Əlavə məlumat(Pənahəli Xan)
Pənahəli xan və ya Pənahəli xan Cavanşir (fars. پناهعل خان جوانشیر; 1693, Qarabağ – 1763, Şiraz) — Cavanşirlər sülaləsinə mənsub olan Qarabağ xanlığının qurucusu, ilk xanı, sərkərdə. 1747-ci ildə Nadir şahın ölümündən sonra Pənahəli xan Qarabağ xanlığını yaradır.
Pənahəli xan xanlığı, var-dövlətini və özünü qorumaq üçün ilk olaraq müdafiə tədbirləri görür və Bayat qalasını tikdirdi. Özünə yaxın və sədaqətli adamlarını ətrafına toplayır. Güclü qoşun yığaraq ona itaət etməyənləri müxtəlif yollarla və vasitələrlə özünə tabe etdirdi. Xalqın hörmətini qazandı. Üç il sonra, 1751-ci ildə Tərnəkütdə Şah bulağı deyilən yerdə Şahbulaq qalasını inşa etdi və tədricən xanlığın ərazisini əlavə torpaqlar hesabına genişləndirdi. Azərbaycanda cərəyan edən hadisələr — feodal vuruşmalar göstərdi ki, Şahbulaq qalası da o qədər qüvvətli sığınacaq deyil, nisbətən qüvvətli düşmənin "qurbanı" ola bilər. Pənahəli xan Şuşa qalasını tikdirib xanlığın iqamətgahına çevirdi. Qarabağ xanlığının ilk şəhəri olan Şuşanın siması Bərdə, Beyləqan, Bakı, Gəncə, Şəki və Şamaxı kimi ərazilərin memarlıq üslublarını özündə əks etdirib.
Pənahəli xanın hakimiyyətini ilk olaraq Vərəndə məliki Şahnəzər tanıdı. Bu tanıma həm də "nikah diplomatiyası" vasitəsilə möhkəmləndirildi. Onun qızı Hürzadla İbrahimxəlil ağa nikahlandı. Xaçın məliki Məlik Mirzədən tabe olmaqdan imtina etməsi Pənahəli xanın onun üzərinə yürüş etməsinə səbəb oldu. O, Ballıqaya adlanan yerdə məğlub olaraq mərkəzi hakimiyyəti tanımaq məcburiyyətində qaldı. Dizaq, Çiləbörd, Gülüstan məliklərinin də düşmənçilik siyasəti iflasa uğradı. Bir müddət sonra onlar da xan hakimiyyətinə tabe oldular.
Bayat savaşından sonra Qarabağ xanlığının ərazisi xeyli genişləndi. Şamaxı, Şəki, İrəvan, Naxçıvan, Təbriz xanlıqları Pənahəli xanın hakimiyyətini qəbul etdi. Pənahəli xan isə öz növbəsində Gəncə, İrəvan, Naxçıvan və Ərdəbili ələ keçirərək onların idarəsini öz adamlarına tapşırdı.
Qarabağ xanlığı kimi bir xanlığın yaranması ətrafdakı xanları və hakimləri ciddi narahat etməyə başladı. Onlarda biri də Astrabad hakimi Məhəmmədhəsən xan Qacar oldu. O, 1757-ci ildə güclü bir qoşunla Qarabağ xanlığı üzərinə yürüşə başladı. Döyüş Qarabağ qüvvələrinin qələbəsi ilə nəticələndi. Xanlıq 1759-cu ildə urmiyalı Fətəli xan Əfşarın hücumuna məruz qaldı. Fətəli xan Əfşarın üzərinə yürüşünü Qarabağ salnaməçiləri ətraflı şəkildə təsvir edirlər. Zənd hakimi Kərim xan, Fətəli xan Əfşarla arasında olan müharibəyə Pənahəli xanı da əlavə etdi. Pənahəli xan Kərim xana yardım məqsədi ilə Fətəli xanla mübarizə apardı. Döyüşlər Fətəli xanın məğlubiyyəti ilə nəticələndi və o, öldürüldü. Kərim xan Zənd isə ona yardım göstərən Azərbaycan xanlarını şənlik adı ilə Şiraza dəvət edib, əsir götürdü. Pənahəli xan 1763-cü ildə, 69–70 yaşlarında Şirazda vəfat etdi.
Pənahəli xan Bayat, Şahbulaq və Şuşa qalalarından əlavə, Əsgəran qalası və Qarabağ xan sarayının yaradıcısıdır. Hal-hazırda qalalar və xan sarayı yararsız vəziyyətdədir. Pənahəli xan Şuşa qalasını tikdirdikdən sonra, burada sikkəxana açdırmışdı. Həmçinin sikkəxana da pənahabad adlı sikkədə buraxılmağa başlamışdı. Pənahabad sikkəsi və Şuşa qalasının parad qapısının açarı hal-hazırda Azərbaycan Tarixi Muzeyində yerləşir.
Dostları ilə paylaş: |