Tehranda qarabağin tariXİNƏ dair monoqrafiya nəŞr ediLMİŞDİR



Yüklə 149,5 Kb.
tarix10.01.2022
ölçüsü149,5 Kb.
#107387

PƏRVİZ ZARE ŞAHMƏRƏSİNİN “QARABAĞNAMƏ” ƏSƏRİ HAQQINDA MÜLAHİZƏLƏR VƏ DƏYƏRLƏNDİRMƏLƏR
Namiq MUSALI

tarix üzrə fəlsəfə doktoru,

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun

Farsdilli əlyazmaların tədqiqi” şöbəsinin böyük elmi işçisi.

2011-ci ilin sonlarında, dekabr ayının 23-dən 28-ə kimi İran İslam Respublikasının Tehran və Qum şəhərlərinə elmi ezamiyyətdə olduq. Bu səfər çərçivəsində Tehran Universitetini, Böyük İslam Ensiklopediyasını, İrəc Əfşar Fondunu, Qum şəhərində yerləşən və müsəlman dünyasının üçüncü ən böyük əlyazmalar xəzinəsi olan Ayətullah Mərəşi kitabxanasını (burada 37 min əlyazma kitabı mühafizə edilir) və s. elmi müəssisələri ziyarət etmək və kitabxanalarda araşdırma aparmaq imkanı tapdıq. Səfərimiz nəticəsində son illərdə İranda çap edilmiş orta əsrlər dövrünə aid onlarla tarixi mənbənin elmi-tənqidi nəşrlərini əldə etdik. Qeyd edək ki, bu mənbələrin əksəriyyəti respublikamızın kitabxanalarında mövcud deyildir, bunlardan bəziləri isə yeni üzə çıxarıldıqlarından, ümumiyyətlə, indiyə kimi tarix elminə bəlli olmayan qaynaqlardandırlar. Bundan başqa, iranlı və digər əcnəbi alimlər tərəfindən hazırlanan və tariximiz üçün əhəmiyyət kəsb edən bir sıra tədqiqat əsərləri də diqqətimizdən kənarda qalmadı.

Tehran Universitetinin yaxınlığındakı İnqilab Meydanı saysız-hesabsız kitab dükanlarının və nəşriyyatların ofislərinin yerləşdiyi bir məkandır. Bura bizə daha çox İstanbulun yayın evləri və kitab mağazaları ilə zəngin olan Çağaloğlu səmtini xatırlatdı. İnqilab meydanındakı kitab dükanlarının birində İran tarixçisi Pərviz Zare Şahmərəsinin Qarabağ tarixi ilə bağlı əsəri nəzərimizi cəlb etdi. “Qarabağname: əz ədvar-e kohən ta doure-ye moaser” (“Qarabağnamə: qədim zamanlardan müasir dövrə qədər”) adını daşıyan və 626 səhifə həcmində olan monoqrafiya hicri-şəmsi təqvimi ilə 1389-cu (miladi 2010-2011) ildə Tehranın “Şirazə” nəşriyyatında 500 tirajla farsca nəşr edilmişdir. Kitab ön sözdən, yeddi fəsildən, nəticədən, əlavələrdən və istifadə olunmuş ədəbiyyatın siyahısından ibarətdir.

P.Z.Şahmərəsi “Ön söz”də Qarabağın tarixi əhəmiyyətinə və bu əsəri qələmə almasının səbəblərinə toxunur. O, rəsmən Azərbaycan Respublikasına məxsus olan Dağlıq Qarabağın və ona bitişik məntəqələrin erməni işğalı altında olduğunu xüsusi vurğulayır. Müəllif Qarabağ tarixi ilə bağlı araşdırmalara hələ 1990-cı illərin əvvəllərində başlamışdır. Həmin vaxt SSRİ-nin dağılması nəticəsində yeni müstəqillik əldə etmiş dövlətlərin İranda tanınması və tədqiqi zərurəti yaranmışdı. Məsələyə bu prizmadan yanaşan müəllif, İran sərhədləri yaxınlığında baş verən Qarabağ konfliktini diqqətdə saxlayaraq, Qarabağın ümumi tarixini tədqiq etmək niyyətinə düşmüşdür. O, öz araşdırmalarına başlayarkən həmin zamanadək Qarabağ barəsində İranda doğru-düzgün tədqiqat işlərinin ərsəyə gətirilmədiyinin şahidi olur. Qarabağa dair ilk kitabını hələ hicri-şəmsi 1376 / miladi 1997-98-ci ildə İran Xarici İşlər Nazirliyinin xətti ilə nəşr etdirən tarixçi sonralar da bu sahədə tədqiqatlarına davam edir, daim yeni materiallar toplayır və beləliklə, onun ilk kitabının çapından 13 il keçdikdən sonra haqqında bəhs etdiyimiz monoqrafiya işıq üzü görür.

Monoqrafiyanın altı paraqrafdan ibarət birinci fəsli “Qarabağda insanın, mədəniyyətin və hökumətin peyda olması” adını daşıyır. Bu fəsildə Qarabağın islamiyyətdən öncəki tarixi dəyərləndirilmişdir (səh. 1-57).

Fəslin ilk paraqrafı Qarabağın coğrafiyasına və təbiətinə həsr edilmişdir. Araşdırmaçı qeyd edir ki, Azərbaycan Cümhuriyyətinin tərkibindəki Qarabağla yanaşı, yer üzündə bu adda daha altı coğrafi məkan mövcuddur. Belə ki, Qarabağ adı ilə İranın Urmiya, Şiraz, Qəzvin və Nişapur vilayətlərində kəndlər, Kalpuş çəməninin şimalında və şimal-qərbində yerləşən və əvvəllər türk soylu gəraylı elinin yaşadığı bir nahiyə, həmçinin Əfqanıstanın Kabil vilayətində, Qəznədən 37 km. cənub-qərbdə eyni adlı məntəqə mövcuddur.

Əsərin ilk paraqrafında Qarabağın sahəsi, bölgələri, coğrafi vəziyyəti, dağları, düzənlikləri, çayları, suvarma kanalları, gölləri, iqlim şəraiti, florası, təbii sərvətləri və s. haqqında söz açılmışdır. Daha sonra müəllif Qarabağın tarixi coğrafiyasına nəzər salır. O, h. 748 / m. 1347-48-ci ildə qələmə alınmış “Həft kişvər ya süvərül-əqalim” adlı anonim coğrafi əsərə müraciət edərək, dünyanı yeddi iqlimə ayıran klassik müsəlman coğrafiyaşünaslarının Qarabağı beşinci iqlimə aid etdiklərini bildirir. P.Z.Şahmərəsi “Qarabağ” adının XIV-XV əsrlərdə ortaya çıxdığını iddia edən bəzi erməni alimlərinin fikirləri ilə razılaşmır. Onun tədqiqatından bəlli olur ki, hələ XII əsrdə Samuel Anevi və Tovma Ardzeruni adlı iki erməni müəllifi öz əsərlərində bu vilayəti “Qarabağ” adlandırmışlar. Tədqiqatçı belə nəticəyə gəlir ki, əgər “Qarabağ” ifadəsi vilayət adı olaraq artıq XII əsrdə erməni mənbələrinə keçmişdirsə, deməli, bu ad müsəlman türk camaatının arasında bundan çox əvvəllər şifahi şəkildə populyarlıq qazanmışdır. İran tarixçisinin əski erməni mənbələrinə istinadən irəli sürdüyü bu fakt, erməni alimlərinin Qarabağ adının qədim tarixini danmaq cəhdlərini heçə çıxarır.

Qarabağın adını çəkən ilk müsəlman müəllifləri sırasında Həmdulla Qəzvininin, Məhəmməd Əli ibn Şəbankareyinin, Hafiz Əbrunun, Rəşidəddin Fəzlulla Həmədaninin, Fəsih Xəvafinin, İbn Bəzzaz Ərdəbilinin adlarını qeyd edən araşdırmaçı Qarabağ adının mənası məsələsinə də münasibətini bildirir və bu kəlmənin türk dilindən “qara bağ” şəklində deyil, “böyük bağ” kimi tərcümə edilməsini daha doğru sayır. O, həmçinin Qarabağ sözünün ərəb qrafikalı əlifba ilə yazılış şəkillərindəki müxtəlifliyə toxunaraq, bu ifadəni türk dilinin ahəng qanununa müvafiq surətdə yazmağın daha məqsədəuyğun olduğunu qeyd edir (səh.1-12).

Birinci fəslin II paraqrafı “Qarabağın arxeologiyası” adlanır. Lakin bu fəsildə təkcə arxeologiya deyil, ümumiyyətlə, Qarabağın qədim tarixinin böyük bir hissəsi şərh edilmişdir. Müəllif Qarabağı bəşəriyyət tarixinin ən qədim ocaqlarından biri hesab edir və buranın bir milyon illik tarixi keçmişə malik olduğunu vurğulayır. O, Qarabağ ərazisindəki arxeoloji abidələrdən (Azıx mağarası, Quruçay dərəsi, Üzərlik-təpə, Tağlar mağarası, Kür-Araz mədəniyyəti, Xocalının arxeoloji tapıntıları), buradan üzə çıxarılmış əşyalardan, bölgənin qədim insanlarının məşğuliyyətindən və s. bəhs edir. Tarixçi, Azıx sözünün qədim türkcə “ayı” mənasını verdiyini vurğulayır. Lakin onun Qarabağdakı ibtidai icma dövrü ilə bağlı verdiyi məlumatlarda müəyyən sistemsizlik və ziddiyyətlər özünü büruzə verir. Məsələn, müəllif bir yerdə azıxantropun yaşının 250-300 min il olduğunu yazır, növbəti səhifədə isə onun yaşını 350-400 min il kimi göstərir.

Müəllif iddia edir ki, Qarabağın köklü əhalisinin “ilk dili Şimal-Şərqi Qafqaz və ya Nax-Dağıstan dil qrupuna aid olmuşdur”. O, m.ö. VIII əsrdə Urartu dövlətinin Qarabağa həmlələrindən bəhs etməklə Qarabağın qədim dövrdəki siyasi tarixinin təsvirinə başlayır. M.ö. VII əsrdə sakaların (sakların – N.M.) Qafqaza və o cümlədən, Qarabağa gəlişini şərh edən P.Z.Şahmərəsi bir sıra İran alimlərinin fikirlərinin əksinə olaraq, sakaları türk mənşəli tayfa hesab edir: “Döyüşkən, amansız və çox şücaətli olan türk mənşəli sakalar şimaldan Qafqaza daxil oldular... Urartu ölkəsi sakaların atlarının tapdaqları altında qaldı”. Tədqiqatçı, Qafqaza gəlmiş sakaların əsas mərkəzinin bugünkü Azərbaycan Respublikasının ərazisində yerləşdiyini və Qarabağın da onların hökmü altında olduğunu ifadə edir. Beləliklə, Qarabağın köklü əhalisinin Qafqaz mənşəli nax dillərinə yaxın bir dildə danışdığını iddia edən iranlı tarixçi türklərin bu torpaqlara gəlişinin təxminən 2800 il öncəyə aid edir. Hər halda, türklərin Azərbaycanda məskunlaşması tarixinin min ildən çox olmadığı iddia edən elm xadimləri ilə müqayisədə P.Z.Şahmərəsinin bu açıqlamasını təqdirəlayiq hesab edirik.

Sözügedən paraqrafda yenə erməni alimləri ilə polemikaya girən müəllif Artsax sözünün ilk variantlarına hələ Urartu mənbələrində rastlandığını irəli sürərək, bu coğrafi adın ermənicə ola biləcəyini güman etmir. Onun fikrincə, Artsax sözü ya qədim İran dillərində “qərb tərəf” mənasındadır, ya da türk mənşəli tayfa olan sakaların adı ilə bağlıdır.

Paraqrafın sonunda Midiya və Əhəməni dövlətlərinin Qarabağa siyasi və mədəni təsirləri məsələləri üzərində durulmuşdur. Məsələn, müəllif m.ö. 556-cı ilə aid tarixi bilgilərə istinad edərək, həmin zaman Qarabağın qərb hissəsinin bir qisminin Midiya dövləti tərkibinə daxil olduğunu göstərir. O, Əhəmənilər zamanında mazdapərəstlik və zərdüştilik kimi dinlərin Qarabağa ayaq açdığını bildirir (səh.12-24).

Fəslin III paraqrafında Bərdə şəhərinin qədim və erkən orta əsrlər tarixinə nəzər salınmışdır. “Təxminən İsgəndərin yürüşü ilə eyni vaxtda Qarabağda, ticarət yollarının qovuşduğu yerdə bir şəhər salınmışdır” – deyən müəllif Bərdə şəhərinin əsasının m.ö. IV yüzillikdə qoyulduğunu bildirir. O, Bərdənin qədim adlarından (Hörüm, Pərtöv, Partav və s.) bəhs edir, ərəbdilli şairlərdən Müslim ibn Vəlidin, farsdilli şairlərdən Firdövsinin, Nizam Qarinin, Nizami Gəncəvinin Bərdənin tarixi və gözəllikləri haqqında beytlərini misal gətirir, Məhəmməd Hüseyn Bürhan Təbrizi, əl-Müqəddəsi, Bəlazuri, İstəxri, İbn-Hövqəl, Həmzə İsfahani, Hilal ibn Möhsün, Əbül-Fida, İbnül-Fəqih, Cüveyni, Həmdulla Qəzvini və b. kimi klassik müəlliflərin Bərdə haqqında məlumatlarını iqtibas edir və həmin məlumatlar Bərdənin tarixən Azərbaycanın tərkib hissəsi olduğunu göstərir. İran alimi qeyd edir ki, “Bərdə Yaxın və Orta Şərqin ən ümdə ticarət mərkəzlərindən biri idi”. O, Bərdədən müxtəlif səmtlərə uzanan karvan yollarından bəhs edir, bu şəhərin “Arran şəhərlərinin anası”, “Arranın Bağdadı” kimi tanındığını yazır. İnkişafının zirvəsinə çatmış Bərdə şəhərinin ruslar tərəfindən dağıdılmasından bəhs edən tədqiqatçı Bərdənin tarixi abidələri və indiki vəziyyəti barəsində qısaca məlumat verir. Onun bu paraqrafdakı açıqlamalarında bəzi yanlışlıqlarla da qarşılaşırıq. Əvvəla, müəllif rusların Bərdəyə hücumunu m. 933-cü ilə aid edir, halbuki bu hadisə m. 943-944-cü ildə baş vermişdir. İkincisi, əsərdə yanlış olaraq qeyd edilmişdir ki, sovet hakimiyyəti illərində Bərdə şəhəri Mirbəşir Qasımovun şərəfinə “Mirbəşir” adlandırılmışdır. Əslində isə yaxşı bəllidir ki, sovet dövründə Bərdə deyil, Tərtər rayonu Mirbəşir adını daşıyırdı (səh. 24-32).

IV paraqrafda Albaniya (Qafqaz Albaniyası) dövlətindən söz açılmışdır. Bəzi orijinal müddəalara malik olan tədqiqatçının fikrincə, Atropat zamanında Atropatkan (Atropatena) dövlətinin şimal sərhədi Araz çayı ilə məhdudlaşmırdı və çayın şimalındakı bir sıra ərazilər, o cümlədən də Qarabağ bu dövlətin tərkibində idi: “Arazdan şimalda sakin olan utilər və sakasenlər kimi qövmlər Atropatenaya xərac verirdilər. Qarabağın böyük bir hissəsi də Atropatkanın hakimiyyəti altında qərar tutmuşdu... Zaman keçdikcə Atropatkanın adı müxtəlif şəkillərə düşdü və axırda Azərbaycan adı meydana gəldi... Atropatkanın zəiflədiyi zaman indiki Azərbaycan Respublikasının ərazisində Albaniya hökuməti ortaya çıxdı və o, Qarabağa da hakim oldu. Bu hökuməti alban tayfaları yaratmışdılar ki, bunların da bir hissəsi Qafqazın köklü sakinləri olub, digər bir hissəsi isə buraya başqa yerlərdən köçüb gəlmişdilər... Tarixi baxımdan alban hökuməti Qarabağ üzərində hakimiyyətə malik olan ilk kamil Qafqaz hökuməti olmuşdur”. Beləliklə, müəllif haqlı olaraq Qarabağı qədim dövrlərdən Azərbaycan dövlətlərinin tərkibində olan bir vilayət hesab edir.

M.ö. IV-III əsrlərdə formalaşmış Albaniya dövlətinin siyasi, ictimai və mədəni tarixinə nəzər salan araşdırmaçı Qarabağın tarixini o dövrün tarixi prosesləri – Pompeyin yürüşləri, Parfiya – Roma müharibələri, alan tayfalarının basqınları, Sasanilərin Albaniyanı tabe etmək cəhdləri, hunların, sabirlərin və xəzərlərin hücumları fonunda şərh edir. Tarixçi bu dövrdə də Qarabağın Azərbaycan coğrafiyası tərkibində var olduğunu bildirir və Xosrov Ənuşirəvan dövründə (531-578) Qarabağın inzibati cəhətdən Atropatkan (Azərbaycan) sipəhbudluğunun tərkibində olduğunu göstərir. Lakin bu paraqrafın mənfi nüansı odur ki, burada qədim erməni müəlliflərinin əsərlərindən bəzi qərəzli məqamlar iqtibas edilsə də, onlar digər qaynaqlardakı faktlarla lazımınca müqayisə və təhlil edilməmişlər (səh. 33-47).

V paraqraf “İslamdan öncə Qafqazın dini vəziyyəti” mövzusuna həsr edilmişdir. Müəllif qədim zamanlarda Qafqazda, o cümlədən Qarabağda bütpərəstlik, atəşpərəstlik dinlərinin, səma cisimlərinə inamın mövcud olduğunu, daha sonra burada xristianlığın yayılmağa başladığını qeyd edir, 488-ci ildə təşkil edilmiş Aluen kilsə məclisindən söz açır. 551-ci ildə alban kilsəsinin Bizans kilsəsindən ayrıldığına və Albaniyanın müstəqil katolikosunun mərkəzinin Bərdədə yerləşdiyinə diqqət çəkən tarixçi, islamiyyətin Qafqaza gəlişindən sonra erməni kilsə xadimlərinin alban kilsəsinə qarşı yürütdükləri hiyləgər siyasəti ifşa edir və bu siyasət nəticəsində, alban xalqının müsəlmanlaşmamış hissəsinin qriqoryanlaşmağa və erməniləşməyə başladığını vurğulamışdır: “Müsəlmanların (ərəblərin – N.M.) Qarabağa gəldikləri zaman xristianlar arasında ixtilaflar vardı. Monofizit, diofizit və nestori məzhəblərinin tərəfdarları bir-biriləri ilə münaqişə edirdilər. İslam dini dağlıq ərazilərə nisbətən düzənlik ərazilərdə daha asan yayılırdı. Qarabağın şimal-qərbində həmçinin bütpərəstlik davam etməkdə idi. Bu hərc-mərcliyə son qoymaq üçün m. 701 və 704-cü illərdə Bərdədə ümumi kilsə toplantısı keçirildi. Bərdə məclisi cərəyan edən vaxt ermənilər yaranmış vəziyyətdən Qarabağı dini cəhətdən özlərinə tabe etmək üçün yararlanmağa səy göstərirdilər. Erməni diplomatiyası çalışırdı ki, Bizans və İslam xilafəti arasında müharibədə ərəblərin tərəfini tutsun. Onların qəsdi bu idi ki, Albaniyanı Bizansla dostluqda ittiham etsinlər... və xilafətin köməyi ilə bu ölkənin kilsəsini özlərindən asılı vəziyyətə salsınlar. Onlar axırda alban kilsəsini erməni kilsəsinə tabe etməyə müvəffəq oldular və bu zamandan etibarən Dağlıq Qarabağın aborigen əhalisinin (Qarabağ albanlarının – N.M.) əvvəlcə qriqoryanlaşması, daha sonra isə erməniləşməsi prosesi başladı”. Müəllifin bu mövqeyi tamamilə haqlıdır və Azərbaycan tarixşünaslığındakı konsepsiya ilə uyğunluq təşkil etməkdədir (səh. 47-50).

İlk fəslin son paraqrafı “Girdman dövləti” adlanır. Burada Mehranilər sülaləsinin əcdadları, onların Albaniyaya gəlişi, Girdman dövlətinin qurulması və genişlənməsi haqqında məlumat verilir, Cavanşirin həyat və fəaliyyəti geniş şəkildə işıqlandırılır. Həmçinin Albaniyanın siyasi və mədəni həyatında Qarabağın rolu ön plana çəkilir, “Albaniyanın ruhani vəzifəlilərinin çoxunun Qarabağdan olduğu” qeyd edilir. Müəllif bu paraqrafda da erməni din xadimlərinin Albaniyaya qarşı məkrli planlarından və riyakar oyunlarından bəhs edir. VIII əsrin başlanğıcında erməni katolikosu İlya ərəb xəlifəsi Əbdülməlikə yazdığı hiyləgər məktubda ermənilərin xilafətə sadiq olduğu, Bakur Nerses başda olmaqla alban kilsəsinin isə Bizansla müttəfiqlik etdiyi vurğulanır, albanların cəzalandırılması xahiş edilirdi. Erməni məkrinə uyan Əbdülməlik, İlayının müraciətinə müsbət cavab verir. Sonrakı hadisələri isə P.Z.Şahmərəsinin öz dilindən eşidək: “Ərəb qoşunları keşiş İlya ilə birlikdə Bərdəyə gəldilər. Bakur Nerses və alban məlikəsi (Varaz Tirdadın arvadı Sprama – N.M.) mürtəd elan edildilər və edam olundular. Xəlifə əmr verdi ki, Albaniyanın rəhbərlərinin siyahısını tutsunlar və onlar haqqında təhqiqat aparılsın; onların hansı biri Bizans tərəfdarıdırsa, təxirəsalınmaz şəkildə öldürülsün. Elə həmin il Bərdə məclisi təşkil olundu. Albaniya dindarları, o cümlədən Qarabağ ruhanilərinin hamısı bu məclisdə hazır oldular. Məclisin təşkilinin əsas məsələləri bunlardan ibarət idi: 1) Albaniyaya yeni katolikos təyin etmək; 2) Alban kilsəsini erməni qriqoryan kilsəsinə tabe etmək; 3) Katolikos üçün yeni iqamət mərkəzi təyin etmək. Bərdə şəhəri Əbdülməlikin qoşunlarının işğalı altında olduğu üçün hər üç məsələ ermənilərin istəyinə uyğun surətdə həll edildi” (səh. 50-57). Qeyd edək ki, bu proseslər mərhum akademik Z.M.Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” adlı monoqrafiyasında da geniş şəkildə şərh edilmişdir. İranlı tədqiqatçının eyni mövqe nümayiş etdirməsi və erməni keşişlərinin xain planlarının mahiyyətini açıqlaması müsbət bir haldır.

Monoqrafiyanın ikinci fəsli “Qarabağ islam dövründə” adlanır. VII-XV əsrlərdə baş vermiş proseslər haqqında burada müfəssəl məlumat alırıq (səh. 59-92). Lakin fikrimizcə, fəslin başlığı uğurlu seçilməmişdir. Çünki islamiyyət XV əsrdən sonra da Qarabağda əsas dini etiqad olaraq varlığını davam etdirmişdir.

Bu fəslin ilk paraqrafı isə “İslamın Qarabağa varid olması” probleminə ayrılmışdır. Həmin paraqrafda m. 639-cu ildən etibarən ərəblərin Azərbaycana yürüşləri, ərəb – xəzər müharibələri, Azərbaycan əhalisinin müsəlmanlaşması ilə paralel surətdə Qarabağın xilafət tərkibindəki vəziyyəti nəzərdən keçirilir. Müəllif bildirir ki, bu mərhələdə Qarabağ əhalisinin çox hissəsi müsəlmanlığı qəbul etsə də, Dağlıq Qarabağdakı albanlar xristian inancında qalmaqda davam etdilər və mənşəcə erməni olmayan bu insanlar, yuxarıda qeyd edildiyi kimi, tədricən qriqoryanlaşdılar və erməniləşdilər. Paraqrafda Qarabağın Bərdə və Beyləqan kimi şəhərlərinin xilafət tərkibindəki əhəmiyyətindən söz açılmışdır. İslamiyyətin ilk əsrlərində mühüm siyasi, iqtisadi və mədəni mərkəz olan Bərdədə xeyli sayda müsəlman alimlərinin yetişdiyini və fəaliyyət göstərdiyini irəli sürən tədqiqatçı bu alimlərin sırasında Əbülhəsən Əhməd ibn Ömər ibn Abdullanın, Əbu-Səid Bərdəinin, Məhəmməd ibn Abdulla Əbu-Bəkr Bərdəinin, Seyid Əmir Bərdəinin, Əhməd Bərdəinin adlarını sadalayır.

Müəllifin xürrəmilər hərəkatı haqqında məlumatı da diqqəti çəkir: “Ərəb sərdarlarının bədrəftarlığı xalqın baş qaldırmasına səbəb olurdu... Bu çoxsaylı çıxışlar yatırıldıqca, xalqın hökumətdən narazılığı daha da artırdı. Azərbaycanlı qəhrəman Babək Xürrəmdinin Abbasilər hökuməti əleyhinə qiyamı xalq etirazının ən bariz örnəklərindən biridir” (səh. 59-64).

İkinci fəslin II paraqrafı “Abbasilərdən sonrakı müstəqil hökumətlər” adlandırılmışdır. Paraqrafda Qarabağın tarixi IX-XI əsrlərdə Azərbaycanda mövcud olmuş feodal dövlətlərinin – Sacilərin, Salarilərin, Rəvvadilərin, Şəddadilərin və Şirvanşahların tarixi ilə bağlı məsələlərlə əlaqəli şəkildə şərh edilir, rusların Bərdəyə hücumu, Şəddadilərlə Sacilər arasında Qarabağ uğrunda mübarizə kimi məsələlərə nəzər salınır. XI əsrin əvvəllərində Bizans imperiyası yenidən qüvvətlənərək, şərqə doğru yürüşə başlayır və Qarabağın bizanslılar tərəfindən işğalı ilə bağlı real təhlükə yaranır. Bu təhlükə müsəlman şərqinin digər yerlərində də həyəcan yaradır. Qəznəvilər dövrünün şairlərindən Mənuçöhr Damğani bir şeirində “Rum kafiri Gəncə qapısı önündə səf çəkib” – deyə fəryad edir.

Müəllifin bu paraqrafdakı maraqlı açıqlamaların biri də Gürcüstanın məşhur hökmdarı sülaləsi olan Baqrationilərin əslən alban mənşəli hesab etməsi ilə bağlıdır. H. 418-421 / m. 1027-1030-cu illər arasında Şəddadi hökmdarı Fəzlunun əmri ilə Araz çayı üzərində Xudafərin körpüsünün tikilməsi, Səlcuqların Qarabağa gəlişi, h. 446 / m. 1050-ci ildə Səlcuq hökmdarı Toğrul bəyin ordusunun Ani şəhərinə yürüşündə Qarabağ əmirlərinin öz dəstələri ilə birlikdə iştirak etmələri, gürcü qoşunlarının Qarabağa hücumlar etməsinə cavab olaraq h. 459 / m. 1067-ci ildə Səlcuq sultanı Alp Arslanın Qarabağa gələrək, buradan Gürcüstan üzərinə yürüş etməsi və s. kimi faktlar da bu paraqrafın diqqətçəkən məqamlarındandırlar (səh. 64-74).

“Moğol yürüşü” adını daşıyan növbəti paraqrafın əvvəlində Azərbaycandakı, o cümlədən Qarabağdakı Səlcuq idarəçiliyi və Səlcuqlar dövründə bu bölgədəki etnik proseslər öz əksini tapmışdır. Burada tariximizlə bağlı ən mühüm nüans ondan ibarətdir ki, tədqiqatçı vətənimizdə və onun tərkib hissəsi olan Qarabağda türklərin qədim zamanlardan etibarən məskunlaşdığını və yaşadığını, Səlcuqların gəlişindən xeyli əvvəl burada türk dilinin rəvac tapdığını etiraf edir. Amma buna baxmayaraq, o, türk dilinin m. XI əsrə qədər bu regionda digər qədim yerli dillərlə yanaşı mövcud olduğunu və türkcənin ölkəmizin hakim dilinə çevrilməsinin Səlcuqların gəlişi ilə əlaqədar olduğunu irəli sürür: “Bu zamandan etibarən türklərin Arrana və qonşu ərazilərə köçləri artdı. Qarabağ çobanlıq və maldarlıq həyat tərzi üçün münasib şəraitə malik yer olduğuna görə bu mühacirlərin çoxunun sığınacaq məkanı oldu. Məlikşah zamanında türklər Qarabağa daha çox varid oldular. Türk dilinin Azərbaycanda və Qarabağda rəvac tapması qədim zamanlardan mövcud olsa da, türklərin günbəgün artan köçləri ona gətirib çıxardı ki, türk dili əhalinin aborigen dili ilə müqayisədə daha artıq dərəcədə yayıldı. Tezliklə türklər aborigen əhali ilə qarışdılar və onların mədəni, iqtisadi və ictimai həyatlarına təsir etdilər”.

Şəmsəddin Eldəgiz tərəfindən qurulan Azərbaycan atabəyləri dövlətindən bəhs edən müəllif bu dövrdə Qarabağın iqtisadi cəhətdən tərəqqi etdiyini, ipəkçilik, çəltikçilik, maldarlıq, bağçılıq, xalçaçılıq, dulusçuluq kimi sahələrin xüsusilə çiçəkləndiyini bildirir. Bu dövrdə Qarabağın Bərdə və Beyləqan şəhərlərində mədrəsələrin bərpa olunduğunu, elmin inkişaf etdiyini vurğulayan tədqiqatçı həmin zaman Qarabağın ən məşhur elm xadimi kimi əslən Bərdədən olan azərbaycanlı coğrafiyaşünas və astronom Məkki Əhmədoğlunun adını qeyd edir.

XIII əsrin 20-ci illərində Azərbaycan Atabəylərinin tənəzzülü və süqutu dövründə gürcü qoşunlarının Qarabağa həmlələri, Xarəzmşah Cəlaləddinin Qarabağa gəlməsi və burada gürcüləri məğlubiyyətə uğratması, monqol-tatar qoşunlarının Qarabağa yürüşü və s. kimi məsələlərin iranlı tarixçinin qələmində izahı maraq doğurur. Bu paraqrafda m. 1240-cı ilin sonunda monqol-tatarların Qarabağdakı Laçın qalasına hücumu və bu qaladakı qanlı qırğından sonra xalq arasında oranın “Qanlı qaya” adlanması haqqında verilmiş məlumat diqqətimizi cəlb etdi. Çünki Qarabağın dağlıq hissəsində yerləşən bu qala ilə əlaqədar XIII əsrdə türkcə “Qanlı qaya” adının ortaya çıxması həmin ərazidə yaşayanların Azərbaycan türkləri olduğunu göstərir.

Monqol-tatar yürüşləri nəticəsində Qarabağa böyük ziyan vurulduğunu bildirən müəllif buradakı sənət əsərlərinin, zəngin kitabxanaların, firavan qəsrlərin, kəndlərin və məscidlərin viran edildiyini yazır (səh. 74-80).

Fəslin son paraqrafı “Qarabağ Elxanilər zamanında” adlanmasına baxmayaraq, burada regionun Elxanilərdən sonrakı, Cəlairilərin, Qaraqoyunluların və Ağqoyunluların hakimiyyətləri dövründəki tarixi haqqında da məlumat verilmişdir.

Elxanilər dövlətinin banisi Hülaku xan Qarabağın idarəçiliyini özünün Yəşmut (və ya Uşumut) adlı oğluna vermişdi və o, qardaşı Abaqa xanın hakimiyyəti dövründə də buranı idarə etmişdir. Müəllif Vartan adlı bir erməni keşişin Hülaku xanın xristian etiqadlı arvadı Duquz xatun vasitəsilə məkrli siyasi niyyətlərini həyata keçirmək cəhdləri, monqol-tatar əmirləri arasında Qarabağa yiyələnmək uğrunda gedən savaşlar, Qazan xanın Qarabağda qurultay çağırması və s. kimi məsələlərdən bəhs edir. O yazır ki, Elxani hökmdarının bir çoxu qışlaq mövsümünü Qarabağda keçirməyi sevirdi və onlar tez-tez bu vilayəti ziyarət edirdilər. Qazan xanın oğlu Ulcaytu xan şiəliyə meyil etmiş və Qarabağda şiəliyə rəvac vermək istiqamətində bəzi işlər görmüşdür. Onun dövründə Qarabağda sürətlə şiəlik yayılmışdır. Əbu-Səidin dövründə Qarabağın mədəni həyatında canlanma yarandığını və İranın müxtəlif yerlərindən gəlmiş elm və mədəniyyət xadimlərinin bir müddət burada yaşadıqlarını qeyd edən tarixçi, Məlik Əşrəf Çobaninin ağalığı zamanında Azərbaycanın digər yerlərində olduğu kimi Qarabağda da xalqın şəraitinin ağırlaşdığını bildirir. İş o yerə çatmışdı ki, hətta Qarabağın tanınmış ziyalılarından olan Qazı Möhyəddin Bərdəi Saray şəhətinə gedərək, Qızıl Orda xanı Canibəyə Məlik Əşrəfin zülmündən şikayətlənmişdi.

Tədqiqatçı Cəlairilər zamanında, h. 765 / m. 1363-64-cü ildə şirvanşah Keyqubad ibn Keykavusun Qarabağa iki dəfə həmlə etdiyini, lakin axırda Cəlairi Sultan Üveysin sərkərdəsi Bayram bəyə məğlub olduğunu ifadə edir.

XIV yüzilliyin sonlarında Qarabağa gələn məşhur fateh Əmir Teymur buranı çox bəyənir. Əski qaynaqlara istinad edən araşdırmaçı yazır ki, “Qarabağın suyu və havası Teymurun xoşuna gəldiyindən, o, fərman verdi ki, istirahət etməsi üçün Qarabağın ürək oxşayan çəmənlərində çadır qursunlar... Teymur Qarabağın havasına və səfasına çox meyilli idi”.

XV əsrin hadisələri ilə əlaqədar olaraq, əsərdə qaramanlu tayfasının Qarabağın siyasi həyatındakı roluna diqqət yetirilir. Müəllif Əmir Teymurun Qarabağda cağatayları yerləşdirməklə yanaşı, buraya həm də Rumdan və Şamdan əlli min türk ailəsi köçürdüyünü yazaraq, bunların arasında qaramanluların da olduğunu bildirir. 1421-ci ildə Teymuri hökmdarı Şahruxun Azərbaycana yürüşü vaxtı qaramanlu tayfasının başçısı Yar Əhməd ona zahirən itaət etsə də, daha sonra qiyam qaldırmış, onun vergi məmurlarına hücum edib mallarını yağmalamış, bu vergi məmurlarının rəisi və Qarabağdakı cağatay ulusunun rəhbəri olan Ata Bahadırı əsir almışdılar. Beyləqanda ikən bu xəbəri eşidən Şahrux qaramanluların üzərinə qoşun göndərmiş, Yar Əhməd Gürcüstana qaçsa da, orada tutulub, Şahruxun yanına gətirilmişdi. Lakin Teymuri hökmdarı onu bağışlamışdır.

Müəllif Qaraqoyunlular və Ağqoyunlular dövründə Qarabağda baş vermiş mühüm siyasi hadisələrə nəzər salmış, bu əsrdə Qarabağın iqtisadi və mədəni cəhətdən tərəqqi etdiyi vurğulamışdır (səh. 80-92).

“Bəylərbəyiliklər əsri, yarımmüstəqil hakimiyyət” adlanan üçüncü fəsil Qarabağın Səfəvilər və Nadir şah Əfşar dövründəki tarixinə həsr edilmişdir. Müəllif Qarabağ bəylərbəyilərini mərkəzdən asılı olan yarımmüstəqil hakimlər kimi təsəvvür etməkdədir

İlk paraqraf mündəricatda “Səfəvilər dövlətinin zühuru” adı ilə verilsə də, mətndə “Qarabağ Səfəvilər zamanında” başlığı altında təqdim olunmuşdur. Tədqiqatçı Qarabağın Səfəvilər üçün son dərəcə əhəmiyyət kəsb edən bir yer olduğunu vurğulayır və bu bölgənin Səfəvi tərəfdarlarının sıx məskunlaşdığı yerlərdən biri olduğuna diqqət çəkir. Hələ Səfəvi şeyxlərindən Sədrəddin, Cüneyd və Heydər öz səfərləri və yürüşləri zamanı Qarabağda olmuşdular. Səfəvi dövləti qurularkən Qarabağdakı türk qızılbaş tayfaları bu prosesin fəal iştirakçısı qismində çıxış etmişlər. Qarabağ döyüşçülərindən ibarət dəstələr Səfəvi ordusunda mühüm yer tuturdular. Müəllif bu yöndə bir sıra orijinal məlumatlar vermişdir. Məsələn, onun yazdığına görə, Şah İsmayıl Şirvana ikinci yürüşü (1509/10) zamanı Qarabağda olarkən burada qarabağlı igidlərin sapand atma yarışını seyr edir və onların təxminən 300 m. məsafədəki hədəfə sapand atdıqlarını görür. Bu hadisədən sonra şah qızılbaş ordusu tərkibində qarabağlı igidlərdən ibarət bir sapandçılar dəstəsinin yaradılması haqqında göstəriş verir və Qulaməli Qarabaği bu dəstənin başçısı təyin edilir. Həmin dəstə Çaldıran vuruşmasında (1514) yaxından iştirak edir. Sultan Səlimin Azərbaycana yürüşü zamanı Məhəmməd bəy Qarabaği başda olmaqla qarabağlı süvarilərdən ibarət iki min nəfərlik dəstə Şah İsmayılın ordusunun tərkibində Çaldıran vuruşmasına qatılmışdır. Məhəmməd bəy həmçinin qızılbaş sərkərdəsi Sövlət bəy İnanlu ilə birlikdə, həmin dövrdə Qarabağa daxil olan Osmanlı qoşunlarına qarşı aktiv mübarizə aparmış, Osmanlı sərkərdəsi Yunis Orxanı ağır məğlubiyyətə uğratmışdı. Tədqiqatçı yazır ki, Səfəvilər zamanında hərbi qüvvələrin tərkibində Qarabağın türk elatlarından təşkil edilmiş 15 minlik qoşun fəaliyyət göstərirdi və bunlar Səfəvi xanədanına son dərəcə sədaqətli olmaları ilə fərqlənirdilər (səh. 93-98).

Səfəvi tarixini araşdıran bir tədqiqatçı olaraq deyə bilərik ki, P.Z.Şahmərəsi Qarabağın həmin dövrdəki tarixi ilə bağlı bir sıra orijinal məlumatlar vermiş, yeni faktlar üzə çıxarmağa nail olmuşdur. Lakin onun bu fəsildə bəzi qeyri-dəqiqliklərə və nöqsanlara da yol verdiyinin şahidi oluruq. Məsələn, müəllif Şeyx Cüneydi Şeyx Sədrəddinin oğlu hesab edir. Əslində isə Şeyx Cüneydin atasının Şeyx İbrahim olduğu yaxşı bəllidir. Həmçinin əsərdə Çaldıran vuruşmasından sonra Osmanlı qoşunlarının Qarabağı bir müddət işğal altında saxladıqları nəzərə çatdırılır. Halbuki Osmanlı qoşunları Çaldıran döyüşündən sonra Azərbaycanda uzun müddət qala bilməyərək, Anadoluya qayıtmışdılar.

Fəslin ikinci paraqrafı “Ziyadoğlu Qacar xanədanınının hakimiyyəti” adını daşıyır. Burada alman şərqşünası K.M.Rohrborna istinad edən müəllif yanlış olaraq, Qarabağ bəylərbəyiliyinin yaranmasını 1554-cü ilə aid edir və Şahverdi sultan Ziyadoğlunu Qarabağın ilk bəylərbəyisi sayır. Halbuki “Tarixi-aləmarayi-Şah İsmayıl” adlı qaynaqda bu hadisədən çox əvvəllər Şah İsmayıl tərəfindən Rüstəm bəy Qacarın Qarabağ bəylərbəyisi təyin olunduğu qeyd edilmişdir. Rüstəm bəy “Tozqoparan” ləqəbi ilə tanınan məşhur qızılbaş sərkərdəsi Qara Piri bəy Qacarın oğlu idi (bu barədə 2011-ci ildə işıq üzü görən “I Şah İsmayılın hakimiyyəti” adlı kitabımızda ətraflı məlumat vermişik).

Tarixçi, Şahverdi sultan Ziyadoğlunun (öl. 1567/68) həyatını geniş şəkildə təsvir edir, onun gürcülərə və Osmanlılara qarşı apardığı müharibələrdən söz açır. Şah Təhmasibin yanında böyük hörməti olan Şahverdi sultan “Müsahib” ləqəbinə malik idi və xüsusi imtiyazlara sahib idi. Əsərdə Şahverdi sultandan sonra Qarabağ bəylərbəyisi olmuş Ziyadoğluların (İbrahim sultan, Yusif xəlifə, İmamqulu xan, Məhəmməd xan, Hüseyn xan, Mürşidqulu xan, Məhəmmədqulu xan, Mürtəzaqulu xan, Uğurlu xan, Kəlbəli xan və b.) fəaliyyəti haqqında da ətraflı məlumat verilmişdir. O, Ziyadoğlular arasında Uğurlu xanın elm və ədəbiyyata bağlılığını qabardaraq, onu “bacarıqlı şair və kamal sahibi” kimi xarakterizə etmişdir. Müəllif Səfəvilər dövründə Qarabağda ən çox inkişaf edən iqtisadi sahələrin maldarlıq, ipəkçilik və xalçaçılıq olduğunu yazmışdır (səh. 98-124).

Növbəti paraqraf “Qarabağ erməniləri və Rusiyanın tamahkarlığı” adlandırılmışdır. Burada XVIII əsrin ilk rübündə ermənilərin Qarabağ üzərində hakimiyyətə yiyələnmək və tarixi Azərbaycan torpaqlarını ələ keçirmək məqsədi ilə Rusiyadan kömək umması və çarizmin bu bölgədəki işğalçılıq siyasəti şərh edilmişdir. Əsərin materiallarından aydın olur ki, hələ 1678-ci ildə Eçmiədzində Katolikos Hakopun başçılığı altında 6 keşiş və 6 “millət rəhbəri”nin iştirakı ilə iclas keçirilmiş, burada ermənilərin gələcək məkrli planlarının təməlləri atılmışdır. Monoqrafiyada avantürist erməni siyasətçisi İsrael Orinin həyat və fəaliyyətinə, onun Avropa ölkələrində və Rusiyada apardığı erməni təbliğatına, 1707-ci ildə Rusiya çarı I Pyotrun elçisi kimi Səfəvilərin İsfahandakı sarayına gəlməsinə geniş yer verilmişdir. Müəllif I Pyotrun Xəzərsahili vilayətləri ilhaq etmək siyasətini, Osmanlı və Səfəvi dövlətlərinin bununla bağlı tədbirlərini, yaranmış vəziyyətdən ermənilərin və gürcülərin öz mənafeləri naminə yararlanmaq istəklərini şərh edir. O, Qarabağdakı alban mənşəli xristianların erməniləşməsinin bu dövrdə artıq başa çatdığını düşünür və onları ermənilər kimi təqdim edir (səh. 124-134).

Fəslin son paraqrafı “Qarabağ və Nadir şah” adını daşıyır. Burada Səfəvilər dövlətinin son illərindəki siyasi şərait nəzərdən keçirilir, Nadirin Osmanlı dövləti və Rusiya ilə münasibətləri fonunda Qarabağın vəziyyəti şərh olunur. Nadirin Azərbaycanda Osmanlılara qarşı apardığı hərbi əməliyyatlarda qarabağlı sərkərdələrdən Uğurlu xan Ziyadoğlu, Həsənəli xan Ziyadoğlu, Əli Nağı xan Bərgüşadi, Həsənəli bəy Qarabaği və b. yaxından iştirak etmişdilər. 1735-ci ildə Qarabağın fəthi başa çatdıqdan sonra Nadir, Uğurlu xanı Qarabağ bəylərbəyisi, onun qardaşı Həsənəli xanı isə Bərdə hakimi təyin etmişdi. Lakin 1736-cı ildə Muğan qurultayında Nadir özünü şah elan edərkən Uğurlu xan buna qarşı çıxdığına və Səfəvi hakimiyyətinin davam etdirilməsini istədiyinə görə Nadirlə münasibətləri korlanmışdır. Nadir şah onu bəylərbəyilikdən kənarlaşdırmaq istəsə də, Ziyadoğlu nəslinin və Uğurlu xanın nüfuzundan çəkinərək, onların hakimiyyətini məhdudlaşdırmaqla kifayətlənmişdir. O, Qarabağın dağlıq hissəsindəki 5 erməni məlikliyini Qarabağ bəylərbəyiliyinin sərəncamından çıxararaq, onları birbaşa şah hakimiyyətinə tabe etmişdir. Uğurlu xanın Dağıstan ləzgiləri ilə döyüşdə öldürülməsindən sonra isə Nadir şah Qarabağ bəylərbəyiliyini Ziyadoğlulardan almış, Hacı xan Çəmişkəzəki Qarabağ bəylərbəyisi təyin etmişdir.

Müəllif Nadir şahın bu tədbirlərini kəskin tənqid edir və Qarabağda sonralar baş qaldırmış fitnə-fəsadın təməllərinin məhz o zaman atıldığını düşünür: “Nadir şahın səltənəti zamanında Qarabağın 250 illik siyasi və iqtisadi çərçivəsi sındırıldı... Qarabağ camaatının firavanlığı və asayişi üçün onilliklər boyunca zəhmət çəkmiş mötəbər və möhtərəm Ziyadoğlu qacarlar nəsli indi artıq kənarlaşdırılmışdı. Qarabağı son dərəcə çox sevən və onun əmniyyəti üçün çalışan Səfəvi xanədanı da səltənətini əldən vermişdi... Nadir şah əvvəlki hakimiyyətin Qarabağa bəxş etdiyi hər şeyi aldı. Həmin zamandan etibarən Qarabağ bir barıt çəlləyinə çevrildi” (səh. 134-144).

Əsərin IV fəsli “Xanlıqlar dövrü, müstəqil hakimiyyət” adını daşıyır. Bu fəsildə Qarabağ xanlığının tarixi və onun Rusiya tərəfindən işğalı haqqında məlumat verilmişdir.

Fəslin ilk paraqrafı Pənahəli xan Cavanşirə həsr edilmişdir. Müəllif onu “şücaətli və zirək bir adam” kimi səciyyələndirir. Paraqrafda Pənahəli xanın həyatı, daxili və xarici siyasəti geniş şəkildə təsvir edilmiş, onun Qarabağ və ümumiyyətlə Azərbaycan tarixində son dərəcə müsbət rol oynadığı vurğulanmışdır. Tarixçi maraqlı bir nüansa toxunaraq qeyd edir ki, Pənahəli xan tərəfindən Pənahabadda (Şuşada) zərb edilmiş bir misqallıq gümüş sikkələr XX əsrin əvvəllərində belə İranda tədavüldə idi. Hətta daha sonralar İran Azərbaycanında on şahılıq sikkələri “Pənabad” (Pənahabad) adlandırırdılar. İqtisadi həyatdan bəhs edən araşdırmaçı xanlıq dövründə Qarabağın öz xalçası, üzümü və atları ilə məşhurlaşdığını bildirir.

Bu paraqrafda diqqətimizi çəkən digər bir məqam P.Z.Şahmərəsinin Qarabağ tarixindən bəhs edən erməni tarixçilərinin əsərlərini tənqid atəşinə tutmasıdır: “Erməni mənbələri, bir qayda olaraq, çox dolaşıqdırlar, naqisdirlər və əfsanələrlə doludurlar”. Bu tənqidi qeydinə baxmayaraq, müəllif əsərin bəzi yerlərində həmin naqis mənbələrdən yoxlanmamış məlumatları olduğu kimi iqtibas etmişdir. Lakin bu kimi nüanslar təsadüfi və ötəri olub, tədqiqatın ümumi nəticələrinə xələl gətirmirlər (səh. 145-162).

IV fəslin ikinci paraqrafı Pənahəli xanın oğlu İbrahim Xəlil xan Cavanşirdən bəhs edir. Burada İbrahim xanın Qarabağ xanlığının hərbi-siyasi mövqeyini gücləndirmək yönündə gördüyü tədbirlərdən ətraflı surətdə söz açılmışdır. Müəllif rəsmi sənədlərə istinad edərək, Rusiyanın regionda nüfuzunun artmasından, erməni və gürcülərin siyasi oyunlarından bəhs edir. Bu proseslərdən ehtiyatlanan İbrahim xan Osmanlı dövlətinin Çıldır valisi Süleyman paşa ilə mütəmadi əlaqə saxlayır və qardaş Türkiyədən kömək umduğunu bildirir. Xanın bu narahatçılığı əsassız deyildi. Belə ki, Rusiya ermənilərinin baş keşişi Hosep Arqutyan Qarabağın işğal olunub ermənilərə verilməsi barədə Rusiya hakim dairələri arasında təbliğat aparırdı. 6 aprel 1783-cü ildə Rusiyanın Qafqazdakı hərbi qüvvələrinin komandanı general P.S.Potyomkinə göndərilmiş bir fərmanda Şuşanın işğalı və Qarabağda erməni hakimiyyətinin qurulması əmr edilirdi. Əməliyyatın icrası 1784-cü ilin yayında nəzərdə tutulmuşdu. Ermənilərin məkrli siyasətini faş edən tədqiqatçı yazır ki, “Qarabağ məlikləri Şuşa qalasını yox etmək üçün istənilən dövlətlə əməkdaşlıq etməyə hazır idilər”. İbrahim xanın bu plandan vaxtında xəbər tutması və önləyici tədbirlər görərək, qiyam rəhbərlərini zərərləşdirməsi bu niyyətin həyata keçirilməsini əngəllədi. Lakin erməni siyasi xadimləri öz xain planlarından əl çəkmirdilər. Əsərdə iki erməni məlikinin Rusiya imperatriçası II Yekaterinaya yazdıqları məktubdan bəzi fraqmentlər əksini tapmışdır: “Əgər Rusiya qoşunları bizim qüvvələrimizə qoşularlarsa, biz Şuşa qalasını işğal edə bilərik. Əlbəttə, əməliyyatları uğurla həyata keçirmək üçün burada qabiliyyətli bir komandanın olması zəruridir”. Təəssüf ki, həmin zaman Rusiyanın və ermənilərin bu cür təcavüzkarlıq planları qarşısında bir sıra Azərbaycan xanları nəinki birlik nümayiş etdirmirdilər, hətta öz aralarında tayfa təəssübkeşliyinə əsaslanan yersiz rəqabət və düşmənçilik aparır, cılız məqsədlər güdən siyasət yürütməklə düşmənin işini asanlaşdırırdılar. Monoqrafiyanın materiallarından bunu aydın görmək mümkündür (səh. 162-174).

Üçüncü paraqraf “Ağa Məhəmməd xan Qacarın Qarabağa həmlələri” mövzusundan bəhs edir. Farsdilli mənbələrdən və sənədlərdən istifadə olunaraq, mövzu haqqında geniş faktiki materiallar təqdim olunmuşdur. Müəllif burada Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifdən də söz açmış və onu “Füzulidən sonra Azərbaycanın dünya ədəbiyyatına bəxş etdiyi ən böyük şair” kimi səciyyələndirmişdir. Burada rus generalı V.A.Zubovun 1796-cı ildə Qafqaza yürüşü zamanı “ermənilərin ümidlərinin yenidən dirçəldiyi” və keşiş Hosepin generalla Dağıstanın Qızlar şəhərində görüş keçirdiyi qeyd edilmişdir (səh. 174-199).

Dördüncü paraqraf “İranla Rusiya arasında müharibənin başlanması” adlanır. Müəllif Qarabağ xanlığının Rus – İran müharibəsi zamanı mövqeyini, İbrahim Xəlil xanın əlacsızlıq üzündən Kürəkçay müqaviləsinə (1805) imza atdığını, lakin daha sonra peşman olaraq, Abbas mirzə Qacarla bərabər Rusiyaya qarşı savaşmaq qərarına gəldiyini və bu üzdən ermənilərin təhriki ilə ruslar tərəfindən öldürüldüyünü bildirir.

Bu paraqrafda da bir sıra maraqlı nüanslarla, xüsusilə də ermənilərin fəaliyyəti ilə bağlı faktlarla qarşılaşırıq. Məsələn, 26 sentyabr 1802-ci ildə çar I Aleksandr general Sisianova yazırdı: “Lazımdır ki, mümkün olan hər vasitə ilə Azərbaycana və ya digər xanlıqlara hücumunuz zamanı ermənilərdən maksimum dərəcədə istifadə edəsiniz”. Müharibə zamanı bəzi ermənilər özlərini İran tərəfdarı kimi göstərərək, Abbas mirzənin ordusuna daxil olsalar da, əslində onlar Rusiya casusları idilər və İran qoşunlarının hər addımı barədə Sisianova xəbər ötürürdülər. Bu dəstəyə rus casusu olan Loren adlı bir erməni başçılıq edirdi.

1804-cü ildə Tiflisdəki rus kəşfiyyatının erməni agenti Jorjev tərəfindən Şuşaya, Qarabağ ermənilərinin baş keşişinin yanına Lekora adlı cazibədar bir erməni qızı göndərilmişdi. Bu qız yüksək səviyyəli kəşfiyyatçı idi və onun qarşısına Qarabağ xanlığı rəhbərliyinin planlarından və hərəkətlərindən xəbər tutmaq tapşırığı qoyulmuşdu. Lekora erməni keşişinin vasitəçiliyi ilə Qarabağ xanlığının dövlət aparatındakı bir çox mühüm şəxslərlə tanış olmuş, onlarla bir yastığa baş qoymuş və bu şəxslərlə keçirdiyi gecələrdə öyrəndiyi sirləri erməni keşişlərin köməyi ilə Tiflisdəki rus komandanlığına ötürmüşdür. O, hətta qoca Qarabağ xanını da özünə məftun etməyi bacarmışdı. Lekoranın xüsusən də İbrahim Xəlil xanın nəvəsi Cəfərqulu bəyə daha çox vaxt ayırdığı qeyd olunmaqdadır (səh. 199-213).

Beşinci paraqraf “Mehdiqulu xan Cavanşir” adlanmasına baxmayaraq, orada adı çəkilən xanın fəaliyyətindən daha çox İbrahim Xəlil xanın Qarabağ tarixindəki rolu, Rus – İran müharibəsinin gedişi və Qarabağda aparılan hərbi əməliyyatlar, sülh danışıqları və Gülüstan sülh müqaviləsi haqqında məlumatlarla rastlaşırıq. Müəllif İbrahim xanın şəxsiyyətinə yüksək qiymət verərək yazır: “İbrahim xan Cavanşirin ölümü Qarabağı iflic etdi”. Əsərdə Abbas mirzə Qacarın, Ətaulla xan Şahsevənin, Cəfərqulu bəy Cavanşirin, Hacı Məhəmməd xan Qaradağlının və b. azərbaycanlı sərkərdələrin rus qoşunlarına qarşı Qarabağda apardıqları mübarizədən bəhs edilmişdir. 1811-ci ildə Qarabağın əmirli tayfasının igidləri Şuşa qalasının Xəlifəli darvazası yaxınlığında yerləşən rus ordusunun silah-sursat və azuqə anbarlarına od vurmuşdular. Rus işğalı ilə barışmayan bir sıra Qarabağ elatları öz vətənlərini tərk edib, Araz çayının digər sahilinə köçmüşdülər. Kitabda Gülüstan müqaviləsindən bir il sonra Şuşada olmuş Hindistandakı ingilis hökumətinin nümayəndəsi Corc Kepelin Şuşa haqqında xatirələrinə yer verilmişdir: “Şuşa şəhərində iki min ev var. Oranın sakinlərinin ¾ hissəsi tatarlar (türklər) və ¼ hissəsi ermənilərdir... Burada əhalinin ümumi danışıq dili türkcədir”. Göründüyü kimi, ingilis müəllif Şuşa əhalisinin əksəriyyət etibarilə Azərbaycan türkləri və Qarabağın danışıq dilinin türk dili olduğunu etiraf edir (səh. 214-228).

Altıncı paraqraf “Qarabağ Gülüstan müqaviləsindən sonra” adlanır. Müəllif işğaldan sonra rus hakim dairələrinin Qarabağda ermənilərə himayəçilik, müsəlmanlara isə zülm etdiklərini ön plana çıxarır. Onun yazdığına görə, 1816-cı ildə Qafqazdakı rus qoşunlarının baş komandanı təyin edilmiş general A.P.Paskeviçin əsas şüarı belə idi: “Bir müsəlmanın ölümü yüz rusun rifah tapmasına səbəb olar”. Tarixçi 1826-1828-ci illər Rus – İran savaşından bəhs edərkən maraqlı bir əhvalatı nəql edir. Belə ki, müharibənin əvvəlində Qarabağa daxil olan Abbas mirzə Rusiya tərəfdarı olduqları və daim xainlik etdikləri üçün erməniləri sərt şəkildə cəzalandırmaq fikrində imiş. Bunu duyan mitropolit Sərkis iki erməni məliki ilə birlikdə Abbas mirzənin hüzuruna gəlir. Onlar şirin və yağlı dillərini işə salaraq, yaltaqlanaraq, yalvar-yaxar edərək və ağlayıb-sızlayaraq, şahzadənin fikrini dəyişməyə nail olurlar. Abbas mirzənin ermənilərə yazığı gəlir və onlara toxunmamağı qərara alır. Amma çox keçmir ki, Abbas mirzə yenə də erməni xəyanəti ilə üzləşir.

Biz bu paraqrafın sonunda müəllif tərəfindən irəli sürülən belə bir fikirlə razılaşmırıq ki, “Türkmənçay müqaviləsi nəticəsində Arazdan şimalda İrana məxsus bütün ərazilər Rusiya dövlətinə birləşdirildi”. Çünki müəllifin özünün də etiraf etdiyi kimi istər Qarabağ xanlığı, istərsə də digər Şimali Azərbaycan xanlıqları rus işğalına qədər faktiki olaraq müstəqil dövlətlər idilər və onları “İrana məxsus ərazilər” kimi təqdim etmək obyektiv həqiqətdən uzaqdır (səh. 229-241).

V fəsil “Qarabağ çarların hakimiyyəti dövründə” adlanır. Burada əsasən 1828-1917-ci illərdə Qarabağın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı ilə bağlı məlumatlar yer almışdır.

Fəslin ilk paraqrafı “Qarabağın XIX əsrdəki vəziyyəti”dir. Müəllif rus işğalının ilk dövrlərində Qarabağın viran qaldığını və bir çox müsəlman türk qəbilələrinin rus zülmündən Qarabağı tərk edib, Arazın cənub sahillərinə getdiklərini bildirir. Bu səbəbdən, əgər 1795-ci ildə Qarabağda 60 min ailə var idisə, 1823-cü ildə burada cəmi 18563 ailə qalmışdı. Əsərdə rus ordusunun erməni əsilli generalı Madatovun Azərbaycanlılara qarşı zülmlərindən örnəklər verilmişdir.

Lakin tarixçi daha sonra, rus hakim dairələrinin öz siyasətlərinə yenidən baxmaq məcburiyyətində qaldıqlarını və bu səbəbdən Qarabağda iqtisadi və mədəni tərəqqinin başladığını ifadə edir. O, burada xüsusən də ipəkçilik, xalçaçılıq, heyvandarlıq, pambıqçılıq, meyvəçilik və s. sahələrin inkişaf etdiyini göstərir. Qarabağlı xalça ustalarından bəziləri (Qulam Naqqaş Ərjəngi, Ustad Məhəmməd Qarabaği və b.) hətta İranda da məşhurluq qazanmışdılar.

Bölgədə müsəlman cəmiyyətinin nüfuzunu sarsıtmağa və erməni-xristian etnik ünsürünü gücləndirməyə çalışan Rusiya hakim dairələri eyni zamanda müsəlmanlar arasında təfriqə yaratmağa çalışır, sünni – şiə rəqabətini alovlandırırdı. “Bütün XIX yüzillik boyunca ruslar öz imperiyaları daxilində islamı və müsəlmanları yox etmək üçün müxtəlif vasitələrə əl atdılar. Müsəlmanların qovulması, onların yurdlarına qeyri-müsəlmanların köçürülməsi, müsəlmanların qətliam edilməsi, islami məkanların məhv edilməsi, xristianlığın təbliği, əhalini ruslaşdırmaq tədbirləri bu cümlədən idi”. Müəllif amerikalı missionerlərin 1823-cü ildən etibarən Qarabağda apardıqları fəaliyyət və onların müsəlmanlar əleyhinə ermənilərlə əməkdaşlığı barəsində də yetərincə maraqlı məlumatlar vermişdir. Bir amerikalı missionerin 1831-ci ildə Qarabağ haqqında şərhi olduqca maraqlıdır və ondan bəzi nümunələri təqdim etməyi lazım bildik: “Qarabağ Qafqazın müsəlman vilayətlərindəndir. Qarabağ camaatının adət-ənənəsi İranın türkdilli kəndliləri və elatları arasında olan adət-ənənələrlə eynidir. Qarabağ əhalisi türk dilinin elə bir ləhcəsində danışır ki, bu ləhcə Osmanlı türklərinin, Krım və Kazan tatarlarının ləhcəsindən fərqlidir. Bu ləhcədə danışan camaatın sayı heç də az deyildir. Təqribən Qafqaz regionunda və İranın şimal-qərbində yaşayan bütün müsəlmanlar bu ləhcədə danışırlar... Qarabağ müsəlmanları yaxşı huş və təbii zəka sahibidirlər və ermənilərdən daha artıq dərəcədə mədəniyyətə və təhsilə rəğbət duyurlar. Şuşada altı mədrəsə, hətta bir qız mədrəsəsi fəaliyyət göstərir...” (s.243-254).

İkinci paraqraf “Ermənilərin Qarabağa mühacirəti” adlanır. Müəllif qeyd edir ki, Rusiya Qarabağın etnik tərkibini dəyişməkdən ötrü buraya İrandan və Türkiyədən çoxlu sayda ermənilərin köçürülməsini təşkil etmişdir. Müəllif bu barədə çoxlu rəqəmlər və faktlar təqdim etdikdən sonra belə nəticəyə gəlir: “Qarabağın müsəlman etiqadlı və türkdilli elatlarının kütləvi surətdə İrana köçməsi, eyni zamanda İran və Osmanlı ermənilərinin Qarabağa mühacirəti nəticəsində bu vilayətin cəmiyyətinin tərkibi ciddi şəkildə dəyişmişdir” (s.254-258).

Üçüncü paraqraf “Qacarlar dövrünün siyasət və hökumətində qarabağlıların rolu” adlanır. Burada verilmiş zəngin materiallardan aydın olur ki, qarabağlı əsilzadə mühacirlər Qacarlar dövründə İranın ictimai-siyasi həyatında xeyli mühüm rol oynamış, nazir, vali, komandan kimi yüksək vəzifələrə irəli çəkilmişlər. Bu proses Pəhləvilər dövründə də davam etmiş və hətta Məhəmməd Rza şah Pəhləvi dövrünün axırında İran ordusunun baş qərargahının rəisi Ərtəşbəd Abbas Qarabaği (1918-2000) olmuşdur. Əsərdə qarabağlı mühacirlərin nəsillərinin indi İranın hansı bölgələrində kompakt yaşadıqları və hansı soyadlarla tanındıqları haqqında da maraqlı bilgilər vermişdir (s.259-274).

Dördüncü paraqraf “Azərbaycanın musiqi və ədəbiyyatında Qarabağın rolu” adlanır. Müəllif yazır ki, təkcə XIX əsrdə Şuşada 95 şair və ədib, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 naqqaş, 18 memar, 5 astronom və 16 həkim yaşayıb-yaratmışdır. O, Qarabağın, xüsusən də Şuşanın mədəni həyatı, ədəbi məktəbləri, təhsil müəssisələri, şairləri, alimləri, musiqiçiləri və s. haqqında geniş məlumat vermişdir (s.274-288).

Beşinci paraqraf “1905-ci il erməni – müsəlman davası” adlanır. Burada müəllif ermənilərin 1895-ci ildə İngiltərə, Fransa və Rusiyanın dəstəyinə arxalanaraq, “Böyük Ermənistan” yaratmaq xəyalı ilə Şərqi Anadoluda müsəlmanlara qarşı qətliam törətdiklərini, daha sonra isə bu siyasəti Qafqazda davam etdirdiklərini qeyd edir. Müəllif erməni silahlı dəstlərinin 1905-06-cı illərdə Cənubi Qafqazda, xüsusən də Qarabağda azərbaycanlılara qarşı törətdikləri cinayət və vəhşiliklərdən geniş surətdə bəhs etmiş və ermənilərin bu əməllərini terrorizm kimi dəyərləndirmişdir. Müəllif həmçinin Birinci dünya müharibəsi illərində ermənilərin Türkiyənin şərqində (Vanda) və İran Azərbaycanında (Urmiyada) müsəlmanlara qarşı qırğınlarından və zülmlərindən söz açır (səh. 288-297).

VI fəsil “Qarabağ 1917-ci il Rusiya inqilabından sonra” adını daşıyır. Qəribədir ki, fəslin ilk paraqrafı (“İngiltərənin Qarabağda oynadığı rol”) 1918-ci ilin oktyabr ayındakı hadisələrin təsviri ilə başlayır. 1917-1918-ci illərdə Qarabağda baş vermiş proseslər əsas etibarilə müəllifin diqqətindən kənarda qalmış, o, hətta Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə əlaqədar məsələlərindən də üstündən sükutla keçmişdir. Hiss olunur ki, əsərin bu hissəsində bir natamamlıq və ya boşluq mövcuddur. Sanki sözügedən fəslin əvvəlindən bir paraqraf kəsilib götürülmüş və hadisələrin şərh olunmasındakı ardıcıllıq və ahəngdarlıq pozulmuşdur.

Əsərin bu fəslinin nəşr variantında əksini tapmış birinci paraqrafda Qarabağın Azərbaycan Xalq Cümhuriyyətinin tərkib hissəsi olduğu vurğulanmış, ermənilərin Qarabağda separatçılıq cəhdlərinin qarşısının Azərbaycan hökumətinin bölgə üzrə valisi Xosrov bəy Sultanov və onun qardaşı Sultan bəy Sultanov tərəfindən qətiyyətlə alındığı göstərilmiş və beynəlxalq müstəvidə Qarabağ məsələsinin doğurduğu əks-səda şərh edilmişdir (səh. 299-324).

Fəslin ikinci paraqrafı “Qarabağda bolşevik hökumətinin bərqərar olması” məsələsinə ayrılmışdır. Burada Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, bolşevik işğalı və bununla əlaqədar olaraq Qarabağdakı vəziyyət şərh edilir (səh. 324-330).

Üçüncü paraqraf “Dağlıq Qarabağ Muxtar Vilayətinin təsis edilməsi” adlanır. Burada DQMV-in yaradılmasına gedən yol və 1923-cü ildə bu qurumun elan olunması sənədlərin köməyi ilə nəzərdən keçirilir. Müəllif sovet hakimiyyətinin ilk illərində Moskva rəhbərliyinin Azərbaycana qarşı haqsızlıq etdiyini və tarixi Azərbaycan torpaqlarının Ermənistana verildiyini göstərir. O yazır ki, həmin zaman Qarabağın 17 mahalının 12-də sadəcə müsəlmanlar yaşayırdı, digər 5 mahalda isə həm müsəlmanlar, həm ermənilər məskunlaşmışdı. “Azərbaycanın qədim vilayətləri olan Göyçə və Zəngəzur vilayətləri qoparılaraq, Ermənistana ilhaq edildi. Bunun nəticəsində Ermənistan İranla həmsərhəd oldu. Ümumiyyətlə, sovet hökuməti dövründə Azərbaycan məmləkətinin təxminən 28 min kv. km. ərazisi alınaraq, qonşu cümhuriyyətlərə birləşdirildi. O cümlədən, Dərbənd vilayəti Dağıstana verildi. SSRİ Nazirlər Sovetinin 10 mart 1948-ci il tarixli 754 saylı fərmanına uyğun olaraq, A.Mikoyanın rəhbərliyi altında 100 min nəfərdən çox azərbaycanlı Ermənistandan çıxarıldı” (səh. 330-341).

“Muxtariyyət halının icadından sonra Qarabağın vəziyyəti” adlanan dördüncü paraqrafda çox qısaca olaraq, DQMV-in tarixinə nəzər salınmış, ermənilərin zaman-zaman bu vilayəti Ermənistana birləşdirmək tələbi ilə çıxış etdikləri qeyd edilmişdir (səh. 341-344).

VII fəsil “Böhran, münaqişə və müharibə” adlanır. 18 paraqrafdan ibarət bu fəsil ötən əsrin 80-ci illərinin sonlarından etibarən baş qaldırmış Qarabağ konfliktinə həsr edilmişdir. Burada “Qorbaçovun ərməğanı” (səh. 345-356), “Sumqayıt ssenarisi” (səh. 356-364), “Moskvanın reaksiyası” (səh. 365-373), “Döyüşlərin başlanması” (səh. 373-388), “Bakı 1990-cı ilin yanvarında” (səh. 389-397), “Jeleznovodsk qərardadı” (səh. 397-408), “Xocalı faciəsi” (səh. 408-424), “Şuşanın süqutu” (səh. 424-429), “Laçının işğalı və Naxçıvanın blokadası” (səh. 430-437), “Azərbaycanın hücumunun başlanması” (səh. 437-459), “Təhlükəsizlik Şurasının 822-ci qətnaməsi” (səh. 459-468), “Ağdamın süqutu” (səh. 468-475), “Təhlükəsizlik Şurasının 853-cü qətnaməsi” (səh. 475-483), “Təhlükəsizlik Şurasının 874-cü qətnaməsi” (səh. 483-489), “Təhlükəsizlik Şurasının 884-cü qətnaməsi” (səh. 498-495), “Azərbaycanın böyük həmləsi” (səh. 495-501), “Axırıncı atəşkəs anlaşması” (səh. 502-511), “Sülh danışıqları və onun perspektivləri” (səh. 511-532) kimi paraqraflar mövcuddur. Müəllif ermənilərin iddiaları əsasında Qarabağ konfliktinin ortaya çıxmasından, hərbi əməliyyatlardan, erməni silahlı birləşmələrinin dinc azərbaycanlı əhaliyə qarşı vəhşiliklərindən, sülh danışıqlarının gedişindən, münaqişənin həlli yollarından, böyük dövlətlərin məsələ ilə bağlı yürütdükləri siyasətdən və s. geniş surətdə bəhs etmişdir. Tədqiqatçı Qarabağ münaqişəsində ümumən Azərbaycanı haqlı və zərərçəkən, Ermənistanı isə işğalçı tərəf kimi göstərsə də, İran dövlətinin rəsmi mövqeyindən çıxış edərək, Azərbaycanın müstəqillik illərində yürütdüyü xarici siyasəti tənqid atəşinə tutur və Azərbaycanın ayrı-ayrı siyasətçilərinə və siyasi qüvvələrinə qarşı bəzi ittihamlar səsləndirir.

Əsərin “Nəticə” hissəsində əsas etibarilə Qarabağ münaqişəsi nəticəsində yaranmış vəziyyət nəzərdən keçirilir və dəyərləndirilir. Müəllif yazır: “Misir üçün Nil nədirsə, Azərbaycan üçün də Qarabağ odur. Azərbaycan Qarabağsız təsəvvür etmək mümkün deyildir. Azərbaycan millətinin ədəbiyyatında, musiqisində, tarixində və mədəniyyətində Qarabağın oynadığı böyük rolu inkar etmək olmaz. Tarixi qaynaqların və mənbələrin araşdırılması onu göstərir ki, Qarabağın Azərbaycana aid olmasının kökləri çox möhkəmdir və daha məqbuldur... Qeyd etmək lazımdır ki, azərbaycanlılar dini və tarixi amillər üzündən Qarabağ məsələsində ən çox ziyan çəkmiş tərəfdirlər”. P.Z.Şahmərəsi hesab edir ki, Qarabağ problemi Rusiyanın Qafqazda fəallaşması ilə başlamış, Rusiyanın istər çar, istərsə də sovet dövründə ermənilərə himayə, müsəlmanlara isə təzyiq siyasəti yürütməsi, Qarabağda erməniləri məskunlaşdırması bu problemin daha da dərinləşməsinə gətirib çıxarmış, nəticədə, bugünkü vəziyyət meydana gəlmişdir. Onun fikrincə, ermənilər xristian olduqları üçün Rusiya, Fransa və s. kimi dövlətlər bu münaqişədə onların tərəfini tutmuşlar.

Bəzi ziddiyyətli məqamlarına baxmayaraq, həm mövzunun aktuallığı və kitabın zəngin faktiki materiallara malik olması səbəbindən, həm də tariximizin və çağdaş problemlərimizin İran elmi dairlərində necə göründüyü izləmək baxımından P.Z.Şahmərəsinin “Qarabağnamə” əsərinin Azərbaycan dilinə tərcümə və nəşr edilməsinin faydalı olacağı qənaətindəyik.






Yüklə 149,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin