Aşağıtemperaturlu tabəksiltmə 150-2500C temperaturadək qızdırılmaqla aparılır. Bu zaman tablandırma makrogərginlikləri azalır, tablandırma matensiti tabəksiltmə martensitinə çevrilir, poladın özlülüyü bir qədər artır, bərkliyi isə demək olar ki, dəyişmir. Tərkibində 0,6-1,3%C olan tablanmış poladın bərkliyi aşağıtemperaturlu tabəksiltmədən sonra 58-63 HRC olur. Aşağıtemperaturlu tabəksiltməyə adətən kəsici və ölçücü alətləri, həmçinin yeyilməyə davamlılıq tələb olunan hissələri uğradırlar.
Ortatemperaturlu tabəksiltmə 300-5000C temperaturda aparılır. Bu növ tabəksiltmə yüksək elastiklik və davamlılıq həddini, relaksasiya dözümlülüyünü təmin edir. Ortatemperaturlu tabəksiltmədən sonra polad tabəksiltmə troostiti və ya troosto-martensit strukturu alır, bərklik isə 40-50 HRC həddində olur. 400-4500C temperaturlu tabəksiltmədən sonra poladın suda soyudulması səthdə sıxıcı gərginliklərin əmələ gəlməsinə səbəb olur ki, bu da yayların davamlılıq həddini artırır. Ortatemperaturlu tabəksiltməyə yaylar, ressorlar və başqa növ elastik elementlər uğradılır.