrəsədə və Çin məktəbində təhsil
almış, Əndicandakı (Özbəkistan-SSRİ) Sincan konsulluğunda altı il tərcüməçilik etmiş İsa Yusuf
―Altay‖ nəşriyyat evini və ―Erk‖ (Azadıq) qəzetini təsis etdi. İ.Qaspiralının cədidçi
―Dildə, fikirdə
və əməldə birlik‖ şüarı ilə yanaşı qəzetdə belə bir bəyaniyyə yer alırdı: ―Biz millətçiyik. Biz
demokratıq. Biz insanpərvərik. Bizim irqimiz (kökümüz, mənşəyimiz – E.M.) Türkdür. Bizim
dinimiz İslamdır. Bizim Vətənimiz Türküstandır‖ [2, p.294].
O zaman İsa Yusuf, birinci Respublikanın Lideri olmuş Mehmed Emin Buğra və Məsud Səbri
GMD hökuməti ilə əməkdaşlıq etməklə Çin daxilində Şərqi Türküstana muxtariyyət qazanmağa
ümid edirdilər. 1945-ci ildə hökumət bu üç şəxslə (―üch apandi‖- üç əfəndi) əməkdaşlığa getməyi
qəbul etmişdi. Əlbəttə, bu Çan Kayşi (Chiang Kai-shek) hökumətinin müvəqqəti taktiki addımı idi.
Vahid Çin milləti iddiasında olan hökumət Şərqi Türküstan milləti ideyasını qəbul etməkdən çox
uzaq idi.
Lakin bu Üç əfəndi Şərqi Türküstanın Türk millətinin mövcudluğunu təkid edir, müştərək
türkçənin burada hakim olduğunu da əsas gətirirdi.
Dostları ilə paylaş: