BƏS ETMƏDİ
Özünüzü bu millətə caladınız, bəs etmədi?
Bu millətin sərvətini taladınız, bəs etmədi?
Yaltaqlana-yaltaqlana girişdiniz bu millətə,
Bizim yaltaq tülküləri yaladınız, bəs etmədi?
Gözlərimiz baxa-baxa bizi atdınız qazana,
Altında da gur bir ocaq qaladınız, bəs etmədi?
Yeyə-yeyə sərvətləri harınlayıb, çox şişdiniz,
Çaqqal kimi ağzı göyə uladınız, bəs etmədi?
Bir bəlasız başımıza, Allah bizi hifz eləsin,
Bu milləti gicitkəntək daladınız, bəs etmədi?
Çox yağılar yola saldıq, açıq-aşkar cəhənnəmə,
Qarşımızda bu meydanı suladınız, bəs etmədi?
Bu millət də, el də bizim, sizin burda nəyiniz var?
Ümman deyir, bu torpağı şumladınız, bəs etmədi?
OLMUSAN
Diqqət ilə bax özünə, heç kim idin, var olmusan.
Çör-çöp idin, indisə, kül altında qor olmusan.
Var ikən də, yox kimiydin, sən özünə layiq idin,
Bu gün bir az tanınmısan, ilk bəhər, nübar olmusan?
Səndə sənət, səs olmayıb, dinləyənə bəs olmayıb,
Atılmısan bu meydana, bəlkə sənətkar olmusan?
Tez-tez dəyişib işini, orda-burda dolanmısan,
Bir gün gələr eşidərik, bir mömin, dindar olmusan.
Heç özünü yorma nahaq, sənin yerin deyil bura,
Zaman olar soraq gələr, yaxşı cumadar olmusan.
Ümman, qartal qıy vuracaq, uca dağlar, səma onun,
Sual eylə, bir də soruş, ey yarımçıq, kar olmusan?
GETDİ
Böldülər ana torpağı, Şimal qaldı, Cənub getdi.
Düşmənlər çatdı məqsədə, göz dağı bir məhbub getdi.
Yadlar atdı imzasını bu torpağı bölmək üçün,
Söndü millətin atəşi, döyüşmədən məğlub getdi.
Xətainin qılıncını parlatmışdı o al günəş,
Şəfəq saçdı o son dəfə, heyf, etdi qürub, getdi.
Bağladılar sərhədləri, həsrət çəkdi qohum-qardaş,
Hərdən-birdən gizli-gizli o taya bir məktub getdi.
Bu milləti çox əzdilər, Şah o tayda, ÇEKA burda,
Ötən illər bir-birindən nə “xoroşo”, nə “xub” getdi.
Dedilər farsdı Şəhriyar, nə böyük iftira, Ümman,
Heydərbaba, salam dedi, türk elinə mənsub getdi.
HANI
Ətrafıma saldım nəzər, axtardım Vüqarım hanı?
Qışın bu oğlan çağında qəlb oxşar baharım hanı?
Yaradandan bəxşiş idi, Yaradan da aldı onu,
Mənə arxa, qürür idi, bu günsə qübarım hanı?
Ağır idi ahıl kimi, bir müdriklik vardı onda,
Getdi ağzımın dadı da ilk bəhər, nübarım hanı?
Yaxşı təbi, əl işləri musiqidə qönçə idi,
Əla duyurdu aləmi rəssamım, memarım hanı?
Bu gün də sən yanımdasan, ürəyimdə, canımdasan,
Bilə-bilə soruşuram, dilimdə şüarım hanı?
Sən göydəsən, mənsə yerdə, yerin daim uca olsun,
Məsum-məsum gəzir gözüm, mənim ahu-zarım hanı?
Ötəcək qış, ötəcək yaz, təkcə ötməz qəmim mənim,
Axtaracaq gözüm hər an, bəs mənim Vüqarım hanı?
BELƏDİR
Ali yaranmış insan, səliqə-səhman belədir,
Ta əzəldən var olan Yerlə, Asiman belədir.
Tanrının elmi bizə Quran ilə nazil olub,
Dərsini aldı bəşər, oldu müsəlman, belədir.
Qarışıq olmasın damarda qanı doğru kəsin,
Çürüyər, dövr eləməz, al qırmızı qan belədir.
Şusasa su verirsə, yarı bölürsə tikəsin,
Doğrudur tutduğu yol, həqiqi insan belədir.
Ürəyi şan-şan olur görəndə biçarə birin,
Tanrının bəndəsidir, bu Telman Ümman belədir.
MƏN
Gəzmişəm, dolanmışam saysız kəndi, çox şəhri mən,
Çəkmədim heç bu qədər əziyyəti, nə qəhri mən.
Günəşin nuru ilə mənzilə varmış Hörmüz,
Zülmətə aşiq olan, nurdan qaçandır Əhrimən.
Ağılı başda olan cəm ilə xoşdur həmişə,
Neynirəm zəhər yayan insan dolu bir dəhri mən.
Bir kərə şəkkəri-bal eyləmədin sən dilini,
Nə qədər udum axı bunca zəqqum, ya zəhri mən.
Dünya min müşkül içində, şeytanın ağlı qaçıb,
De, necə dözüm, Ümman saysız müşkülü, sehri mən.
Dostları ilə paylaş: |