Şəhər və kənd həyat tərzi və tərbiyənin sosial-pedaqoji məsələləri. Müasir sosiologiyanın aktual problemləri içərisində şəhər və kəndin sosiologiyası problemi önəmli yer tutur. Hətta bu sahədə özünəməxsus sosioloji məktəblər əmələ gəlmiş və bərqərar olmuşdur. Sosilogiyada şəhər və kənd sosial ərazi birlikləri kimi müxtəlif ölçülərlə - tarixi, iqtisadi, siyasi, ekoloji və s. ölçülərlə səciyyələndirilir. Şəhərdə və kənddə yeni texnologiyanın tətbiqinin sosial və ekoloji nəticələrinin araşdırılmaı müasir sosoilogiyada aktual problemlərdən biri kimi dəyərləndirilir. Şəhər və kəndin sosiloji portretini müxtəlif yönümlü materiallarla təsvir edən sosioloqlar onların həyat tərzinin xüsusiyyətlərini açıqlayanda sosial-pedaqoji baxımdan böyük əhəmiyyətə malik olan müxtəlif məsələləri şəhər və kəndin tipini, infrasturkturanı, regionun etnososioloji xüsusiyyətlərini, folklorunu, əhalinin adət və ənənələrini, əmək və məişət xüsusiyyətlərini, norma və dəyərlərini, təhsil və ixtisas səviyyəsini, asudə vaxt sahəsini ayırd edirlər. Bu amillər şəhər və kəndin həyat tərzini sadəcə olaraq səciyyələndirmir, həm də uşaqların tərbiyəsi prosesində bilavasitə əks olunur. Sosial tərbiyə prosesinin sistemli təhlili, onların ətraflı öyrənilməsini zəruri surətdə tələb edir. Azərbaycan pedaqoqları bir qayda olaraq özlərinin tədqiqatlarını şəhər və kənd məktəblərində aparıb, istər şəhər, istərsə də kənd məktəblərində qabaqcıl müəllimlərin iş təcrübəsini öyrənib ümumiləşdirirlər. Lakin böyük əhəmiyyətə malik olan Azərbaycan pedaqoji fikrini zənginləşdirən bu tədqiqatlar, demək olar ki, ümumi pedaqoji kontekstində aparılmışdır. Müasir şəraitdə şəhər və kənd məktəblərində tərbiyənin sosial pedaqoji məsələlərinin öyrənilməsi aktual problemlərdən biri kimi meydan çıxır. Bazar iqtisadiyyatı şəraitində iqtisadi tərbiyə məsələləri. Bazar iqtisadiyyatı şəraitində iqtisadi tərbiyə məsələləri də aktuallaşıb. Pedaqogika tarixində iqtisadi tərbiyə anlayışı ilə səsləşən önəmli fikirlər vardır. Lakin müasir dövrdə bu məsələ yeni məna kəsb edir və bazar qitisadiyyatının prinsip və meyarları şagirdlərin “dünya mənzərəsinin” nüvəsini təşkil etməlidir. Bu işin ana xətti şagirdlərdə cəmiyyətin inkişaf meyllərinin iqtisadi qanunauyğunluqlarının xüsusiyyətləri, iqtisadi siyasətin mahiyyəti, böhran və sair haqqında vətəndaş anlayışının formalaşması ilə bağlıdır. Onlara sahibkarlıq, işgüzarlıq və təsərrüftaçılıq hissinin aşılanması xüsusilə vacibdir. Bazar iqtisadiyyatı şəraitində birgə yaşayış qaydalarının öyrənilməsi də mühümdür. İctimai həyatın bu tip sahələrində insan (məsələn, “alıcı-satıcı”) münasibətlərinin humanistləşdirilməsi, “alıcı” və “satıcı” rolları üçün zəruri olan ünsiyyət mədəniyyətinin aşılanması, iqtisadi tərbiyənin özünəməxsus vəzifəsi kimi meydana çıxır. Bu köklü məsələnin həllində iqtisadi tərbiyə, əxlaq, dini və ekoloji tərbiyə ilə bilavasitə uzlaşır. Əxlaqi şüur, insaf və halallıqla köklənən gündəlik iqtisadi münasibətlər, iqtisadi mədəniyyət – bunların hamısı birlikdə şagirdlərin iqtisadi dünya durumuna sivilizasiya ölçüləri ilə yeni məzmun bəxş edir.