BU ŞƏHƏR-BİZİM ŞƏHƏRDİ
Bu şəhər-bizim şəhərdi,
Küçələri insan dolu,
Dörd tərəfə vardır yolu.
İnsanların arasında
Ğüləni var, qəmlisi var,
Çoxu da ki, birtəhərdi.
Bu şəhər bizim şəhərdi.
Xarici adla yazılan
Dükan, market, butiki bol.
Gərəkli ağac yerinə
Əkilibdi gör neçə kol.
Yazdığım təzə xəbərdi,
Bu şəhər bizim şəhərdi.
ÜRƏYİM
Yox elə gün sızlamasın,
Qübar etməsin ürəyim.
Yox elə gün rahat olsun,
Gilə-gilə əriməsin
Pərvanəsiz şəm ürəyim.
Boş olsaydı nə vardı ki,
Daş olsaydı nə vardı ki,
Ağrı bilməz, qəm çəkməzdi.
Onun haqsız çəkdiyini
Cümlə bu aləm çəkməzdi.
Daş asılıb yaxasından,
Məhrum gecə yuxusundan.
Sakit olan bir vaxtı yox,
əzəldən də heç baxtı yox.
Ağrı-acı, dərdi-səri
Nədən edib cəm ürəyim
ƏYRİLİKDƏ DÜZ GÖRDÜNMÜ
Insan oğlu kimliyini
Göy də bilir, yerdə bilir.
Yaxşı-yaman nəyin varsa,
Xeyirxah da, şər də bilir.
Mərhəmətdən danışırsan,
Bir kimsəyə əl tutdunmu?
Yardım edib kimsəsizə
Gecələr rahat yatdınmı?
Oddan kül törəyib sonda,
Kül altında köz gördünmü?
Düzün düzü göz önündə,
Əyrilikdə düz gördünmü?
“Əl məndən, ətək səndən”
Dua edib yaxşı kəslər.
Namərd olanlar içində
Kin-kidurət, pislik bəslər.
Ey paxıllıq, qibtə edən
Bu dərd səni öldürəcək.
Ey yalançı, özün güdən
Düz yerini bildirəcək.
Dostları ilə paylaş: |