Tələbə : Vəliyev Rafiq Rəhbər : Vəliyeva Tamella baki – 2005



Yüklə 88,7 Kb.
tarix14.01.2017
ölçüsü88,7 Kb.
#221


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
Kafedra: İqtisadi Nəzəriyyə


KURS İŞİ

Mövzu : “Dövlət büdcəsi və onun tənzimlənməsi”

Fakültə: Kommersiya

Qrup : Mİ – 8

Tələbə : Vəliyev Rafiq

Rəhbər : Vəliyeva Tamella

BAKI – 2005


Kurs işinin planı:
1. Büdcənin iqtisadi mahiyyəti və rolu............. 4

2. Dövlət büdcəsinin funksiyaları,

prinsipləri və büdcə sistemi........................... 6

3. Büdcə siyasəti və onun tənzimlənməsi

yolları............................................................12

4. Azərbaycan dövlət büdcəsinin 2005-ci ilə

proqnozları və büdcə siyasəti..........................19


Istifadə olunmuş ədəbiyyatlar:


  • Ş.Ş.Bədəlov, R.B.Məhərrəmov, F.Ə. Qurbanov -

“Budcə Sistemi” Bakı – 2003

  • Bəybala Xankişiyev – “Büdcə prosesi və büdcə təsnifatı ” Bakı – 2002

  • Allahverdiyev D. İ. – “Büdcə - vergi siyasəti və təhlükəsizlik” Bakı – 2002

  • Inqilab Əhmədov, İbrahim İbrahimov, Ülvi Novruzov – “Büdcə - bildiklərimiz və bilmədiklərimiz” Bakı – 2004

  • “İqtisadi Nəzəriyyə” – Dərslik Bakı – 2001

  • Dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanunu 18 may 1999-cu il N: 667

  • Azərbaycan Dövlət Statistika Komitəsinin illik hesabatı və elektron ünvanı.

Giriş
XXI əsrdə dünya iqtisadiyyatı özünün bir çox cəhətləri ilə diqqəti cəlb edir. Belə ki, son dövrlər dünya miqyasında baş verən ictimai, iqtisadi, siyasi hadisələr cəmiyyətlər arası münasibətlərə də öz təsirini göstərməmiş deyildir. Təbii ki, belə olan halda da hər bir dövlət özünün nüfuzunu qorumaq, mürəkkəb şəraitdə belə olsa, iqtisadi artıma nail olmaq üçün düşünülmüş və möhkəm iqtisadi əsaslara söykənən inkişaf konsepsiyasına malik olmalıdır. Burada inkişaf konsepsiyası dedikdə, ümüumilikdə ölkənin iqtisadi inkişaf proqramı da başa düşülür. Təbii ki, bu cür proqramlar özləri müxtəlif üsullara əsaslanaraq hazırlanır. Ölkədə iqtisadi, eləcə də digər sahələrdə inkişafı təmin edən və tənzimləyən vəsitələrdən biri də dövlətin büdcə siyasətidir. Bildiyimiz kimi büdcə dövlətin iqtisadi vəzifələrinin həyata keçirilməsinin maddi əsasını təşkil edir. Iqtisadiyyatın iqtisadi cəhətdən tənzimlənmə mexanizmi sayılan dövlət büdcəsi birbaşa dövlətin öz funksiyalarını icra etməsi, həyata keçirməsi üçün çox mühüm əhəmiyyətə malikdir. Çünki istənilən dövlətə öz məqsədlərini reallaşdırmaq, əhalisinin tələbatlarının ödənilməsinə, onların rifah halının yüksəldilməsinə nail olmaq və b. amillər üçün müəyyən məbləğdə maliyyə vəsaiti lazımdır. Bu bir faktdır ki, cəmiyyətimiz əksər problemləri, hətta belə demək mümkündürsə bütün problemləri maddi imkan olmadan həll edə bilmir. Məhz bu kimi səbəblərdən də kurs işində dövlət büdcəsi və onun tənzimlənməsi, vətənimizin büdcə siyasəti, imkanları və büdcəyə aid bir çox mətləblər imkan daxilində təhlil edilir.

1. BÜDCƏNİN İQTİSADİ MAHİYYƏTİ VƏ ROLU

Cəmiyyətin iqtisadi – siyasi və sosial strukturunun formalaşması və inkişafının hər bir mərhələsində həyata keçirilən dövlət tənzimlənməsinin böyük rolu vardır. Dövlətin iqtisadi və sosial siyasətinin həyata keçirilməsinin əsas mexanizmi maliyyə sisitemi və onun tərkib hissəsi olan büdcə sistemidir. Büdcə vasitəsilə dövlətin mərkəzləşdirilmiş və qeyri – mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaranması və istifadəsi həyata keçirilir. Iqtisadi mahiyyətinə görə dövlət maliyyəsi dövlətin və dövlət müəssisələri və təşkilatlarının pul vəsaitləri fondlarının yaradılması və onların geniş təkrar istehsalının davam etdirilməsi, əhalinin sosial – mədəni ehtiyatlarının ödənilməsi, ölkənin müdafiəsinin təmin edilməsi, cəmiyyətin idarə edilməsi məqsədilə milli daxili məhsulun və milli sərvətin bir hissəsinin bölüşdürülməsi və yenidən bölüşdürülməsi ilə əlaqədar olan pul münasibətlərindən ibarətdir. Dövlət büdcəsi isə dövlət maliyyəsinin tərkib hissəsidir. Tarixən “budget” məfhumu ingilis mənşəli söz olub çanta, torba mənasında işlədilmişdir. XVIII əsrdən etibarən maliyyə kateqoriyası kimi leksikona daxil olmuş, məna etibarilə xəzinə sözünə yaxın olmuşdur. Büdcə əsasən maliyyə göstəricilərinin birliyi – məcmusu deməkdir ( vergilər, dövlət ktrediti, dövlət xərcləri ). Dövlət büdcəsi dövlətin əsas gəlir və xərclərini özündə cəmləşdirir. O, dövlətin hüquqi qüvvəyə malik olan əsas maliyyə planını təcəssüm etdirir. Büdcə vasitasilə dövlət və bələdiyyə orqanları öz üzərlərinə düşən vəzifə və funksiyaları yerinə yetirir. Belə ki, dövlət büdcə vəsaiti hesabına idarəetmə aparatını və ordunu saxlayır, sosial – mədəni tədbirləri həyata keçirir, iqtisadiyyatı tənzimləyir və inkişaf etdirir. Milli iqtisadiyyatın inkişafında, istehsalın stimullaşdırılmasında və həmçinin cəmiyyətin sosial inkişafında dövlət büdcəsinin çox böyük rolu vardır. Dövlət büdcəsinin rolu həm keyfiyyət, həm də kəmiyyət baxımından qeyd olunur. Kəmiyyət təsiri dedikdə, hansı istiqamətə nə qədər vəsait yönəldilməsi başa düşülür. Keyfiyyət təsiri iə iki cür təhlil edilir. Bir tərəfdən vergilərin düzgün qurulması və vəsaitlərin səmərəli xərclənməsi, digər tərəfdən büdcə vasitəsilə nəzarət həyata keçirilir.

Büdcə ölkədə milli gəlirin və ümumdaxili məhsulun (ÜDM) yenidən bölgüsünü həyata keçirir, pul vəsaitləri fondlarının xərc istiqamətlərini müəyyənləşdirir. Büdcə maliyyə münasibətlərini əks etdirən tarixi - iqtisadi kateqoriyadır. Onun yaranması və inkişafı dövlətin yaranması və inkişafı ilə bilavasitə əlaqədardır. Dövlət büdcədən özünün funksiyalarını həyata keçirmək üçün əsas iqtisadi alət kimi istifadə edərək, eyni zamanda iqtisadi və sosial siyasəti də həyata keçirir. Büdcə iqtisadi kateqoriya kimi maliyyə sisteminin tərkib hissəsidir, pul münasibatlərini təzahür etdirir və maliyyənin funksiyalarını özündə əks etdirir.

Büdcə hər bir ölkədə iqtisadiyyatın ən mühüm tənzimləyicisi kimi çıxış etdiyindən, makroiqtisadi tənzimləmənin ən mühüm elementlərindən biri dövlət büdcəsidir. Dövlətlə müəssisə, təşkilat, idarə və əhali arasında yaranan maliyyə münasibətləri – büdcə münasibətləri adlanır. Büdcə münasibətləri mühüm xüsusiyyətlərə malikdir. Əvvəla onlar bölgü prosesi zamanı yaranır. Burada dövlət aparıcı iştirakçı olur. Ikincisi, bu münasibətlər ümumdövlət tələbatının ödənilməsi üçün pul vəsaiti fondlarının yaranması və istifadəsi ilə əlaqədardır. Büdcə münasibətləri çoxçeşidliyi ilə xarakterizə olunur, çünki bu münasibətlər bölgü prosesinin müxtəlif istiqamətləri arasında vasitədir (iqtisadiyyatın müxtəlif sahələri, ictimai fəaliyyət sferası, xalq təsərrüfatı sahələri, ölkənin əraziləri əsasında) və təsərrüfatçılığın bütün sahələrini əhatə edir (respublika, yerli) . Büdcə münasibətlərinin istiqamətlərində təsərrüfatçılığın idarə olunması metodları və əhaliyə sosial – mədəni xidmət göstərilməsindən, həmçinin büdcə münasibətlərinin tarixi inkişaf mərhələlərində yaranan problemlərin dövlət tərəfindən həll edilməsindən danışılır. Büdcə münasibətləri obyektiv münasibətlərə malikdir. Bu onunla şərtlənir ki, hər il milli sərvətin müəyyən bir hissəsi təkrar istehsalın genişləndirilməsi, əhalinin sosial – mədəni tələbatının ödənilməsi, idarəetmə və müdafiə məsələlərinin həlli üçün dövlətin əlində cəmləşdirilməlidir. Büdcə mexanizmi düzgün qurulduqda və tətbiq edildikdə iqtisadi yüksəlişə, sosial sferanın inkişafına, ETT – nin sürətinin artmasına, istehsal sahələrinin maddi – texniki bazasının yaxşılaşdırılmasına daha real və səmərəli təsir edilir. Məhz dövlət büdcə vəsaitləri ilə iqtisadi prosesləri tənzimləyir.





  1. DÖVLƏT BÜDCƏSİNİN FUNKSİYALARI, PRİNSİPLƏRİ VƏ BÜDCƏ SİSTEMİ



Büdcə aşağıdakı funksiyaları həyata keçirir:

    • Ümumi daxili məhsulun yenidən bölüşdürülməsi;

    • İqtisadiyyatın dövlət tənzimlənməsi və həvəsləndirilməsi;

    • Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı;

    • Mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsi üzərində nəzarət.

Dövlət büdcəsi öz vəzifələrini bölgünəzarət funksiyaları vasitəsilə həyata keçirir. Bölgü funksiyası vasitəsilə pul vəsaitlərinin dövlətin əlində cəmləşdirilməsi və ümumdövlət mənafeyinə istifadəsi həyata keçirilir. Bu funksiyanın məzmunu ictimai istehsalın müxtəlif sahələri arasında maliyyə ehtiyatlarının yenidən bölgüsü ilə müəyyən olunur. Maliyyənin digər həlqələrindən heç biri vəsaitlərin yenidən bölgüsünü büdcə kimi çoxçeşidli (sahələrrası, ərazilərarası və s.) və çoxsəviyyəli (respublika, şəhər və s.) həyata keçirmir. Büdcə daxilolmaları və xərc təyinatlı göstəricilərdə müvafiq olaraq öz əksini tapan büdcə vəsaitlərinin hərəkəti bölgü funksiyasının əasını təşkil edir. Inkişaf etmiş ölkələrdə müxtəlif səviyyəli büdcələr vasitəsilə ÜDM – un 30 – 50 % - ə qədəri yenidən bölüşdürülür. Azərbaycan Respublikasında isə ÜDM – un bölgüsündə dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi 16 % , xərclərinin isə xüsusi çəkisi 16,4 % olmuşdur. Büdcə vasitəsilə ÜDM – un yenidən bölgüsü eyni vaxtda həyata keçirilən və bir – birilə sıx əlaqədə olan ikitərəfli prosesdir:

      • Büdcənin gəlirlərinin yaradılması

      • Büdcə vəsaitlərinin istifadəsi (büdcənin xərcləri)

Nəzarət funksiyası maliyyə vəsaitlərinin dövlətin xəzinəsinə vaxtında və tam şəkildə daxil olmasını, büdcə vəsaitlərinin bölgüsünün düzgün aparılmasını və səmərəli istifadəsini öyrənməyə imkan verir. O, bölgü funksiyası ilə birgə fəaliyyət göstərir və büdcə vəsaitlərinin daxil olması və istifadəsinə dövlət nəzarətinin mümkünlüyünü və vacibliyini şərtləndirir. Iqtisadiyyatın bütün sahələrindəki pul hərəkətində, alqı – satqı əməliyyatlarında büdcə nəzarəti var, çünki bütün bu əməliyyatlar büdcənin gəlirlərini təşkil edir. Büdcəni idarə edən hökümət və ya digər orqanlar büdcənin icra olunmasına nəzarət edir. Bu orqanlar büdcənin icrası zamanı hər hansı əyriliyə və ya laqeydliyə yol verməməyə borcludurlar. Büdcənin nəzarət funksiyası hədd qoymaq və ya məhdudlaşdırma prinsipinə əsaslanır ki, bu da iki baxımdan həyata keçirilir:

  • Zaman baxımından məhdudlaşdırma;

  • Məbləğ və qiymət baxımından məhdulaşdırma.

Zaman baxımından məhdudlaşdırma o deməkdir ki, dövlət büdcəsi müəyyən bir müddətdə məhdudlaşır. Bir qayda olaraq, büdcə müddəti bir il müəyyən edilir. Buna bəzən maliyyə ili də deyilir.

Büdcə vəsaitlərinin istifadəsinə nəzarət iki formada həyata keçirilir:

  • Parlament nəzarəti;

  • İnzibati nəzarət.



    1. Büdcə gəlirləri, xərcləri və büdcə hüququ

Dövlət büdcəsində əks olunan gəlirlərxərclər qarşıdan gələn növbəti il üçün nəzərdə tutulur. Yəni həmin il büdcəyə gəlirlər daxil olacaq və həmin il nəzərdə tutulan dövət xərcləri maliyyələşdiriləcək. Dövlətin hansı sahələri daha çox inkişaf etdirməsi məbləği də müxtəlif olur. Iqtisadiyyatda inkişafa nail olmaq üçün, əsas etibarilə, istehsal sahələrinə daha çox vəsait ayrılması çox vacibdir.

Dövlət büdcəsinin həyata keçirilməsi üçün ən vacib olan şərtlərdən biri bu büdcənin dövlət orqanları tərəfindən mərkəzləşdirilmiş pul fondu kimi təsdiq edilməsidir. Maliyyə ilinin sonunda büdcəni icra edənlər dövlət xərcləri və gəlirlərinin miqdar və mənbələrinin proqnozlaşdırılan şəkildə icrası barədə hesabat verirlər. Maliyyə ili başlamamışdan əvvəl yeni maliyyə ilinin gəlir və xərcləri proqnozlaşdırılır. Bu proqnozlar əsasında növbəti ilin büdcəsi tərtib və təsdiq edilir.

Dövlət gəlirlərinin növləri müəyyən edildikdən sonra ortaya yeni bir məsələ çıxır ki, bu da büdcəyə nəzərdə tutulan xərclərin marağından asılı olaraq sahələr üzrə ayrılan maliyyələşdirmə mənbələrini müəyyən etməkdir. Bu mənbələr, ilk növbədə, büdcənin gəlir hissəsində əks olunur. Beləliklə, dövlət bölməsində qarşıdan gələn bir il müddətində hansı iqtisadi və sosial inkişaf proqramlarının reallaşacağı, bu proqramlarının maliyyə təminatının nədən ibarət olacağı və hansı orqanlar tərəfindən maliyyələşdiriləcəyi əvvəlcədən müəyyən edilir və məhdudlaşdırılır. Bütün bunlar tərtib olunarkən büdcə layihəsində öz əksini tapır və təsdiq olunaraq icraya verilir. Müəyyən olunmuş məbləğdən artıq vəsait xərclənməsi və ya müəyyən olunmuş məbləğin, yaxud təxsisatın miqdarının dəyişdirilməsi yolverilməzdir. Büdcə qanunu qəbul olunmadan və səlahiyyət verilmədən heç bir dövlət xərci həyata keçirmək və gəlir toplamaq (vergi qanunları qəbul olunmuş olsa belə) mümkün olmadığı kimi, büdcə qəbul olunarkən verilmiş səlahiyyətlərdə və təxsisatlarda dəyişiklik edilməsi də yalnız qanunverici orqanın səlahiyyətlərinə daxildir.



Büdcə hüququ – büdcənin tərtibi, müzakirəsi, təsdiqi və icrası zamanı dövlət idarəetmə və hakimiyyət orqanlarının hüquqi normalarının məcmusunu özündə əks etdirir. Büdcə hüququ əsasında dövlətin büdcə sistemi fəaliyyət göstərir və qurulur. Büdcənin tərtibi, təsdiqi, müzakirəsi zamanı mərkəzi və yerli orqanların səlahiyyətləri müəyyən edilir. Dövlət və yerli hakimiyyət orqanlarının büdcə hüququ onlar arsında iqtisadi və idarəetmə funksiyalarına uyğun olaraq müəyyən edilir.

Büdcə hüququnun inkişaf etdirilməsi 3 istiqamət üzrə aparılır: Bunlar:

Vergi hüququ, xərc hüququ və illik büdcəni təsdiq etmə hüququdur. Büdcə hüququ məsələsində, hər şeydən əvvəl, vergilərin ali məclislər və ya parlamentlər tərəfindən təsdiq edilməsinə baxılır. Vergi hüququ təsdiqləndikdən və nə qədər vergi yığma imkanı bilindikdən sonra büdcə xərclərinin maliyyələşdirilməsi, təsdiq edilməsi hüququnun açıqlanması mərhələsi gəlir. Büdcənin gəlir və xərclərinin təsdiq olunması prosesləri tam dinamik hala düşdükdən sonra illik büdcənin təsdiq edilməsi mərhələsi başa çatdırılır. İllik büdcənin təsdiq edilməsi mərhələsi çox məsuliyyətli bir mərhələdir. Bu zaman büdcənin icrasının təmin edilməsi kimi mühüm məsələ öz kəskinliyi ilə qarşıya çıxır.

Büdcə olmadan dövlət hakimiyyətinin olması mümkün deyildir. Büdcənin gəlirləri və xərcləri planlaşdırma qaydasında müəyyən edilir.



Büdcənin planlaşdırılması, dövlətin maliyyə siyasətinə uyğun olaraq, maliyyə planlaşdırılmasının mühüm tərkib hissəsdir. Bu planlaşdırılmanın iqtisadi mahiyyəti müxtəlif səviyyələrdə büdcə həlqələrinin tərtibi və icrası prosesində ölkənin sosial – iqtisadi inkişaf proqramı əsasında ümumi daxili məhsulun və milli gəlirin maliyyə mexanizmi vasitəsilə bölgüsü və yenidən bölgüsündən ibarətdir.

Büdcənin planlaşdırılması vasitəsilə iqtisadi – sosial inkişaf proqramının göstəricilərinə, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə edilməsinə fəal təsir göstərilir.



2.2 Büdcə aşağıdakı prinsiplərə əsaslanır:

  • Büdcəyə aid olan məsələlərin vahid hüquqi normalarla tənzimlənməsi;

  • Büdcə vəsaitlərinin gəlirləri və xərclərinin balanslaşdırılması;

  • Maliyyə göstəricilərinin sosial – inkişaf proqramının göstəriciləri ilə uyğunluğunun təmin edilməsi.

Büdcə planlaşdırılması dövlət hakimiyyəti və idarəetmə orqanları tərəfindən həyata keçirilir. Büdcə planlaşdırılmasının əsasları Konstitutsiya və dövlət qanunları vasitəsilə müəyyən edilir.

Büdcə planlaşdırılmasının əsas forması kimi büdcə prosesi, büdcələrin tərtibi, müzakirəsi, təsdiqi və icrası üzrə hakimiyyət orqanlarının qanunla müəyyən edilmiş fəaliyyətlərini əks etdirir.

Büdcə prosesinin məzmunu ölkənin dövlət və büdcə quruluşu ilə, dövlət orqanları ilə və hüquqi şəxslərin büdcə hüquqları ilə müəyyən edilir. Büdcə prosesinin bütün mərhələləri bir- birlə əlaqədardır və cəmiyyətin nəinki iqtisadi, həmçinin siyasi mədəniyyətini bilavasitə əks etdirir.



    1. Büdcə quruluşu və büdcə sistemi:

Büdcə quruluşu ölkənin dövlət büdcəsinin və büdcə sisteminin təşkilini, onların ayrı-ayrı həlqələri arasında qarşılıqlı münasibətləri, büdcə sisteminə daxil olan büdcələrin fəaliyyətinin hüquqi-təşkilati əsaslarını, büdcələrin tərkib və strukturunu, büdcə vəsaitlərinin yaradılması və istifadəsinin üsullarını müəyyən edir. Büdcə quruluşunun tərkib hissəsini büdcə sistemi təşkil edir.ölkənin vahid büdcə sistemində birləşdirilən dövlət büdcəsinin, ayrı-ayrı müstəqil büdcələrin və dövlət fondlarının məcmusu həmin dövlətin büdcə sistemini təşkil edir. Büdcə sisteminin qurulması və onun ayrı-ayrı həlqələri arasındakı qarşılıqlı maliyyə münasibətlərinin təşkili büdcə quruluşu adlanır. Dövlətin büdcə quruluşu mövcud mülkiyyət münasibətləri və dövlətin siyasi-inzibati təşkili ilə müəyyən edilir. Büdcə sisteminin təşkili əasları, onun ayrı-ayrı həlqələri arsındakı maliyyə münasibətlərinin təşkili prinsipləri dövlətin ali qanunvericiliyi-konstitutsiyası ilə müəyyən edilir.


  1. BÜDCƏ SİYASƏTİ VƏ ONUN TƏNZİMLƏNMƏSİ YOLLARI

Dövlət iqtisadi sabitliyin və ya tarazlığın təmin olunması üçn müəyyən olunmuş məqsədlərə nail olmaqda dövlət büdcəsindən bir vasitə kimi istifadə edilə bilər. Büdcə siyasəti dövlətin müəyyən edilmiş məqsədlərə nail olunmasında büdcə ilə bağlı vasitələrin tənzimlənməsidir. iqtisadi vasitələrin tənzimlənməsində dövlətin rolu böyükdür. Iqtisadi tənzimləmənin təmin olunmasında istifadə oluna biləcək büdcə siyasətinin aşağıdakı istiqamətlərini göstərə bilərik;



  • Büdcədə dövlət xərcləri ilə vergilərin uyğunluğunu, tarazlığını;

  • Dövlət xərclərinin vergilərlə təmin olunmaması və borclama, yaxud pul emissiyasından istifadə edilməsi. Bu kəsrli büdcə və yaxud kəsrin maliyyələşdirilməsi;

  • Toplanan vergilərin dövlət xərclərini üstələməsidir. Bu halda büdcə artıqlığı (müsbət halda) əmələ gəlir və o, valyuta ehtiyatlarına yönəldilir.

Büdcə kəsirinin maliyyələşdirilməsi borclama və pul emissiyası vasitəsilə həyata keçirilərsə, o zaman dövlətin istifadə edəcəyi büdcə vəsaitlərinin sayı çoxalır. Hər hansı bir şəraitdə büdcənin həcminin dəyişdirilməsi ayrıca bir vasitə hesab oluna bilər.

Qeyd olunanları nəzərə alaraq ölkədə büdcə siyasətinin necə həyata keçirilməsini müəyyən etmək olar. Məlumdur ki, bazar münasibətləri şəraitində hər təklif öz tələbini yaradır. Hər hansı bir səbəb üzündən tələb azalarsa, onda qiymətlər, istehsal və faiz dərəcələri dəyişəcək və təklif tələbi tənzimləyəcəkdir. Iqtisadiyyatın özündəki tarazlıq büdcə qeyritarazlığı ilə pozulmamalıdır. Büdcə siyasətində dövlətin büdcə tənzimlənməsinin daim qorunması vacibdir. Əgər dövlət milli gəlirin artmasını istəyirsə, ümumi daxili məhsul istehsalını bazrın tələbinə uyğun səviyyəyə çatdırmalıdır. Büdcə siyasəti büdcə kəsiri vasitəsilə tələbi qaydaya salır, iqtisadiyyatı tam məşğulluğa cəlb edir və nəticədə iqtisadiyyata mövcud investisiya bazarını hərəkətə gətirir.

Azərbaycan Respublikasında inkişaf konsepsiyası və yoxsulluğun aradan qaldırılmasına məlum yönəldilən işlər dövlətin strategiya sənədinin parametrlərinə uyğun olaraq müəyyənləşdirilir.

Büdcə siyasəti müəyyən edilərkən ölkə iqtisadiyyatını istiqamətləndirən ümumi makroiqtisadi göstəricilər, özündə sərt maliyyə-kredit siyasətindən tədricən uzaqlaşmanı, vergi siyasətinin çevikliyinin artırılmasını, maliyyə intizamının gücləndirilməsini, onun şəffaflığının təmin edilməsini, inflyasiyanın iqtisadi tənəzzül yaratmayan səviyyədə saxlanılmasını, manatın sərbəst dönərli valyutalara nisbətən məzənnəsinin tənzimlənməsini və digər tədbirlər vacib hesab edilməlidir. Kompleks makroiqtisadi tədbirlər sabit iqtisadi artımın təmin edilməsinə, istehsalın həcminin və qeyri neft sektorunda məşğulluq səviyyəsinin yüksəlməsinə, mərhələlərlə yoxsulluğun aradan qaldırılmasını, ölkənin regionlarının iqtisadi inkişafının bərpası və tarazlaşdırılmasını, bələdiyyələrin iqtisadi müstəqilliyinin təmin edilməsinə müvafiq şəraitin yaradılmasını nəzərdə tutur.

Göstərilən tədbirlərin həyata keçirilməsi eyni zamanda iqtisadiyyatın prioritet sahələrində struktur islahatlarının sürətləndirilməsi ilə müşaiyət olunmalıdır.

Struktur islahatları həmçinin vergi dərəcələrinin aşağı salınması, yığım əmsalının artırılması, bir sıra güzəştlərin ləğv edilməsi və vergiqoyma bazasının genişləndirilməsi hesabına büdcə gəlirlərinin artırılmasını, büdcə xərclərinin şəffaflığının və səmərəli idarə olunamasının, xəzinə öhdəliklərinin tətbiqinin hesabına büdcə təşkilatları tərəfindən yeni borcların yaradılmasına yol verilməməsini, xərclərin tərkibində əsaslı xərclərin və s. xərclərin xüsusi çəkisinin artırılmasını, büdcə kəsirinin tədricən azalmasını və onun maliyyələşdirilməsinin təkmilləşdirilməsi, gəlirlərin artım sürəti xərclərin artım sürətini üstələməsini təmin etməlidir.



Büdcə siyasətinin təmin olunması məqsədi ilə hər büdcə ilində gəlirlər, xərclər və büdcə kəsri üzrə tədbirlərin həyata keçirilməsi proqnozları hazırlanır. Bu proqnozların nümunəvi formasını aşağıdakı kimi göstərmək olar;
Gəlirlər üzrə


  • Büdcə gəlirlərinin Ümumi Daxili Məhsulun strukturuna və sahə quruluşuna uyğun artımını təmin etmək;

  • Potensial gəlirlərin büdcəyə təmin olunması əmsalının əhəmiyyətli dərəcədə yüksəldilməsini təmin etmək;

  • Neft sektorundan büdcə gəlirləri səviyyəsinin neft və neft məhsullarının dünya bazarı qiymətinə və onların ixrac səviyyəsinə uyğun dəyişməsinə nəzarəti gücləndirmək, xam neft və neft məhsullarının satışından dövlət büdcəsinə vergilər şəklində çatası daxilolmaları əhəmiyyətli dərəcədə artırmaq;

  • Qeyri-neft sektorunda bücə gəlirlərinin toplanması ilə bağlı tədbirlər görmək;

  • Fiziki şəxslərin vergiyə cəlb edilməsini təmin etmək və vergi bazasını genişləndirmək üçün vergi dərəcələrinə və fərdi güzəştlərə baxılması;

  • Vergi ödəyicilərinin vergi yükünün və vergiqoyma məsələləri üzrə normativ-hüquqi sənədlərin sadələşdirilməsi;

  • Vergi borclarının ləğvi istiqamətində təsirli tədbirlər görülməsi;

  • Vergilərin yığılmasını təmin edən orqanların strukturunu təkmilləşdirmək;

  • Investisiya qoyuluşları üçün nəzərdə tutulmuş güzəştləri təkmilləşdirmək;

  • Sosiaı sığorta haqlarının yığılması mexanizmini təkmilləşdirmək;

  • Amortizasiya normalarının qruplaşdırılmasını mövcud uçot siyasətinə uyğunlaşdırmaq;

  • Sadələşdirilmiş sistem üzrə vergini ləğv etmək;

  • Əlavə dəyər verdisinin tətbiqi dairəsini genişləndirmək;

  • Yol vergisinin dərəcələrinin respublikaya daxil olmuş yük avtonəqliyyat vasitələrinin yükgötürmə qabiliyyətinə uyğun yenidən baxmaq;

  • Aksizlərə cəlb olunan məhsulların siyahısını dəqiqləşdirmək;

  • Dövlət orqanları tərəfindən görülən işlərin və göstərilən xidmətlərin müqabilində alınan dövlət rüsumları və digər haqqlar ilə bağlı normativ sənədlərə yenidən baxmaq;

Xərclər üzrə


  • Xərclərin investisiya və sosialyönümlüyünü təmin etmək;

  • Büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqqlarının mərhələlərlə artırılmasına nail olmaq, onların orta aylıq əmək haqqı arasındakı fərqin azaldılması istiqamətində işləri davam etdirmək;

  • Sosial siyasətin ardıcıl həyata keçirilməsi məqsədilə mərhələlərlə kasıbçılığın aradan qaldırılmasına, pensiyaların və əlilliyə görə müavinətlərin artırılmasına nail olmaq və onların ünvanlılığını təmin edən tədbirlər görmək;

  • Pensiya islahatını davam etdirməklə bu sahədə hüquqi bazanı genişləndirmək, pensiya ödənişlərinin vaxtında vətəndaşlara çatdırılmasını təmin edən mexanizm yaradılması, pensiya sistemində idarəetmə orqanlarının strukturunun yenidən qurulması istiqamətində iş aparmaq;

  • Ölkədə işsizlik probleminin aradan qaldırılması istiqamətində işlərin gücləndirilməsi;

  • Əmək haqqlarının və digər ödənişlərin artırılması hesabına vətəndaşlara edilən bəzi güzəştlərin ləğvinə nail olmaq məqsədilə təkliflərin hazırlanması;

  • Aztəminatlı şəxslərə inzibati qaydada hüquqi yardımın göstərilməsi, məcburi işburaxmaya görə işçilərə dəymiş ziyanın ödənilməsini təmin edən tədbirlər görmək;

  • Əhalinin sosial rifahı ilə bağlı olan təhsil, səhiyyə və digər sahələrdə islahatları sürətləndirmək, o cümlədən təhsil müəssisələri şəbəkəsinin səmərələşdirilməsi üçün əsaslı tədbirlər görmək;

  • Təhsil sistemində iqtisadiyyatın yeni modelinə müvafiq olaraq büdcə və büdcədən kənar maliyyə ehtiyatlarının yaradılması və onlardan səmərəli istifadəni gücləndirmək;

  • İlkin tibbi-sanitar yardımın üstünlüyünə nail olmaq; tibbi sığorta prinsiplərinə mərhələlərlə keçidi təmin etmək;

  • Səhiyyədə özəlləşdirmə prosesini sürətləndirmək, elm, hüquq-mühafizə və idarəetmə sistemində struktur islahatlarını dərinləşdirmək;

  • Dövlət vəsaitlərindən səmərəli istifadəni, büdcə xərclərinin strukturunun təkmilləşdirilməsini və xərclərin şəffaflığının artırılmasını təmin edən qanunvericilik bazasını təkmilləşdirmək sahəsində iş aparmaq;

  • Dövlət strukturlarında islahatların dərinləşdirilməsi və səmərəli idarəçilik sisteminin qurulması hesabına dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək;

  • Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün hazırlanmış proqramlara maliyyə dəstəyinin verilməsini davam etdirmək;

  • Qeyri-neft sektoruna, kiçik və orta sahibkarlara və kənd təsərrüfatı sahələrinə (emal sahələri də daxil olmaqla) güzəştli kreditlərin və qrantların cəlb edilməsini genişləndirmək;

  • Dövlət əmlakının özəlləşdirilməsi prosesində müəssisələrin özəlləşdirmə qabağı sağlamlaşdırılması tədbirlərinin həyata keçirilməsi və özəlləşdirmə ilə bağlı informasiya təminatının daha da genişləndirilməsi üçün maliyyə təminatı yaratmaq və həmin vəsaitin səmərəli istifadə edilməsinə nail olmaq;

  • Dövlət xərclərinə xəzinə nəzarətini gücləndirmək, öhdəliklər sisteminin və maliyyə proqramlaşdırılmasının səmərəliliyin artırmaq;

  • Dövlət büdcəsi xərclərinin fasiləsiz maliyyələşdirilməsinə və səmərəli istifadəsinə nail olmaqla dövlətə məxsus maliyyə ehtiyatlarının vahid mərkəzdən idarə edilməsini, dövlət xərclərinin dövlət bedcəsindən həyata keçirilməsini və müvafiq qaydada büdcə hesabatında əks etdirlməsini təmin etmək;

  • Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların büdcədənkənar vəsaitlərinin dövlət büdcəsinə daxil edilməsi üzrə hazırlıq işlərini başa çatdırmaq;

  • Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlara göstərdikləri xidmətlərə görə yanacaq və enerji kompleksinə birbaşa subsidiyalaşdırılmanın dayandırılması istiqamətində işi davam etdirmək;

  • Dövlətin borclanma strategiyasını hazırlamaq və dövlət borcuna xidmətin təkmilləşdirilməsini təmin etmək;

  • Dövlət zəmanəti ilə verilən kreditlərin benefisiarlar tərəfindən tam məbləğdə qaytarımasını təmin edən tədbirlər görmək;

  • Yerli maliyyə-kredit təşkilatları tərəfindən dövlət təşkilatlarına dövlət zəmanətilə kreditlərin verilməsi təcrübəsini tədricən ləğv etmək.



Büdcə kəsiri üzrə


  • Iqtisadi sabitliyi qorumaq məqsədilə dövlət büdcəsi kəsrinin ÜDM-yə nisbətən tədricən azaldılmasına nail olmaq;

  • Büdcə kəsrini inflyasiya yaratmayan mənbələr hesabına maliyyələşdirmək;

  • Kəsrin maliyyələşdirmə mənbələrini təkmilləşdirmək məqsədilə investisiya və daxilolmaların maksimum artırılmasına yönəldilən aktiv özəlləşdirmə proqramını həyata keçirmək;

  • Dövlətin qısamüddətli istiqraz vərəqələri bazarını daha da inkişaf etdirmək, dövlət qiymətli kağızlar bazarında investorların iştirakını genişləndirməklə bu kağızlara olan tələbatı artırmaq və faiz dərəcələrinin aşağı salınamsına nail olmaq;

  • Dövlət qiymətli kağızlarının təkrar bazarını yaratmaq;

  • Əhalidə olan sərbəst pul vəsaitlərinin dövriyyəyə daha səmərəli cəlb edilməsini və dövlətin qiymətli kağızlar bazarında iştirakının artırılmasını təmin etmək üçün dövlət daxili uduşlu istiqraz vərəqələrinin buraxılmasını genişləndirmək.


4. AZƏRBAYCAN DÖVLƏT BÜDCƏSİNİN 2005-Cİ İLƏ PROQNOZLARI VƏ BÜDCƏ SİYASƏTİ
Azərbaycan dövləti öz büdcə siyasətində birinci növbədə çalışır ki, büdcənin gəlir hissəsini tədricən yerli mənbələr hesabına artırsın, büdcənin kəsirini azaltsın, gəlirlə xərclər arasında tarazlıq yaratsın. Dövlət bu yolla büdcə kəsrinin ümumi daxili məhsula nisbətini azaltmaq istəyir. Təəssüf ki, bu sahədə hələ problemlər qalmaqdadır. Təkcə xam nefdən gələn gəlirə arxalanmaq düzgün deyil. Büdcənin gəlirlərinin artırılmasının digər yolları axtarılmalıdır. Bu yolda həmçinin manatın sabitliyinin qorunması, xüsusilə manatın dollara nisbətən məzənnəsi daha möhkəm əsasa söykənməlidir. Bildiyimiz kimi, bu sabitliyi yaratmaq o qədər real bazaya əsaslanmır, sadəcə olaraq xaricdən gətirilən dollarların dövriyyəyə buraxılması hesabına yaradılır. Vergilər sayca azaldılmalı, səviyyəsi aşağı salınmalı və ən realı odur ki, vergiverənlərin sayı artırılmalıdır. Dövlət büdcəsində kəsirin əmələ gəlməsi təkrar istehsal prosesini pozur, bu səbəbdən əhalinin bir qismi iş yerlərini itirmək təhlükəsi qarşısında qalır, tələb və təklif arasında tarazlıq pozulur, bəzi məhsulların qiyməti artır. Öz yaşayış yeri və gəlir mənbələrini itirənlərin bir qismi yaşamaq üçün cinayət etməli olurlar. Bu səbəbdən də ölkədə gərginlik artır. Azərbaycan Respublikasında büdcələrin xəzinədarlıq vasitəsilə icra edilməsi müəyyənləşdirilmişdir. Icra hakimiyyəti orqanlarına büdcələrin icrasının təşkili və icra edilməsi, büdcə hesablarının və büdcə vəsaitlərinin idarə edilməsi həvalə edilir. Azərbaycan Respublikası büdcə sisteminin bütün səviyyəli büdcələri vahid xəzinə prinsipi əsasında icra edilir. Dövlət büdcəsinin icrasına nəzarəti Azərbaycan Respublikasının Milli Məclisi və onun Hesablama Palatası həyata keçirir. Yəni büdcəyə nəzarətin iki formasından istifadə edilir: qanunvericilik və inzibati

Inzibati nəzarəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığı, Naxçıvan MuxtarRespublikasının Maliyyə-İqtisadiyyat Nazirliyi və bələdiyyələrin maliyyə orqanları, büdcə təşkilatlarının baş mühasibləri həyata keçirirlər. Dövlət büdcəsinin icrası prosesində büdcənin gəlirləri üzrə faktiki daxilolmalar ilin birinci yarısı üzrə nəzərdə tutulan göstəricilərdən 30% az olduqda, müdafiə olunmuş xərc maddələrinin maliyyələləşdirilməsi üçün vəsait çatmadıqda, büdcə kəsirinin nisbi göstəricisi təsdiq olunmuş səviyyəni keçdikdə və ilin sonunadək yuxarıda göstərilənləri aradan qaldırmaq barədə əsaslandırılmış təklif olmadıqda müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Milli Məclisi qarşısında oktyabr ayının 1-dən gec olmayaraq büdcə xərclərinin (müdafiə olunmuş maddələr istisna olunmaqla)ilin qalan ayları üzrə proporsional ixtisarı mexanizminin tətbiqi (sekvestr) barədə məsələ qaldırır. Büdcə ilinin gedişində və tsiklin sona bitməsi üzrə maliyyə orqanları, başda Azərbaycan Resppublikasının Maliyyə Nazirliyi olmaqla, büdcənin tərtibi və icrasının nəticələri üzrə analitik iş aparılar. Dövlət büdcəsinin gəlirlərinin və xərclərinin auditi qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən aparılır. Bu zaman müqayisə, qruplaşdırma, büdcə əmsalı, üfiqi təhlil, şaquli, trend, faktorlu, ərazi büdcəsi üzrə sabitlik təhlili üsullarından istifadə edilir. Bəzi büdcə proqnozları:

Qeyd edək ki, A.R-nın büdcə siyasəti Azərbaycanın bütün ərazisini, yəni 65 rayon, 69 şəhər, 13 şəhər rayonu, 226 qəsəbə, 1587 kənd ərazi dairəsi, 4272 kənd yaşayış məntəqəsini əhatə edir. Xronikaya nəzər salsaq görərik ki, 1990-cı ildə dövlət büdcəsinin gəlirləri 0,5 mlrd. manat, 2003-cü ildə isə 6104,5 mlrd. manat olub. Bu isə 17% artım deməkdir. 2002-ci ildə gəlirlər 4658,8 mlrd. manat, 2003-cü ildə isə 6104,5 mlrd. manat olmuşdur. Dövlət büdcəsinin kəsiri isə -68,2 mlrd.man olmuşdur. Məcmu pul kütləsi isə ilin sonuna 2592,2 mlrd. manat olmuşdur. 2005-ci ilin dövlət büdcəsinin strukturu:

2005-ci ilin dövlət büdcəsi gəlirlərinin 9422 mlrd. manat(1884,4 mln.$) olacağı gözlənilir. Gəlirin əsas hissəsini isə, yəni 29,7%-nin(2754 mlrd.man) ƏDV təşkil edəcək. 2005-ci ilin ümumi gəlirləri keçən ilə nisbətən 25,3% çox olacaq. 2005-ci ilin büdcə xərcləri 10 trln. 1 mlrd.man olacaq ki, bu, 2004-cü ilin proqnozu ilə müqayisədə 2 trln. 167,6 mlrd. man(27,7%)çoxdur. Xərclərin ÜDM-də payı isə 20,9%-dir.



NƏTİCƏ
Beləliklə bir daha əmin olduq ki, dövlətin iqtisadi inkişafında büdcə nə qədər önəmlidir. Yuxarıda öyrəndiklərimiz bizə belə qənaətə gəlməyə əsas verir ki: hər bir dövlət öz büdcə siyasətinə çox ciddi yanaşmalı, büdcə kəsirinin mümkün qədər az olmasına və ya heç olmamasına səy göstərməli və ən əsası da, xüsusilə Azərbaycan üçün büdcə gəlirlərinin artırılmasının müxtəlif mənbələri araşdırılmalı, müəyyən olumalıdır. Statistik məlumatlara görə hər il ölkəmizin əhalisinin həyat səviyyəsi təxminən 20-25% artır. Statistik göstəricilərdən də göründüyü kimi Azərbaycanda 2005-ci il üçün büdcə gəlirləri 9422 mlrd.man, yəni 1884,4mln. $ olacaqdır. Bu keçən ilə nisbətən 25,3 % artım deməkdir. Əhali gəlirlərinin isə keçən ilə nisbətən təxminən 13% artacağı gözlənilir. Lakin xərclərimiz də paralel surətdə artacaqdır, belə ki, 2005-ci ildə dövlət büdcəmizin xərcləri keçən ilə nisbətən 27,7 % çox olacaqdır. Əgər gəlrlərimizin keçən ilə nisbətən 25,3 % , xərclərimizin isə 27,7 % artacağını nəzərə alsaq, onda -2,4 %-lik, yəni -115800000 $ (115 milyon səkkiz yüz min dollar) kəsirimiz olacadır. Lakin bunlar ilin əvvəlində hesablanmış proqnozlardır. Hal-hazırda inflyasiyanın artmağa doğru meyl etməsi bir sıra problemlər yarada bilər. Istehsal sahələrinin yaradılmasına ciddi fikir verilməlidir. İqtisadçıların proqnozlarına görə təsirli tədbirlər görülməzsə inflyasiya 30%-ə qədər arta bilər. Buna görə də səmərəli büdcə siyasəti işlənilərək qısa vaxt ərzində tətbiq edilməlidir. Və təbii ki, bu yolda ölkəmizin inkişafı, tərəqqisi üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik.



Yüklə 88,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin