Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı


İnqilabın istismarçı düzənlə uyğun olmaması



Yüklə 3,55 Mb.
səhifə10/38
tarix24.05.2018
ölçüsü3,55 Mb.
#51380
1   ...   6   7   8   9   10   11   12   13   ...   38

İnqilabın istismarçı düzənlə uyğun olmaması


İslam inqilabı və böyük İran xalqı istismarçı düzənlə, ayrıseçkiliklə, zülmlə və dünyanın istismarçı vəziyyətinin indiki anormallıqları ilə razılaşmır. Bizim inqilabımız açıq şəkildə deyib ki, heç kimin hegemonluğunu qəbul etməyəcək. İran xalqı uca səslə deyib ki, bizim xalqımıza və məzlum xalqlara hegemonluq etmək istəyən zalımları və qlobal güclərin fəsad dolu qurumlarını rəsmən tanımır və onların boyunduruğu altına girmir.

Xürrəmşəhr şəhərinin azadlığının ildönümü münasibəti ilə Fəthülmübin və Beytülmüqəddəs əməliyyatlarının komandirlərini Zəfər ordeni ilə təltif edərkən etdiyi çıxışdan: 1990.



İslam inqilabının digər inqilablarla təhlili müqayisəsi

İslam iniqilabı İranda elə bir iş gördü ki, dünyanın heç bir yerində onun bənzəri görülməmişdir. Mən bu sözü bəlkə də inqilablar dövrünün, yəni iyirminci əsrin bütün inqilablarının tarixini oxumuş bir adam kimi deyirəm. Xatırlamıram ki, bu ölkələrin inqilablarından birinin tarixini oxumamış və bilməmiş olum; Rusiya və Sovet inqilabından tutmuş Hindistanda, Misirdə və Latın Amerikası ölkələrində, Afrika və Asiyanın digər ölkələrində baş verənlərə qədər.

Bu ölkələrin heç birində İranda baş verən hadisə baş vermədi. Bunların hamısının adı inqilabdır. Yəni misal üçün, belə deyilir: İran inqilabı, Sovet inqilabı. Doğrudan da söz müştərəkdir, amma eyni yox, iki fərqli hadisə baş vermişdir. İranda baş verən inqilab 1917-ci ildə Rusiyada baş verib marksist və kommunist quruluşu ilə nəticələnəndən tamamilə fərqlənir. Düzdür, bunların müştərək və oxşar cəhətləri də var, amma mahiyyətlər eyni deyil.
Rusiya inqilabı

Mən bu mövzuya başlayıb fərqləri demək istəsəm, qorxuram ki, əsas məsələyə vaxt qalmasın. Lakin qısa şəkildə deyə bilərəm ki, Rusiyada baş verən inqilabda əsas amil xüsusi bir ideologiya və təfəkkürlə ölkənin başında duran partiyadan ibarət idi. Onlar illərlə işlədikdən sonra meydana atıldılar, əslində xalq hərəkatına təsir göstərdilər və ondan istifadə etdilər.

Buna əsasən, iş başına gəlib hakimiyyətə yiyələnənlər əsas xeyri götürdülər. Onların xalq qarşısında heç bir öhdəlikləri yox idi. Əvvəldən xalqa nəfəs almaq icazəsi vermədilər. Bu onların ideologiyalarında da var: proletar diktaturası. Yəni öz sözlərinə və iddialarına görə, işin başında duran fəhlə qüvvəsi diktatorluq edir və heç kimə nəfəs almaq imkanı buraxmır. Əslində isə hakimiyyətin başında duran və bir partiyadan ibarət olan qüvvə istədiyini edir.

Doğrudan, Rusiya inqilabında partiyanın kənarında olan xalq kim idi? Kommunistlərdən öncə məşhur çar hakimiyyəti iş başında idi, fəsad və zülm edirdi, lakin eyni zamanda xalq yaşayırdı və vəziyyətin dəyişməsinə dair heç bir əlamət görünmürdü. Bu arada çörək qıtlığı yarandı. Hökumət ya xəyanət etdi, ya da bacarıqsızlığından belə oldu. Əlbəttə, Birinci dünya müharibəsinin qızğın çağları idi və Rusiya hökuməti Almaniya, Avstriya və digər müttəfiqlərlə vuruşurdu. Birdən bu tərəfdə çörək qıtlığı yarandı və Moskvada çörək çatmadı. Xalq aclığa görə evlərdən bayıra çıxdı. Bu, həqiqət və tarixdir, iddia deyil. Həmin partiya da müharibə dövrünün çaxnaşmasından istifadə edib bəzi adamlarını ölkənin daxilinə göndərmişdi. Vəziyyətin belə olduğunu görən kimi ona siyasi rəng verib qalmaqal yaratdılar. Sonra da partiya şüarları və partiyanın idarəsi ilə həqiqətən çörəkdən ötrü qiyam etmiş xalqı hökumət əleyhinə təhrik etdilər. Başqa sözlə desək, əgər orada çörək olsaydı və xalqa verilsəydi, qiyam bitmişdi. Bu, Rusiya hadisəsi idi.

İslam inqilabını təhlil etmək istədikdə beyinlərinin digər inqilablara dair təsəvvürlərindən istifadə edənlər böyük səhvə yol verirlər. Bu inqilab ümumiyyətlə həmin vasitələrlə təhlil olunası deyil. Rusiya inqilabında çörək məsələsi vardı. Sonra həmin qrup gəlib xalqı təhrik etdi. Bəllidir ki, zirək, mübarizədə təcrübəli və ideologiyaya malik mütəşəkkil bir siyasi qrup xalqı iğtişaşa çəkmək, onlara şüar öyrətmək və siyasiləşdirmək istəsə, bunu asanlıqla bacarar. Xalq buna hazır idi, bunlar da çörəkləri isti təndirə yapdılar, sonra da özləri qoparıb istifadə etdilər. Bu, inqilab adlandı. Dünyada baş verən inqilabların əksəriyyəti ya buna bənzəyir - hətta xalqın daha az iştirakı ilə - və yaxud bir çevrilişdir.
Cənubi Afrika ölkələrində inqilab

Mən Cənubi Afrikanın inqilabçı ölkələri sayılan beş-altı ölkəyə getmişəm, onların inqilabçı rəhbərləri ilə görüşmüşəm, evlərini, villalarını, həyat tərzlərini görmüşəm, fikirlərini öyrənmişəm, onlarla saatlarla danışmışam. Orada gördüm ki, gözlədiyimiz kimi, solçu bir qrup hərbi çevriliş etmiş, partizan, yaxud mütəşəkkil hərbi hərəkətlə hakimiyyəti ələ keçirmiş və özlərindən öncəkilərin yerində oturmuşlar.

Mozambikin sonralar öldürülən inqilabçı rəhbəri Samor Maşel öncə portuqaliyalı hakimin oturaraq ölkəni idarə etdiyi villada yaşayırdı. O məni həmin sarayda qəbul etdi və mən gördüm ki, keçmişlə vəziyyət dəyişməmişdir. Orada bir xalça vardı. Mən o xalçaya tamaşa edəndə dedi ki, bu, portuqaliyalıların dövründən qalmış xalçalardandır. Mən gördüm ki, nəinki həmin sarayda, həmin tərzdə və həmin təmtəraq içində, hətta eyni üsulla yaşayırlar. Elə bil heç bunlar inqilabçı və xalq adamları deyildilər. Doğrudan da belə deyildilər və orada ümumiyyətlə xalqdan əsər-əlamət yox idi.

Biz ziyafət salonuna daxil olanda böyük qapının hər tərəfində bir nəfərin dayandığını gördük; şahların əfsanəvi saraylarında olan qullar kimi. Portuqaliyalı hakim də belə yaşayırmış. Bunlar da iki qaradərili idilər, amma daha qul deyildilər. Çünki hakimin özü də həmin irqə mənsub idi. Bu iki nəfər xüsusi geyimdə qul kimi qapının iki tərəfində dayanmışdılar. Şah - yəni həmin inqilabçı rəhbər qonağı olan mənimlə birgə bu qapının önünə çatdıqda qapının hər iki tayı bərabər şəkildə açılmalı və bunlar təzim halında durmalı idilər; həmin işi də gördülər. Mən təbəssümlə baxırdım. Sonra özünü həmin portuqaliyalı hakim kimi aparan və eyni jestlərdən istifadə edən rəhbərlə birgə ziyafət zalına daxil olduq. Hər yerdə belə idi.

Mənim xarici səfərlərimin əksəri dırnaqarası inqilabların baş verdiyi ölkələr olmuşdur; məsələn Liviya, Əlcəzair, Mozambik, Zimbabve, Çin, Şimali Koreya və sair. Biz inqilabçı şəxsiyyətlərin və rəhbərlərin həyatını, təfəkkürünü və xalqla rabitəsini yaxından görmüşük. Bunların heç biri bir inqilab və xalq hökumətinə dair təsəvvürümüzdə olan məfhuma nümunə deyil. Elə buna görə öləndə də şahlar kimi dəfn olunmuşlar. Bu ölkələrin heç birində xalqdan əsər-əlamət, xalqın rolu və iştirakı yoxdur. Çünki inqilablarında da xalqın rolu və təsiri olmamışdır. Çevriliş nəticəsində bir partiya iş başına gəlib hakimiyyətə yiyələnmiş, rəqiblərini kənara itələmişdir. Bəzən illərlə bir-biri ilə rəqabət aparmış və hakimiyyət davası etmişlər.

Xəbər agentliklərinin telekslərində işıqlandırılan, Amerikanın, BBC-nin, digər informasiya agentliklərinin və radioların dediyi bu hakimiyyət savaşı ona görədir ki, bu ağılsızlar dünyada bunu gördüklərinə görə burada da onu axtarırlar. Ümumiyyətlə burada əlaqə necədir? İranda da bəzi şəxslər bir-birinə müxalifdirlər; bəziləri bir-birinə yaxşı münasibətdədirlər, bəziləri pis, bəziləri isə çox pis münasibətdə, lakin bunlar əsla o növdən deyil, başqa bir şeydir və müqayisəolunası deyil. Analitiklər bunu anlamırlar. İranda baş verən bunlar deyildi. İranda inqilabı həqiqətən xalq çiyninə götürdü və qalib etdi.


Şərqi Avropa inqilabları

Mən bəzi söhbətlərimdə demişəm ki, Şərqi Avropada və dünyanın bəzi yerlərində baş verən hadisələr bizim inqilabımızdan təsirlənmişdir. Bu yanlış deyil, həqiqətdir. Misal üçün, Rumıniyada, yaxud bəzi Şərqi Avropa ölkələrində baş verənlər xalqın iştirakı ilə baş verdi. Xalq küçələrdə odlu silahın qarşısına çıxmışdı. İnsanlar dayanıb müqavimət göstərdikləri təqdirdə hakim rejim tərəfindən işlədilən odlu silaha qalib gələ bilərlər. Dünyanın heç bir yerində bunun əksi mümkün deyil.

Ən repressiv ölkələrdə də tüfənglərin qarşısına çıxan xalq qrupları yalnız bir qədər müqavimət göstərsələr, meydandan çıxmasalar, ölməkdən qorxmasalar, qalib gələrlər. Biz dünyanın digər yerlərində də bunu gördük. Bəzi yerlərdə qələbənin əldə olunmamasının səbəbi xalqın qoşulmamasıdır. Xalq qoşulmalıdır. Xalqın bir qrupunun qoşulması faydasızdır, bütün xalq qoşulmalıdır. Siz İranda bunu gördünüz. Boyun qaçıranlar xalqın bir qrupu idi. Demək olmaz ki, xalqın bir qrupu gəldi, xeyr, bütün xalq gəldi. Digər ölkələr də İrandan öyrəndilər.

Dünyada bu sözlərdən heç bir xəbər olmayan 85, yaxud 86-cı ildə Afrika siyasətçilərindən birinə bu sözü dedim. Afrikada Muqabe adlı çox ağıllı və peşəkar bir siyasətçi var, İrana və inqilaba qarşı münasibəti də çox yaxşıdır. Onun özü və ölkəsi Zimbabve həmişə bizim inqilabı dəstəkləmişlər. O və adamları çox ağıllı insanlardır və bizim gördüyümüz qədərincə digər ölkələrlə çox fərqlənirlər. Biz o zaman Cənubi Afrika Respublikası barədə danışırdıq. Mən ona dedim ki, bizim təcrübəmiz müstəsna bir təcrübədir və mənim fikrimcə, Cənubi Afrikanın da bundan başqa yolu yoxdur: xalq küçələrə çıxmalı, qorxmamalı, hakimiyyətə təzyiq göstərməlidir. Yəni bütün məhkumlar kiçik bir qrup olan hakimlərin qarşısında və onların ziddinə dayansalar, yəni nə idarələrinə, nə mağazalarına və nə iş yerlərinə getsələr, hamılıqla küçələrə çıxsalar, o hakimlər daha heç bir iş görə bilməzlər; ya qaçıb getməli, ya intihar etməli, ya təslim olmalı və ya tövbə etməlidirlər.

Əlbəttə, bizim söhbətimiz diplomatik müzakirə deyildi ki, bir tərəf nə desə, o biri də düzgünlüyünü təsdiqləsin, amma sonra yenə öz sözünü danışsın. Biz dostcasına qeyri-diplomatik bir söhbət edirdik. O tamamilə təsdiq edib dedi ki, mən bu sözü yüz faiz qəbul edir və sizin inqilabınızın təcrübəsinin uğurlu təcrübə olduğunu bilirəm, lakin Cənubi Afrika bunu edə bilməz. Səbəbi budur ki, sizin dininiz və inancınız vardı, şücaət və qüdrətlə xalqın bu inancından istifadə edib inqilabı qələbəyə çatdıran bir dini rəhbəriniz də tapıldı. Cənubi Afrika Respublikasında isə bu amilin yeri boşdur. Onun sözü çox düzgün idi. Dedi ki, orada xalqın elə etiqadı, inancı və sizin rəhbəriniz kimi bir rəhbəri yoxdur.

Demək istəyirəm ki, vəziyyətin bu müstəsnalığı dünyanın ən görkəmli adamları tərəfindən dərk olunur. Dünyanın görkəmli mütəfəkkirləri, yazıçıları, şairləri və siyasətçiləri də inqilaba və imama dair bütün vücudları ilə şeir dedilər, danışdılar, məqalə yazdılar, alqışladılar, təriflədilər. Əgər düzgün xarici şəxsiyyətlərin imama və inqilaba dair dediyi sözlər toplansa, bir neçə cild kitab olar. Lakin media - BBC və Amerika radioları sionistlərin və bizim bir qrup qatı düşmənimizin əlindədir. Bəllidir ki, onlar bu sözləri işıqlandırmırlar. Yalnız məcbur olanda zərurət qədərincə verirlər.

Dünyada inqilaba möhtəşəm alqış vardır. Bəzən biz təəccüb edirdik ki, Şimali Afrikanın siyasi xadimi və çox görkəmli ərəb şairi olan bir adam imam haqda, yaxud Tehranın mədhinə necə bir qəsidə yaza bilər? Bu necə zövq, məharət və maraqdır ki, sanballı, elmli, mətanətli və ağır bir insanı belə şeir deməyə vadar edir? Bütün bunlar bizim inqilabımızın xüsusiyyətlərindən irəli gəlir.

Bizim inqilabımız sözün həqiqi mənasında xalqın çiyni üzərindədir. Bizim hamımız buna şahid olmuşuq və bizim aramızda bu cəhətdən kimsə o birindən artıq məlumatlı deyil. İslam Respublikası da bununla yaşadı. İslam Respublikasının xalqla rabitəsi digər ölkə və hökumətlərdən tamamilə fərqlidir. Ölkənin birinci dərəcəli məmurlarının, prezidentin, nazirlərin və digərlərinin xalqla həmrəy olmasının əlaməti küçə və bazarda yol getmələri, məsələn ərzaq məhsullarını özlərinin alması deyil. Təbii ki, xalqın sevgisi, müraciəti, ehtiyacı və məhəbbəti qoymur. Belə şəxslərin vaxtının hər bir dəqiqəsi də mühüm işlərə sərf olunmalıdır. "Siz nə üçün saatlarla məsciddə oturmursunuz ki, insanlar gəlib sözlərini desinlər" - demək mənasızdır. Bu mümkün deyil. Xalqın məmurlarla əlaqəsi bu deyil.

Ölkənin cümə imamları ilə görüşdəki çıxışdan: 1990.

İslam inqilabı və dünyada İslam kimliyinin oyanışı

İslam Respublikasının yaranmasından öncə dünya müsəlmanlarına belə təlqin olunmuşdu ki, İslam onlara qüdrət və əzəmət bəxş etməyə qadir deyil və onlar xoşbəxtlikdən ötrü ya Qərb modelinə, Avropa və Amerika mədəniyyətinə müraciət etməli, ya da marksizmin puç və xəyali nəzəriyyələrinə üz tutmalıdırlar. Lakin İranda İslam inqilabının qələbəsinin, İslam Respublikasının yaranmasının və İslamın həyata keçməsinin İran xalqına bağışladığı başucalığı və əzəmət Qərb müstəmləkəçilərinin bütün nağıllarını puç etdi, İslamın bir xalqı zəiflik, tənbəllik və məzlumluq halından çıxarıb başucalığının, qorxmazlığın və özünəinamın zirvəsinə ucaltdığını, həm də onlara dünyanın maddi gücləri ilə mübarizə aparmağa qadir olan güclü bir quruluş bəxş etdiyini, müstəmləkəçiliyin və hegemonluğun zülmkar və təhqiredici güclərinin əlini kəsə bildiyini əməldə göstərdi. Beləliklə İslam Respublikası İslamın sayəsində beynəlxalq miqyasda güclü sosial dəstək qazandı və bu da öz növbəsində dünyanın bütün supergüclərinin müxalif olduğu İslam Respublikasının qüdrətini və toxunulmazlığını artırdı.

İran xalqı qlobal güclər üzərində yalnız İslam dünyasında qələbə çalmadı. Hətta qeyri-müsəlman ölkələrdə, partiya avtoritorizminin dəmir qəfəsinin, yaxud irqi zülmkarlığın müsəlmanlara öz müsəlmanlığını hiss etmək icazəsi belə verməyən ölkə və quruluşlarda da İslam kimliyinin mehi əsməyə başladı, yatmış imanlar oyandı və İslamın xoş sədası şeytanların yuxusunu pərişan etdi: "Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl bar gətirər"1. Deməli, ötən on ilin böyük dartışmalarının əsas qəhrəmanı İslamdır və bu, ölü canları oyadan, "Hökm kimindir?" - sualının cavabında dünyanın dörd bir tərəfindən "Bir olan, (qüdrətilə hər şeyə) qalib olan Allahındır!"2 deyiləcəyi günə zəmin yaradan İslam oyanışıdır.

Həzrət İmam Xomeyninin vəfatının birinci ildönümü münasibəti ilə müraciətdən: 1990.



İslam inqilabının digər islahatçıların işi ilə fərqləri

Dövrün böyük xilaskarı olan həzrət İmam Xomeyninin rəhbərlik etdiyi İran İslam hərəkatı əzəmətli peyğəmbər, son elçi, aləm və adəmin yaranışının zirvəsi olan həzrət Məhəmməd Mustafanın (s) yolu ilə gedərək tam bir inqilab şəklində ortaya çıxdı. İnqilabın xüsusiyyəti belədir ki, əgər düzgün və məntiqli təməl üzərində ucalsa, vulkan olub mühitin bütün sütunlarında zəlzələ yaradacaq, hər şeyi, hər yeri və hər kəsi öz istiliyi və şüası ilə təsirləndirəcək.

Ötən 150 ildə müxtəlif amillər səbəbindən qiyam etmiş, İslam dəvətini, İslamın dirçəlişini və təfəkkürünü bayraq etmiş mütəfəkkirlərin və müsəlman islahatçıların - məsələn Seyid Cəmaləddinin, Məhəmməd İqbalın və digərlərinin bütün dəyərli xidmətlərinə baxmayaraq, işlərində böyük bir nöqsan olmuşdur. Onlar İslam inqilabı etmək yerinə İslam dəvəti ilə kifayətlənmiş və müsəlman cəmiyyətlərini inqilabla yox, maarifləndirici fəaliyyətlərlə, yalnız qələm və dillə islah etməyə çalışmışlar. Bu üsul əlbəttə ki, bəyənilən və savabdır, lakin ondan tarixin əsas dönüşlərinin qurucuları olan ululəzm peyğəmbərlərin əməlinin nəticəsini gözləmək olmaz. Onların işi siyasi və mənəvi eyiblərdən uzaq durub düzgün olduğu təqdirdə bir inqilabi hərəkətə yalnız şərait yarada bilər, vəssalam. Buna görə də bu qrupun ixlaslı və böyük fəaliyyətlərinin heç zaman müsəlman xalqların əks istiqamətə və tənəzzülə doğru hərəkətini saxlaya bilmədiyi, onların söz və arzularının ah çəkib göz yaşı tökdükləri qüdrət və əzəməti müsəlmanlara qaytara bilmədiyi, hətta müsəlman xalqlarda İslam etiqadını və inancını gücləndirə, onlardan uyğun məqsədlərlə istifadə edə və yaxud İslamın coğrafiyasını genişləndirə bilmədiyi müşahidə olunur. Bu, Böyük İslam Peyğəmbərinin (s) üsulundan uzaqdır. Əzəmətli peyğəmbərin (s) besət və hicrət tarixini bir qədər bilən hər bir kəs üçün bu məsələ aydındır.

Həzrət İmam Xomeyninin vəfatının birinci ildönümü münasibəti ilə müraciətdən: 1990.



İslam inqilabının və İslamın yaranmasının müştərək cəhətləri

Bizim imamımız İslamın yenidən həyata qayıtması üçün eynilə əzəmətli Peyğəmbərin (s) getdiyi yolu - yəni inqilab yolunu getdi. İnqilabda əsas məsələ hərəkətdir - məqsədli, biçimli, daimi, yorulmaz, iman və ixlasla dolu hərəkət. İnqilabda deməklə, yazmaqla və izah etməklə kifayətlənilmir, qət etmək, səngər-səngər irəliləmək və özünü məqsədə çatdırmaq əsas işdir. Demək və yazmaq da həmin hərəkətin xidmətində durur və məqsədə çatana - yəni Allahın dininə hakimiyyət bəxş edənə və tağutun şeytan qüvvəsini məhv edənə qədər davam edir: "Onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur".1

İran İslam İnqilabında hamısı erkən İslam çağının İslam hərəkatında mövcud olan bir neçə mühüm xüsusiyyət vardı:

Birincisi siyasi məqsədlilik, yəni Allahın dininin hakimiyyətinə, idarəetmənin zülmkar və azğın şeytanların əlindən alınmasına və cəmiyyətin İslam dəyərlərinə əsaslanan siyasi hakimiyyətinin formalaşmasına qəti iradədir.

İkincisi budur ki, bu məqsədin həyata keçməsi üçün lazım olan insani qüvvə partiyalardan, siyasi qrup və təşkilatlardan yox, mömin, ayıq, qayğıkeş və fədakar kütlələrdən alındı, uzaqgörən rəhbər Allaha təvəkkül edəndən sonra yardımı xalqın tükənməz qüvvəsində axtardı, onbeşillik mübarizə sayəsində Allahın bəndələrindən ibarət Allah qoşunu yaradıb Onun yolunda hərəkətə başladı: "O (Allah) səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi".2

Üçüncüsü budur ki, ideal cəmiyyətin əsas xətləri – yəni ictimai ədaləti, siyasi müstəqilliyi, iqtisadi iqtidarı, elmi və əxlaqi inkişafı ehtiva edən İslam şəriətinin bərqərar olunması hamının gözü önündə həyata keçdi, cahil həyatın əsaslarının həqiqətən və hərtərəfli formada İslam əsaslarına çevrilməsi mənasında olan "nə şərqçi, nə qərbçi, İslam Respublikası" şüarı ortaya qoyuldu.

Dördüncüsü budur ki, saleh bəndə və müsəlmanlıq örnəyi olan müdrik və fəqih rəhbərin özü iman və əməldə bu hərəkətin avanqardı oldu. Onun ruhunu iman elə sarmışdı ki, əməl meydanında imansız və boş qəlblərə iman bəxş etdi, onun iman və ümid işığı məyusluq və imansızlığın qalın divarlarını söküb mübarizə və əməl mühitinə doldu: "Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə iman gətirmişdir"1.

Beşincisi budur ki, rəhbərin sədaqəti, səmimiliyi və sayıqlığı hər bir yayınmanı, düşmənlə barışığı, bazarlığı, məqsəddən yayınmağa səbəb olan hər bir şeyi imkansız etdi. İnqilabın məqsədlərə doğru gedən düzgün yolu möhkəm və təhrifdən uzaq qaldı.

İranda baş verən hadisə bu idi. Təqvası və əməlinin düzgünlüyü ilə ilahi yardımı və hidayəti cəlb edən rəhbər öz hərəkətinə başlayıb on beş il davamlı mübarizə və fəaliyyət nəticəsində xalqın böyük hissəsini tədricən İslam hökumətindən, İslam quruluşu yaratmaqdan və İslam hökmlərinin icrasından ibarət olan məqsəd uğrunda hərəkətə gətirdi, İrana hakim olan və ölkəmizin sərvətlərini talayan hegemon güclər tərəfindən himayə olunan azğın və asılı tağut hökumətini devirdi. O, qələbədən sonrakı on bir il ərzində təxribatdan, ədavətdən, xəyanətdən, hücumdan, embarqodan, hərbi hücumdan, informasiya ajiotajından və digər işlərdən ibarət olan mürəkkəb və misilsiz işlərlə əlbəyaxa oldu və bu tarixi savaşdan zəfərlə çıxdı. İmamın və ümmətin böyük səyinin məhsulu olan İslam Respublikası quruluşu indi hegemonlar qarşısında müqavimətdən və soyğunçulara ehtiyacsızlıqdan irəli gələn iqtidarın zirvəsində durur. Bu quruluş dost və düşmənin diqqətini özünə cəlb edib dünyanın bütün məzlum və əzabkeşlərinin qəlbinə hakim olmuşdur.

Həzrət İmam Xomeyninin vəfatının birinci ildönümü münasibəti ilə müraciətdən: 1990.



İnqilab - gözəl İslam ağacının meyvəsi

İslamın və müsəlmanların ümumi oyanışının bugünkü yüksəlişinin böyük sirri bu idi ki, bu hərəkətin mərkəzində, yəni müsəlman İranda gözəl İslam ağacından növbəti mübarək inqilab bitdi, onun məhsulu olan İslam Respublikası rəhbərin və xalqın İslam inancından ibarət möhkəm bünövrə ilə düzgün yolda və istiqamətdə qaldı, şeytanların vəsvəsəsi, qəzəb və kin xəncəri ona təsir etmədi, qüdrətli və başıuca məzlumluqla özünün nurlu çöhrəsini bütün dünyanın gözü önündə tutdu və özünün yaşaması, müqaviməti və möhkəmliyi ilə İslamın təbliğatçısı oldu.

Həzrət İmam Xomeyninin vəfatının birinci ildönümü münasibəti ilə müraciətdən: 1990.



Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin