Sözün söz adamı
Deyəsən, bu yazını yazmaqda yaman gecikdim. Məni qınamayın, nə qədər yazmaq istəsəm də, sanki, əlim-qolum bağlanmışdı. Niyəsini özüm də bilə bilmədim. Təkcə onu bilirdim ki, şeirlər məni elə ovsunlamışdı ki... Bəlkə də elə o ovsunlama idi ki, tilsimindən çıxa bilmiridm. Həqiqətdə isə bəzi şeirlərin tilsim gücü elə çox olur ki, bir müddət təsirindən uzaqlaşa bilmirsən. Məhz elə haqqında yazacağım Dayandur Sevginin şeirləri kimi. Özündən eşitdiyim şeirlərin təsir qüvvəsi, kitabındakı kimi idi. Amma bəzi şairlərin şeirlərini dinləyirsən, kitabını oxuyanda isə o aləmə düşə bilmirsən, ya da ki, şeirlər səni olduğu kimi sehirləmir.. Bunun nədən belə olduğunu isə hələ də anlaya bilmirəm. Tanrının şairə verdiyi qəm dolu boxçası, dərd dolu tale yüküdür. Bundan başqa şairin heç nəyi yoxdu. Əgər həqiqi şairdisə.. Elə dərd yükünün köhləni kimi dörd nala çapa-çapa ömür dediyi söz qatarının yedəyində şütüyür. Ta bu qatarın son dayanacağına kimi. Orda isə söz də qurtarır, ömür də. Geriyə baxanda isə təkcə yazıb-yaratdıqlarından başqa heç nə gözünə görünmür. Axı, hər şey ömür axarında itib-batır. Yadigar qalan isə təkcə sözləridi şairin. Xatirələrin işığında bərq vuran söz boxçasını açanda gözlərində sevincin kədər üzü parıldayır, üzünə isə ilham mənbəyinin işığı düşür. Elə bu işıqda ömür kitabının səhifələri tale yaddaşının bəxt yollarına üz tutur. Əzab, əziyyət, iztirab dolu anlar, ağrı dolu ürək çırpıntıları səssiz harayın lal sükutundan boylanaraq zamanın haqsızlığına qoşulur, səni illərin vəfasızlığına çəkib aparır. Bir zaman taleyin bilməcəsində sarıldığın qələm-kağızın, qalaq-qalaq söz incilərin səni ömrün səhifələrində yaşıl-qırmızı, sarı rənglərin tülünə – göy qurşağına bürüyür. Bu tüldə kimin hansı rəngə daha aydın və gözəl görünməsi artıq zaman deyilən süzgəcin fərmanından asılıdır. Zənnimcə zamanın süzgəcində yaşıl görünənlər ən çox sevilənlər və yadda qalanlardır. Elə bu mənada poeziyasının işığına üz tutduğum Dayandur Sevgin də həmin qəbildəndir. “Allaha sual” şeirində Allaha ünvanladığı suallar şairin qəbul edə bilmədiyi haqsızlığın harayı, şeytan cildində görünən “mələklər”in qorxunc əməlləridir ki, bütün bunlar şairin Allahdan çox insanlardan qorxmasına gətirib çıxarır. Şairi bu yerdə başa düşmək çətin deyil. Hər gün eşitdiklərimiz, gördüklərimiz və qəbul edə bilmədiklərimiz, insanların tamahına və əməlinə sahib ola bilməməsinin nəticəsidir ki, ondan da əzab çəkən elə bizlərik. Təbii ki, hər bir insanda az və ya çox dərəcədə şeytana xas əməl və düşüncələr var. B. Şou yazırdı ki, qorxduğum yeganə heyvan adamdır. F.Byorni isə: “ İti vuranda ulayır, lakin elə insanlar var ki, itdən də ləyaqətsizdir, güclü tərəfindən döyüləndə ulamaq nədir, heç zingildəmir də”- deyir. Dayandur Sevgin isə yazır:
Daşı doğrayırsa tamahın dişi,
Bəndənin gözündə dünya zərdisə,
Əllidə baş kəsib qan tökən kişi,
Yetmişdə əməli peyğəmbərdisə,
Mən insandan qorxum, ya səndən, Allah?!
Yaxud:
Yolumu gözləyən dar ağacı var,
Külək yellədikcə kəndiri əsir.
Sən mənim hayıma gəlib çatınca,
Bəndənin qılıncı başımı kəsir.
Məhz bütün bunların müqabilində Allahına sığınan şair elə bunları görməmək üçün “Allahından əbədi bir yuxu göndəməsini rica edir. Yad qorxuların canından çıxması üçün, Allahın varlığını təmiz və olduğu kimi duyması üçün”. Dayandur Sevgin bütünlükdə ilahiliyin, həqiqətin, haqqın-ədalətin mizanında özünü görən və göstərən insandır. Bu görmədə ən qəribə orasıdır ki,o, hər gün əməliylə ölümünü tərəziyə qoymağı bacarır. Beləcə, şair xislətindəki paklığın, ülviliyin, ən əsas da insanlığın zirvəsinə aparan əməllərini tutiyə kimi qoruyaraq həyati varlığını insanların gözündə, Allahın qarşısında tənzimləməyi bacaran Dayandur Sevgin elə özünü də olduğu kimi dəyişməz saxlamaq iqtidarındadır. Zamanın, cəmiyyətin çirkinliyi hər şeyə siraət etdiyindən, vahimə içərisində yaşadığından sığındığı Tanrısının yadına düşmək istəyir, onun gözündə olduğu kimi görünməyə çalışır. Ancaq Uca Tanrı hər şeyi görən və biləndir. Bu mənada taleyimizə əl uzadanlar, bəxtimizə qənim kəsilənlər, yolumuzda kölgə kimi görünənlər Onun tərəfindən haqq ayağına çəkiləcəkdir.
Bir azca sevinc ver, gülüm, ilahi,
Tanınsın közümlə külüm, ilahi,
Elə adiləşib ölüm, ilahi,
Daha qorxutmayır edam adamı.
Olmayıb heç zaman ehtiyacları,
Harınlar anlamaz qarnıacları,
İndi muzeylikdir dar ağacları,
İndi sözdən asır adam adamı.
Dayandur Sevgin qəbul edə bilmədiyi hər şey üçün Allahına əl açır, üzünü ulularımıza tutur. Vətəni bölünən, torpağı yağmalanan, haqqı tapdalanan, dedi-qoduya tuşlanan şair başqa sığınacaq üçün kimisə tapa bilməz. Bu əzilmənin içində onu sıxan ən dəhşətlisi baltası özümüzdən olanlarımızın, boynu yoğunlarımızın, kürsübazlarımızın, “Vətən, Vətən” deyib yalan yerə car çəkərək, vətənin ürəyini, şah damarını söküb dağıdanlardır ki, millətin, xalqın gözündə “mələk” donunda görünə-görünə onun başına min bir oyun açırlar. Bu da şair gözündən qaçılmaz, şair qələmindən sapınmazdır.
Pələngi görürsən kimlər izləyir,
Yaman cılızlaşıb nəsillər, Dədə.
Oğrunun saçını sığal gözləyir,
Doğrunun başını kəsirlər, Dədə.
Acı olsa da böyük həqiqətdir ki, hakim dairələrimizin, millətin qanına susayanlarımızın əksər təbəqələri milləti içindən yeyib, xalqa kökündən balta vuranlarımızdır. Bu haqsızlığa nə şairin ürəyi dözər, nə də qələmi. Böyük şairimiz M.Araz demişkən “ölə-ölə yazmıram, yaza-yaza ölürəm”. Elə yaza-yaza ölən Məmməd Arazlarımızın haqq səsi, haqq kəlməsi ondan sonra gələnlərimizin də içində fəryada dönür, şahə qalxır. Dayandur Sevginin barışa bilmədikləri çoxdur. Onların hamısını nə qələmə, nə də kağıza, nə də kitablara sığışdıra bilmir. Öz məcrasından çıxan ağrı-acıları, haqsızlıqları yaza bilmədiyi şeirlərində cəm eyləyir. O şeir onun qəlb çırpıntıları, ürəyindəki dərd yükləridir. Özü ilə bərabər gəzdirir, nazını çəkir. Bəzən misra-misra ipə-sapa düzür
Ömür boyu kor olmuşam tüstümə,
Bilməmişəm soyuq nədi, isti nə?
Karvan-karvan dərd gəldikcə üstümə,
Misra-misra şerə dönən sözəm mən.
Zaman öz təkərini fırladır. Əzablar içində yoğrulanlar isə bu zamanın qəddar üzünü pərdələyə-pərdələyə taleyin, qismətin kasıb döngəsində kədər yuvasına çəkilərək öz halallığına sığınır. Elə Dayandurun da həyat yolu beləcə başlayıb, beləcə də davam edir. Lakin sınmır, çünki kədəri onun ağıllı müəllimi, dərdləri onun ana laylasıdır. Bu laylaların qəmli notlarına köklənən şair ömür karvanının xoşbəxt, ya bədbəxt simlərini lal axan suların harayında, dalğalanan dənizin hayqıran səsində tapır. Onun mənən rahatlığını özü-özünə əməlləri qarşısında verdiyi cavabdır. Onsuz da Dədə Füzulisindən üzü bəri hər qələm sahibi dərdi eyni çəkib, başqa cürə yazıb. Sığındıqları qələm və bir də Allah olub.
İlahi, tək sənsən, sənsən əlacım,
Səndən qeyri kimim var ki, əl açım,
Bir tikə çörəyim, nəfim, qazancım,
Dağların çınqıllı daşından keçir.
Qəribədir ki, bu gidi dünyada elə zülümlə çörək qazanmaq da, qalaq-qalaq dərdləri çəkmək də şairlərin taleyinə yazılıb. Ancaq onu da hərə bir cürə nəzmə çəkir, bir cürə yaşayır.. Təbriz, Dərbənd, Göyçə, Zəngəzur, Qarabağ kimi vətən dərdi Dayandur Sevgin kimi şairlərin çəkə bilmədiklərindən ağır, çəkə bildiklərindən isə ölçüyəgəlməz dərəcədə bağışlanılmazdır. Haqsızlığın şir kimi nərə çəkərək hayqırması, yalanların, böhtanların ayaq açması və insanların məhvinə doğru irəliləməsi, millətin qanına susayaraq, cəllad əllərini onların qanına bulaşdırması şair mürəkkəbini Şəhid qanına çevirir. Bəli, yaza-yaza elə özü də qəhrəmana çevrilən və bəzən də diriykən Şəhid olan şair, özünü haqq ağacından asır, söz bulağında Şəhid edir. Qəbul edə bilmədiyi namərd zamanın qəddar qanunlarıyla üz-üzə durmaqdan çəkinir. Çünki o, safdır, çünki o, durudur. Arazını ağlaya-ağlaya, Xocalısının qanlı köynəyini geyə-geyə yol gedir , dərvişsayağı yol gedir üzü ayrılığa doğru. Hələ bu ayrılığın sonunda onu nələr gözlədiyindən xəbərsiz- ətərsiz. Bilmir itirilən torpaqlar, nahaq yerə arxası yerə dəyən igidlər, qanı yerdə qalan Şəhidlər onunla barışacaqmı?!. Axı o, qələm sahibidir. Axı o, itirilən haqların haqq səsidir. Bu səsi kimlər boğdu, bu səsi kimlər kilidlədi. Bax, şairi içindən əzən də elə budur.
Düz sözüm dilimdə duruş gətirmir,
Yaltağı yaşayır, sərt ölüb gedir.
Böhtana qul olan imarət qurur,
Küçədə dilənir mərd, ölüb gedir.
Gizli sevgisinin gizli aşiqliyi Dayandur Sevgin poeziyasında sevgi müqəddəsliyinin çəmənliyində çiçək-çiçək arzulara dönür, qönçə-qönçə ümidlərinə yol açır. Məhz elə “Gözümün odunda qızdırsam səni, Saçımın qarında üşüyəcəksən” bədii və poetik deyimi də aşiqliyin ürəyindən od alan gözlərində alovlanan eşqinə bir işarədir. Və bu güclü məhəbbəti onu yenidən yaşamağa, güclü olmağa ruhlandırır. Əslində isə eşq aşiqlərin həqiqət yolunu işıqlandırır. Və bəzən bu yolda insanı ölümdən qorumayan məhəbbət, onu həyatla barışdırır. Bu barışıqların içərisində şair gileyi-güzarı qələmin cəngisinə dönür, sazın “Kərəm”isində inildəyir. Ürəyinin döyüntüsündə, taleyinin səsində bədirləşən bakirə hisslərinin müqəddəsliyi ilə sevgisinin həsrət qapısında dilənən Dayandur Sevgin öz aşiqliyinin müdrikliyinə can atır. Yana-yana, yaxıla-yaxıla.
Ağlımı oynatdı eşqin yerindən,
Bir xəbər tutmadın qəm-kədərimdən,
Neçə zədə alıb kipriklərindən,
Açılıb sinəmdə yara, görmürsən?
İlk sevgi, təzə-tər sevgi şair ürəyinin qaynağında, həssas duyğularında daima təzə-tərdi, dəyişməzdi. Və bu sevgiləri itirmək aşiq üçün növbəti əzab-əziyyətdən başqa bir şey deyil. Elə bu itirmələrdən ehtiyatlanan şair qəlb evinin narahat anlarına səpələnir. Səpələnir ki, çəkdiyi narahatçılıq onun sevgilərinin qoruyucusu olsun. Bəzən aşiqi tərəfindən olduğu kimi başa düşülməyən şair:
Göz yaşın gözündə çiçək açacaq,
Məni sevəcəksən öləndən sonra.
Yaxud:
Hələki, ömr elə sən gülə-gülə,
Hələ yetişməyib sənə bəd xəbər.
Əzizim taleyim yazılıb belə,
Mən diri bədbəxtəm, ölü bəxtəvər
Məni sevəcəksən öləndən sonra.
Və yaxud;
Hicran dərya, vüsal bir damla ətir,
Görməyən həsrəti nə bilər nədir,
Bütün yaddaşımı sətirbəsətir,
Siləm gərək səni unutmaq üçün .
–deyir. Bu, ölümün, unutmağın içərisində ölümündən sonra əbədi yaşayan, cismini külə döndərən, ruhunu özüylə cənnətin qapılarına çırpan bir aşiq sevgisi, bir sevginin dəli harayıdı. Dayandur Sevgin həqiqi aşiqdir. Bu aşiqlik onun ölümünə fərman versə də o, bu yolda ölməkdən fəxr duyur. Çox heyf ki, aşiqlər ruhən ölür, cismən yox. Ruhən ölüm isə hər bir şair kimi onu da sarsıdır, taleyin hökmünə təslim edir. Elə sevə-sevə Sevgin olan Dayandur Sevginə bir qələm yoldaşı, onun yaradıcılığına və şəxsiyyətinə hörmət kimi həmişə sevilməyi və sevməyi arzulayaraq, sevgisinin nazını çəkdiyi kimi, onun da nazının çəkilməsini arzulayıram. Vətən sevgisi qədər böyük sevgi, insan sevgisi qədər dəyərli və ali hiss yoxdur. Bunları eyniləşdirənlər isə mənsub olduğu cəmiyyətin ən alicənab insanlarıdır. Bu ucalıqdan enməyəsiniz, Dayandur Sevgin!!!
Nəcibə İLKİN
Şair, publisist “525-ci qəzet” 10 dekabr 2010
Dostları ilə paylaş: |