Toy-düyün, adət və ənənələr
Elçilik
Ləj kəndinin toy-düyün adətlərindən danışdıqda ilk növbədə “elçilik” yada düşür. Çünkü toyun əvvəli elçilikdən başlayır. Ləj kəndində elçiliyin xüsusi forması var. İlk növbədə bu iki yolla baş verir: birincisi oğlan qızı özü bəyənəndə, ikincisi də valideyn bəyənədə və ya “beşikkəsdi” olanda.Adətə görə oğlan öncə qızı bəyənir və evlərində ya bacısına ya da anasına bildirir. Elçi getməzdən əvvəl oğlan adamlarından bir qadın, qız adamlarından tanıdığı bir qadına bunu bildirir və cavab gözləyir. Bu məqamda xəbəri alan qız sahibi öz qohum-əqrabasını yığaraq bu barədə məsləhətləşir və qızın da fikrini biləndən sonra cavab hazırlayır. Əgər qızı vermək istəməyəndə “qızım hələ uşaqdır” deyir, ama başqasına vermək istəyəndə isə “qızım hələ oxuyur” cavabını verir ki, buda “yox” mənasına gəlir. Razı olanda isə onları evinə dəvət edir. Oğlan sahibi də bu “hə” xəbərini alan kimi öz qohum-əqrabasını yığır, məsləhətləşir, elçi gedəcək adamların siyahısını və elçiliyə gedilən günü təyin edir. Bu hadisəyə Ləj kəndində “bıdəhəm” yəni “sözləşmə” deyirlir.
Sonra bu xəbəri qız tərəfinə bildirir və qız tərəfi də bu barədə hazırlıq görür. Bir neçə gün sonra oğlan adamı qız evinə gedir. Uzun söhbətlərdən sonra oğlan adamlarından ağsaqqal biri qız tərəfinə deyir: “Allahın rızası və peyğəmbərin istəyi ilə qızınızı oğlumuza istəyirik”. Razılıq alan kimi nişan günü təyin olunur.
Nişan
Ləj kəndinin toy-düyün adətlərinin bir hissəsi də “nişan” mərasmidir. Nişan gününü oğlan sahibi təyin edir və bunu qız adamına bildirir. Qız adamı da hazırlıq görür. Məlum bir gündə oğlan adamı qohumlarına və yaxınlarına xəbər verir. Təyin olunmuş gün əsasən qadınlardan ibarət heyət qız evinə gedir. Orada oğlan evindən gələn hər bir kəs “xonça” tutur. Bu xonça – yəni hədiyə adlandırdığımız bağlamada il ərzində gəlinə qızıl əşyaları, pal-paltar və gəlinə lazım olan digər şeylər gətirilir. Buna el arasında “hırda bo” və ya “hırdə vo” deyirlər (talışca “kiçik çehiz”). Nişanda oğlan tərəfi qız üçün gətirdiyi xonçaları hamının gözü önündə bir-bir açır. Xonçaları açandan sonra oğlan tərəfdən bir qadın bu xonçalardakı zinət əşyaları və ya hədiyyələri bir-bir açıb göstərərək onların adını və kim tərəfindən gətirildiyini deyir. Bu arada gəlin çağırılır, ortada stul üzərində əyləşir və başına qırmızı duvaq örtülür. Bütün bu mərasim onun gözü qarşısında baş verir. Sonra isə hamı “Allah xeyir versin” deyir və nişan şirniyyatı paylanılır. El adətinə görə subay qızlar həmən şirniyyatlardan götürüb özüylə evə aparır və yatarkən başının altında qoyur. Deyilənlərə görə həmən qızlar gecə yuxuda öz gələcək qismətini görürlər. Sonra isə hamı evinə dağılır. Nişan bəzən qızın toy günü də gətirilir.
Xınayaxtı. (Xeynərəjən)
Ləj kəndinin toy-düyün mərasminin bir parçası da “xınayaxtı”dır. El arasında buna “xeynərəjən” (bax –talışca xına yaxtı) deyilir. Bu mərasimdə oğlan adamı qız evinə qızlardan ibarət bir heyət göndərir və onlar qızın əllərinə xına yaxırlar. Burada gəlinlə bərabər bütün orada olan qızlar və bütün qadınlar əllərinə xına qoyurlar. Qız evinə gələn oğlan adamı gələndə bəzənmiş xonçalar gətirirlər. Bu xonçalar əsasən nişandan fərqli olaraq xına və şiriniyyat xonçalarından ibarətdir. Bu mərasmdə gəlin qızı ortaya gətirib yenə bir stulun ətrafında əyləşdirirlər. Subay qızlar gəlinin ətrafına dolaşaraq mahnı oxuyurlar. Onlar oxuyarkən əllərində şam yandırıb tuturlar. Qızlar mahnını oxuyub qurtardıqdan sonra o vaxtı gəlin qız el adətinə görə ağlayır. Gəlin qızın ağlamağının səbəbi onun öz evində sonuncu günlər qonaq olmasıdır. Sonra isə xına mərasiminə başlanılır. Gəlinin əlnə xına yaxmaq istəyərkən gəlin əlini açmır. El adətinə görə oğlan evi qızın əlinə pul qoymalıdır. Sonra qız əlini açır pul qoyurlar qızın əlinin içinə və bir oğlan uşağı gəlib pulu götürür qaçır. Sonra xına yaxılıb bitdikdən sonra xına əlcəklərini gəlinin əllərinə taxırlar və sonrada birgə rəqs edirlər.
Toy
Ləj kəndinin toy adətləri Azərbaycanın ümumi toy adətlərinin bir hissəsi olub ondan şaxələnmişdir. Lakin Ləj kəndindəki toy adətinin özünəməxsus yeri vardır. Belə ki, Ləj kəndində toya hazırlıq həm qız evinin, həm də oğlan evinin qarşılıqlı razılığı əsasında baş verir. Əvvəlcə onlar toy gününü təyin edir sonra isə qalan məsələləri öz aralarında həll edirlər. Bütün məsələləri həll etdikdən sonra isə toy günü təyin olunur və dəvət olunacaq qonaqların siyahısı tərtib olunur və sonra isə onların sayına uyğun dəvətnamə yazılır. İlk öncə uzaqdan gələn qonaqların dəvətnamələri, sonra isə yaxın qonaqların dəvətnamələri hazırlanır. Bu dəvətnamələrə uyğun olaraq şadlıq evi ilə danışılır. Ləj kəndində əvvəllər kənd toyları palatkada keçirilirdi, lakin indi isə şadlıq evlərində keçirilir. Əvvəllər qız və oğlanın toyları ayrı-ayrılıqda keçirilirdi, ama indi isə bir yerdə keçirilir. Əgər toy bir yerdə keçirilirsə, demək toyda xərclənən pulun ödənilməsi yarı-yarı düşür. Əgər oğlan toyudursa onda toya qız adamı az gəlir. Yox əgər qız toyudursa, onda oğlan adamı az gəlir. Yox əgər qız-oğlan toyu bir yerdədirsə, onda hər ki tərəfdən bərabər adamlar gəlir. Ləj kəndinin toy-düyün adətlərinə görə əvvəllər ellik vədə alırdılar toya. Lakin kənddə yaşayan bəzi tayfa ünsürləri öz qohum-qəbiləsinin çoxalmasından istifadə edərək, Ləj kəndinin çoxillik toy-düyün adətlərinə zərbə vurmuşlar. Bu da Ləj kəndinin toy-düyün adətlərinin kobud sürətdə pozulmasına gətirib çıxarmışdır. Ləj kəndində əvvəllər kənd toylarında kəndin öz çadırından istifadə olunurdu. Bu çadır Ləj kənd sakini Məmmədov Gülağaya məxsus idi. Sonrala bu çadırı onun oğlu Ağagül tərəfindən el-obanın istifadəsinə verilmşdir. İndi isə Ləj kənd camaatının çoxunun öz toy mərasimlərini şadlıq evlərində keçirməsi çadıra ehtiyacın azalmasına və kənd çadır toylarının ümumiyyətlə bir adət kimi aradan getməsinə gətirib çıxarmışdır. Lakin üzür mərasimləri çadırlarla yürüdülür. Ləj kəndində hal-hazırda qanuni şəkildə öz kənd çadırı olmadığından, üzürlərdə kənd camaatı qonşu Haftoni və Digah kəndindəki qanuni kənd çadırlarını icarəyə götürürlər. Ləj kəndində 1990-cı ildən yaşadığımız 2017-ci ilə qədər kəndin üzür mərasimlərini, doğum günü mərasimlərini və kənd toy mərasimlərin keçirmək üçün qanuni şəkildə sənədləşdirilmiş çadırı yoxdur. Elə bu səbəbdən də kənd camaatı məcburi surətdə üzür mərasimlərini keçirmək üçün qonşu Haftoni və Digah kəndlərnin çadırlarını gətirirlər. Yəqin ki, yaxın gələcəkdə Ləj kəndinə qanuni dövlət çadırı olacaqdır. Ləj kəndinin şadlıq evlərindəki toylarında yay aylarında saat 6:00-a vədə verilir və toy saat 11:00-da bitir, bəzən 12:00-a qədər davam edir. 6:00-da şadlıq evinin qapıları açılır, lakin o zamana qədər kimsə içəri buraxılmır. Qapılar açılan kimi hamı içəriyə dəvət olunur. Toyun ortasında bəylə gəlin içəri daxil olur və beləliklə toy öz havası ilə davam edir.
“Qız qaçırma” adəti
Ləj kəndinin toy-düyün adətlərindən biri də “qız qaçırma” adətidir. Bu adətin baş vermə səbəblərindən biri də oğlan evi qız evinə elçi gedəndə qız evinin oğlan evinə “yox” deməsindən sonra başlayır. Bu zaman oğlan qızla gizli danışır və ona məsələni bildirir və sonra isə gənclər öz aralarında gizli razılığa gələrək ailə qurma üçün birgə qaçırlar. Buna da el arasında “kinə vitvone”, yəni “qız qaçırma” deyirlər. Oğlan ,ona verilməyən sevdiyi qızı qaçırandan sonra öz qohumlarından birinin evinə aparır. Sonra isə ya anasına, ya bacısına və ya bibisinə məlumat verir ki, onlarda oğlanın atasını bununla xəbərdar edirlər. Sonra isə oğlanın atası öz qohumlarını başına yığır və toya hazırlıq görür. Toyda qız oğlanla bir yerdə əyləşir. Qız sahibi isə adətə görə yalandan da olsa “elgözünə” bir az hay-küy edir və naraçılıq əlaməti olaraq toya gəlmir. Lakin sonralar qız atasının hirsi soyuyandan sonra qız atasının evinə “ayaq açdıya” gedir və atası da onu qonaq edir. Qonaqlığının səhəri qız atası qızın cehizlərini gətirir oğlan eviinə. Beləcə onlar barışırlar. Lakin bəzən qız evinin oğlan evinə küskünlüyü illər boyu çəkə bilir.
Ləj kənd İcra Nümyəndəliyi
Ləj kəndi uzun müddət haftoni qəsəbəsi tərkibində olmuşdur. Lakin 2012-ci ildən Ləj kəndi Haftoni qəsəbəsindən ayrılaraq müstəqil bir kəndə çevrildi. Ləj kəndinin hal-hzırda öz İcara nümayəndəliyi var. Ləj kəndinin ilk icra nümayəndəsi Cəfərov Bayram Əhəd oğludur. O, Ləj kəndinin ilk icra nümayəndəsi kimi tarixə düşmüşdür.
Cəfərov Bayram Əhəd oğlu 18 mart 1956-cı ildə Lənkəran rayonu Ləj kəndində dünyaya gəlmişdir. O, 1965-ci ilə qədər Ləj kəndində 5-ci sinifə qədər təhsil almış və təhsilini davam etdirmək üçün Kərgəlan məktəbinə getmişdir. 1965-1972-ci illərdə Kərgəlan kənd məktəbində orta təhsilini bitirmişdir. Cəfərov Bayram Əhəd oğlu 1979-cu ildə Lənkəran Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş və 1981-ci ildə oranı bitirərək “çayçılıq” üzrə aparıcı aqronom olmuşdur. Texnikumu bitirən kimi Cəfərov Bayram 5 nömrəli çay fabrikində “qəbul məntəqə şöbə müdürü” vəzifəsində işləmişdir. Bayram Cəfərov 1995-ci ildə İrkutski vilayətində “Kənd Təsərrüfatı texnikumu”nu bitirib aqronom olmuşdur. O, 1995-1997-ci illərdə “Ləj çayçılıq sovxozunda” aqronom vəzifəsində çalışmışdır. Cəfərov Bayram Əhəd oğlu 1997-2004- cü illər ərzində Haftoni qəsəbəsində “Poçt şöbəsində” işləmişdir. Sonra isə 2004-2010-cu illər ərzində Lənkəran Poçtampında Baş xəzinə rəisi işləmişdir. 2010-cu ildə Lənkəran Yaşıllıq idarəsində Baş aqronom vəzifəsində çalışmışdır. 2012-ci ildən bu günə qədər isə Ləj Kənd İcra Nümayəndəsi vəzifəsində çalışır.
Ləj kənd Sənətkarlıq klubu
Ləj kəndinin mədənin obyektlərindən biri də Ləj kənd Sənətkarlıq klubudur. Ləj kənd klubu əvvəllər indiki yerləşdiyi yerdən çox-çox aralıda, Ləj kəndinin şimal-şərqində yerləşmiş və 1977-ci ildən faliyyətə başlamışdır. Klubun öz ayrıca binası olmadığı üçün ilk əvvəllər klub Ləj kənd kitabxanası ilə eyni binada yerləşmişdir. Ləj kənd klubunun müdirəsi Əhmədova Mir Əsli Polad qızı olmuşdur.
Şəkil. Ləj Kənd Sənətkarlıq klubu.
Sonralar isə Ləj klubu kitabxana ilə birlikdə kəndin mərkəzində yerləşən yeni munisipial binaya köçürülüb. Bu günkü günümüzdə də Ləj kənd klubu Ləj Kənd Sənətkarlıq klubu adlanır və öz fəaliyyətini inamla davam etdirir. Ləj klubu bu gün də kənd camaatının ixtiyarındadır və kəndin bütün mədəni tədbirlərində yaxından iştirak edir.
Əhmədova Mirəsli Polad qızı 1955-ci ildə Lənkəran rayonu Kirov (indiki İstisu) qəsəbəsində anadan olmuşdur. O, 1970-ci ildə Haftoni qəsəbə orta məktəbinin 8-ci sinifini bitirmiş, təhsilini Lənkəran şəhər 113 saylı TPM-nin çayçılıq texnologiyası ixtisası üzrə davam etdirmişdr. Əhmədova Mir Əsli əmək fəaliyyətini aldığı ixtisas üzrə “Lənkəran çayçılıq sovxozunda” başlamışdır. 1973-1978-ci illər ərzində Krupskaya adına “Bakı Kitabxanaçılıq Texnikumu”nu “kitabxanaçı” ixtisası üzrə bitirmişdir. O, 1977-ci ildən mədəniyyət sahəsində çalışır. Əhmədova Mir Əsli Polad qızı 1979-cu ildə ”Mədəniyyət hazırlıq” və ixtisasartırma kursunun bir aylıq dinləyicisi olmuşdur. 1979-cu ildən 1985-ci ilədək Ləj kənd klubunun müdiri vəzifəsində çalışır. 1995-ci ildən hal-hazıradək həmin müəssisədə mədəni-təşkilatçı vəzifəsində çalışır. Ailəlidir, 4 övladı var.
Şəkil. Ləj kənd Sənətkarlıq klubunun müdiriəsi
Əhmədova Mir Əsli Polad qızı iş başında.
Ləj kənd kitabxanası
Ləj kəndinin mədəni obyektlərindən bri də Ləj kənd kitabxanasıdır. Ləj kəndində ilk kitabxana indiki kitabxanadan çox aralıda və başqa bir ərazidə yerləşmişdir. Belə ki, Ləj kəndində ilk kitabxana 1968-ci ildə tikilmişdir. Onun ilk rəhbəri kənd sakini Qurbanov Balaşirin olmuşdur.
Şəkil.Ləj kənd kitabxana və klub işçiləri gərgin iş zamanı
1.Ləj kənd kitabxanasının müdirəsi İstəgül Səfərova.
2.Kitabxana işçisi Əhmədəliyeva Sevil.
Sonralar isə Ləj kənd kitabxanası kəndin şimal-şərq hissəsində, Ləj qəbirstanlığına gedən yolun sol tərəfində qrant adlanan artezan su bulağının yanında köhnə tibb məntəqəsi ilə eyni həyətdə yerləşmiş və onun rəhbəri Səfərov Həyat olmuşdur. Sonralar isə kənd böyüdüyünə görə və klub artıq köhnəlib dağıldığına görə Ləj klubu ilə birgə kəndin mərkəzindək yeni ”munisipial” binaya köçürülmüş və bu gündə kənd camaatının və kənd kitabsevərlərin ixtiyarındadır. Hal-hazırda kitabxana müdiri kənd sakini İstəgül Səfərovadır. Bu gün Ləj kənd kitabxanası hər cür yeni kitablarla təmin edilib oxucuların ixtiyarına buraxılmışdır. Ləj kənd kitabxana kollektivi kəndin hər cür mədəni-siyasi tədbirlərində yaxından iştirak edir.
Şəkil. Millət vəkili Hadı Rəcəbli Ləj kənd Sənətkarlıq klubu və Ləj kənd kitabxanasının kollektivi arasında
Ləj kənd Feldşer məntəqəsi
Ləj kəndinin sosial obyektlərindən biri də Ləj kənd Tibb məntəqəsidir. Ləj kəndindəki bu Tibb məntəqəsi ilk fəaliyyətini 1965-ci ildə başlamışdır. Bu məntəqə əvəllər Ləj kənd ”Feldşer ”məntəqəsi kimi fəaliyyət göstərmişdir. Bu məntəqə indiki tibb məntəqəsindən çox aralıda, Ləj kəndinin şimal-şərqində Ləj kənd kitabxanası ilə eyni həyətdə yerləşmişdir. Ləj kənd tibb məntəqəsinin ilk müdiri Haftoni qəsəbə sakini Əliyev Mirzəmməd olmuşdur. O vaxtlar Ləj feldşer məntəqəsi öz həcminə görə çox kiçik olmasına baxmayaraq daima, fasiləsiz olaraq kənd sakinlərinə hər cür tibbi yardım göstərmişdir. Məntəqənin o zamankı müdiri həkim Mirzəməd Əliyev kənd sakinləri ilə ünsiyyət quraraq kəndin ağır xəstələrinin respublikanın digər tanınmış mərkəzi xəstəxanalarına köçürülməsinə yaxından köməklk göstərmişdir. Lakin sonradan bu məntəqə artıq dağılıb söküldüyündən kəndin mərkəzində tikilmiş munisipial binaya köçürülüb.
Ləj kənd Tibb məntəqəsi bu gün də Ləj camaatının ixtiyarındadır. Məntəqənin feldşeri Qurbanov Elşad Ağamməd oğludur.
Ləj kənd Tibb məntəqəsi fasiləsiz olaraq kənd xəstələrinə xidmət göstərərək onları tədavi edir. Ləj kənd Tibb məntəqəsinin kollektivi kəndin hər cür mədəni tədbirlərində yaxından iştirak edir. Hal-hazırda Ləj kənd Tibb məntəqəsinin feldşeri Qurbanov Elşad Ağamməd oğludur. O, 1962-ci ildə Lənkəran rayonu Haftoni qəsəbəsində doğulmuşdur. O, 1969-1975-ci ildə Lerik rayonu Vizəzəmin kənd orta məktəbində oxuyub. Qurbanov Elşad Ağamməd oğlu 1978-1980-cı illərdə Lənkəran rayonu Haftoni qəsəbəsində təhsilini davam etmişdir. Orta məktəbi bitirən kimi o, 1980-1985-ci illərdə 2-nömrəli ”Bakı Tibb Məktəbinə” daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir. Tibb məktəbini bitirdikdən sonra 1985-2016-cı illərdə Lənkəran Hərbi qospitalında ”Cərrahiyyə şöbəsində” işləmiş, sonra isə Kərgəlan kənd xəstəxanasında 6 il işləmişdir. 2016-cı ilin fevral ayından Ləj kənd Tibb Məntəqəsində işləyir. Qurbanov Elşad Ağamməd oğlu Ləj kəndində Feldşer işlədiyi müddətdən Ləj camaatına lazımi tibbi xidmət göstərir.
Ləj kənd məscidi
Ləj kəndində yerləşən obyektlərdən biri də Ləj kənd məscididir. Ləj kəndində ilk məscid 1982-ci ildə yaranıb. Xalq arasında bu məscidə “kanə məcit” (talışca “köhnə məscid” deməkdir) deyirlər. Köhnə məscid indiki məsciddən çox-çox aralıda, yəni Ləj kənd qəbirstanlığının həyətində yerləşir. İlk vaxtlar kənd balaca olduğundan o dövrə uyğun olaraq kiçik həcimli bir məscid inşa edilmişdir. Köhnə məscid yer üstündə bir daş üzərində yerləşərək iki bölmədən ibarət olmuşdur: kişilər bölməsi və qadınlar bölməsi. Köhnə məscidin bir məscid kimi imkanları az olmuşdur. Bu məsciddə məhərrəm aylarında təziyyə şəbihləri keçirilmiş və ehsanatlar verirlmişdir. Köhnə məscid 1992-ci ilə qədər fəaliyyət göstərmişdir. Kənd böyüdükdən sonra 1993-cü ildə yeni məscid tikilib istifadəyə verilmişdir. 1993-cü ildə Ləj kənd məscidi Ədliyyə Nazirliyinin qeydiyyatından keçdi. Yeni məscidin tikilməsində ilk həm maddi, həm də mənəvi dəstəyi kənd ağsaqqalı Bahabali Vəliyev göstərmişdir. Məscidin tikilməsində kəndin o zamankı sakinləri olan Gülağa Məmmədov, Novruz Şərifov, Cəfər Bayramov, Qardaş Əhmədov, Əlizadə Şərifov, Əhməd Baxşiyev və İslam Novruzov əl birliyi ilə el arasında imkanlı şəxslərdən maddi vəsait yığaraq məscidin tikilməsinə sərf etmişlər. Ləj kəndinin yeni məscidinin bünövrəsini kənd sakini Bayram Cəfərov tökmüşdür. Məscid 5 daş üstündə tikilmişdir. Məscidin divarları 5 daşa qədər qaldırıldıqdan sonra kənd ağsaqqalı Əliabbas Rəhimov sonrakı 16 daş hündürlükdə olan divarı hörmüşdür. Məscidin dam örtüyü və içərisi üçün taxta materialına isə kəndin o vaxtkı meşəbəyisi olan Səttar Rzayev və meşə idarəsinin rəisi Teyyub Axundov yoldaş yaxından köməklik göstərmişdir. Belə ki, deyilənə görə meşə idarəsinin rəisi Teyyub Axundov Ləj məscidi üçün taxta materialını pulsuz olaraq vermişdir. Məscid üçün əldə edilən materialların həm meşədən gətirilməsi, həm də məscidin tikilməsində o zaman mövcud olan Ləj kənd Bələdiyyəsinin sədri Ümidvar Babali oğlu Vəliyevin və onun muavini Surxay Bahadir oğlu Nuriyevin yaxından köməkliyi olmuşdur. 2010-cu il mart ayının 28-də Ləj məscidi öz dövlət qeydiyyatı statusunu alıb, Mədəniyyət və Turizim Nazirliyinin ”reyestr ”qeydiyyatından keçmişdir. Şərifov Əziz Novruz oğlu Ləj məscidinin ”Dini İcma Sədri” vəzifəsinə təyin olunub və Ləj kənd məscidinə möhür verilib. 2010-cu ilə qədər məscidin mollalıq səlahiyyəti Şərifov Əziz Novruz oğlunda olmuşdur. Lakin 2010-cu ildə kənd sakini Quliyev Samid Qənbər oğlunun namizədliyi irəli sürülmüş, bu təklif məscidin o zamankı dini icma sədri Şərifov Əziz Novruz oğlu tərəfindən qəbul olunaraq Qafqaz Müsəlmanları Dini komitəsinə göndərilmiş və komitədə bu işə baxaraq Quliyev Samid Qəmbər oğlunun namizədliyini təsdiqləmişdir. Hal-hazırda Quliyev Samid Qənbər oğlu Ləj kənd məscidinin axundu vəzifəsində çalışır.
Dini tədbirlər
Ləj məscidi gənc olsa da burada Dini Məsələlər üzrə Komitənin, həm də Zaqafqaziya Müsəlmanları Dini İdarəsinin qaydalarına uyğun və onun icazəsi ilə xüsusi çərçivədə dini mövzularda dövlət tədbirləri keçirilir. Möhtərəm prezidentmiz İlham Əliyevin “multikulturalizm” ideyasını ortaya atandan sonra bütün digər məscidlər kimi Ləj məscidində də rayon rəhbərliyinin icazəsi ilə dini tədbirlər keçirilir. Belə ki, məhərrəm ayında “Aşura təziyyə müsibəti” keçirilir, məsciddə ehsanat verilir. Bundan əlavə islam aləmində tanınmış şəxslərin mövlud və şəhadət günləri qeyd olunur. Məscidin özündə kitabxana da var. Ləj məscidində çoxlu müntəzəm tədbirlər keçirilir. Bu tədbirlər dövlət proqramları çərçivəsində Dini Qurumlar üzrə İdarənin proqramları çərçivəsində keçirilir. Ləj kəndində 6 oktyabr 2017-ci il tarixində İmam Hüseyn əlehissalamın məclisi tərtib olunmuşdur.
Şəkil. Ləj kənd məscidində “İmam Hüseyn” mərasimi.
Ənənəyə uyğun olaraq şam namzından sonra mərasim şəhidlərimizin əziz xatirəsini yad etmək üçün mubarək “Quran-i Kərim” oxunuşu ilə başlanır. Daha sonra mərsiyələr oxunur. Həmən mərasimdə kənd məscidinin Axundu “Kərbəla tarixinin həqiqətləri” adlı moizə deyir. Moizədən sonra camaat evinə dağılır.
Fitr mərasimi
Ləj məscidində keçirilən dini tədbirlərdən biri də “Fitr” mərasimidir. Bu mərasimdə adətən kənd camaatı yığışır, onlar məsciddə namaz qılır və Axundun mühazirələrinə qulaq asırlar. Bu mərasimdə məscidin axundu və məscidin dini icma sədri məclis iştirakçıları ilə fitr bayramının mahiyyəti və tarixi kökləri haqda mərasim iştirakçılarına məlumat verirlər.
Qədr gecəsi mərasimi
Ləj məscidində keçirilən dini mərasimlərdən biri də “Qədr gecəsi” mərasimidir. Bu mərasimdə də digərlərində olduğu kimi əvvəlcədən məscidin dini icma üzvlərinə və kəndin ağsaqqallarına vədə verilir. Onlar da təyin olunmuş vaxtda məscidə gəlirlər. Məscid rəhbərliyi də bununla bağlı əvvəlcədən gələn qonaqlar üçün çay tədarükü görür. Bu mərasimdə quran oxunur, sonra isə məsciddə olanlar namaz qılırlar.
Bundan sonra isə məscid axundu mnbərdə muhazirə deyir və qədr gecəsinin mahiyyətini və tarixi kökləri haqda məlumat verir. Bir az sonra da tədbir başa çatır. Ləj kəndində 2-ci qədr gecəsi mərasimi 27-iyun 2016-cı ildə və 3-cü qədr gecəsi mərasimi isə 12 mart 2016-cı ildə keçirilmişdir.
Ləj kənd məscidində keçirilən bütün bu tədbirlər kənd məscidinin axundu kərbalayi Samid Quliyevin yüksək səyi və səriştəsi nəticəsində keçirilir. O, kənd məscidinə axund təyin olunandan sonra məsciddə canlanma müşahidə olunur. Ləj məscidində vaxtı-vaxtında bütün dini tədbirlər keçirilir. “İmam Hüseyn” təziyyə mərasimi “Ramazan bayramı” “Qədr gecəsi” imamların və peyğəmbərin mövlud və şəhadət günləri xüsusi iş qaydası ilə Ləj məscidində qeyd olunur və keçirilir. Bu bayram tədbirlərinə gələnlərə çay və şirniyyata ehsan edilir. Belə tədbirlərdə mərasim iştirakçılarına qulluq etmək üçün kənd cavanları xüsusi köməklik göstərirlər.
Milli-mənəvi dəyərlərimizi qoruyaq
Ləj kənd məscidində keçirilən tədbirlərdən biri də cənab Prezidentin sərəncamı ilə, DQİDK-nin dəstəyi ilə gerçəkləşən “Milli-mənəvi dəyərlərimizi qoruyaq” adlı tədbiridir. Bu tədbir 12 mart 2016-cı ildə keçirilmişdir.
Tədbirdə DQİDK-nin Lənkəran şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran rayon Dini İdarənin rəisi (baş molla) Hacı Sədi, tədqiqatçı-tarixçi İldırım Şükürzadə, Haftoni qəsəbə məscidinin axundu Hacı Rza, Ləj kənd İcra Nümayəndəsi Bayram Cəfərov, Haftoni qəsəbə orta məktəbinin tarix müəllimi Emin müəllim, Ləj məscidinin axundu Samid Quliyev və Ləj məscidinin Dini İcma sədri Əziz Şərifov iştirak etmişlər.
Tədbirdə çıxış edənlər “Milli-mənəvi dəyərlərimiz” mövzusunda öz fikirlərini söyləmiş və bu barədə vətəndaşlara məlumat vermişlər. Tədbirdə çıxış edən DQİDK-nin Lənkəran şöbə müdiri Qağayı Məmmədov çıxışında milli-mənəvi dəyərlərimiz, Vətənə bağlılıq və dövlətçilik ənənələrimizdən gənclərimizə və mərasim iştirakçılarına söz açmışdır.
Sonra isə bu tədbirin davamı Ləj kənd İcra Nümayəndəliyinin akt zalında növbəti gün davam etdirilmiş. O tədbirdə isə Azərbaycan yazıçılar Birliyinin Lənkəran şöbə müdiri Ağamir müəllim, ilahiyyatçı-tədqiqtçı Nahid Məmmədov, DQİDK-nin Lənkəran üzrə sədri Qağayı Məmmədov və Ləj kənd İcra numayəndəsi Bayram Cəfərov və şəhid atası Hacı Ələkbər iştirak etmişlər.
Tədbirdə çıxış edənlər milli dəyərlərimiz, ana dilimiz, vətən eşqi və milli adətlərimiz haqda tədbir iştirakçılarına məlumat vermişlər. Sonra isə tədbir iştirakçılarına hədiyyələr paylanmışdır. Ləj məscidin də isə dini kitabxana yaradılmışdır.
Şəkil. Tədbir iştirakçıları Ləj məktəbi ərazisində yerləşən şəhid Natiq Aslanov və Əsgər Əliyevin büstünü ziyarət edərkən.
Şəkil. Tədbir iştirakçıları xatirə şəkili çəkdirərkən.
Sonra isətədbirdə çıxış edən Lənkəranın dini şurasının sədri hacı Sədi gənclərimizi ağ ölümdən uzaq qalmağa, digər müsəlman ölkələrnə aldadılaraq cihad adlıya aparılmalarına yox deməyə çağırdı.
Xeyriyyəçilər
Ləj kəndi balaca bir kənddir. Lakin bun baxmayaraq bu kənddə möhtərəm və xeyriyyəçi insalar var. Onlar vaxtaşrı kəndin hər hansı br yardımsevər işlərində yaxından iştirak edirlər. Belə şəxslərdən biri də Hacı Əhmədağa Yusubovdur. Hacı Əhmədağa Yusubov ilk öncə kənd montyoru olmuşdur. Sonra isə yaşa dolduqca xeyriyyəçiliyə qatılmışdır. Hacı Əhmədağa kişi tez-tez kənd məscidinə maliyə yardımı göstərir, məscidin mövsümlərarası təmiri üçün maliyə dəstəyi verir. Bundan başqa o kənd yollarına qış qabağı öz hesabına “otsep” tipli qrabil tökdürür. Bundan əlvə Hacı Əhmədağanın oğlu Yusub Yusubov da Rusiyada yaşamasına baxmayaraq kəndin bütün xeyriyyə işlərində yaxından iştirak edir. O, ara-sıra Rusiyadan kəndə gəldiyində həm kənd yollarının, həm də kənd məscdinin ehtiyaclarına yardım edir. Hacı Əhmədğa Ləj kəndinin ən tanınmış ağsaqqallarından biridir.
Dostları ilə paylaş: |