Pilləli tablandırma (şəkil 6.7, 3 əyrici) fasiləli tablandırmanın nöqsanını aradanını qaldırmağa imkan verir. Pilləli tablandırmada məmulat Mb, temperaturundan 30-500C yüksək temperatura malik duz vannasında sürətlə soyudulur, onun en kəsiyi boyunca temperatur bərabərləşənədək həmin mühitdə saxlanılır, sonra isə havada soyudulur. Martensit çevrilməsi havada çox yavaş soyudulma zamanı baş verdiyi üçün daxili gərginliklərin yaranması və məmulatın qabarması imkanı kəskin surətdə azalır.
Yavaş soyuma şəraitində məmulatın en kəsiyinin özək zonasında soyuma sürəti böhran sürətindən az olduğu üçün iri məmulatların pilləli üsulla tablandırılması məsləhət deyil. Həm də bu üsulda poladın strukturunda qalıq austeniti ola bilər.
Daha yaxşı nəticə verən izotermik tablandırma üsuludur (şəkil 4, 4 əyrici). Bu üsulda pilləli tablandırmadan fərqli olaraq məmulat 250-3500C temperaturda duz vannasında izotermik çevrilmə başa çatanadək saxlanılır. Nəticədə poladda beynit strukturu yaranır ki, bu da nisbətən yüksək plastikliyi və özlülüyü təmin edir.
Zərbəyə işləyən bir çox dəmirçi alətləri çox zaman öz-özünə tabəksiltmə gedən usulla tablandırılır. Bu üsulda məmulatı elə soyudurlar ki, onun özəyi qızmar qalsın. Məmulat soyuducu mühitdən çıxarıldıqdan sonra istilik mübadiləsi nəticəsində səth qızır və öz-özünə tabəksiltmə baş verir. Bu üsul yüksək bərkliyi və eyni zamanda kifayət qədər özlülüyü təmin edir.
Qeyd etmişdik ki, poladda martensit çevrilməsi axıradək getmir. Otaq temperaturunda poladın tərkibində müəyyən qədər qalıq austeniti qalır. Qalıq austeniti poladın bərkliyini və yeyilməyə davamlılığını azaltmaqla yanaşı, iş prosesində austenitin çevrilməsi nəticəsində məmulatın ölçülərinin dəyişilməsinə səbəb ola bilir. Qalıq austenitinin miqdarını azaltmaq üçün poladı soyuq emala uğradırlar.
Şəkil 4. Müxtəlif tablandırma üsullarının sxemi:
1-fasiləsiz tablandırma; 2-fasiləli tablandırma;
3- pilləli tablandırma; 4-izotermik tablandırma
Soyuq emal tablandırılmış poladın -70-800C qədər soyudulmasından ibarətdir. Bu emal bilavasitə tablandırmadan sonra aparılır. Soyuq emal nəticəsində poladın bərkliyi 1-3HRC qədər arta bilər.
Tabəksiltmə tablanmış poladın Ac1 temperaturundan aşağı temperaturadək qızdırılıb, bu temperaturda saxlanması və sonra müəyyən sürətlə soyudulmasından ibarət olan termiki emal prosesidir. Tabəksiltmə termiki emalın tamamlayıcı əməliyyatıdır. Bu əməliyyatın nəticəsində polad məmulat tələb olunan mexaniki xassələri alır, eyni zamanda tablandırma zamanı yaranmış daxili gərginliklər tamamilə və ya qismən aradan qalxır.
Daxili gərginliklərin aradan qalxması, əsasən, tabəksiltmənin temperaturundan və saxlama müddətindən asılıdır, temperatur yüksək və saxlama müddəti çox olduqca daxili gərginliklər daha çox azalır.
Temperatur rejimindən asılı olaraq tabəksiltmə aşağıtemperaturlu, ortatemperaturlu və yüksəktemperaturlu tabəksiltməyə bölünür.
Dostları ilə paylaş: |