Milli sərvətlərə uzanan əcnəbi əllərini kəsmək
Növbəti məqam inqilabın funksiyası barədədir. İnqilab xalqın gücü və iradəsi ilə, tamamilə xalqın səmimi hisslərinə dayanan və xalq tərəfindən eşq bəslənən rəhbər, yaxud rəhbərlərlə qələbə çaldı. İndi bu inqilab nə iş görmək istəyir? Cavab budur: Belə bir inqilabın görəcəyi birinci iş tarix boyu bu ölkəyə əl uzadan əcnəbilərin zalım imtiyazlarını ləğv etməkdir. Bu təbii haldır. Hər bir vətənpərvər insan misal üçün, İngiltərə dövlətinin gəlib İran neftini taladığını görsə, narazı və narahat olar. Bu məlum məsələdir.
İslam Şurası Məclisinin deputatları ilk iki-üç mərhələdə həqiqətən deputat idilər və xalq tərəfindən seçilirdilər. O zaman hələ Rza şah parlamenti ələ keçirməmişdi. Həmin vaxt onlar və bir çox dövlət məmurları əcnəbilərə imtiyaz verməyə qarşı çıxırdılar. Həqiqətən vətənpərvər şəxsiyyətlər imtiyaz vermək istəmir, amma eyni zamanda buna qarşı çıxmağa cürət də etmirdilər. Nə üçün cürətləri yox idi? Çünki xalq arxalarında durmurdu və sosial dayaqdan məhrum idilər. Hansı Baş nazirin sözündə xaricilərin maraqları ilə azca ziddiyyət sezilirdisə, işdən kənarlaşdırırdılar. Əgər bir dövlət məmuru gəlib narahatlığını ifadə etsə və xarici imtiyazlara etiraz duyulan bir söz desəydi, tez vəzifədən kənarlaşdırılırdı. Əgər kimsə mərhum Müdərris kimi möhkəm və cəsarətli olsaydı, döyür, həbs edir, sürgün edir, sonra da Rza xan kimi bir quldurun əli ilə ramazan ayında oruc halda şəhid edirdilər. Müdərris kimi cəsarəti və imanı olmayan şəxslər bir kəlmə danışan kimi xarici ərbablarının sərt baxışları ilə rastlaşır və tez sakit olurdular. Buna görə də İranda xaricilərin imtiyazları günbəgün artdı.
Ramazan ayının üçündə Tehranın cümə namazı xütbələrindən: 1995.
Nefti talamaq üçün müstəmləkəçilərin planı
Cənablar və xanımlar! Ölkənin hər hansı bir yerində olan əziz qardaş və bacılar! Bu məmləkətdə neft adlı bir sərvət kəşf olundu. Neftin kəşfi xalqın xəzinə tapması deməkdir. Bu məmləkətdə bu xəzinə tapılan kimi bir qrup xarici və əsasən də ingilis - bu işin günahkarı ingilislərdir - İrana gəlib onun başında oturdular. Uzun illər onu çıxarıb yedilər, heç üz də vurmadılar ki, bu, İran xalqının sərvətini mənimsəməkdir. Bu dərd deyil?! Neft məsələsi İran xalqının həqiqətən çox dərdli məsələlərindən biridir və hələ də tam açılmamışdır.
Qacarlar zamanı ingilislər İrana gəlib məmləkətin neftini aparmaq üçün ozamankı xain hakimlərlə altmışillik müqavilə bağladılar. Güman ki, birinci Darsi müqaviləsi1 altmışillik bir müqavilə idi. Altmışillik bir müqavilə bağlandı ki, İngiltərə gəlib o zaman su kimi ehtiyac duyduğu nefti aparsın. Neft İngiltərə üçün həqiqətən ən dəyərli məhsul sayılırdı. Onlar müstəmləkəçiliklə məşğul olur və ölkələri tuturdular. Buna görə də pula ehtiyacları vardı. Pul zavodların işləməsi ilə əldə olunur, zavodlar isə neftlə işləyirdi. İngiltərə İrana gəlib bu məmləkətin dəyərli və qiymətli neftini sudan ucuz qiymətə alıb aparırdı. Əgər neftin yerinə barellərə su töküb aparsaydılar, bəlkə də onlar üçün daha baha başa gələrdi.
Altmışillik müqavilənin bağlanmasından çox keçmədən Rza xanı iş başına gətirdilər. Qacarların zəif hökumətinin sonları idi və ingilislər elə bir adam istəyirdilər ki, İranın müxtəlif yerlərində baş qaldıran qolçomaqları məhv edə bilsin. Öz maraqlarının təhdid olunmaması üçün onların özlərinə tabe olan bir quldura ehtiyacları vardı.
Bəli, Rza xanı tapdılar, yetişdirdilər və lazım olan yerə çatdırdılar. O əvvəlcə ordu generalı, sonra Baş nazir, daha sonra isə padşah və İranın başçısı oldu. Rza xanın ingilislər tərəfindən hakimiyyətə gətirilməsindən bir neçə il sonra o, neftdən ötrü daha çox pul almaq fikrinə düşdü. Təbii ki, muzdurluğu öz yerində qalırdı. Hər halda, hər bir nökər bəzən ərbabından bir qədər artıq pul almaq fikrinə düşür. Onun quldur xisləti hələ otuz ili qalan Darsi müqaviləsi ilə quldurcasına rəftar etməsinə səbəb oldu. Dövlət şurasının iclasına daxil oldu, Darsi müqaviləsini sobaya atıb yandırdı. Ona bu müqavilənin müddətinin otuz ildən sonra bitəcəyini xatırladanda dedi: “Bu necə müqavilədir?! Neftdən ötrü bizə çox pul verməlidirlər”. O zaman qarşı tərəf kim idi? Bir İngiltərə şirkəti. Rza xan Darsi müqaviləsinə belə münasibət göstərən kimi İngiltərə hökuməti işə qoşulub haray-həşir salmağa başladı. Nəhayət ingilislər Rza xanı elə rəzil etdilər ki, sonuna otuz il qalan həmin müqaviləni daha altmış il müddətinə uzatdılar. Yəni ingilislərlə başqa bir müqavilə imzaladı.
İngilislər Qacar dövründən Rza xanın hakimiyyətinin sonuna qədər İran neftini belə taladılar. Sonra Müsəddiqin dövrü çatdı və neft sənayesinin milliləşdirilməsi haqda söhbətlər başlandı. İngilislər yenidən gəldilər, amma bu dəfə daha yalqız deyildilər, amerikalılar da yanlarında idi. Amerikalılar 1953-cü ildən bu işə qoşuldular.
Mən deyirəm: Əgər İran xalqı İngiltərə dövlətinə qarşı nifrətini qəlbindən çıxarmamışsa və çıxarmırsa, buna haqlıdır və hər bir ağıllı insan İran xalqına haqq verər. İngilislərin İran xalqına qarşı gördükləri iş və bu xalqın başına açdıqları bəla heç vaxt xatirələrdən silinməyəcək. Bu gün dünyanın bir küncündə oturub İran xalqının və hökumətinin əleyhinə qərəzli və mənasız sözlər danışan bu şəxslər zalım dövlətlərinin İran xalqına nə etdiyini yaddan çıxarmışlar.
Əlbəttə, Allah-Taala başlarını daşa vurdu və qüdrətlərini aldı. Bu gün ingilislərin dünyada nə hörməti var, nə də elə bir qüdrəti. Amerikalılar İranda açıq şəraitin olduğunu və ingilislərin təklikdə onu idarə etməyə qadir olmadığını görən kimi işə qoşuldular.
1953-cü ildən İslam inqilabının qələbəsinə qədər İngiltərə və Amerika neft quyularının və əslində İranın neft xəzinəsinin başında oturub bacardıqları qədər apardılar. İran xalqı bunlarla necə barışsın?! Pəhləvi rejimi İngiltərə və Amerikanın muzduru idi. Məhəmmədrza həqiqətən İranda bir Amerika məmuru kimi rəftar edirdi. Asılı rejimin başında duran bir Amerika muzdurunun vəzifəsi yalnız bu idi ki, "filan Baş naziri təyin et" və "filan Baş naziri işdən çıxart" deyəndə əməl etsin. Onlar nə istəyirdilərsə, edirdilər. Əgər nə zamansa onun özü bir Baş naziri kənarlaşdırmaq istəsəydi və amerikalılar razı olmasaydılar, Amerikaya gedib onu-bunu görür və filan Baş naziri işdən çıxarmaq üçün icazə alırdı. Vəziyyət belə idi. Amerika və İngiltərənin Tehrandakı səfirləri bu məmləkətin əsas siyasətini təyin edirdilər.
İndi bilirsiniz ki, amerikalılar nə üçün qəzəblidirlər? İndi bilirsiniz ki, Amerikanın bugünkü dövlət rəsmiləri, xüsusən də çirkin və nifrət oyadan Xarici işlər naziri dünyanı gəzib orada-burada “biz İran dövlətinə təzyiq göstərib siyasətlərini dəyişdirməsini istəyirik” dedikdə bu siyasətlər nədən ibarətdir?
Bir zaman İranın şahı - İranda şah titulunu daşıyan o bədbəxt insan İngiltərə və Amerikanın Tehrandakı səfirlərinin sözünü dinləyirdi, bu ölkənin mühüm məsələlərinə dair nə desəydilər, yerinə yetirirdi. Amma bu gün İranda elə quruluş və hökumətlə üz-üzə gəlmişlər ki, ölkənin əsaslı məsələlərinin yüzündən biri də Amerikanın istəyinə uyğun həyata keçmir. Elə bir quruluşla qarşılaşmışlar ki, yaranan gündən birinci işi bunların imtiyazlarını ləğv etmək olmuşdur. İslam inqilabının gördüyü birinci iş Amerika və İngiltərənin İrandakı imtiyazlarını ləğv etmək oldu. Bu da inqilaba dair başqa bir məsələdir.
Diqqət yetirin! Qeyd etdiyimiz ikinci məsələ bu oldu ki, bu inqilab xalqa arxalandığından iş başına gətirdiyi quruluş da xalq quruluşudur. Bu inqilabın rəhbəri xalq tərəfindən sevildiyindən və xalq onun arxasınca hərəkət etdiyindən xarici imtiyazları ləğv etmək üçün zaman gözləmədi və dərhal icra etdi.
Ramazan ayının üçündə Tehranın cümə namazı xütbələrindən: 1995.
İnqilab dalğasının orduya çatması
İnqilabın dalğası hər yeri bürüyəndə digər insanlar kimi ordu mənsublarının da qəlbinin döyünməsi təbiidir. Digər təbəqələr kimi orduda da insanlar iki növ idilər: bəziləri daha imanlı, daha xeyirxah və daha hazırlıqlı idilər, bəziləri isə bir qədər zəif. Onların bəzisi ön sıralarda hərəkata və inqilaba dəstəklərini elan etdilər, küçələrə çıxdılar, aşkar, yaxud məxfi şəkildə mövqe bildirdilər. Ordu geyimində inqilaba iman gətirməyənlər tağut Pəhləvi rejiminə ürəkdən muzdur olanlar, onlarınkı və onlara məxsus olanlar idilər. Məlum idi ki, belə şəxslər İslama, ilahi və milli amallara heç zaman təslim olmayacaqlar.
İran İslam Respublikası ordusunun zabitləri ilə görüşdəki çıxışdan: 1995.
İnqilabın daxili və xarici sahələrdə inkişafı
Böyük İmamın rəhbərlik etdiyi, ərsəyə gətirdiyi və ardınca mühüm nəticə olan İslam Respublikasını yaratdığı Böyük İslam İnqilabı iki cəhətə malikdir: biri daxili və iranlı cəhəti, digəri isə qlobal, beynəlxalq, islami və insani cəhətidir. İnqilabın hər iki cəhəti böyük əhəmiyyətə malikdir. Biz hər iki cəhətdə öz istedadlarımız, o böyük insanın rəhbərliyi və siz əziz xalqın mübarizəsi sayəsində çoxlu nailiyyətlər qazandıq. Mən bu gün Böyük İmamın vəfatının ildönümü münasibəti ilə dövrümüzün bu misilsiz rəhbərinin məqbərəsi önündə elan edirəm ki, inqilab yenə də hər iki sahədə inkişaf edir və öz istiqamətində qalır.
Birinci sahə ölkəyə və İran xalqına aiddir. İnqilabın birinci məqsədi bu idi ki, ölkə daxilində asılı olmayan, müstəqil bir quruluş yaratsın. Asılılıq bir ölkə və xalq üçün böyük bəladır, digər bəlalar da ondan törəyir. Xarici bir qüvvədən asılı olan xalqın faydaları, istedadları, böyük insani və maddi sərvətləri həmin xarici qüvvənin istəyi istiqamətində sərf olunur, xalqın xeyri yolunda yox. Bu xalqları sevən, onlara ürək yandıran insanlar və şəxsiyyətlər ya təcrid olunurlar, ya asılı quruluş və rejim tərəfindən məhv edilirlər. Nefti, qazı və digər yeraltı sərvətləri çıxarılsa, asılı olduğu qüvvənin xeyrinə və marağına sərf olunur. Dostluğu, düşmənliyi və beynəlxalq mövqeyi asılı olduğu qüvvənin meyli və istəyinə tabe olur. Məzhəbi, əxlaqı, mədəniyyəti və ənənələri həmin xarici qüvvənin istədiyi, seçdiyi və müəyyən etdiyi formada olur, öz meyli, xalqının imanı, iradəsi, istəyi və fikri diqqətdən kənarda qalır. Odur ki, asılı bir quruluşda xalq və mütəfəkkir beyinlər heç bir təsirə malik olmurlar. Asılı ölkənin həqiqi idarəsi öz hökumətinin yox, əslində asılı olduğu dövlətin əlində olur.
Həzrət İmam Xomeynin vəfatının ildönümü mərasimində çıxışdan: 1995.
Pəhləvi rejiminin rəzalətli asılılığına nümunələr
Bir xalq üçün bundan böyük bədbəxtlik ola bilməz. Bütün milli bəlaların anası asılılıqdır. Əziz bacılar və qardaşlar! İran ölkəsi İslam inqilabının qələbəsindən qabaq asılı bir ölkə idi. Bu asılılıq, xüsusən mənfur və azğın Pəhləvi rejiminin iş başında olduğu əlli ildən artıq müddətdə pik həddinə çatmışdı.
Mən iki-üç aydın nümunəni söyləmək istəyirəm. Qoy bəlli olsun ki, inqilabın daxili və iranlı cəhəti bu xalqa necə əzəmət vermiş və necə böyük iş görmüşdür. İngilislər İranda Rza xanı iş başına gətirib, şah etdilər. Bu, Rza xanın müxaliflərinin dediyi söz deyil, o rejimə bağlı olanların özləri və bütün bitərəf tarixçilər bu sözü açıq söyləmiş və etiraf etmişlər. İngilislərin özləri də Rza xanı apardılar. Onlar onun şahlığı əsnasında o zaman İkinci dünya müharibəsində bəzi uğurlar əldə etmiş Almaniyaya meyl göstərdiyini hiss etdilər. Rza xan xaraktercə Hitlerə bənzədiyindən, onu sevirdi. İngilislər bunu duydular, buna dözmədilər və Rza xanı ortadan götürdülər. İngilislər sonra Məhəmmədrzanı hakimiyyətə gətirdilər. Onların özləri də bunu etiraf etmişlər və bu, qəti məsələlərdəndir.
Mən Məhəmmədrzaya bağlı şəxslərin birindən bir söz danışıram. Siz görün bu asılılıq necə alçaldıcı və xaredici səviyyədə olmuşdur. Rza xanın İrandan getməsindən az sonra və hələ İranda kimin şah olacağı tam bəlli olmayan dövrdə İngiltərənin Tehrandakı səfiri Məhəmmədrza tərəfindən ona müraciət edən şəxsə deyir ki, bizdə olan məlumata görə Məhəmmədrza Berlin radiosunu dinləyir, xəritə üzərində Almaniyanın irəliləyişlərinə baxır, buna görə biz ona etimad etmirik. Həmin şəxs xəbəri Məhəmmədrzaya çatdırır, o da Berlin radiosunu dinləməyə son qoyur. Sonra İngiltərənin səfiri deyir ki, daha eybi yoxdur, onu şah etmək olar. Rejimin və dövlətin başında elə bir şəxs durur ki, əcnəbi səfirliyinə bu həddə bağlıdır. Onlar bunun şahlığı üçün belə alçaldıcı şərtlər qoyurlar, o da qəbul və əməl edir ki, onu şah etsinlər. Belə bir rejimin sərhədlər xaricindən və xarici qüvvələrdən nə qədər asılı olacağı bəlli məsələdir.
Mənfur Pəhləvi rejiminin sonlarında bunların dostları olmuş bəzi şəxslərin xatirələri də bunu təsdiq edir. İnqilab ərəfəsində Amerikanın və hətta o zaman daha qlobal güc sayılmayan İngiltərənin səfirləri Məhəmmədrzanın vəziyyətini, taleyini və verməli olduğu qərarı təyin edirdilər. Ona müraciət edib deyirdilər ki, bu işi görməlisən, bu hərəkəti etməlisən. Fikirlərini deyirdilər və o da qəbul edirdi. Bu 50 ildə həmişə belə olmuşdur. Neft müqaviləsini Rza xanla 60 il müddətə qədər artırdılar. Hökumətləri adları ilə müəyyən edirdilər ki, filankəs hökumətin başında olmalıdır. Görün bu 50 il boyunca bu böyük xalqa nə qədər hörmətsizlik olunmuşdur.
İnqilab bu qədər asılı olan rejimi kökündən qoparıb tulladı. İnqilab üçün birinci əhəmiyyətli məsələ budur ki, ölkəyə xarici qüvvələrə göz dikməyən quruluş və şəxslər hakim olsunlar. Bu, inqilabın birinci cəhətidir. Öz ayağı üstə dayanan, müstəqil olan, asılı olmayan və digər qüvvələrə etina etməyən bir quruluş üçün milli maraqlar mühüm olur. Belə bir quruluş iş başındadırsa, ölkənin dövlət adamları və başçıları belə şəxslərdirsə, bəllidir ki, bütün qərar, hərəkət və mövqelərdə nəzərə alınan məsələ xalqın xeyrindən, marağından və istəyindən ibarətdir. Bu ölkə və xalq üçün lazım olan məsələlər bu gün inqilabın və İslam Respubilkası quruluşunun düşmənlərinin və müxaliflərinin narahat və nigaran olduğu məsələlərdir.
Həzrət İmam Xomeynin vəfatının ildönümü mərasimində çıxışdan: 1995.
İranın əcnəbilərin istismarından xilası
Əziz İran xalqı! Böyük güclərin ölkələri asılı etməyə çalışması tarixi məsələ deyil, günümüzə və indiyə aiddir. Bu günlərdə də dünyanın böyük gücləri digər ölkələrə təsirlərini artırmağa, onları özlərindən asılı etməyə çalışırlar. Bu gün böyük güclər üçün ölkələrin dost və düşmən olmasına meyar budur. Buna görə böyük güc olan Amerika dünyaya hökmranlıq etmək istəyir. Bəzi amerikalılar deyirlər ki, Amerika rejimi digər ölkələrin daxili işlərinə çox qarışır. Amerikanın prezidenti bir neçə gün bundan öncə bir çıxışında açıq şəkildə onlara cavab verdi ki, biz Amerikanın maraqlarından ötrü digər ölkələrin daxili işlərinə müdaxilə edirik.
Onlar üçün əhəmiyyət kəsb edən öz ölkələrinin marağıdır, ondan ötrü digər ölkələrin daxili işlərinə də qarışır və özlərini buna haqlı bilirlər. Bu qanunsuz istəyin qarşısında dayanan müsəlman İran ölkəsi və İslam Respublikası quruluşu onlara görə düşmən sayılır. Onların sözü və dəlili budur: “Bunlar Amerikanın maraqlarına müxalifdirlər”. Beynəlxalq çıxışlarda bunu təkrar edirlər ki, İran İslam Respublikası Amerikanın maraqlarına qarşı çıxır. Əgər siz öz maraqlarınızı Amerikanın daxilində məhdud etsəniz, bizim sizinlə nə işimiz olar?! Əgər siz İranın və digər ölkələrin daxili işlərinə qarışmasanız, bizim sizinlə işimiz olmaz. Amma siz tamahkarsınız, Avropa dövlətlərinin on doqquzuncu əsrdə dünyanın dörd bir tərəfində gördüyü işi –müstəmləkəçiliyi davam etdirirsiniz. On doqquzuncu əsrdə Avropa dövlətləri dünyanın hər tərəfində müstəmləkəyə başladılar. Haranı bacardılarsa, müstəmləkəyə çevirdilər, kiçik ölkələri zəbt etdilər. Bəzi ölkələr bilavasitə müstəmləkələşdirildi; məsələn Hindistan belə oldu. Bəzi ölkələr isə qanunsuz müdaxilələrlə zahirən yerli, lakin əslində İngiltərə dövlətinə bağlı olan milli hökumətlərin hakimiyyətə gəlməsi ilə müstəmləkəyə çevrildi.
İyirminci əsrin ortalarında hər ikisi Avropada baş verən iki dünya müharibəsi səbəbindən Avropa dövlətləri zəiflədi, xalqlar oyandı və ayağa qalxdı. Müstəmləkəyə çevrilmiş xalqlar biri o birindən sonra özünü müstəmləkədən xilas etdi. Bu zaman Qərb ziyalıları müstəmləkəni məzəmmət edən sözlər danışmağa və yazmağa başladılar. Müstəmləkəçiliyin kəskin şəkildə məzəmmət olunduğu yerlərin biri Amerika Birləşmiş Ştatları idi; çünki o zamana qədər müstəmləkə imkanı əldə etməmişdi. Avropa ölkələri müstəmləkəçilikdə Amerikadan öndə gedirdilər. O zaman amerikalılar müstəmləkəçiliyi pisləyirdilər. Tədricən xalqlar özlərini azad etdilər və müstəqil dövlətlər vücuda gəldi. Bu gün Amerika dövlətinin apardığı işlər əslində və məzmunca müstəmləkəçilərin 19-cu əsrdə və 20-ci əsrin əvvəllərində gördüyü işlərdir. O gün də Avropa dövlətlərinin sözü bu idi ki, bu ölkələrdəki həyat qaynaqlarına bizim ehtiyacımız var, deməli, daxil olub istismar etməliyik. Onlar kiçik və zəif ölkələri təhqir etdilər. Bu gün də Amerika öz maraqlarına görə bu işi görür. Başqa bir xalqın maraqlarının ziddinə təmin olunan maraqlar qeyri-qanuni maraqlardır.
Həzrət İmam Xomeynin vəfatının ildönümü mərasimində çıxışdan: 1995.
İnqilabın sözünün dünyaya yayılması
İslam inqilabının daha böyük bir əhatə dairəsi var və o, bütün bəşəriyyət, özəlliklə İslam ümməti və müsəlman xalqlardır. Bu böyük dairədə hegemonluğun təbliğatçıları hamıya inandırmağa çalışırlar ki, İran digər ölkələrin daxili işlərinə qarışır. Lakin biz heç zaman ölkələrin daxili işlərinə müdaxilə etmirik. Belə bir niyyətimiz yoxdur və buna ehtiyac da görmürük. Biz müstəqil və inkişaf etmiş bir ölkə, güclü, şücaətli və qabaqcıl bir xalq olmaqdan ötrü digər xalqların işlərinə müdaxilə etməyə lüzum görmürük. Bizim xalqımız mübariz xalqdır, lakin onun mübarizliyi zülm, ayrıseçkilik və zorakılıq əleyhinədir. Bu mübarizlik heç zaman digər ölkələrin daxili işlərinə müdaxiləyə yönəlmir. Buna əsasən, biz “İnqilabın beynəlxalq və qlobal bir etibarı var” dedikdə mənası bu deyil ki, inqilab digər ölkə və xalqların işinə müdaxilə edir. İnqilabın məntiqli bir sözü və aydın yolu vardır. Bu aydın yol xalqların gözü önündədir, xalqlar onu görürlər. Əgər xoşları gəlsə, qəbul edər və o yolla gedərlər. Biz digər xalqları heç nəyə məcbur etmirik. Lakin reallıq budur ki, xalqlar bu aydın yolu görmüş və tanımışlar. Və bu yolu seçmiş xalqların sayı az deyil.
Həzrət İmam Xomeynin vəfatının ildönümü mərasimində çıxışdan: 1995.
İnqilabın qlobal mesajları
1. Mənəviyyat
İnqilabın qlobal və beynəlxalq cəhəti dünya miqyasında mənəviyyat mesajından ibarətdir. Dünya maddiyyata qərq olmuşdur. Maddi şəbəkələr bir-iki əsr öncədən dünyanı materializmə sövq etmiş, xalqları maddiyyat bataqlığına salmışlar. Bu gün dünyanın getdiyi, böyük güclərin və dövlətlərin proqnoz verdiyi yolda nəinki heç bir mənəvi cəhət yoxdur, hətta dünya materializmə doğru gedir və insanları mənəviyyatdan uzaqlaşdırır. Bir çox ölkələrdə gənc nəslin təngə gəlməsinin, intiharların artmasının, ailələrin dağılmasının və gənclərin sərgərdan qalmasının səbəbi mənəviyyat boşluğudur. Mənəviyyat insan ruhunun qidasıdır. Mənəviyyat olmadan insan uzun müddət rahat yaşaya bilməz. Harada maddi elm və sivilizasiya çoxdursa, gərginlik də çoxdur. Bu, qlobal güclərin mənəviyyatı dünya xalqlarının həyatından çıxardığına görədir. İslam inqilabının mesajı mənəviyyat, əxlaq, Allaha diqqət və bu faktorları insanların həyatına daxil etməkdir. İnqilabın və imamın adı və mesajı haraya çatmışsa, özü ilə mənəviyyat da aparmışdır. Hətta İslam inqilabına xoş münasibət bəsləyən, ondan dərs alan və istifadə edən məsihi və qeyri-müsəlman cəmiyyətlərin bəzisində də mənəviyyat elementini müşahidə edə bilərsiniz. Bizim böyük İslam inqilabımızın ayağı mənəviyyat daşıyıcısıdır. Bu mənəviyyat bu inqilabın və bu mənəvi imamın - özü böyük arif, müctəhid, dinşünas və gecələrin abidi olan, gecə yarısı Allahla raz-niyaz edən rəhbərin ilk mesajıdır.
2. Ədalət
İnqilabın digər sözü ədalətdir. Dünyanın harasında ədalətsevərlik nidası ucalmışsa, bu inqilab oranı özündən və özünə uyğun bilmiş, dünyanın haqsevərlərinin və ədalətsevərlərinin yanında olmuşdur. Çoxlu ədalətsevərlər, azadlıqsevərlər, dünyanın şərqində və qərbində, beş qitədə zülm və ayrıseçkiliklə mübarizə aparanlar deyirlər ki, biz bu dərsi sizin inqilabınızdan öyrəndik. Onlar doğru deyirlər. Bu da bir mesajdır: ədalətsevərlik mesajı.
Həzrət İmam Xomeynin vəfatının ildönümü mərasimində çıxışdan: 1995.
İnqilabın müsəlman cəmiyyətlərə mesajı: İslama qayıdış
Bizim inqilabımızın İslam ümmətinə, müsəlman cəmiyyətlərə və xalqlara böyük və mühüm mesajı İslam kimliyini dirçəltməkdən, İslama qayıdışdan, müsəlman oyanışından və İslam hərəkatına dönüşdən ibarətdir. Bu yolun imamı və rəhbəri, bu xəttin və məktəbin böyük müəllimi olan imamımızın müsəlman xalqlara böyük mesajı budur.
Müsəlmanları özlərinə yadlaşdırmışdılar. Dünyanın müxtəlif yerlərində yaşayan müsəlmanlar “mən müsəlmanam” deməyə xəcalət çəkirdilər. Qeyri-müsəlman və antiislam dövlətlər öz ölkələrində elə şərait yaratmışdılar ki, bugünkü gənclərin heç biri İslamdan bir şey bilməsin. İslamı keçmiş nəsillərə aid bir din kimi təqdim edir və deyirdilər ki, İslam öldü, bitdi. Modern, mütərəqqi və sivil cəmiyyətlərdə elə şərait yaratmışdılar ki, müsəlmanlar özlərinin müsəlman olduqlarını söyləməyə cürət etmirdilər. İslamın əməllərini ya tamamilə tərk edirdilər, ya da gizlicə və qorxa-qorxa yerinə yetirirdilər.
Müsəlman ölkələrinin də vəziyyəti yaxşı deyildi. Bir İslam ölkəsinin başçısı ölkə başçılarının qatıldığı beynəlxalq toplantıda nitqini “Bismillah” sözü ilə başlamağa xəcalət çəkir, bunu eyib və mürtəcelik sayır, İslamdan və İslam əlamətlərindən utanırdılar. Hegemonluq və müstəmləkə dövrünün əvvəllərində və ortalarında İslamdan zərbə görmüş və ondan qorxan muzdurlar xalqda İslamı unutmaq hissini gücləndirirdilər.
Bizim öz ölkəmizdə də belə idi. Qardaş və bacılar! Həmin dövrü görənləriniz xatırlayırlar ki, bir müsəlman məsciddən başqa bir yerdə, camaat içində namaz qılmağa cürət etmirdi. Əgər kimsə hava limanında, yaxud şəhərin otrasında bir meydanda namaz qılsaydı və ya azan desəydi, onu ələ salardılar. İslamı tədricən qaçaq salmışdılar. İslam hərbi hissələrdən qaçaq düşmüşdü. Universitetlərdə mübariz müsəlman qruplar yaranana qədər orada namaz qılmaq mümkün deyildi. Dünyanın hər yerində belə idi. Bəzi yerlərdə İrandan da pis idi. Bizim inqilabımızın böyük mesajı müsəlman xalqlarda İslam kimliyini dirçəltməkdir. Bu gün dünyanın hər bir yerində - Avropada, Amerikada və Asiyada yaşayan bütün müsəlman xalqlar müsəlman olmaları ilə fəxr edirlər. Bu gün Avropanın qəlbində ibtidai məktəb şagirdi olan hicablı qız uşağı fəxrlə deyir ki, mən müsəlmanam və məktəbə hicablı getmək istəyirəm. Bu gün Avropanın mərkəzində yerləşən Bosniya-Herseqovina xalqı bütün düşmənlərinə və özlərinə yönələn təzyiqlərə rəğmən, ayağa qalxıb deyir ki, mən müsəlmanam. Bu müsəlmanlığın altını da çəkir, əvəzini də ödəyir, amma geri çəkilmir. İslam ölkələrinin başçıları xalqların İslama təmayülünə görə özlərini müsəlman göstərməyə və İslamdan dəm vurmağa məcbur olurlar. Bu gün hegemon ölkələrin hegemon başçıları da müsəlmanların razılığını qazanmaqdan ötrü deyirlər ki, biz İslamla müvafiqik və İslamın tərəfdarıyıq. Sözsüz ki, yalan danışır və yalnız dillərində belə deyirlər. Amma hər halda, zahirdə olsa da, bu sözü deyirlər. Nə üçün? Çünki bu gün İslam canlıdır, İslam kimliyi dəyərli və önəmlidir; çünki bu gün İslam qüdrətlidir. Bu gün İslam hərəkatı inkişafa doğru gedir və Allahın yardımı ilə bütün dinlərin fövqündə (bütün dinlərdən üstün)1 olana qədər İslam azadlıq hərəkatı və İslam təfəkkürünün inkişafı ölkələrdə günbəgün güclənəcək. Bu müsəlmanlıq hissinin və İslam kimliyinin xalqlarda canlandığı zaman İslam əleyhinə planlar cızan bütün şəxslər və cinahlar təcrid olunacaq, qürbət və qorxu içərisində qalacaqlar. Buna görə bir neçə gün öncə sionizm rejiminin başçılarından biri belə demişdi: “Biz ərəb ordularından və qoşunlarından yox, İslam fundamentalizmindən qorxuruq”. Bəli, biz bütün məsələlərdə sionist düşmənə müxalif olsaq da, bu bir sözdə müvafiqik. Sionistlərin yollarını bağlayan amil yalnız İslam oyanışıdır. Fələstin torpaqlarını azad edəcək amil müsəlman xalqların oyanışı və İslam oyanışıdır.
Həzrət İmam Xomeynin vəfatının ildönümü mərasimində çıxışdan: 1995.
İslam inqilabı ilə Rusuya inqilabının müqayisəsi
İranın böyük İslam inqilabı doğrudan da müstəsna bir inqilab idi. Biz digər inqilabları həm tarixdə oxumuşuq, həm də öz dövrümüzdə müşahidə etmişik. Kaş siz əziz xalqımız tarixi kitab və yazılarla daha artıq ünsiyyətdə olaydınız və mənim bir neçə kəlmə ilə demək istədiyimi özünüz kitablardan təfsilatı ilə mütaliə edəydiniz. Heç bir şey onun yerini vermir. Doğrudan da bu inqilab digər inqilablarla fərqlidir. Bu fərq həm onun yaranmasının necəliyində, həm də xalq hərəkatının məqsədində görünür. İkinci cəhətdən onu misal üçün, 70-80 illik kommunist quruluşunun mənşəyi olan Rusiya Oktyabr İnqilabı ilə müqayisə edib, o inqilabın və qiyamın necə və hansı şüarlarla baş verməsini görə bilərik. O inqilab zamanı nə qədər faciələr yarandı? Burada necə idi? Ümumiyyətlə fərq yerlə-göy qədərdir. Əlbəttə, bu müqayisə xalq hərəkatı olan inqilablarladır. Çünki o inqilab da xalq inqilabı idi. Ondan öncə Böyük Fransa İnqilabı baş vermişdi. Onun adı inqilabdır, əslində isə hərbi çevriliş sayılır və inqilabla fərqi həqiqətən o qədər çoxdur ki, bunları əsla bir-biri ilə müqayisə etmək olmaz. Bizim inqilabımız əzəmət, sağlamlıq, paklıq, yayınmalardan və bütün xalq qiyamlarında görünən faciələrdən uzaq durmaq və çəkinmək, davamlılıq, eləcə də bacarıq, iqtidar və gördüyü işlər baxımından möhtəşəm bir inqilabdır.
Ramazan ayının on doqquzunda Tehranın cümə namazı xütbələrindən: 1996.
Dostları ilə paylaş: |