QAR YAĞSA
Güvəndiyin dağlara qar yağsa,
görəcəyin ən yaxşı iş dağlarla
qarı baş-başa buraxmağın olar!
Mövlanə C.Rumi
Güvəndiyin dağlara
qar yağsa bir gün əgər,
Baş-başa qoy onları,
Bu etdiyin yaxşılıq
Dünya malına dəyər.
Burda nə dağ günahkar,
Nə də yağan bəyaz qar.
Sən də çalış qarışma,
Sual etmə, soruşma,
Aranızda nələr var.
İki söhbət edənin,
Üçüncüyə dəxli nə?
Qalsın olduğu yerdə,
Zirvəsindən enməsin,
Yaxşı olar dinməsin,
Yiyə çıxsın dilinə!
GERİYƏ BAXMA
Faydası yox, yox , bilirsən,
Get, geriyə dönüb baxma,
Səni yola salan nə əl,
Nə də nəmli gözlər yoxdur.
Buza dönüb vurmur ürək,
Danışmağa dil də gəlmir.
Sahibi lal, heç nə demir,
Deyiləcək sözlər yoxdur.
Qulaqlar kar olub sanki,
Yoxsa, dünya kardı, kordu.
Səbəbi nə kar-korluğun?
Demə, eşidəni yordu.
Səni sevən qəlb neyləsin?
Param-parça edən sənsən.
Rəqib sandığın da hətta,
Sən etdiyintək etmədi.
Sərasər incidən sənsən,
Nestərləyib didən sənsən.
Geri dönməyin yeri yox,
Daş topuğa dəyib daha.
İstəyirsən qışqır, bağır,
İstəyirsən şahid çağır.
Ehtiyac yoxdur izaha,
Bunun bədəli çox baha.
Dostları ilə paylaş: |