HEYF MƏNİM ZƏNDİMƏ
Nə mollası molladı,
Nə də alimi alim.
Allahsızı bir yana,
Dindarı ondan zalim.
Vicdan nədir bilməyən,
Niyə mollabaşıdı?
Niyə qaysaq bağlamış
Yaramı o qaşıdı.
Kitab oxumadınmı?
Vicdan bir həqiqətdir!
Bildiyin inkar etmək,
Şərəfdi, ləyaqətdir?
Heyf mənim zəndimə,
Gör kimlərə inanmış
Allahla aramızda
Bir vicdansız dayanmış.
Tarix yazan o alim
Bu millətdən deyilmiş.
Külək hara əsmişsə,
O da ora əyilmiş.
Vay halına, ey millət,
Oyuncağa dönmüsən.
Alov idin, od idin,
Niyə indi sönmüsən?
Qoynumuzda heç demə
Əqrəblər bəsləmişik.
Kimlərə ümid edib,
Kimləri səsləmişik?
NƏ OYUNDUR
Nə oyundur anlamıram, bilmirəm,
Uzanıb əlləri göyə oğrunun.
O qədər özünü məsum göstərir,
Sözü yox deməyə məsum, doğrunun.
Yalan deyir utanmadan, yallanır,
Yalanlardan xumar olur, hallanır.
Ağasının ətəyindən sallanır,
Millət çəkir acısın bu ağrının.
Bu millətin çoxdur igid, qoçağı,
Vətən yaxsılarçun açar qucağı.
Qarşımızda diz çökdürək alçağı,
Yarılsın qorxudan başı bağrının.
SÖZDƏN QURDUM SARAYI
Aylarımı illərimə caladım,
Yavaş-yavaş, pillə-pillə ucaldım.
İllərimlə ocağımı qaladım,
Bu ocağın istisində qocaldım.
Sözdən qurdum özümə bab sarayı,
Dəbdəbəli imarəti neynirəm.
Tanrım özü bəxş eləyib bu payı,
Başa qaxınc hər hörməti neynirəm.
Dost seçmişəm milyonların içindən,
Yalvarıram, qəlp çıxmasın, Allahım.
Sevgi ona layiq olanlarındır,
Can dediyin qəlb yıxmasın, Allahım.
Vətən sevmək ilahidən vergidir,
Hər "kişi"yə nəsib olmaz deyirlər.
Ürəyimiz sevgilərə sərgidir,
Bu sərgidə qəlb sahibin öyürlər.
Hay verin səsimə, hay verin, haydır,
Vətən mənim, mən vətənin, varmısiz?
Bu nə övlad, nə yanaşma, olaydır,
Vətən darda, tapdaq altda, karmısız?
Dostları ilə paylaş: |