ADAM OLMAQ ŞƏRƏFDİ
Adamlıqdan danışanın
Adamlığı qəhətdi, bax.
Kişilikdən dəm vuranın
Danışdığı qələtdi, bax.
Yaxşılıqdan söhbət açan
Yaxşı-pisi anlamayır.
Adam kimi danışmayır,
Xoruz kimi banlamayır.
AXTARAR
Kor tutduğun buraxmaz heç,
Göllərin suyu axmaz heç.
Əyri düzə düz baxmaz heç,
Ətrafında mərd axtarar.
Mərdlə dostluq edən deyil,
Dost olub yol gedən deyil.
Vücudu var, bədən deyil,
Özü kimi fərd axtarar.
Yol vurmaq işi-peşəsi,
İçi pislik, dərd guşəsi.
Pozulsa bir gün nəşəsi,
Əxlaqsız, namərd axtarar.
Mikrob düşübsə, qanına,
Nə deyim ki ünvanına?
Yad bir yana, öz canına
Çor axtarar, dərd axtarar.
YAZAQ
Satdılar vətəni südü çürüklər,
Soysuz hayeslərə həmdəm, şəriklər.
Niyə çoxalıbdır üzü dönüklər?
Əxlaqı pozuqdan-şilindən yazaq.
Düşmənlik edənə mən də düşmənəm,
Mübariz, Koroğlu, Əhməd o mənəm.
Sevgili vətənim, onlara tənəm,
Coşacaq gur çayın selindən yazaq.
QƏFİL YAĞIŞ
Yaxaladı yolda qəfil,
Tanrının nur gilələri.
İslatdı hamar yolları,
Daş, mərmərli pillələri.
Yağ bir az da, yağ, ey yağış,
Can ver saralmış otlara.
Can ver dinib danışmayan
Torpaqda dərin qatlara.
O qatlarda xəzinələr,
Neçə tarix, dəfnə yatır.
Keçmışimiz, dünənimiz,
Saya gəlməz nəsnə yatır.
Yağ, ey yağış, mərhəmətlə
Yumşalt daş olmuş qəlbləri.
Can ver suya həsrət qalan,
Susub duran o ləbləri.
Sən Tanrının həyat payı,
Yağ, payını alan alsın.
Yağ, yezidə pislikləri
Haqqa haqqın nuru qalsın.
Dostları ilə paylaş: |