Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri "Şamo"dur. Oxuduğu bu qəzet materiallarının təsiri ilə Süleyman 1930-cu ildə “Şamo” romanının ilk variantını yazdı və bu kitab 1931-cı ildə “Azərnəşr”də 118 səhifəlik nazik cildli bir kitab halında nəşr olundu. Cavan yazıçı bu əsərdə öz iştirakçısı olduğu hadisələri - Qubadlı İnqilab Komitəsinin əsgəri kimi müsavat rejiminin ləğv edilməsi uğrunda qanlı vətəndaş müharibəsini qələmə almışdı. Demokratik Cümhuriyyətin fəalları burada sinfi və milli düşmən kimi, xainlər kimi təsvir edilirdi. Hər iki tərəfdən olan hərbi və silahlı qəddarlığı yazıçı öz gözləri ilə görmüşdü. O zaman Azərbaycanlı kadrlara inanmayan, onlara şübhə ilə baxan erməni-rus bolşevikləri əlində silah müsavat rejiminə qarşı vuruşmuş kadrlara böyük etimad göstərirdilər.
Ona görə keçmiş qızıl əsgər Süleyman Rəhimov mübariz bolşevik kimi diqqət mərkəzində idi. 1932-ci ildə universiteti bitirəndən sonra partiya karyerası üçün onun hər şeyi vardı:
qızıl əsgər, komsomol qurucusu, ali təhsil diplomu, zəhmətkeş kəndli sinfinə mənsubluq.1932-ci ildən sonra Süleyman Rəhimov partiya işinə keçirilir, Şahbuz, Noraşen, Samux və Laçın rayonlarında təbliğat və təşviqat şöbələrində çalışır. Bu etimad onun 1931-ci ildə çap olunmuş “Şamo” romanındakı bolşevik mövqeyinə görə idi. Əsərdə kasıb kəndli sinfi ilə varlı mülkədar və bəy sinfi arasında qanlı mübarizə o zamankı hakim partiyanın sxemlərinə uyğun təsvir edilir, müsavat hərəkatına yaxın adamlar xalqa qarşı qüvvələr kimi qələmə verilirdi.
1930-cu illərdə bolşeviklər əsasən türk millətçiliyinin qalıqları və nümayəndələri ilə mübarizə aparırdılar. Süleyman Rəhimov bu mübarizədə düşmənə qarşı sərt xəttin tərəfdarı idi. Bu ideyaların kökləri 1910-cu illərin milli hərəkatı və Demokratik Cümhuriyyətin aparıcı şəxslərinin fəaliyyəti ilə bağlı idi. Az-çox savadı olan Bakı ziyalılarının hamısı bu hərəkatda iştirak etmiş, bu hərəkata az-çox bağlı olmuşdu. Lakin repressiyalar dövründə onların fəalları həbs edildi. O biri tərəfdən, bolşevik hərəkatında iştirak edənlərin özlərindən də həbs edilənlər bu millətçi hərəkata aid edilir və istintaq zamanı tətbiq olunan fiziki işgəncələrlə onların guya öz günahlarını etiraf etməsinə nail olunurdu.
1937-ci ilin payızında Süleyman Rəhimov da həbs edilir və onun həbsi Laçın Partiya Komitəsi katibinin müavini olduğu dövrə aid epizodlarla əlaqələndirilir. Yazıçının istintaqı bitib məhkəmə gözlədiyi vaxtda nüfuzlu himayədarlardan kimsə ona əl uzadır: nüfuzlu adamların köməyi ilə haqqında olan cinayət işinə yeni bəraətverici ifadələr əlavə edilir və onun işinə xitam verilir. O, zaman bu, nadir hadisə idi, tutulanların tam əksəriyyəti güllələnirdi. Azad ediləndən sonra S.Rəhimov Noraşen rayon Partiya Komitəsinin birinci katibi olur.
1938-ci ildə o, Maarif Komissarlığının repertuar şöbəsinin müdiri, bir qədər sonra Yazıçılar İttifaqının sədri (1939-1940) seçilir, sonra isə Bakı Partiya Komitəsinin Təbliğat şöbəsinin müdiri olur. Süleyman Rəhimov müharibədən sonra Azərbaycan SSR Nazirlər Soveti yanında Mədəni-maarif Müəssisələri Komitəsinin sədri, fasilələrlə daha iki dəfə Yazıçılar İttifaqının sədri olur. Birinci dəfə bu, 1944-1945-ci illərə, ikinci dəfə isə 1954-1958-ci illərə təsadüf edir.
Süleyman Rəhimov 1958-ci ildən sonra N.S.Xruşşov reformalarına uyğun olaraq köhnə stalinçi kadrlara aid edilir və partiya işindən uzaqlaşdırılaraq ancaq yazıçılıq fəaliyyəti ilə məşğul olur.
Yazıçı partiya qarşısındakı xidmətlərinə görə üç dəfə Lenin ordeni ilə təltif edilmiş, 1975-ci ildə anadan olmasının 75 illiyi münasibəti ilə Sosialist Əməyi Qəhrəmanı adını almışdır.
Ədib 1983-cü ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir.
Yazıçının böyük tirajlarla çap olunan əsərləri neçə-neçə nəsillərin milli ruhda, xalqa, torpağa bağlı vətənpərvərlər kimi yetişməsində rol oynamış, XX əsr Azərbaycan tarixində mənəvi iz qoymuşdur. Milli nəsrin qabaqcıl ənənələrini davam etdirən S.Rəhimovun çoxcəhətli yaradıcılığı özündən sonrakı Azərbaycan nasirlərinin formalaşmasında pozitiv təsirini göstərmişdir. Yazıçının romanları, povestləri, hekayələri daim ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış, ədəbi tənqidin diqqət hədəfində olmuşdur.
Süleyman Rəhimovun ictimai fəaliyyəti də böyük Azərbaycan maarifçilərinin işinin davamı olub, milli həyatın ən mürəkkəb dönəmlərində faydasını vermişdir. Bu gün milli kitab xəzinəmizin sönməz ocağı olan M.F.Axundov adına Dövlət Kitabxanasının layihəsi ədibin Azərbaycan Nazirlər Soveti yanında
Mədəni-Maarif İşləri Komitəsinin sədri işlədiyi zamanlarda verilmiş və çox əlamətdardır ki, bu gün həmin binanın eyvanında heykəlləri ucalan ədəbiyyat korifeyləri sırasında Süleyman Rəhimova da yer vardır. Süleyman Rəhimovun xatirəsi xalqının yanında daim əziz tutulur, ədibin adına Bakıda küçə verilmiş, yaşadığı binaya barelyefi vurulmuşdur. Amma yazıçının özünə ucaltdığı ən böyük abidə ölməz əsərləridir.
Dostları ilə paylaş: |