SƏBRİMİN KASASI DOLDU
Ağu olar, zəhər olar səninçün
Azərbaycan nübar deyil dadasan.
Birdən boğazında ilişər, qalar,
Azərbaycan loxma deyil udasan.
Gizli-gizli, oğrun-oğrun süründün,
Tülkülük canında varmış, faş oldu.
Tarixin yalandı, varlığın yalan,
Doğru söz başına düşdü, daş oldu.
Nə qədər hay saldın, haray eylədin,
Özünə bənzərlər harayçın oldu.
Bezdim iftiradan, bezdim yalandan,
Axırda səbrimin kasası doldu.
Səni qovacağam iti qovantək,
Dadına yetişən olmayacaqdır.
Qoymaram özünə tarix yazasan,
O murdar dəftərin dolmayacaqdır.
Yadından çıxartma, ey hay gədəsi,
Mənim tarixim var, türk oğlu Türkəm.
Sən çürük ağacıň kül olmuş halı,
Mən isə poladtək möhkəməm, bərkəm.
Sən məndən çoxdandı torpaq umursan,
Gəl al, ayağımdan öpüş verəcəm.
Mənim mərhəmətim bitməz-tükənməz,
Sənə otlamağa örüş verəcəm.
SALXIM SÖYÜDLƏR
O salxım söyüdlərə bax,
Hörüklü qızlara bənzər.
Min bir rəngli təbiəti
Söyüdlər də bir cür bəzər.
Salxım söyüdlər oxşayır
Bir az sarı sünbüllərə.
Sünbullər o uca Göyə,
Söyüdlər aşiq bu Yerə.
Sünbüllərdə şux bir duruş,
Günəş rəngdə libası var.
Söyudlərin yaz ətirli
Yaşıl, gömgöy əbası var.
Söyüdlər suya vurğundur,
Sünbüllər də al günəşə.
Qızmar günəş, saf sulara
Təbiət möhtac həmişə.
FAYDASI NƏ
Sudan cìxan balıq kimi
Gah çırpınır, gah dururam.
Can tükənir, nəfəs bitir,
Özümü hədər yoruram?
Göl quruyub, çay da ki yox,
Çırpınmağın faydası nə?
Bir canlıtək yaşamağın,
Var olmağın qaydası nə?
Bir sevgidən doğulanın,
Seviləcək baxtı varmı?
Özünü hakim sayanın
Ürəklərdə taxtı varmı?
Ürəklərdə olmayanın
Zirvələrdə yeri yoxdur.
Nəfsinə "dur" deyənlərin
Yaxşısı çox, şəri yoxdur.
PAPAQ
Papaq sənə çox yaraşır,
Qoy başına gəz, qardaşım.
Dost olana can fədadır,
Düşmənini əz, qardaşım.
Kişilikdir başda papaq,
Baş var isə, papaq tapaq.
Papaq qeyrət, papaq sınaq,
Deyil şüar, söz, qardaşım.
Söz möhürdü, papaq imza.
Üstün gələ bilməz əza.
Qəlbıni aldırma buza,
Yaşat orda köz, qardaşım.
Rəqib "hə" deyər lehinə,
Aldanma sözün zehinə.
Yaxşı dostun tənbehinə
Bacarırsan döz, qardaşım.
Halın uyğundur dəngimə,
Vur de, ey ürək, səngimə.
Qərar verəndə ləngimə,
Nə etsən et tez, qardaşım.
Dostları ilə paylaş: |