İSTƏMİRSƏ
Mən o canı neynirəm, cananı istəmirsə,
Nə söyləyim canana, hər canı istəmirsə.
Varam haqqın yolunda, kimsə azdıra bilməz,
O kəs zülmət aşiqi, ürfanı istəmirsə.
Vətən anamdır mənim, sərhədi yox sevgimin,
Vay halına qəlbsizin, heyranı istəmirsə.
İnsanlıqdan uzaqlar qarışdırıb dünyanı,
Mən necə anladım ki, səhmanı istəmirsə.
Dostumdu, qardaşımdı dəyərli insan oğlu,
Eyb eləməz nanəcib Ümmanı istəmirsə.
VƏTƏN DARDADIR
Vətən neçə illərdi əzab çəkir, dardadır,
Onunçün can verəcək oğulları hardadır?
Qarabağın kəndləri, küçələri inləyir,
Ağdam, Füzüli dərddə, Şuşa intizardadır.
Kəlbəcər qan ağlayır, Laçın yiyəsiz hələ,
Xocalı dərd içində, Şuşa ahı-zardadır.
Hanı qeyrət çəkəcək oğulların, ey vətən,
Şəhid oldu nə qədər, nə qədər bazardadır?
Vətənə igid gərək, qurtuluşu gücdədir,
Nə siyasət adamı, nə də ki, dindardadır!
Zaman durmadan keçir, aparır bizi, Ümman,
Millət oyun içində, vətən düşüb tordadır.
OLAQ
Can deyək canana ki, aşiqi-dövran biz olaq,
Gün doğar bəxtimizə, bəxtəvər insan biz olaq.
Şükr edək xəlq edənə can onun, canansa bizim.
Canımız fəda Ona, canan Odur,can biz olaq.
Insanı yer üzünün alisi-əşrəf yaradıb,
Öyrənək elmimizi alimi-ürfan biz olaq.
Illəri, əsrləri arxada qoymuş soyumuz,
Damlalardan cəm olan ən dərin ümman biz olaq.
Cəm edək yer üzünün cümlə bəşər övladını,
Bacarsaq, Ümman əgər dərdlərə dərman biz olaq.
ŞAİRLƏR
Söz ilə oyanar, yatar şairlər,
Dərd-sərin söz ilə atar şairlər.
Şair haqq adamı, əyri yol getməz,
Zirvəyə haqq ilə çatar şairlər.
Qəlbləri oxşayar, sevgi dəmində,
Hər rəngə min ahəng qatar şairlər.
Haqqı sevənləri ərşə ucaldar,
Asiyə zəhrimar satar şairlər.
Söz versə, sadiqdir, danmaz heç zaman,
İsrarla sözünü tutar şairlər.
Sözdür qidası da, suyu da, Ümman,
İlhamı olmasa, batar şairlər.
Dostları ilə paylaş: |