ŞPRİSLƏRİn dəYİŞDİRİLMƏSİ layiHƏLƏRİ ÜZRƏ TƏLİmat kitabçasi



Yüklə 62 Kb.
tarix21.10.2017
ölçüsü62 Kb.
#8249

ŞPRİSLƏRİN DƏYİŞDİRİLMƏSİ LAYİHƏLƏRİ ÜZRƏ

TƏLİMAT KİTABÇASI

(METODIK VƏSAİT)

ZƏRƏRİN AZALDILMASI

LAYİHƏLƏRİ ÜZRƏ

METODİK VƏSAİT

Vəsait Açıq Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən Qlobal Fondun

Azərbaycanda HİV/AİDS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi” layihəsi çərçivəsində dərc edilib.


LOQOLAR:
1.ACİ – YF

2.GF

3.AR SƏHİYYƏ NAZİRLİYİ
Tiraj 1400 nüsxə. Pulsuz paylanır
© Açıq Cəmiyyət İnstitutu Yardım Fondu 2010

Text color RG8 Blue 84

Theme color blue

Shrift 14

Times New Roman

ZƏRƏRİN AZALDILMASI NƏ DEMƏKDİR?
Zərərin Azaldılması (ZA) layihələri/proqramları narkotik vasitələrdən qeyri-tibbi məqsədlərlə istifadə nəticəsində fərd və cəmiyyət üçün yarana biləcək fəsadların qarşısının alınması və azaldılmasına yönəldilmiş ən effektiv tədbirlər toplusudur. İİV infeksiyasının profilaktikası məqsədi ilə yüksək riskli əhali qrupunun üzvləri arasında beynəlxalq təcrübədə tətbiq edilən zərərin azaldılması proqramları tətbiq olunur1. Buraya inyeksiya üçün steril ləvazimat ilə təminat, fərdi qoruyucu vasitələrlə təminat, əvəzedici müalicəyə cəlb etmə, İİV-in yayılması yolları və onun qarşısının alınmasının üsulları haqqında, eləcə də təhlükəsiz davranış haqqında məlumatlandırma, hüquqi və psixoloji yardım və reabilitasiya proqramları aid edilir.
Zərərin azaldılması proqramları tərbiyəvi, maarifləndirmə, məlumatlandırma, müalicəvi, tibbi-profilaktik, reabilitasiya və məsləhət xarakterli tədbirləri əhatə edir, qabaqlayıcı xarakter daşıyan üsulların əhali üçün əlçatanlığını təmin etməklə həyata keçirilir2

HANSI TƏŞKİLATLAR HƏYATA KEÇİRİR?
Dövlət və Yerli Qeyri Hökumət Təşkilatları

KİMİN VASİTƏSİLƏ HƏYATA KEÇİRİLIR?
QHT nümayəndələri, risk qrup nümayəndələri, HİV-ə yoluxmuş şəxslər, həkimlər, məsləhətçilər, polis işçiləri, sosial işçilər, könüllülər.

HARADA HƏYATA KEÇİRİLİR?
Risk qrupu nümayəndələrinin zərərin azaldılması xidmətləri ilə təmin edilməsi mobil, stasionar məntəqələrdə və autriç marşrutlarda həyata keçirilir.

Məntəqələr və autriç marşrutlar yuksək risk qrupu nümayəndələrinin daim toplaşdığı yerlərə yaxın, eləcə də narkodispanserlərin bazasında, dövlət tərəfindən açılmış məntəqələrdə, poliklinikalarda və yaxud başqa müvafiq yerlərdə, məsələn, xüsusi avtobuslarda yerləşir. Layihələr həmçinin yardım, krizis və icma mərkəzlərində də reallaşdırıla bilər.



PROQRAM VƏ LAYİHƏ HAQQINDA MƏLUMAT BENEFİSİARLARA NECƏ ÇATDIRILIR?


  • Autriç işçi tərəfindən risk qrup nümayəndələrinə

  • Layihə iştirakçılarına verilən Layihə Haqda Məlumat/Layihə İştirakçısı Kartı (F4) vasitəsilə

  • Risk qrupu nümayəndələri öz aralarında

  • təklif olunan xidmətlər haqda məlumatın şəbəkə vasitəsilə yayılması

  • KİV-də elan vasitəsilə


BENEFISIARLARIN LAYİHƏYƏ CƏLB EDİLMƏ VASİTƏLƏRİ


  • Pulsuz xidmətlər

  • Risk qrupu nümayəndələrinin ehtiyaclarının qiymətləndirilməsi və qarşılanması

  • “Tay-taya” üsulu ilə məlumatlandırma

  • Layihənin icrasına cəlb edilmə


NECƏ HƏYATA KEÇİRİLİR?
Layihə xidmətləri aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

  • İİV, hepatitlər, cinsi yolla yoluxan xəstəliklər və vərəmə münasibətdə təhlükəsiz davranış qaydaları haqda məlumatlandırma və müvafiq ədəbiyyat təqdim olunur;

  • Risk qrupu nümayəndələrinə steril materiallar (şprislər, spirtli salfetlər, inyeksiya suyu, postinyeksion plastır, prezervativlər və s.) verilir;

  • Istifadə olunmuş şprislər geri götürülür və qəbul edilmiş qaydalar əsasında utilizasiya edilir (F 8);

  • Hüquqşünas, psixoloq, cərrah, narkoloq, ftiziatr, ginekoloq və dəri-zöhrəvi həkimlərin konsultasiyası təklif olunur

  • İİV, cinsi yolla yoluxan xəstəliklər və vərəm infeksiyaların müayinə üçün göndərişlər verilir;

  • Testdən qabaq və testdən sonrakı məsləhətlər verilir

  • İİV, Vərəm və başqa infeksiyaların müalicəsinə sadiqlik təbliq olunur

  • Ehtiyac olan hallarda sosial müşayiət həyata keçirilir

Layihə çərçivəsində göstərilən bütün xidmətlər pulsuzdur.


LAYİHƏ RƏHBƏRİ/ƏLAQƏLƏNDİRİCİSİNİN ÖHDƏLİKLƏRİ


  • Təşkilatın profilaktik fəaliyyətini planlaşdırır

  • Layihənin işçi heyətini formalaşdırır

  • Məntəqələrin və işçilərin iş qrafikini müəyyənləşdirir və icrasına nəzarət edir

  • Layihənin fəaliyyəti üçün optimal mühit təşkil edir

  • Layihə icraçılarının professional inkişafını planlaşdırır və təmin edir

  • Layihə tələbatlarının mütəmadi qiymətləndirilməsini aparır

  • Mövcud problemlərin həllinə çalışır, yerli dövlət strukturları və qeyri - hökumət təşkilatları ilə əməkdaşlıq edir

  • Layihəyə cəlb edilmiş risk qrupu nümayəndələrini mövcud reabilitasiya proqramları ilə əlaqələndirir

  • Layihəni tələb olunan steril materiallar ilə təmin edir

  • İstifadədə olmuş şprislərin utilizasiyasını qaydalara uyğun olaraq təmin edir

  • Layihə çərçivəsində toplanmış göstəriciləri məlumat bazasına daxil edir

  • Hesabatların vaxtında tərtibatına nəzarət edir və layihənin maliyyələşdirilməsini idarə edir

  • Aylıq və rüblük hesabatları formalaşdırır

  • Proqram və maliyə hesabatlarını hazırlayır və hesabatlı olduğu quruma təqdim edir


AUTRİÇ İŞÇİNİN VƏZİFƏLƏRİ
Autriç işçi zərərin azaıldılması layihələrinin əsas icraçısıdır və risk qrupu nümayəndələri ilə müntəzəm olaraq təmasda olur.

Zərərin Azaldılması layihələrinin İİV və hepatitlərin profilaktikasının və risk qrupu nümayəndələrinin reabilitasiyasının ən effektiv metodu olduğunu anlayır və qəbul edir. Autriç işçi fəaliyyətinin ilk 3 ayında Zərərin Azaldılması üzrə təlimləndirilir və təsdiqləyici sənəd ilə təmin edilir.


Autriç işçinin vəzifələri aşağıdakılardır:


  • risk qrupu nümayəndələrinə çıxış tapmaq

  • risk qrupu nümayəndələrini layihəyə cəlb etmək

  • proqram tərəfindən qəbul edilmiş formalar və qaydalara əsasən risk qrupu nümayəndələrinin anonimliyini qorumaq şərti ilə qeydiyyatını aparmaq

  • layihə çərçivəsində nəzərdə tutulmuş steril materiallar (şpris, prezervativ və s.) ilə istifadəçiləri təmin etmək

  • müvafiq ədəbiyyat ilə layihə iştirakçılarını təmin etmək

  • paylanan materialların miqdarını qeydə almaq

  • gündəlik hesabatları formalaşdırmaq

  • istifadəçinin problemlərini və ehtiyaclarını müəyyən edərək layihə rəhbərinə çatdırmaq

  • risk qrupu nümayəndələrinin təhlükəli davranışın zərəri haqqında, ələlxüsus İİV, cinsi yolla yoluxan xəstəliklər, hepatitlər və vərəm haqda məlumat vermək

  • hüquqi məlumatlandırma aparmaq

  • istifadəçiləri qan müayinəsinə, həkim məsləhətlərinə göndərmək

  • risk qrupu nümayəndələrini əvəzedici müalicəyə göndərmək

  • risk qrupu nümayəndələrinə sosial yardım göstərmək

  • geriyə qaytarılmış şprisləri qəbul etmək və qaydalara əsasən toplamaq

  • istifadədə olmuş şprisləri utilizasiyaya təhvil vermək


ZƏRƏRİN AZALDILMASI LAYİHƏLƏRİNƏ TƏLƏB OLUNAN SƏNƏDLƏR TOPLUSU3
Autriç işçinin üzərində gəzdirməli olduğu sənədlər:

  • Layihə Əməkdaşı Vəsiqəsi (F1)

  • Səhiyyə Nazirliyi Tərəfindən layihəyə verilmiş Dəstək Məktubunun surəti

  • Layihə Haqda Məlumat/Vizit Kartı (F4)

  • Layihə İştirakcısının kartı (F5)

Autriç işçidən doldurulması tələb olunan sənədlər:



  • Gündəlik Qeydiyyat Vərəqəsi (F2)

  • Göndəriş Vərəqələri (F3)

Layihə rəhbəri tərəfindən doldurulması tələb olunan sənədlər:



  • Layihənin aylıq hesabat formaları (F6)

  • Layihənin rüblük hesabat formaları (F7)

  • İstifadədə olmuş şprislərin utilizasiya forması (F8)

  • Layihənin effektivliyinin göstəriciləri (F9)

  • Layihə icrasının göstəriciləri (F10)

  • Elektron Məlumat Bazası


ZƏRƏRİN AZALDILMASI PROQRAMINDA TƏLƏB OLUNAN VƏSAİTLƏR


  • Steril şprislər

  • Prezervativlər

  • Steril salfetlər

  • Məlumatlandırma materialları

  • Istifadədə olmuş şprislər üçün konteynerlər

  • Dezinfeksiya vasitələri

  • Inyeksiya suyu

  • Dozanı aşmadan çıxarmaq məqsədilə istifadə olunan maddə

  • Müxtəlif “zolaq” testlər (hepatitlər, HİV, hamiləlik və s.)


STASİONAR MƏNTƏQƏ
Məntəqədə fəaliyyət autriç işçi tərəfindən aparılır. Məntəqə üçün risk qrupu nümayəndələrinin etibar etdiyi və adətən toplaşdığı yerlər seçilir.

Stasionar məntəqənin yeri adətən daimi olur. Müraciət edənlərin sayı bu və yaxud başqa səbəblərdən az olduqda dəyişdirilir.


Qəbul və məsləhətlərin verilməsi məqsədilə 2-3 hissəyə bölünmüş 1 otaqdan ibarət olur. Burada məlumatlandırma, steril materiallarla təminat, prosedurlara uyğun olaraq (yalnız verilmiş lisenziya əsasında!) İİV və hepatitlərə yoxlamaq məqsədilə qan nümunələri götürülüb Respublika QİÇS-lə Mübarizə Mərkəzi və regional laboratoriyalara göndərilir və mütəxəssis məsləhətləri verilir.
ZƏRƏRİN AZALDILMASI PROQRAMI ÇƏRÇİVƏSİNDƏ

NARKOTİKLƏRIN İSTİFADƏSI VƏ TƏBLİĞİ

QƏTİ QADAĞANDİR!


MOBİL MƏNTƏQƏ
Mobil məntəqə deyildikdə yüksək riskli əhali qrupları nümayəndələrini steril materiallarla təmin etmək üçün istifadə olunan avtobus və ya avtomobil nəzərdə tutulur. Mobil məntəqə steril materialları və layihədə nəzərdə tutulmuş digər xidmətləri bilavasitə yüksək risk qrupu nümayəndələri toplaşdığı yerlərdə təmin edən səyyar məntəqədir. Məntəqə steril materialların paylanılması və istifadə olunmuş şprislərin geri toplanması üçün tələb olunan sanitar – gigiyenik normalara cavab verməlidir.
Risk qrup nümayəndələrinin etibar etdiyi “dayanacaqları” birləşdirən nəqliyyat marşrutları müəyyən edilir. Mobil məntəqədə fəaliyyət autriç işçi tərəfindən aparılır.
Əvvəlcədən dəqiq müəyyən edilmiş və layihə istifadəçiləri ilə razılaşdırılmış cədvəl üzrə mobil məntəqə marşrut xətti üzərində risk qrupu nümayəndələrinin sıx toplaşdığı yerlərə gəlir. Bu haqda layihə istifadəçiləri əvvəlcədən məlumatlandırılır.
Autriç işçi hər dayanacaqda müəyyən edilmiş cədvəl üzrə dayanmalı və layihə istifadəçilərinə layihə çərçivəsində nəzərdə tutulmuş həcmdə xidmət göstərir. Mobil məntəqənin fəaliyyət cədvəlində dəyişikliklər olarsa, bu haqda layihə istifadəçilərinə əvvəlcədən xəbərdarlıq edilir.

PİYADA MARŞRUT
Piyada marşrutda fəaliyyət autriç işçi tərəfindən aparılır. Yüksək risk qrupu nümayəndələrinin sıx toplandığı yerləri birləşdirən piyada marşrutlar müəyyən edilir. Həftə ərzində əvvəlcədən müəyyən edilmiş və razılaşdırılımış gün və saatlarda autriç işçi marşrut xətti üzərində yerləşən risk qrup nümayəndələrinin sıx toplaşdığı yerə gəlir və layihə çərçivəsində nəzərdə tutulmuş xidmətləri tam şəkildə göstərir. Autriç işçinin çantasında steril şprislər, prezervativlər, steril salfetlər, məlumatlandırıcı material, qeydiyyat vərəqələri və istifadədə olmuş şprislər üçün konteynerlər olmalıdır.
LAYIHƏ İŞTİRAKÇILARININ QEYDİYYATI
Anonimliyin qorunması məqsədilə Gündəlik Qeydiyyat Vərəqəsində (F3) layihə xidmətindən istifadə edən şəxsin adı, təvəllüdünün son iki rəqəmi və anasının adının baş hərifi kodun formalaşdırılması üçün istifadə olunur. Məsələn, layihədən 1976-cı il təvəllüdlü, adı Aslan və anasının adı Rəhilə olan şəxs istifadə edirsə o A76R kimi qeyd olunmalıdır.
PAYLANMA MATERİALLARININ VƏ TƏKLİF OLUNMUŞ XİDMƏTLƏRİN QEYDİYYATI
Qeydiyyat autrıç işçi tərəfindən Gündəlik Qeydiyyat Vərəqində (F2) aparılır. Verilmiş şprislər, prezervativlər, məlumat materialları, mütəxəssis konsultasiyaları tarixinin göstərilməsi şərtilə qeydə alınır. Blanklar adətən gündəlik tərtib olunur.

Eyni zamanda iştirakçılara “Proqram iştirakçısı” vərəqəsi (F5), mütəxəssis məsləhətlərinə göndərişlər (F3) də təqdim olunur.




ŞPRİSLƏRİN UTİLİZASİYASI
Layihə çərçivəsində geri qaytarılmış şpris və iynələr qaydalara uyğun olaraq xüsusi konteynerlərə toplanılır. Utilizasiya qəbul olunmuş qaydalara əsasən layihə fəaliyyət göstərdiyi rayonun tibb müəssisəsinin tibbi tullantıların utilizasiyası üçün nəzərdə tutulmuş ərazidə aparılır. Utilizasiya layihə rəhbəri və layihə rəhbərinin tabeçiliyində olmayan digər şəxslərin (ən azı 2 nəfər) iştirakı ilə aktlaşdırılır.
LAYİHƏNİN ICRASININ ƏSAS GÖSTƏRİCİLƏRİ/İNDİKATORLARI


  • Əhatə olunmuş ayrı-ayrı yüksək risk qrupları (narkotik istifadəçiləri, seks xidməti göstərənlər) nümayəndələrinin sayı: hesabat rübü ərzində ZA/İİV-in profilaktikası xidmətləri ilə ən azı bir dəfə təmin edilmiş şəxslərin sayı. Göstərici layihəyə yeni və davamlı şəkildə müraciət edən şəxslərdən ibarətdir. Əhatə birincili və ikincili ola bilər.4

Layihənin yeni istifadəçisi - hesabat rübü ərzində layihə xidmətlərindən ilk dəfə istifadə edən şəxs rüb ərzində yeni istifadəçi hesab edilir, birincili və ikincili istifadəçi ola bilər.

Layihənin davamlı istifadəçisi: layihə xidmətlərinə bir rübdən artıq müddətdə müraciət edən şəxs hesab olunur, birincili və ikincili istifadəçi ola bilər.

  • Paylanmış şprislərin ədəd sayı

  • Paylanmış prezervativlərin ədəd sayı

  • Təlim keçmiş autriç işçilərin sayı

  • Təlim keçmiş şəxslərin sayı

  • Təşkil olunmuş və fəaliyyətdə olan məntəqələrin sayı

  • Məlumat materialları ilə əhatə olunmuş şəxslərin sayı

  • Testdən əvvəl və testdən sonrakı məsləhətlərin sayı

  • Tibb müəssisələrinə və məsləhətçilərə göndərilmiş şəxslərin sayı

  • Tibb müəssisəsinin və məsləhətçilərin xidmətindən istifadə etmiş şəxslərin sayı

  • Əvəzedici müalicəyə göndərilmiş şəxslərin sayı

  • ARV müalicəyə göndərilmiş şəxslərin sayı

  • Müxtəlif reabilitasiya proqramlarına göndərilmiş şəxslərin sayı


LAYİHƏNİN EFFEKTİVLİK GÖSTƏRİCİLƏRİ


  • Steril şprislərdən istifadə edən venadaxili risk qrupu nümayəndələrinin sayı (müsbət dinamika)

  • Risk qrupu nümayəndələri populyasiyasında və müvafiq olaraq ümumi populyasiyada yoluxmuş insanların sayı (stabilləşmə və yaxud mənfi dinamika)5


HANSI HÜQUQ NORMATİV AKTLARDA ƏKS OLUNUR?
Zərərin Azaldılması Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən İİV-in ən effektiv profilaktika vasitəsi kimi tanınıb. Azərbaycan Respublikasının 2001 – 2006 və 2007 – 2012 illər üçün AİDS üzrə Milli Strateji planına daxil edilib.

Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış Qlobal Fond və Səhiyyə Nazirliyi arasında imzalanmış Müqavilələrdə (2005, 2007 və 2010) öz əksini tapıb.



Zərərin Azaldılması fəaliyyəti AR Milli Məclisi tərəfindən 2010-cu il, 22 may tarixində qəbul edilmiş və 2010-cu il, 10 iyun tarixində AR Prezidenti tərəfindən imzalanmış “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Qanunla tənzimlənir.
HANSI MƏNBƏLƏRDƏN MALİYYƏLƏŞDİRİLƏ BİLƏR?
Dövlət proqramları, donor vəsaiti, şəxsi ianələr, bələdiyyə orqanları və xeriyyəçilər tərəfindən maliyyələşdirilə bilər.
ZƏRƏRIN AZALDILMASI PROQRAMINA YARDIMÇI TƏŞKİLATLAR
Mandatına uyğun olaraq və AİDS üzrə Milli Strateji Planda əks olunmasına əsasən Səhiyyə Nazirliyi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Respublika Dəri-Zöhrəvi Dispanseri, Respublika Narkoloji Dispanseri, Daxili İşlər Nazirliyi, Ədliyə Nazirliyi penitensiar xidmət strukturları, Ədliyyə Nazirliyi Tibb Departamenti, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar, Zərərin Azaldılması Beynəlxalq Proqramı.



1 “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Qanun. 11.05.2010. V fəsil, maddə 20.1

2 “İnsanın immunçatışmazlığı virusunun

törətdiyi xəstəliklə mübarizə haqqında” Qanun. 11.05.2010. V fəsil, maddə 20.2

3 Formalar sənədə əlavə olunur

4 İstifadəçilər birincili və ikincili çıxış vasitəsilə əhatə oluna bilər: birincili çıxış: layihə xidmətlərindən bilavasitə məntəqə və yaxud autriç işçi vasitəsilə təmin olunur; Ikincili çıxış - layihə xidmətləri ilə məntəqə və yaxud autriç işçi olmadan təmin olunur


5 Araşdırma böyük zaman kəsiyində (2 – 3 il) və əvvəlcədən seçilmiş konkret qrup daxilində aparılır



Sənəd Zərərin Azaldılması Şəbəkəsi tərəfindən 13 - 14 mart, 2008-ci il tarixli iclasda qəbul edilmişdir. Bakı, Azərbaycan

Yüklə 62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin