Bədii gimnastika. 2003-cü ildə Azərbaycan gimnastı Dinara Gimatova Budapeştdə (Macarıstan) keçirilən Dünya Çempionatında çıxış edərək, milli gimnastika tarixində ilk dəfə olaraq Afina-2004 Olimpiya Oyunlarına lisenziya qazandı. Bu yarışda Azərbaycanı Anna Qurbanova təmsil edərək, zədə səbəbindən Olimpiadada iştirak edə bilməyən komanda yoldaşı Dinara Gimatovanı əvəz etdi.
2008-ci ildə təşkil olunan Olimpiya Oyunlarında Azərbaycan tam heyətlə təmsil olundu – yarışlarda fərdi proqram üzrə iki gimnast (Aliyə Qarayeva və Dinara Gimatova), həmçinin müstəqil Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq qrup hərəkətləri komandası (Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Dina Qorina) iştirak etdi. Çoxnövçülük finalında Aliyə 6-cı, qrup isə 7-ci yerdə qərarlaşdı.
4 il sonra, 2012-ci ildə Londonda baş tutan Olimpiya Oyunlarında Aliyə Qarayeva yenidən çoxnövçülük finalında mübarizə apardı və nəticədə 4-cü yeri tutdu.
Rio-2016 Olimpiya Oyunlarında isə ölkəmizi Marina Durunda təmsil edərək 10 ən güclü idmançılar arasında finalda çıxış etdi.
2019-cu ildə Bakıda keçirilmiş Dünya Çempionatının nəticələrinə əsasən Azərbaycan yığma komandası Tokio-2020 Olimpiadasına iki lisenziya əldə etdi. Fərdi proqramda ölkə üçün lisenziyanı Zöhrə Ağamirova qazandı. Aliyə Paşayeva, Diana Əhmədbəyli, Darya Sorokina, Ayşən Bayramova, Zeynəb Hümmətovadan ibarət qrup hərəkətləri komandası da Olimpiya Oyunlarında iştirak etmək hüququnu təmin etdi. Belə ki, ölkəmiz yenidən Olimpiadada həm fərdi birincilikdə, həm də qrup hərəkətləri komandalarının yarışlarında təmsil olunacaq.
Gimnastlarımız Dünya Çempionatlarının komanda hesabında (2007, 2009, 2010), ayrı-ayrı alətlər üzrə final mərhələlərində (Aliyə Qarayeva / 2009, 2010) və çoxnövçülüyündə (Aliyə Qarayeva / 2011) mükafatçılar sırasında olmuşlar.
2007-ci ildə Aliyə Qarayeva ölkənin gimnastika tarixində ilk dəfə olaraq iplə hərəkətlərdə Avropa çempionu adına layiq görülmüşdür. Bu uğurun ardınca gimnastlarımız Avropa Çempionatlarının komanda hesabında (2007, 2009), ayrı-ayrı alətlər üzrə finallarında (Anna Qurbanova / 2009; Marina Durunda / 2015) və çoxnövçülüyündə (Aliyə Qarayeva / 2010, 2012) fəxri kürsüyə yüksəlmişlər.
2014-cü ilin Bakıda keçirilmiş Avropa Çempionatında Bakı tamaşaçısının gurultulu alqışları ilə Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Aleksandra Platonova, Aynur Mustafayeva və Səbinə Abbasovadan ibarət qrup hərəkətləri komandası Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq, böyüklər proqramı üzrə 3 top və 2 lentlə hərəkətlərin finalında gümüş medal qazanmışdır.
2018-ci ildə İspaniyada (Quadalaxara) keçirilən Avropa Çempionatında qrup hərəkətləri komandamız (Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətova / 3 top və 2 ip) bürünc medala layiq görülmüşdür.
Elə həmin tərkibli qrup hərəkətləri komandamız 2018-ci ilin “Challenge” seriyasına aid Dünya Kuboku mərhələlərində topladıqları ümumi xala əsasən 3 top və 2 iplə qalib oldu.
2019-cu ildə fərdi gimnast Zöhrə Ağamirova Neapolda (İtaliya) baş tutmuş Ümumdünya Yay Universiadası çərçivəsində çoxnövçülük və gürzlərlə finalda gümüş medal qazanmışdır.
Böyük gimnastlarımız Bakıda keçirilmiş çoxnövlü idman yarışları zamanı da öz çıxışları ilə fərqlənmişlər. Marina Durunda 1-ci Avropa Oyunları çərçivəsində (2015) lentlə finalda bürünc medala layiq görüldü. Bədii gimnastika üzrə fərdi proqramın ilk dəfə təmsil olunduğu 4-cü İslam Həmrəyliyi Oyunları (Bakı-2017) zamanı gimnastlarımız 8 medal qazandı (4 qızıl medal – komanda hesabı (Zöhrə Ağamirova, Marina Durunda, Jalə Piriyeva), halqa (Marina Durunda), top (Jalə Piriyeva), lent (Marina Durunda); 2 gümüş medal – gürzlər (Marina Durunda), lent (Jalə Piriyeva); 2 bürünc medal – halqa (Jalə Piriyeva), top (Marina Durunda)).