Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı


İnqilabın qələbəsinin mübarizələrin mükafatı olması



Yüklə 3,55 Mb.
səhifə15/38
tarix24.05.2018
ölçüsü3,55 Mb.
#51380
1   ...   11   12   13   14   15   16   17   18   ...   38

İnqilabın qələbəsinin mübarizələrin mükafatı olması


İslam Respublikası quruluşu böyük bir ilahi hərəkətdir. Bu hərəkətin sahəsi ölkəmizin sərhədləri ilə məhdud olmur. Bu hərəkət hətta indiki dövrlə də məhdud olmur, möhtəşəm tarixi bir hərəkətdir. Digər nəsillər və bizim müasir müsəlman xalqlarımız bu hərəkətdən dərs götürməli, güc almalı və yollarını tapmalıdırlar.

Bu dönəm əzəmətli dönəmdir. İnsan bu məsələ haqda nə qədər dərindən düşünürsə, həqiqətən Allahın lütf və mərhəmətini daha aydın görür. Din, özü də İslam dininin hakimiyyətindən ibarət olan əzəmətli fenomen həmişə düşmənlərin dəqiq və planlı hədəfində olmuşdur. Xüsusən 200 il, yaxud daha artıq müddətdir ki, dünyada onun əleyhinə proqramlar hazırlayır, işlər görürlər. Bu şəraitdə bu məmləkətdə din hakimiyyəti quruldu və inkişaf etdi. Yəni dünya güclərinin həmişəkindən daha qüdrətli çağında, onların inhisarında olan bu texnologiya dövründə - dünya gücləri heç zaman bu qədər silahlı və bu qədər təzyiq vasitələrinə malik olmamışlar – İranda, uzun illər mədəniyyət və ruhiyyəsi üzərində mənfi iş aparılmış bir ölkədə İslam inqilabı qələbə çaldı. Bu, Allahın lütfündən və gizli qüdrət əlindən başqa bir şey deyildi; həm yaranması, həm inkişaf etməsi və bu günə qədər yaşaması. Bizim böyük imamımız buna dərindən inanırdı.

O bir dəfə buyurdu ki, mən inqilabın əvvəlindən bütün mərhələlərdə bir qüdrət əlinin bizə kömək etdiyini və bizi yönəltdiyini hiss etmişəm. Həqiqətən belədir. Əlbəttə, Allah-Taala bu qüdrət əlini təsadüfi, bəxtəbəxt və səbəbsiz göndərmir, mübarizə və fədakarlığın mükafatı kimi göndərir. Yəni tarixin qanunları pozulmamışdır və baş verənlər təsadüf deyildir. Xeyr! Baş verənlər dünya qanunlarına uyğundur, tanınmış maddi qayda-qanunlara isə uyğun deyil. Onda mənəvi element təsirli amil və əsas səbəbdir.

İndi bu tarixi missiyanın və möhtəşəm hadisənin önündə hegemonların İslam Respublikası quruluşuna qarşı güclü ədavət və düşmənliklərini görürük. Bu gün böyük güclərin inqilab və ölkəyə təhlükəsinin inqilabın əvvəllərindən az olduğunu fərz etməmiz mümkündür. Çünki bu gün İslam quruluşu kök atmışdır, onun haqq sözü dünyanın müxtəlif yerlərini dolaşmış və çoxlu tərəfdar toplamışdır. Daxildə də çoxlu işlər görülmüşdür, öz işinə hakimdir və oturuşmuşdur. Belə fərz etmək mümkündür, amma bu barədə qəti mühakimə yürütmək istəmirik. Bu gün təhlükə azdır, amma İslam düşmənlərinin inadkarlığı və ədavəti şübhəsiz, inqilabın əvvəlindən artıqdır.

Höccətül-İslam Hacı Seyid Əhməd Xomeyni və İran İslam Respublikası quruluşunun vəzifəli şəxsləri ilə görüşdəki çıxışdan: 1990.

Müdrik və bəsirətli imam

İmam sözün həqiqi mənasında bir həkim idi. Allah-Taala bu kişiyə həqiqi hikmət - “Həqiqətən, Loğmana hikmət verdik”1 - vermişdi. Onun həqiqətən bəsirəti vardı. Bizim bəzən diqqətlə baxdıqda belə görmədiyimiz çoxlu məsələləri o adi baxışla müşahidə edirdi. Onun sözləri belə bir qəlbdən və belə bir hikmətdən irəli gəlirdi.

Höccətül-İslam Hacı Seyid Əhməd Xomeyni və İran İslam Respublikası quruluşunun vəzifəli şəxsləri ilə görüşdəki çıxışdan: 1990.

Hamının inqilaba borclu olması

İnqilabın bizə borcu yoxdur; heç kimə borcu yoxdur: “Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: “Müsəlman olmanızla mənə minnət qoymayın! Xeyr, əgər (iman gətirdiyinizi) doğru deyirsinizsə, (bilin ki) sizi imana müvəffəq etməklə, əslində Allah sizin boynunuza minnət qoymuş olur!”1 Allah-Taala bizim bu inqilabın ön sıralarında durub hərəkət edə və işləyə bilməmiz üçün bizə yardım etdi. Bizlər bu inqilaba borcluyuq. Bu inqilabın bizə borcu yoxdur, amma dünya müsəlmanlarına və bizim xalqımıza borcu var. Hərçənd xoşbəxtlikdən, onlar da bu inqilaba qarşı tələbkarlıq hiss etmir və ozlərini inqilabın əsgəri bilirlər.

Höccətül-İslam Hacı Seyid Əhməd Xomeyni və İran İslam Respublikası quruluşunun vəzifəli şəxsləri ilə görüşdəki çıxışdan: 1990.

İslamın müstəmləkə yolunu bağlaması

İmamın bir şüar kimi irəli sürdüyü hövzə və universitet birliyi daha çox bizim cəmiyyətimizdə, yaxud bütün müsəlman cəmiyyətlərində mövcud olan acı həqiqətdən irəli gəlirdi. O acı həqiqət istismarçılığın birbaşa və hesablanmış şəkildə hazırladığı və işlədiyi plan idi. O həqiqət bu idi ki, istismarçılar özlərinin siyasi, iqtisadi, ictimai və mədəni işğal bağlarını hazırlayarkən bir əsas maneə ilə rastlaşdılar. O maneə xalqların dini etiqadı idi.

Əlbəttə, dini etiqadlar hər yerdə istismarçıların təcavüzlərinə mane olmur. Təhrif olunmuş, hansısa qüvvələrin əlinin məhsulu olan din təbii olaraq böyük güclərə qarşı çıxmır. İslam müstəmləkəçi dövlətlərin İslam ölkələrinə hərtərəfli və təcavüzkarcasına hücumuna qarşı çıxan bir dinin ən bariz və kamil nümunəsi idi. İstismarçılar öz araşdırmalarında bunu anladılar.

Çox eşitmisiniz, təkrarlamaq istəmirəm; Hindistanda bunu təcrübə etdilər, ərəb ölkələrində sınaqdan keçirdilər, İranda da yoxladılar. Harada xalqın dini vicdan duyğusu oyanmışdısa, müstəmləkə planları maneə ilə rastlaşırdı. Bir nümunə İranda tənbəki hadisəsi idi. Bir nümunə İranda Məşrutə hərəkatının əvvəlləri idi. Bir nümunəsi Hindistanda ingilislərə qarşı baş verən qanlı hadisələr idi. Bir nümunəsi on doqquzuncu əsrin ortalarında müsəlman əfqanlarla ingilislər arasındakı toqquşmalar idi. Bir nümunəsi Seyid Camalın Misirdə ingiltərəliləri qorxudan hərəkəti idi. Belə nümunələr çoxdur.

İngiltərənin ozamankı siyasi lordları və yüksək rütbəli məmurları təxminən bütün dünyanın siyasi planını cızırdı. Əslində onlar bütün dünyada işləyirdilər - Avstraliyadan tutmuş Mərkəzi Asiyaya, Hindistan yarımadasına, İrana, Orta Şərqə, Şimali Afrikaya və Amerikaya qədər. Bu kiçik ada dünyanın bütün ölkələrinə hökmranlıq edirdi.

Onlar bu nəticəyə gəldilər ki, nefti və qazı, ozamankı dünyanın gələcək enerjisini təmin etmək iqtidarında olan, təyyarələrin və indiki sürətli əlaqə vasitələrinin olmadığı dövrdə Şərqlə Qərb arasında strateji baxımdan həyati nöqtə hesab olunan bu həssas bölgədə mövqelərini möhkəmlətmək istəyirlərsə, İslam haqda düşünməyə və ona çarə qılmağa məcburdurlar. Xalqın dini vicdanının və İslam imanının ayıq olduğu təqdirdə onların planlarının həyata keçməsi imkansız idi.

Onların bu fikri düzgün idi və düz anlamışdılar. Onlar üçün əsas maneə İslamdan ibarət idi. Biz ingilisləri dedik, amma Avropanın digər ölkələri də təqsirsiz deyildilər, Fransa, İtaliya, Portuqaliya, Belçika da var idi. Amma o zaman dünyanın müxtəlif bölgələrində görülən işlərin hamısında əsas mərkəz İngiltərə idi. Siyasətdə və cəmiyyətlərin həyatında hər xalqın öz növbəsi var. Onda onların növbəsi idi, çapıb talayır və amansızlıqla mənimsəyirdilər.

Növbə İslam ölkələrinə çatdıqda bu fikrə düşdülər ki, bu ölkələrin inkişaf etməkdə olan nəsillərini dindən ayırmalıdırlar. Bu iş üçün iki yol keçilməli idi.

Hövzə və Universitetin Birliyi Günü münasibəti ilə elmi hövzə və universitet tələbələri ilə görüşdəki çıxışdan: 1990.

Dinlə mübarizədə müstəmləkənin seçdiyi üsul: əxlaqi tənəzzül

Biri cinsi məsələlərin yayılması və ona imkan yaradılması idi. İslam dini digər dinlərdən daha intizamlı və daha dəqiq olsa da, təkcə o yox, bütün dünya dinləri insanların cinsi özbaşınalığına qarşıdır. Dinlər bunun üçün qayda və hədd müəyyənləşdirib. Cinsi istəkləri məhdudlaşdırmadan insan ruhunun yetkinləşməsi mümkün deyil. İnsanın ehtirası heç bir sərhəd tanımasa, heyvan kimi olub insani tərəqqidən uzaq düşər. Buna görə də dinlər şəhvətpərəstliyə müxalifdir.

Hər bir cəmiyyətdə dinlərlə sadə və asan mübarizə yolu cinsi özbaşınalığa rəvac verilməsidir. İranda bu işə başladılar. Onun yollarından və bu sahədə görülən ən mühüm işlərdən biri hicabın qadağası idi. Başqa bir yol spirtli içkiləri yaymaq idi; onlar bu işi də gördülər. Başqa birisi qadınla kişi arasındakı əlaqə məhdudiyyətini sıradan çıxarmaq idi. Bu, sınaqdan keçirilmiş işlərdəndir. Yeni elmi cihazlar və sivilizasiyanın inkişafı, məsələn, kinoteatrlar, radio, televiziya və sair vasitələr də bu işləri cəmiyyətdə asanlıqla görmək imkanı verirdi. Bu sadalananlar hələ elm, savad, düşüncə və beyinə aid olmayan işlərdir.

Bəziləri səhvən elə düşünürlər ki, cinsi özbaşınalığa səbəb olan amil elm və bilikdir. Xeyr, elm və bilik ikinci məsələdir. Birinci məsələ yalnız mədəni məsələlər – düşüncə və elm fəsadının, ehtiraslı əməllərin yolunu açmaq və xalqın həyatını pozğunlaşdırmaq idi. Birinci iş bu idi və bunu etdilər. Buna görə də İranda, eləcə də digər ölkələrdə qərblilərin bu hücumu ilə yoldan çıxan ilk şəxslər savadlılar yox, əksər savadsızlar idi. İndi də belədir.

Zalım şah rejimi dövründə fəsada qərq olanların əksəriyyəti savadsızlar və cəmiyyətin orta təbəqəsi idi. Bəli, rifah təsirlidir, kömək edir. Rifah, israfçılıq və məişət imkanları onların istədiyi və planlaşdırdığı fəsada kömək göstərirdi. Bu bir məsələ idi.

Başqa bir məsələ elm və düşüncə məsələsi idi. Təbii ki, Avropanın nail olduğu elmi tərəqqilər cəlbedici idi. Bu yeni elmi düşüncələr İslam ölkələrinə daxil olarkən onlar bunu xalqı dindən uzaqlaşdırmağa, ürəklərdə olan din-iman işığını söndürməyə və dini vicdan ayıqlığını ortadan götürməyə vasitə etdilər. Buna görə də universitetləri əvvəldən etiqadsızlıq əsasında yaratdılar.

İlk dövrlərdə təhsil məqsədilə Avropaya gedən gənclərin hamısı antiislam təbliğatına tuş gəldilər. Qərb mədəniyyətinin ilk yetirmələrinin hamısını demirəm, amma əksəriyyəti dinə biganəlik və hətta ədavət hiss edən insanlar idilər. Əlbəttə, iradələrin zəifliyi, güclü və aktual dini təbliğatın olmaması da təsirli idi.

Universitetin, yəni günün elmi nailiyyətlərinə uyğun alim insanlar yetişdirən mərkəzin özülü dinsizliklə qoyuldu. Bu üsulu illərlə prinsipial şəkildə və diqqətlə davam etdirdilər. Yəni nəinki universitetlərdə din faktorunu zəiflətdilər, hətta onunla mübarizəyə də qalxdılar.

Bunlar dinə bir din olduğu üçün düşmən kəsilmirdilər. Məqsəd əvvəldə dediyim idi; yəni İslam ölkələrində hökmranlıq edə bilmək. Onlar bunun üçün idarəçilik və ölkə quruculuğu baxımından ölkənin gələcək sahiblərini dinə və məzhəbə etiqadsız yetişdirməyə və özlərinə işlətməyə məcbur idilər. Təəssüf ki, onlar buna böyük həddə nail olub universiteti yanlış bünövrə üzərində yaratdılar.

Əlbəttə, bizim xalqımız arasında İslam imanı və milli vicdan elə həddə idi ki, alimlərin və ali təhsillilərin bir qrupu sağlam qala bildi. Universitet təhsili görənlərin hamısını dinə, dini və ölkə maraqlarına biganə təqdim etmək olmaz; bu, düzgün iddia deyil. Lakin onlar bu toplumun içindən kimi yuxarı postlarda oturtmaq istəsəydilər, bu işi asanlıqla görür və özlərinə işlədirdilər. Buna görə də siyasi xadimlər, universitet məzunları və ölkə miqyasında həssas postlar üçün ehtiyac duyduqları şəxslər dinə tamamilə yad oldular. Rza xanın dövründə, yeni elmin və Avropa mədəniyyətinin İranda yayılmağa başladığı zaman yetişən nəsil əksərən etiqadsız nəsil idi.

Əlbəttə, sonradan vəziyyət dəyişdi. Çoxları dini inkişaf və məlumatlarla tanış oldular, qəlblərində hisslər oyandı, sağlam düşüncə və dindar ziyalılar peyda oldular. Şəhid Müfəttih, Şəhid Mütəhhəri, Şəhid Behişti və digər görkəmli şəxsiyyətlər və nüfuzlu ruhanilər universitetlərə yol tapdılar, təsir göstərdilər. Həmçinin bəzi universitet mənsubları din və məzhəb məsələləri ilə tanış oldular, onların istəyinin əksinə olaraq, bu yolda inkişaf etdilər.

İmam bu prosesi hamıdan yaxşı görür, məsələnin köklərini bilirdi. Pəhləvi hakimiyyəti dövründə onun nümunələrini müşahidə etmişdi. O, İran problemlərinin həlli, müstəqilliyin, “nə şərqçi, nə qərbçi” şüarının ölkədə yaşamasının yolunu yeni ziyalıların və ali təhsillilərin həqiqətən din və məzhəbə üz tutmasında, digər tərəfdən, həm də qeyd olunan amillər səbəbindən dünya hadisələrindən, elmi inkişaflardan, ölkənin mühüm hadisələrindən xəbərsiz qalan və bəzən qapalı düşünən ruhanilərimizin yeni məsələləri, elmi tərəqqiləri və dünyada baş verən hadisələri görmələrində, onlarla tanış olmalarında və yeni yolları sınaqdan keçirmələrində görürdü.

Hövzə və Universitetin Birliyi Günü münasibəti ilə elmi hövzə və universitet tələbələri ilə görüşdəki çıxışdan: 1990.

Peyğəmbərlərin məqsədi: saleh insan yetişdirmək

Bu bir həqiqətdir ki, bir inqilab üçün insan yetişdirmək hər şeydən önəmlidir. Əgər inqilab insan yetişdirməsə, heç bir iş görməmişdir. Bunun dəlili aydındır, yəni bu söz həqiqətən dəlil istəmir. Çünki saleh insan olmasa, dünya cansız, kor və qaranlıq bir yerə dönər. Quru aləmə can verən, dəyər, nur, məna və məzmun bəxş edən amil insandır: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”1. Canişin sözü Allahın insana verdiyi ləqəbdir. Bu canişini harada təyin etmişlər? Yerdə. Bu canişin olmadan yer nədir və onun nə dəyəri var?!

Bütün peyğəmbərlər və Allahın saleh bəndələri dünyada saleh insan yetişdirməyə, onu qorumağa, inkişaf etdirməyə və çoxaltmağa çalışmışlar. İslamın məqsədi də budur. Siz gördünüz ki, imam bir neçə il öncə buyurdu: "İslam inqilabının ən böyük zəfəri belə gənclər yetişdirməkdir". İmam bu sözləri təsadüfən qələmə almadı. Bunun çox güclü dini və ilahi əsası var. Həqiqətən ən böyük zəfər saleh insan yetişdirməkdir.

Yer üzünü fəlakət bürümüşdür. On ikinci imama dair ziyarətnamə və əsərlərdə belə deyilir: “zülmlə dolmuş yer”2. Yer tarixin bütün dövrlərində zülmlə dolmuşdur. O həzrət isə gəlib bütün yeri ədalətə qərq edəcək. Yer üzündə olan bu zülmlər nəyin nəticəsidir? Saleh insanın olmamasının, yaxud azlığının, qeyri-saleh insanların ağalığı və hökmranlığının.

Bu gün dünya nədən nalə çəkir? Cavabı aydındır. Bu gün dünya ayrıseçkilikdən, qəsdən yaradılan məhrumluqdan, insanın təhqirindən, dünyada xüsusi bir təbəqənin təkəbbür və qürurundan nalə çəkir. Bəşəriyyət bu acı hadisələrin təsiri altındadır. Beş min il öncə dünya nədən nalə çəkirdi? Təyyarənin olmamasından? Kompüterin olmamasından? Məgər kompüter kimi xoşbəxt edir? Beş min il öncə də dünya bu ayrıseçkiliklərdən, zülmlərdən, insaniyyətə qarşı təhqirdən və bədxah insanların bəşəriyyətin həyatına və taleyinə hökmranlığından nalə çəkirdi.

Dünyada ədalət və xalis din bərqərar olmayınca bəşəriyyət həmişə bunlardan nalə çəkəcək. Buna görə bəşəriyyət deyə bilməz ki, elektrik qatarı və reaktiv təyyarəm olmayanda bədbəxt idim, bu gün bunlar olduğuna görə isə xoşbəxtəm. Bu gün bəşəriyyət xoşbəxtdir? Bu gün dünyada məzlum insanlar əksəriyyəti təşkil etmirlər? Bu gün dünyada mütləq azlıqda olan azğın bir qrup insanların taleyinə hökmranlıq etmir? Bu sözlər tarixdə həmişə olub və bu, insanın dəyişməz xislətidir. İnsanın gövhəri həmişə eynidir və həmişə azğın bir cərəyanın qarşısında dayanmışdır.

Bizim inqilabımız saleh insan yetişdirmək üçün baş verdi. Saleh insanın rolu budur. Mənim əziz qardaşlarım! Bu inqilabı bu günə qədər saxlayan amil saleh insanların və bizim xalqımızın malik olduğu düzgünlük miqdarından ibarətdir. Biz xalqımız haqda mübaliğə etmirik. Bu gün düzgünlük çoxdur, hakimdir və düzgünlüyə sarı hərəkət proqramlaşdırılmışdır. Və sözsüz ki, mütləq düzgünlüyə qədər olduqca uzun məsafə vardır.

İslam inqilabı komitələrinin komandirləri və mühafizəçiləri ilə görüşdəki çıxışdan: 1990.



Təvəkkül dəryası

Düşünürəm ki, bizim böyük imamımızın ən mühüm xüsusiyyəti onun üçün qohumun, yadın, dostun və tanışın heç bir fərqə malik olmaması idi. Həqiqətən o bu qaranlıq və zülmət dünyada bir günəş kimi bir neçə gün işıq saçıb getdi ki, insanlar günəşin də olduğunu bilsinlər. İmamlardan və məsumlardan sonra biz onun kimisini tanımırıq. Əgər kimsə desə də, məncə insafsızlıq etmişdir. Bəşəriyyət anlamalı idi ki, ilahi xəzinədə bu gövhər vardır. O kişi vəzifəsinin nə olduğunu bilən kimi ona əməl edirdi. Dedi ki, əgər yalqız qalsam da, haqq yolu ilə gedəcəyəm. O bunu doğru deyirdi.

O, xalqa müraciət edib mübarizəyə başlayanda din alimləri, böyük şəxsiyyətlər və dəyərli insanlar arasında heç kəs xalqın onun arxasınca gedəcəyinə inanmırdı. Düzdür, imam xalqa inanır və gələcəklərini bilirdi, amma eyni zamanda Allaha təvəkkül dəryası olan bu insan deyirdi ki, mən vəzifəmə əməl edirəm, istər gəlsinlər, istər gəlməsinlər, önəmli deyil. Allah-Taalanın da belə bir qaydası var: “Kim Allah üçün çalışsa, Allah da onun üçün çalışar”1; “Kim özü ilə Allahın arasını düzəltsə, Allah onunla xalqın arasını düzəldər”2.

İslam inqilabı komitələrinin komandirləri və mühafizəçiləri ilə görüşdəki çıxışdan: 1990.



Şəfəq ongünlüyü və zülmün məhvi

Şəfəq ongünlüyü həqiqətən İran xalqının dönüş nöqtəsi və bizim tariximizin keçmişi gələcəkdən ayıran hissəsidir. Hamı bilir ki, keçmişdə bizdə eniş-yoxuşlar olmuşdur; başucalığımız olub, xarlığımız olub, hidayətimiz olub, azğınlığımız olub, amma heç vaxt, hətta İslamın bu ölkəyə gəldiyi dövrdə də, İslam mərkəzindən uzaq olduğuna görə, bu ölkədə sözün əsl mənasında İslam hökuməti yaradılmayıb. İslam fəthləri olub, İslamın böyük şəxsiyyətləri buraya gəliblər, daha böyük şəxsiyyətləri iranlıların özləri burada yetişdiriblər. İslam tarixinin dəyərli alimləri, böyük şəxsiyyətlər, İslam səmasının ulduzları burada doğulub yetişiblər. amma bu ölkədə həqiqi İslam quruluşu bərqərar olunmayıb.

Biz Əməvi və Abbasi hökumətlərini İslam quruluşu bilmirik. O hökumətlər də padşahlıq və şahənşahlıq quruluşudur, lakin başqa bir növdə və formada. Harun ər-Rəşidin, yaxud Əbdülməlikin və ya Hişamın hökumətinin Ərdəşir Derazdəstin hökuməti ilə nə fərqi var?! Adları müsəlman olduğuna görə yaxşıdırlarmı?! Məgər ad məsələni həll edir?! Bu ölkədə Sultan Mahmud Qəznəvi hökumətinin keçmişdəki zalım hökumətlərlə nə fərqi olmuşdur?! Hakimiyyət baxımından Qəznəvilərin Sasanilərlə nə fərqi var idi?! Fərq yalnız İslam cəmiyyətinə aiddir. İslam cəmiyyəti Sultan Mahmud Qəznəvini namaz qılmağa vadar edir. Buna görə, onun hökuməti sayəsində böyüyən şəxs də namaz qılan yetişir. Bunun Sultan Mahmudun şahlığına aidiyyəti yoxdur. Bu, İslamın mövcud həddinə görədir.

Bu ölkədə İslam hökumətindən və İslam Respubilkasından öncə hökumətlə xalq arasında olan əlaqələr həmişə qeyri-islami əlaqə, sultan və rəiyyət əlaqəsi, qalib və məğlub əlaqəsi olmuşdur. Buraya gəlib hökumət edən şəxslərin hamısı bu xalqa qələbə çaldıqlarını hiss etdilər; sonuncuları olan bu Rza xan və oğlundan tutmuş, birincilərə qədər hamısı. Qacarlar bu xalqa qələbə çalıb, özlərini fateh hiss etdilər, əvvəldən hökumətlərini fateh kimi qurdular. Onlardan öncə Zəndilər, Əfşarilər və Səfəvilər qalib omuşdular.

Əgər bu şəkildə geriyə qayıtsanız, pulla, güclə, qəbiləçiliklə, quldurluqla, pəhləvanlıqla və müxtəlif vasitələrlə bu xalqa qələbə çalan, onları öz boyunduruğu altına salan müxtəlif sülalələr görəcəksiniz. Buna görə həmişə xalqla əlaqələri “biz buyurduq” olmuşdur. "Mən xalqa deyirəm", "mən xalqın xidmətçisiyəm" sözlərini imam deyirdi; bu, İslam Respubilkasına, İslama və bizim imamımıza aiddir. Ondan öncə isə “biz əmr buyururuq” və “biz belə buyurduq” olmuşdur.

Əlaqəni bu sözlərdən anlamaq olar. Əlaqə bir hakim, fateh, qalib, ixtiyar və qüdrət sahibinin əlaqəsi idi. Şahlığı da ya qılıncla əldə etmişdilər, ya atalarından irs aparmışdılar. Buna görə heç kəsin minnəti altında da deyildilər, "sultan oğlu sultan" yazırdılar. Deyirdilər ki, mənim padşahlığımın heç kimə dəxli yoxdur, mən irs aparmışam; fərz edin atasından bir mis aftabanı irs aparan bir şəxs kimi. Bu ona məxsusdur. Kimsə deyə bilərmi bu mis aftaba səndə haradandır. Bu ona irs çatmışdır. Bu da şahlığı irs aparmışdır. Bu həmin mis aftaba kimi onun şəxsi mülküdür, heç kəsin ona müdaxilə etməyə haqqı yoxdur: sultan oğlu sultan! Bunlar diqqətəlayiq məqamlardır.

Hökuməti qılıncla qazanan padşah da Allaha bəndəlik etmirdi; misal üçün, Nadir şah, Ağa Məhəməd xan, yaxud Rza xanın özü. Bunlar zorla və güclə hakimiyyətə yiyələndilər. Əlbəttə, Rza xan öz xəncəri sayəsində gəlməmişdi. O, Britaniya dövlətinin xəncəri sayəsində hökuməti ələ keçirmişdi.

Şəfəq ongünlüyü bu yanlış üsula, nöqsanlı sistemə və qaydaya son qoydu. Daha hökumətin qalib, fateh, ağa, hakim və ixtiyar sahibi olmaq dövrü bitdi. Əgər ağa varsa, xalqın özüdür. İmam iş başına gəldikdə xalq onu qəbul edirdi və o, xalqın gücünü təmsil edirdi, özündən bir şeyi yox idi, atasından irs aparmamışdı, xəncəri ilə xalqın əleyhinə vuruşub bir şey əldə etməmişdi. Xalqın xəncəri onun əlində idi və onu xalqın düşməninin, işğalçının, müstəmləkəçinin, təxribatçının və çevriliş edənin başına vurdu. Xalq nə zaman xəncəri onun əlindən almaq istəsəydi, ala bilərdi, o da hörmətlə təqdim edərdi, heç kəsdən bir şey tələb etməzdi. Baxın, bu, İslam Respubilkası hökumətinin qaydasıdır. Bu faydalar, bu mühüm yerdəyişmə və bu xətt dəyişikliyi şəfəq ongünülyündə baş vermişdir. Bu tarixi an mühüm andır.

İslam Təbliğatı Komitəsinin Əlaqələndirmə şurasının üzvləri və şəfəq ongünlüyü tədbirlərinin təşkilat komitəsinin məsul işçiləri ilə görüşdəki çıxışdan: 1991.



Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin