Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
154
3.3. Formativ qiymətləndirməni qaydalara müvafiq tətbiq edir
3.3.1. Formativ qiymətləndirmənin tədrisdə tətbiqi
Formativ qiymətləndirmənin əsas mahiyyəti şagirdin
təlim fəaliyyətinin daim
izlənilməsidir. Formativ qiymətləndirmə şagirdin bilik və bacarığını formalaşdırmaqla onun
yüksək
təlim nəticələrinə nail olması məqsədilə aparılır. Formativ qiymətləndirmə
sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün deyil, yaxşı
nəticə göstərmək üçün çalışır. Bu forma şagirdin məzmun standartlarından irəli gələn bilik
və bacarıqlara yiyələnməsi vəziyyətinin qiymətləndirilməsidir.
Formativ qiymətləndirmə dərsi müşayiət edən prosesdir. Fənn üzrə aparılan formativ
qiymətləndirmə şagirdin ehtiyaclarını
öyrənmək, uğur qazana bilməməsinin səbəblərini
araşdırmaq və onun inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq həyata keçirilir.
Formativ qiymətləndirmədə istifadə olunan metod və vasitələrə müşahidə, şagirdlərin
şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri və başqaları
aiddir.
Formativ qiymətləndirmə zamanı, gündəlik şagird fəaliyyətinin
izlənməsi üzrə test
tapşırıqlarını yerinə yetirərkən müxtəlif seçimli test nümunələrindən yox, açıq suallı
tapşırıqlardan, uzlaşmalardan, cümlə tamamlamalarından, səhv və düz cavabların
seçilməsindən, cümlə, hekayə, mətn qurmadan, boşluqlara söz və ya söz birləşmələri əlavə
etmədən, düzgün qrammatik çalışmaların yerinə yetirilməsindən, yazı işlərindən (imla, esse
və s.) istifadə etmək lazımdır. Müxtəlif seçimli və ya alternativ cavablı
testlər gündəlik
fəaliyyətdə şagirdlərin tənqidi və yaradıcı təfəkkürünu inkişaf etdirmir.
Formativ qiymətləndirmədə aşağıdakılara müəllim tərəfindən diqqət edilməsi
vacibdir:
•
Məzmun standartları əsasında dəqiq meyarlar işlənib hazırlanmalıdır;
•
Meyarlar bilik və bacarıq, o cümlədəninformasiyanı aydın təqdim etmək bacarığı və
məntiqi təfəkkür qabiliyyəti kimi göstəricilərini inkişafını əks etdirməlidir;
•
Müəllim yadda saxlamalıdır ki, qiymətləndirmə
ilk növbədə şagird üçün
özünüqiymətləndirmə və özünənəzarət vasitəsi rolunu oynamalıdır;
•
Fənn müəllimləri qiymətləndirmə apararkən obyektiv olmalıdır;
•
Heç bir təmənna gözləmədən qiymətləndirmə aparmalıdır;
•
Şagirdlərə stimullaşdırıcı, həvəsləndirici qiymətlər verməklə onların
müvəffəqiyyətində maraqlı olduqlarını və buna əmək sərf etdiklərini dərk edəndə,
şagirdlərin təlim fəaliyyətinə həvəsi daha da artır;
•
Qiymətləndirmə müvafiq tapşırıqların yerinə yetirilməsinə əsaslanmalıdır;
•
Dərslərdə qiymətləndirilmənin aparılmasında əsas diqqət təkcə informasiyanın
mənimsənilməsinə deyil, həm də cəmiyyətin həyatında bir vətəndaş kimi iştirak
etmək üçün zəruri olan bacarıqların nümayişinə yönəldilməlidir.
Formativ
qiymətləndirmə həm şagird, həm də müəllim üçün böyük əhəmiyyətə
malikdir. Bu zaman şagirddə təsadüfi, gözlənilməz şəraitdən müdafiə olunma hissi yaranır.