BU YAĞIŞIN QƏSDİ AYRI
Bu yağan yağışın qəsdi ayrıdı,
Yuyurdu yollara düşən izləri.
Yağdıqca torpağı, daşı oyurdu,
Yağırdı pak etsin tozlu düzləri.
Dön geri, torpaqda izin itəcək,
Azarsan yoxsa ki, geri dönəndə.
Silinib tarixin, soyun bitəcək,
Ocağın qaralıb, közün sönəndə.
O ocaq bir elin, soyun ocağı,
Bacası tüstüsuz nəyə gərəkdir.
Odunu ocağa, ocağı elə
Bacanın tüstüsü göyə gərəkdir.
Allahım, hifz elə qoru bu xalqı,
Ocağı üstündə qaynasın qazan,
Cavan nəsillərin toy-büsatinda
Oxusun, çal-çağır eyləsin ozan.
Bu yağan yağışın xeyri var bizə,
Hər gilə, damcısı candı torpağa.
Yağış da, çıskin də, günəş də ay da
Çəkirlər növbəylə bizi sınağa.
UĞUR
Adıntək ömür yolun
uğurlu olsun, Ugur.
Tanrının sevgi payı
Qəlbinə dolsun, Uğur.
Ucal ata öyüdü,
Ana nəvazişiylə.
Vətən qüruru ilə,
İgid-ər vərdişiylə.
Babanın arzuları,
Nənənin sevincisən.
Atanın iftixarı,
Anaya bir incisən.
Əzmlə addımla sən
Xoşbəxt, gözəl illərə.
Dəyərli övlad ol ki,
Adın düşsün dillərə.
İMTAHAN
Hərfləri bilməyən,
İki uzunqulağa
Arpanı düz bölməyən
məni imtahan edir.
Guya kişinin oğlu
Özlüyündə qan edir.
Sakit olun, dinməyin,
Axı imtahan gedir!
Sənın kimi çoxların
göndərdim qanqal yesin.
İstər doyunca yesin,
İstərsə də, durmasın,
Olunca bihal yesin.
Verdiyi sualların
Özü bilmir cavabın,
Savadına, elminə
Nə söyləyim, nə deyim
Bu "hörmətli" cənabın?
Heç kim, heç kəs istəməz
Məcradan çıxsın işi,
Əngəl, problem olsun.
Şərt deyil, əsas deyil
Mən bilirəm, bilmirəm,
Əsas olan odur ki,
onun üçün yem olsun!
SAL BİR DAŞAM
Yolçusyam bu yolların,
Gah atlıyam, gah piyada.
Arzularım havalanır,
Gah aşkarda, gah röyada.
Gəlib bu yaşa yetmişəm,
Pisliklərdən yan ötmüşəm,
Əyri yolu düz getmişəm,
Sal bir daşam sərt qayada.
Nə Koroğlu, nə Babəkəm,
Demirəm ki, təkəm-yekəm.
Yüküm ağır, gərək çəkəm,
Nə az deyil, nə ziyadə.
HARALISAN
Soruşurlar, haralısan?
Mən aranlı, həm dağlıyam,
Çox çək-çevir etməyin heç,
Şirvanlı, Qarabağlıyam.
Xırdalandıq, yorulmadıq,
Daşdan keçdik durulmadıq.
Kağız üstə ayırdılar,
Əzilsək də qırılmadıq.
Böldülər şimal, cənuba
O tay, bu tay elimizdir.
Ana dedik bu torpağa,
Türk elimiz, dilimizdir.
ŞƏHİD ANASI
Tək yanma, şəhid anası,
Qat bizi də o ocağa,
At bizi də o ocağa
Yanarıqsa, birgə yanaq.
Qorxamayırıq alışmaqdan,
Bu torpağa qarışmaqdan.
Bir-bir yanaq,
Tək-tək yanaq,
Yanarıqsa, birgə yanaq,
Yanaq, cərgə-cərgə yanaq.
Dostları ilə paylaş: |