ŞAİRSƏNSƏ, ŞEİR YAZ
Şairsənsə, şeir yaz,
Baş qoşma qeyri işə.
Haqqı gör başın üstə,
Hə demə əyri işə.
Sözü çəkmə bazara,
Düşmə bu yol-güzara.
Düşsən belə azara,
Çətin bu halın sənin
Bir də dönə, dəyişə.
Şairsənsə, şeir yaz,
Əl-ayağa düşmə heç.
Atılma hər qazana,
Əllərdə çömçə olma,
Qovrulma heç, bişmə heç.
Sənə yazığım gəlir,
Dəyərsizin birinə
Dastan, şeir yazırsan.
Doğru yoldan azırsan,
Diri ikən özünə
Niyə məzar qazırsan?
Xislətində əyilmək,
Baş əymək də var imiş.
Bu kişilik meydanı,
Demə sənə dar imiş.
Şairsənsə, şeir yaz,
Təbiətdən, ağacdan,
Saralan yarpaqdan yaz.
Yolun azandan deyil,
Oyun pozandan deyil,
Çalış doğru-haqdan yaz,
Daşdan yaz, torpaqdan yaz.
SEVİNDİ QƏLBİMİZ
Yorsa da yollar bizi,
Çox sevindi qəlbimiz.
Başımız üstə oldu
Bu səfərdə Rəbbimiz!
Solda düzən, sağda dağ,
Palıdlıqda buz bulaq.
Gəldik ki, olaq qonaq,
Bəlkə coşdu təbimiz.
Heyran oldum elinə,
Şirin-şəkər dilinə.
Baxıb çiçək-gülünə,
Fərəhləndi qəlbimiz.
Dağın başı qarlıdı,
Möhtəşəm, vüqarlıdı.
Bağ-bağatı barlıdı,
Bu da məlhəm, həbimiz.
Hər yan gözəldi, gördük,
Nərgiz, bənövşə dərdik.
Sevən bir ürək verdik,
Pıçıldadı ləbimiz.
MEYMUNU YADINA SALMA
Mənə xatırlatdın dünən birini,
Göstərdin ünvanın, dəqiq yerini.
Heç zaman sən ona vermə sirrini,
Meymunu yadına salma, qardaşım.
Nəfsinin quludu dediyin adam,
Bir zaman yaxındım, indisə yadam.
Belə birisinin canına qadam,
Meymunu yadına salma, qardaşım.
Onun nə dostu var, nə də qardaşı,
Baxma ki, altmışı keçibdi yaşı.
Cəmiyyət neynəyir belə əyyaşı,
Meymunu yadına salma, qardaşım.
Cibini soyacaq gündüz-günorta,
Özünü etməsən əgər sığorta.
Görürəm yamanca getmisən “çorta”,
Meymunu yadına salma, qardaşım.
Çox tülkü görmüşəm, beləsini yox,
Əyrilər kamandır, doğrularsa ox.
Bu yüzdən biridi, bəlkə də lap çox,
Meymunu yadına salma, qardaşım.
BİZƏ İNDİ DƏLİ GƏRƏK
Ağıllılar yordu bizi,
Usandırdı, qırdı bizı.
Asta dedik duymadılar,
Bizə səsin zili gərək!
Bizə indi dəli gərək!
Ağıllılar ağıl verdi,
Bizi uşaq, çocuq gördü.
Nazlarıyla çox oynadıq,
Bizə düşmən ölü gərək!
Bizə indi dəli gərək!
Hanı Eyvaz, qoç Koroğlu,
Niyə qaldıq qolu bağlı,
Düşmən od-alov olubdu,
Bizə onun külü gərək!
Bizə indi dəli gərək!
Qara pencəkli əmilər,
Zirehli-toplu gəmilər
Əsla xeyir gətirmədi.
Bizə dağın kəli gərək!
Bizə indi dəli gərək!
Tüpürüm o ağıla ki,
O əfsanə, nağıla ki,
Bu milləti oyatmadı.
Bizə mərdin əli gərək!
Bizə indi dəli gərək!
Dəli mərddir, dəli fərddir,
Dəli qala, dəli səddir.
Bizə dəli çılğınlığı,
Bizə dəli dili gərək!
Bizə indi dəli gərək!
Mən dəliyəm, siz də gəlin,
Dəli olmaq nədir bilin.
Bizə vətənin hamısı-
İçərisi, çölü gərək!
Bizə indi dəli gərək!
İSTƏSƏN
Saç-saqqalın ağlığı
ağsaqqal olmaq demək deyil
Ağ saçına sürt kömürü,
Artırdın bəlkə ömürü.
Verilən dəmir-dümürü
Ölüncə gəzdir istəsən.
Var hovuzun, var çəmənin,
Yaman çoxalıbdı tənin.
Möhür sənin, imza sənin,
Fağırı əzdir istəsən.
Qardaş olmusan iblisə,
Bəxtində var çox hadisə.
Yan-yörəndə kim var isə,
Cərgəyə düzdür istəsən.
Sevirsən dava-dalaşı,
İstəmirsən heç barışı.
Neynirsən dostu-sirdaşı,
Özündən bezdir istəsən.
Əl çəkmə pisdən nə badə,
Çox qəliz ol, olma sadə.
Dost əlindən içmə badə,
Məşuqə süzdür istəsən.
ÖMÜR YÜKDÜR
İnsan oğlu var olandan
Daş-kəsəkli, kələ-kötür,
əyri-üyrü yollar keçir.
Dərə, təpə dağdan aşır,
Çörək kəsir insanlara,
Sərin bulaqlardan içir.
Xəyal edib düşündükcə
İsti-isti, təzə-təzə
Ürəklərə nələr damar.
Bu torpaqdan boy qaldıran,
Ağaçın da, yoncanın da
Rişələri damar-damar.
Həyat sirli, müəmmalı,
Ömür yükdür çəkən üçün.
Ümid ən yaxın həmdəmi,
Tanrıya göz dikən üçün.
BİR AZ DÜŞÜN
Əvvəl qırıb qəlbimi,
Sonra demə, bağışla.
Mənmi günahkar oldum?
Baxma sualla dolu
Müəmmalı baxışla.
Bir az düşün, fikirləş,
Sən gecikdin yoxsa mən?
Yaxşı düşün, tələsmə!
Suallar çox, cavab az,
Qərar çıxarma həmən.
Gözəl yaratmış səni,
Aləmlərin sahibi.
Bir az mərhəmətli ol,
Acı sözə öyrətmə
Nə dilini, nə ləbi.
Günlər tez ötdü keçdi,
Payız döndü, qış oldu.
Dərd daşıyam tarixin,
Içimdə min acı var,
Sanma halım xoş oldu.
Dostları ilə paylaş: |