Təxminən 1811-ci ildə Osmanlı imperiyası vəhhabilərin irəliləməsi və böyük dövlət təşkil etmək niyyətlərindən narahat olur.
Osmanlı sultanı təxminən 1811-ci ildə vəhhabilərin hökumətini dağıdıb onları əsir almaqdan ötrü yaxşı təchizatlanmış güclü bir qoşunu öz nümayəndəsi olan Misir valisi Mühəmməd Əli Paşaya köməyə göndərir. Mühəmməd Əli Paşa özü də böyük bir qoşun yığaraq türk qoşunu ilə birlikdə Hicaza tərəf hərəkət edir.
Əmir Səud bu işdən xəbər tutur. Qısa bir müddətdə qoşun cəm olmasına əmr edir. Tez bir zamanda 18 minə yaxın qoşun hazırlayır. İki qoşun tezliklə üzləşir. Lakin bu döyüşdə türk qoşunu məğlub olub geri çəkilir. Rəvayətə görə bu döyüşdə 4 mindən çox türk əsgəri və 600-ə yaxın vəhhabi öldürülür1.
İki ildən sonra Mühəmməd Əli Paşa daha böyük bir qoşunla Məkkəyə daxil olub vəhhabiləri məğlub edir. Sonralar da hər iki tərəf arasında çoxlu döyüşlər olur.
Nəhayət, vəhhabilər təzədən hökumət başına gəlir və indi də bu hökumət davam edir.
VƏHHABİLƏRİN BƏ’Zİ E’TİQADLARINA QISA BİR BAXIŞ
1. Vəhhabilər əksər müsəlmanları kafir sayır. Bəri başdan qeyd etməliyik ki, vəhhabilər müsəlmanların əksəriyyətini müşrik və kafir sayırlar. Şiələr barəsində isə bunu daha çox tə’kid edirlər. Əsli qarət, vurub-dağıtmaq və çapğınlıqla başlayan bu firqə elə hesab edir ki, Peyğəmbərdən (səlləllahu əleyhi və alih) 6-7 əsr sonra vücuda gələn bu firqə yeganə düz yolda olan firqədir. Əlbəttə, bizim məqsədimiz yalnız tarixi çatdırmaq olduğuna görə çox şeyləri yazmaq istəmirik.
Vəhhabilərin hücumlarına ən çox şiələr mə’ruz qalsalar da, lakin bütün müsəlman alimləri bu firqə yaranan gündən onları inkar etmiş hətta qeyd etdiyimiz kimi bu firqənin əsasını qoyan İbni Teymiyyə əksər müsəlmanlarla müxalifət etdiyinə görə zindanda ölmüşdür.
Hər şeydən əvvəl qeyd etməliyik ki, bunlar zahirdə özlərini düzgün qələmə verməkdən ötrü müxtəlif əsassız dəlillərə əl atırlar. Məxsusən, hər hansı bir e’tiqadı dərin araşdırıb təhqiq etmədən inkar edir və bu e’tiqad sahiblərini kafir adlandırırlar. Onlardan bə’zi e’tiqadları qeyd edib mümkün olan həddə cavablarını yazmaq istərdik.