Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı


İmamın hərəkətində əsas prioritetlər



Yüklə 3,55 Mb.
səhifə22/38
tarix24.05.2018
ölçüsü3,55 Mb.
#51380
1   ...   18   19   20   21   22   23   24   25   ...   38

İmamın hərəkətində əsas prioritetlər


İmam prioritetləri təyin etdi və rəhbər tutdu. Mənim fikrimcə, bu prioritetlər birinci növbədə iki məsələdən ibarət idi. Biz ilk gündən imamın buyruqlarının, düşüncələrinin, mühakimələrinin və hadisələrdə rəftar tərzinin çoxunu yaxından müşahidə edirdik. Buna görə düzgün anlaya bilərik. Siz bu gün də imamın söz və əməllərini araşdırsanız, imam haqqında bildiklərinizi qarşınıza qoysanız, həmin iki məsələni aydın şəkildə müşahidə edərsiniz.

Birincisi xalqda özünəinam və müstəqillik hissinin dirçəldilməsidir. Uzun illər xalqı inandırmışdılar ki, siz bacarmırsınız. Bütün təbəqələrdən olan şəxslər – ruhani, qeyri-ruhani, ali təhsilli, alim, cahil nə qədər deyirdilərsə, cavab verirdilər ki, olmaz, faydası yoxdur. Bu hiss dəyişilməli idi. Belə ictimai xarakterlər fərdi xarakterlər kimi deyil. Fərdi xarakterlər də asanlıqla dəyişilmir, ictimai xarakterlər isə olduqca çətindir. İmam bunu özünəinam, özünə güvənmək və müstəqil hərəkət hissinə çevirməli idi. Bundan ötrü o bu xalqdan qeyrisinin heç bir müdaxiləsini və təsirini xalqa məcbur etməməli idi və etmədi. İmamın Amerika və ozamankı sovetlər qarşısında möhkəm dayanması bundan ötrü idi. Amerikalılar tam iyirmi beş il başlarını aşağı salıb asanlıqla buraya gəlib-gedirdilər. Burada geniş bir süfrə açılmışdı, onlar və bir qrup muzdur istədikləri hər bir işi görürdülər. İnqilabın ilk aylarına qədər hələ ümidlərini üzməmişdilər. Mən bəzi məsələləri xatırlayıram, lakin indi onları deməyə vaxt yoxdur. İmam bu böyük iddialıların hamısını susdurdu. Əgər azca diqqətsizlik etsəydi, qapıdan qovulmuş həmin şəxslər müxtəlif yollardan və müxtəlif pəncərələrdən yenidən daxil olacaqdılar. İmam əcnəbinin hər hansı nüfuz və hökmranlığının qarşısında möhkəm dayandı. Bu birinci məsələ idi.

İmamın çox diqqət yetirdiyi ikinci məsələ xalqda dini ruhiyyənin dirçəldilməsi və imanın gücləndirilməsi idi. Bu iman onun özündə də var idi. Buna görə dini məsələlər, bəndəlik və dinə aid olan hər bir iş üçün çox çalışdı, diqqət göstərdi və bu sahədə əsla güzəştə getmədi. Çünki din çarədir. Bir xalqda dini ruhiyyə olduqda, təsiri təkcə fərdi baxımdan yaxşı, təmiz və abid insanların olması deyil, düzgün dini ruhiyyənin təsiri ictimai həyatda da əks olunur. Məhz buna görə dünyanın bütün böyük düşmənləri və ölkədəki ardıcılları imamın yaydığı və əsl İslam adlandırdığı dinə qarşı çıxmağa başladılar. Deyirdilər ki, bu din siyasət və hökumət dinidir. Bəzən də anadan qayğıkeş dayə olub - indi də bəzən belə olurlar - deyirdilər ki, siz siyasət və hökumət dinindən danışanda, xalqın dini və imanı zəifləyir. Bu həqiqətin tam ziddinədir. Bir cəmiyyətdə din olduqda orada fədakarlıq ruhiyyəsi olur; bir cəmiyyətdə din olduqda orada agahlıq, sayıqlıq və məsuliyyət hissi olur. Siz görürsünüz ki, bu gün bizim cəmiyyətimizdə və ölkəmizdə, xalqın məlumatlandığı qədərincə, dini məsələlərə qarşı məsuliyyət və qeyrət hissi var. Bu, dini ruhiyyəyə görədir. Düşmən bu ruhiyyəni zəiflətmək istəyir. İmam bütün cəmiyyətdə - həm hökumət orqanlarında, həm də xalqda bu ruhiyyəni bacardıqca gücləndirir, hökumətdə, parlamentdə, məhkəmə qurumlarında, qanunlarda, Nəzarət şurasında, seçkilərdə və hər bir işdə dini inanc, bəndəlik və dinə sadiqlik üzərində təkid göstərirdi. İmam bu iki xüsusiyyəti prioritet seçmişdi. İmamın bu xalqın qarşısında qoyduğu proqramların əksəri bu iki məsələyə aiddir.

İmam İslam Respublikası məsələsini irəli sürdü. İslam Respublikası yeni yaranmış bir hakimiyyət növü olub, dünyada geniş yayılmış quruluşların heç birinə bənzəmirdi. Amma bu quruluşlarda mövcud olan bütün müsbət xüsusiyyətlər İslam Respublikasında nəzərdə tutulmuşdur: İslam var, xalqın iradəsi var, xalqın imanı var, iqtidar hissi var, bəndəlik var, insanın həyatını dirçəldən İslam hökmləri və qanunları var. Bəli, biz İslamı imam tərəfindən tanındığı kimi, yəni düzgün və xalis formada, prinsip və əsaslara söykəndiyi şəkildə əməl mərhələsinə çıxarsaq, hər yerdə uğurlu alınacaq. Biz harada işə girişib müdafiə etdik və təkid göstərdiksə, uğurlu alındı. İslam dini hökumət sistemində uğurla həyata keçdi. İndi vaxt yoxdur ki, mən İranda hakim quruluşun bir xalqın azadlığı və inkişafı üçün dünyanın bütün quruluşlarından daha münasib olduğunu deyim. Bu quruluş həm Qərb demokratiyasından, həm də digər müxtəlif hakimiyyət növlərindən üstündür. Avtoritar quruluşlarla müqayisəyə isə ümumiyyətlə ehtiyac yoxdur. İslam quruluşunun təklifinə harada əməl olundusa, uğurlu alındı. Mədəni məsələlərdə və düşmənlə mübarizədə də uğurlu alındı. O günə qədər bizim ölkəmiz və xalqımız həmişə Qərb mədəniyyətindən alırdı, imamın hərəkəti sayəsində isə ikitərəfli mədəni mübadilə yarandı, bir mədəni təsir də bizim mərkəzdən - yəni İslam cəmiyyətindən xaricə ötürüldü. Bu məsələ dəfələrlə hegemon başçıları qorxuya salmışdır, bu günə qədər bunu təkrarlayırlar. Onlar fəryad qoparırdılar ki, siz inqilabınızı ixrac etmək istəyirsiniz. Halbuki biz inqilabımızı qablaşdırıb harasa ixrac etmək istəmirdik. Burada məqsəd İslam ölkələrinə və hətta qeyri-müsəlman ölkələrə gedib insanları oyadan bu mədəni təsir idi.

Tehranın cümə namazı xütbələrindən: 1999.

13 Abanda hegemonluğun üç siması

Bizim bugünkü görüşümüz 13 abanla (4 noyabrla) bağlıdır. Bu gün Hegemonluqla mübarizə günü adlandırılmışdır. Bu çox əhəmiyyətli, dərin, mürəkkəb və diqqətəlayiq bir addır. Yaxşı olar ki, əziz gənclər tələbə və şagird məclislərində həm hegemonluq, həm mübarizə sözlərini özləri üçün dəqiq araşdırsınlar, inqilabın dünyanın siyasi leksikonuna daxil etdiyi bu yeni terminin dərinliklərinə vaqif olsunlar. Dünyanın siyasi ədəbiyyatına yeni sözlər əlavə etmək və bununla da özlərinin istədiyi anlayışları düzgün çatdırmaq bütün prinsipial, dərin və köklü hərəkətlərin xüsusiyyətidir. "Hegemonluq" və "hegemonluqla mübarizə" sözləri də bu qəbildəndir. 13 Aban (4 noyabr) tarixində baş vermiş üç hadisənin hər biri ayrı-ayrılıqda və məcmu halında çox diqqətəlayiqdir. Əgər diqqət yetirsəniz, görərsiniz ki, bu üç hadisənin hər biri həm hegemonluğun, həm də onun qarşısında dayanan xalqın bir simasını göstərir. Bunların məcmusu mühüm bir siyasi həqiqəti aydınlaşdırır.

Birinci hadisə 1964-cü ildə imamın sürgün edilməsi idi. O zaman amerikalılar İranda kapitulyasiya qanununu qəbul etdirdilər. Kapitulyasiya odur ki, amerikalılar, yaxud hər hansı bir başqa ölkədə hakim olan əcnəbi qüvvələr cinayət törətsələr, həmin ölkənin hüquq-mühafizə orqanlarının bu cinayətləri araşdırmağa, əcnəbiləri məsuliyyətə cəlb edib barələrində hökm çıxarmağa hüququ çatmır. O zaman İranın müxtəlif qurumlarında 200 000 nəfərdən çox amerikalı çalışırdı. Bu qanun çürük və qeyri-müstəqil sarayın əmri ilə ozamankı asılı və azğın parlamentdə qəbul olunmuşdu. Onun mənası bu idi ki, İranda sakin olub külli miqdarda maaş alan, ölkənin bütün işlərinə müdaxilə edən amerikalıların biri cinayət törətsəydi, bir nəfəri öldürsəydi, oğurluq etsəydi, hər hansı bir iş görsəydi, İran prokurorluğunun və məhkəməsinin onlara "gözün üstə qaşın var" deməyə haqqı çatmırdı. Onların mühakiməsi amerikalıların nəzarəti altında aparılmalı idi. Bu bütün xalqlar üçün rüsvayçı qanunlardan biridir. İmam bununla razılaşmadı və Qumda dini tələbələr qarşısında öz etiraz səsini ucaltdı. O bu qanunu pislədi, asılı rejim də reaksiya verib imamı Türkiyəyə sürgün etdi. Bu hansı şəraitə aiddir? Bu elə bir şəraitə aiddir ki, Amerika dövlətinin İran dövləti ilə yüksək dost münasibətləri vardı, müştərək maraqlara malik idilər, Amerika İranda oturmuşdu. Amerikanın bizim ölkəmizdəki hökmranlığının əlamət və nəticələrindən biri bu hadisədir.

1978-ci ildə baş verən ikinci 13 Aban hadisəsi İranda rejim və Amerika əleyhinə mübarizənin qızğın çağına aiddir. Bu dəfə başqa bir sima görsənir. Belə bir gündə rejimə bağlı orqanlar - onların çoxunu, yaxud hamısını amerikalılar yetişdirmişdilər və onlardan əmr alırdılar - hətta şagirdlərə də rəhm etmədilər. Bu hadisədə onlarla şagird öldürüldü. Düzdür, həmişə öldürürdülər, həmişə xalqa qarşı zor işlədirdilər, lakin Tehran şəhərində bir yerdə bu qədər şagirdin qana boyanması hegemonluğun başqa bir simasını göstərir. Bu haraya aiddir? Bu, xalqın zalım hegemonluğa qarşı mübarizəsinin gücləndiyi yerə aiddir. Belə bir şəraitdə hegemonluq daha heç nəyə rəhm eləmir, bütün humanizm, xalqsevərlik və gəncləri müdafiə şüarlarına baxmayaraq, hətta şagirdlərlə üz-üzə gələndə onlarla şagirdi qətlə yetirir.

Üçüncü hadisə başqa bir simadır, uzun illər zülmlərə, təhqirlərə, müdaxilələrə və soyğunçuluqlara dözən bu xalqın qələbə çaldığı vaxta aiddir. Bu xalqın qələbə dövründə Amerika artıq qovulmuşdu, lakin buradakı casus orqanı işindən qalmırdı, xalqı və imamı çox bədgüman edən bəzi hərəkətlər edirdi. Belə bir gündə tələbələr arasından bəzi gənclər 13 aban yürüşündən istifadə edib Amerika səfirliyini tuturlar. Gənc tələbələr səfirliyə girib sənədləri topladılar, təxminən 70 cildlik, bəlkə daha artıq kitablar nəşr etdirdilər. Bu kitablar Amerika səfirliyinin bizim ölkəmiz daxilindəki adamları ilə əlaqələrini göstərir; bəziləri inqilabdan qabaqkı dövrə aiddir, bəziləri də sonrakı dövrə. Onların bəziləri hətta inqilab müvəqqəti hökumətində də vəzifə tutmuşdular; yəni amerikalılar əl çəkmək bilmirdilər.

Buna əsasən, 13 abanda hegemonluğun üç siması görünür. Biri Amerikanın İrandakı iqtidarının zirvə dövründə baş verdi: kapitulyasiya, İran xalqının dirəniş tərənnümü olan imamın müqaviməti və onun ardınca gənclərin cavabı; o zaman əvvəlcə gənc hövzə tələbələri, sonra isə bütün ölkə gəncləri cavab verdilər. İkinci hadisə bu xalqın hegemonluqla mübarizəsinin zirvə dövründə baş verib hegemonluğun yırtıcı xislətini göstərir. Onlar şagird və yeniyetmələri qana bələşdirdilər. Üçüncü hadisə isə bu xalqın uzun illər əsarətdən sonra öz ayağı üstə dayanıb inqilabda qələbə çadığı və dövlət qurduğu, onların isə casusluqla məşğul olduğu zamana aiddir. Burada xalq qüdrətlə meydana atılır və Amerika səfirliyini tutur. Bunlar üç rəmz və üç simvoldur. Əgər bu üç hadisəni bir yerə toplasaq, ümumi şəkildə həm hegemonluğun, həm məzlum xalqın simasını, hegemonluğun taleyini və ölkəmizdəki hərəkət xəttini göstərər.

Nə üçün xalq hegemonluqla mübarizə apardı və hegemonluq nə üçün pisdir? Diqqət yetirin. Hegemon xislətlə qarşılaşdıqda bir xalqın keçirdiyi ilk hiss dini hiss deyil, milli qeyrət hissidir, şəxsiyyət və varlıq hissidir. Çünki hegemonluq bir ölkəyə daxil və ona hakim olduqda, o xalqın milli kimliyini inkar edir. Bəli, o ölkənin sərvətlərini qarət edir, siyasi işlərinə müdaxilə edir, lakin bunların hamısı xalqın kimliyini inkar edəndən sonra baş verir. Hegemonluq ilk dəfə daxil olanda demir ki, mən sizin milli kimliyinizi inkar etmək üçün gəlirəm. Belə demir, müxtəlif bəhanələrlə daxil olur və sonra milli kimliyi hədəfə alır; yəni o xalqdan mədəniyyəti, etiqadları, dini, iradəni, müstəqilliyi, hökuməti, iqtisadiyyatı və hər şeyi alır, öz əlində saxlayır. Bunlar inqilabdan öncə İranda baş vermişdi. Xalqları hegemonluq qarşısında coşduran və ayağa qaldıran bu hissdir. Buna görə görürsünüz ki, hətta müsəlman olmayan xalqlar da bu gün bacardıqları qədər Amerikaya qarşı çıxırlar. Təbii ki, söhbət bu gündən gedir, o zaman isə heç kim Amerikaya qarşı çıxmağa cürət etmirdi və bu yolu İran xalqı açdı.

Amerikanın casus yuvasının tutulmasının ildönümü - Beynəlxalq Hegemonluqla Milli Mübarizə Günü münasibəti ilə tələbə və şagirdlərlə görüşdəki çıxışdan: 1999.



Amerika ilə rabitəyə dair acı təcrübə

Bizim xalqımızın hegemonluqla mübarizəsinin dini kökü də var. “İstikbar” (hegemonluq) və “müstəkbir” (hegemon) və onun qarşısında “istizaf” (məzlum acizlik) və “müstəzəf” (məzlum aciz) sözləri Quranda mövcuddur. Bizim xalqımız bu ruhiyyə ilə Amerika və ona bağlı olan mənfur rejimə qarşı mübarizə aparanda arxasında dini iman və etiqadlardan ibarət əzəmətli bir dayaq dayanmışdı. Bu, onları uğura çatdıra bildi. Hegemonluq hansı ölkəyə daxil olsa, onu boşaltmağa çalışır; yəni bacardığı qədər o ölkənin hər bir şeyini müsadirə edir. Bu gün ön sırada amerikalıların özləri, yəni qeyd etdiyim təbliğat maşınları, arxa sırada da ölkəmiz daxilindəki həqiqətən dəyərsiz, yaramaz, bəlkə də bəziləri aldanmış və avam olan muzdur qələm sahibləri elə bilirlər ki, Amerikanın hər hansı bir ölkə, məsələn İslam Respublikası ilə əlaqələri normallaşsa və münasibət yaransa, İran xalqının bütün iqtisadi problemləri birdən-birə həll olunacaq. Kim belə düşünürsə, böyük səhvə yol verir. İran xalqı Amerika ilə əlaqəni bir dəfə sınaqdan keçirmişdir. Amerikalılar İranda hegemonluq etdikləri 1953-cü ildən 1978-79-cu illərə qədər nəyimiz vardısa, bizdən aldılar, nə vardısa, apardılar. İran xalqının bugünkü problemlərinin çoxu o dövrə, eləcə də ingiltərəlilərin hökmranlıq dövrünə aiddir. İngiltərə də Amerika kimidir, fərqi yoxdur. Amerikalılardan qabaq İranda ingilislər hakim idilər. Qacarlar dövrünün sonlarından Rza xanın iş başına gəlməsinə və sonra 1953-cü ilə qədər İranda hər bir şey ingilislərin əlində idi; bir hökuməti gətirir, o birini aparırdılar, nefti aparırdılar, sərvətləri talayırdılar, mədəniyyət formalaşdırırdılar, istədikləri hər bir işi görürdülər. Sonra amerikalılar gəldilər və İranı beynəlxalq rəqabətlərdə fəth etdikləri bir bölgə kimi ingilislərdən təhvil aldılar.

Amerikanın casus yuvasının tutulmasının ildönümü - Beynəlxalq Hegemonluqla Milli Mübarizə Günü münasibəti ilə tələbə və şagirdlərlə görüşdəki çıxışdan: 1999.


İnqilabın İslam ümmətinə şərəf bəxş etməsi

İslam inqilabı bütün dünyada İslamı ucaltdı. İslam inqilabı göstərdi ki, İslam bir xalqı ucaldıb şərəfləndirə, əcnəbilərin istismarından və boyunduruğundan xilas edib düşdüyü təhqiramiz durumdan çıxara, bir xalqın bütün sahələrdə istedadlarını çiçəkləndirə, bir xalqa özünü, öz etiqadlarını, kimliyini və şəxsiyyətini müdafiə gücü verə bilər. İslam inqilabı bunu göstərdi. Məhz buna görə İslam inqilabı qələbə çalanda, dövrümüzün əzəmətli və misilsiz şəxsiyyəti olan böyük imamımız bu xalqın adından danışanda dünyanın bütün müsəlmanları fəxr hissi keçirdilər, sanki dirildiklərini duydular. İslam ümmətinin damarlarına köçürülən bu yeni qan düşmənləri çox təşvişə saldı. Onlar bütün güclərini toplayıb bu əzəmətli fenomenlə - yəni bu gün bir xalqın fəryad şəkdiyi inqilabçı İslamla mübarizəyə başladılar.

Bəsic həftəsi və İmam Mehdinin (ə) doğum günündə zühur müntəzirlərinin böyük bayram tədbirində çıxışdan: 1999.

Hərbi Hava Qüvvələrinin inqilaba qoşulmasının təhlili

Əgər 19 Bəhmən hadisəsini və Hərbi Hava Qüvvələrinin uyğun hərəkətini yaxşı təhlil etsək, bu hadisədə və bu hərəkətdə çoxlu mənalar görərik. O gün ordu əslində özünü xalqın ön sıralarına qoşdu; eyni məqsədlərlə, eyni arzularla, eyni maraq və üsullarla. Xalq əziyyət çəkirdi. İnqilab bu xalqın əzablarına son qoymaq və gələcəyini qurmaq üçün möhtəşəm bir hərəkət idi. Xalq bu ölkəyə hakim olan qara istibdad və diktaturadan əziyyət çəkirdi. Əvvəla bu şah üsul-idarəsinin nəticələrindən idi. Çünki belə quruluş bir xalqa ağalıq, sahiblik və onun bütün sahələrinə iqtidar caynağı batırmaq deməkdir, buna dözmək isə olduqca çətindir. İkincisi, həmin hakim sülalə bu istibdadı və azğınlığı əxlaqsızlıqla, müxtəlif fəsadlarla və ən pisi, bu ölkəni və bu xalqı bütünlüklə əcnəbilərə və düşmənlərə təslim etməklə qarışdırmışdı. Xalq bundan əziyyət çəkirdi.

Bir xalq əcnəbi bir qüvvənin mədəni, siyasi, iqtisadi və hərbi istismarı altında olanda öz arzuladığı istiqamətə hərəkət və inkişaf etmək imkanından məhrum olur. Hər bir canlı varlıq inkişaf etmək istəyir. Əgər siz bir bitkinin inkişafının qarşısını alsanız, onu əkdiyiniz qabı sındıracaq, daşı parçalayacaq və inkişaf edəcək. Bir insan və bir xalq da belədir. Bir xalqda bu hissi və marağı məhv etmək üçün böyük güclərin düşündüyü yol xalqları keyləşdirmək, biganələşdirmək və uyutmaqdır. Azğın Pəhləvi rejimi bütün mümkün vasitələrlə bu işi görür, xalqı xəyallara qərq edir və bəzən bərbəzək və təmtəraqlar göstərirdi. O zaman ordunu bu bəlaya salmışdılar. Ordu dözmədi və çərçivəni qırdı. Belə bir gündə Hərbi Hava Qüvvələrinin gəncləri Ələvi mədrəsəsinə gəldilər. Mən onda orada idim, həmin coşqunu və qəhrəmanlığı yaxından gördüm. Bu, sözügedən çərçivəni qırmaq məsələsi idi.

Ordunu daxildən məhv etmişdilər. Özlərinə sərf edən, öz zahiri cah-calallarına aid olan qədərincə orduya zahiri görkəm və bərbəzək verirdilər, lakin elm, texnologiya, tədqiqat və istehsal əsla mövcud deyildi. Hərbi Hava Qüvvələri bir texnika və alət göstərib desin ki, bunu mən düzəltmişəm, mənim övladlarım öz düşüncələrinin məhsulu ilə düzəltmişdir; əsla belə bir şey yox idi və buna icazə vermirdilər. İnsan həmin insandır, Hərbi Hava Qüvvələrinin ozamankı gənci istedad və keyfiyyət baxımından bugünkü gənci kimi idi, lakin ona icazə vermirdilər. Təhsil xüsusi bir çərçivədə, əcnəbi ölkədə müəyyən şəraitdə verilirdi; əmr, ölçü və üsullar təkcə hərbi işdə yox, həm də mədəni və etiqadi sahədə əcnəbilərin təsiri altında və əlində idi. Onlara 3-4 texnika da verirdilər. Bu orduya bir qədər texnika verirdilər, amma bir ehtiyat hissəsi yerini dəyişdikdə, yaxud xarab olduqda onlardan istifadə edə bilmirdilər. Belə bir ordu necə ordudur və necə müstəqil ola bilər?! Məsələ belə idi. O zaman söhbət bundan getmirdi ki, İran ordusu öz tədqiqatının məhsulundan istifadə edə bilsin; əsla. Hətta bundan da getmirdi ki, ona verilən həmin təyyarəni, radarı, yaxud müasir elektron cihazı dəqiq öyrənsin; buna da icazə verilmirdi. Bu bir varlığın inkişafının qarşısını alan daş, maneə və pərdədir. Bu varlıq key və laqeyd qalana qədər bu pərdə var, özünə gəldikdə isə pərdələri və maneələri götürür. Bu baş verdi və ordu özünü İran xalqının ön sıralarına daxil etdi.



Şəhid Səttari adına Aviasiya Universitetində Hərbi Hava Qüvvələrinin şəxsi heyəti ilə görüşdəki çıxışdan: 2000.

Diktator Pəhləvi rejiminin iqtisadi, sənaye və elmi asılılığı

Amerika dövləti iyirmi beş il diktaturanı müdafiə etdiyini boynuna alır; bugünkü gündə də diktaturanı müdafiə edir, lakin təbliğatla və hiyləgər formada. Bu gün onlar yoxdurlar, cəhənnəmə vasil olmuşlar, amma tör-töküntüləri və zibilləri Amerikada dövlətin himayəsi altında yaşayırlar. Dünyanın hər bir yerində və hətta öz ölkəmizin bəzi yerlərində də peyda olan muzdurlar Amerika tərəfindən himayə olunurlar. Bu gün Amerikanın bu qadın naziri1 çıxışında şah rejimini təbliğ edir və yalandan tərifləyir. Deyir ki, şah rejimi diktator və pis idi, lakin İran iqtisadiyyatını inkişaf etdirdi. Bu, indiki şəraitdə bir Xarici işlər nazirinin deyə biləcəyi ən böyük və ən komik yalandır. Onlar İranın iqtisadiyyatını inkişaf etdirmişlər?! O zaman yaşayanlar həqiqətləri yaxından görmüşlər. Gənclər də bilsinlər ki, inqilabdan qabaqkı İranda yalnız Pəhləvi dövrünün iqtisadiyyatı baxımından yox, hətta təsiri illər sonraya qədər qalan iqtisadi təməllər baxımından da bu rejim İran iqtisadiyyatına ən böyük xəyanəti etmişdir. Onlar İranı Qərbin dəyərsiz və faydasız məhsullarının anbarına çevirdilər, çoxlu pullar verib keyfiyyətsiz və lazımsız mallar aldılar, bir zaman özünü tam təmin edən bu ölkənin əkinçiliyini bütövlüklə məhv etdilər. İllər ötəndən sonra indinin özündə də bizim əkinçiliyimiz qabaqkı vəziyyətinə qayıtmamışdır. Çünki onların həvəsləndirməsi ilə şəhərlərə sarı baş alan mühacirət selinin qarşısını asanlıqla almaq mümkün deyildi. Xalqı əkinçilikdə də əcnəbidən asılı etdilər. O zaman İranın buğdasını Amerikadan alırdılar, buğda anbarını da Sovet mühəndisləri düzəldirdilər. Yəni həm buğda, həm də onun saxlanma yeri baxımından asılı idilər. O zaman kəndləri dağıtdılar, sənaye inkişafı dövründə ölkənin sənayesini yerində saxladılar, idxalatın qarşısını almaq üçün zəruri olan sənaye inkişafı baş vermədi. Bu ölkədə fəal sənayenin qarşısı alındı, xaricə asılılığı istehsal olunmuş məhsullar qədər və hətta daha çox olan sənaye geniş yayıldı. Elmi inkişaf etməyə qoymadılar. Universitet və tələbədən bu qədər dəm vurdular, amma əməldə ölkə universitetlərinin ən az elmi fəaliyyəti də yox idi. Fəal beyni və parlaq istedadı olanlara ölkə daxilində imkan verilmirdi, xaricə gedib işləməyə məcbur olurdular. Onlar xarici kompaniyaları ölkənin iqtisadi mənbələrinə hakim etdilər, neft ehtiyatlarını təmənnasız olaraq onlara verdilər. Düzdür, bu gün də neftin qiyməti ucuzdur. Bu gün də neft istehsalçılarının neftdən ötrü aldıqları pul onun dəyərinin bəlkə də onda biri qədərdir. Mən bunu sizə deyim: Bu gün nefti idxal edən ölkələrin buna görə aldığı vergi onu ixrac edən ölkələrin satışdan əldə etdiyi gəlirdən çoxdur. Bu gün də elədir, amma o zaman bu günlə müqayisəediləsi deyil. Uzun illər - yetmişinci illərin əvvəllərinə qədər neftin bir barelinin qiyməti bir dollardan az idi. Sonra avropalıların və amerikalıların özləri öz məhsullarını baha qiymətə satmaq üçün və neft ölkələrinin həmin məhsulları almaq imkanı olsun deyə öz iradələri ilə neftin qiymətini bir qədər tərpətdilər və təxminən 8-9 dollara çatdı. Məqsəd bu idi ki, bunlar pullaşıb onların zavodlarının məhsullarını alsınlar. Elə də oldu. Şah rejimi dövründə İranda amerikalılara məxsus hesablara saysız-hesabsız pullar tökülürdü ki, qarşılığında təyyarə hissələri və lazım olan məhsulları alsınlar. İstehsaldan ümumiyyətlə söhbət getmirdi. İranın ozamankı iqtisadiyyatı İran xalqı üçün ən pis iqtisadiyyat idi. Sözsüz ki, soyğunçular və amerikalılar üçün çox yaxşı idi. Hər bir analitik və iqtisadiyyatçı bilir, o zaman da bilirdilər və heç kəsə sirr deyildi ki, şah rejimi ölkənin iqtisadiyyatını necə bərbad hala salmışdır. Uzun illərdən sonra bu gün bu cənab isə deyir ki, o rejim İranın iqtisadiyyatını çiçəkləndirmişdi. Nə üçün bu sözləri deyirlər? Ona görə ki, bu gün bu ölkədə yaşayan və bəzən iqtisadi baxımdan əziyyət çəkən gənc keçmiş rejimdə iqtisadi vəziyyətin yaxşı olduğunu düşünsün. Bu hiyləni həmin siyasi cənab çox sadə formada bəyan edir. Onun məqsədi keçmişdə İran iqtisadiyyatının güclü olduğuna dair fikir formalaşdırmaqdır. Yoxsul təbəqələr üçün ən pis, bu ölkənin təbii sərvətlərinin əcnəbilər, xüsusən də Amerika tərəfindən talanı baxımından ən acınacaqlı dövr həmin dövrdür. O isə deyir ki, iqtisadi baxımdan çiçəklənmişdi.

Müqəddəs Məşhəd şəhərində həzrət İmam Rzanın (ə) ziyarətçilərinin böyük toplantısında çıxışdan: 2000.



Fəhlə və müəllimlərin inqilabda mühüm rolu

Əgər inqilabın 21 illik keçmişinə, həmçinin inqilabdan öncəki son illərə, xüsusən də sonuncu ilə baxsaq, bu iki təbəqənin - fəhlə və müəllimlərin inqilabın qələbə çalmasında, onun yolunun yaşamasında və uğurlarında təyinedici rol oynadığını görərik.

Beynəlxalq Əmək günü və Ustad Mütəhhərinin şəhadətinin ildönümü münasibəti ilə fəhlə və müəllimlərlə görüşdəki çıxışdan: 2000.


İnqilabın Şərq və Qərbdən örnək götürməməsinin səbəbləri

İnqilab bir sıra dəyərlər əsasında köklü bir dəyişiklik və irəliyə doğru hərəkət sayılır. Bizim ölkəmizdə baş verən inqilab İslam inqilabıdır. Bu inqilab cəmiyyətin siyasi, iqtisadi və mədəni sahələrində böyük dəyişiklik, bu ölkənin və bu xalqın inkişafa doğru bir addımı və hərəkəti idi. Biz inqilab əsasında yaranan quruluşda Şərq və Qərbdən örnək götürmədik. Bu çox əhəmiyyətli məsələdir. Biz quruluşlarının yanlış və bəşəriyyətin mənafeyinin ziddinə olduğunu bildiyimiz qüvvələrdən örnək götürə bilməzdik. Söhbət dini və coğrafi təəssübkeşlikdən getmir. Söhbət bundan gedir ki, ozamankı kommunist Şərq quruluşlarının - bu gün dünyada daha belə bir kimlik yoxdur - dayandığı təməllər, həmçinin Qərb quruluşlarının təməlləri yanlış təməllər idi. Buna görə biz onlardan örnək götürə bilməzdik və götürmək istəmirdik. Bizim örnəyimiz başqa dəyərlər idi və mən o dəyərlərin bəzisinə işarə vurdum.

Biz nə üçün həmin iki böyük rejimdən - kommunist Şərq rejimindən və kapitalist Qərb rejimindən örnək götürmədik? Çünki onlar batil rejimlər idi. Kommunist rejimlər xalq hakimiyyəti şüarı ilə iş başına gələn, amma əslində aristokrat və müstəbid rejimlər idi. Onlar aristokratlıqla düşmənlikdən dəm vurduqları halda əməldə aristokratik idilər. İstibdad baxımından son dərəcə avtoritar idilər və dövlətin iqtisadiyyata, mədəniyyətə, siyasətə və müxtəlif ictimai və qeyri-ictimai fəaliyyətlərə mütləq hakimiyyəti mövcud idi. Şərq rejimlərində xalqın heç bir rolu yox idi. Mən bu ölkələrin ömürlərinin sonunda gedib onları görmüşdüm. Hətta bəzi geri qalmış və yoxsul ölkələrinin başında da öz təbirlərincə bir fəhlə rejimi dururdu, amma eyni aristokrat rəftarlarını və qədim sarayların yanlış işlərini təkrarlayırdılar. Bu ölkələrdə nə seçki keçirilirdi, nə xalqın səsinə hörmət vardı, amma özlərini demokrat adlandırırdılar. Xalqın idarəçilikdə heç bir rolu yox idi, iqtisadi işlərdə, mədəni işlərdə tamamilə asılı idilər. Belə rejimlərin məhvə məhkum olması bəlli idi. Lakin şüarları parlaq və gözəgəlimli olduğuna görə dünyanın müxtəlif yerlərində gəncləri özlərinə çəkib hökumətlər qura bildilər. Amma artıq ömür sürə bilmirdilər. Sonunu da gördünüz: bir neçə onillikdən sonra tamamilə məhv oldular. Təbii ki, bu rejimlər bizim üçün örnək ola bilməzdi. Bizim inqilabımız qələbə çalanda - yəni iyirmi bir il bundan öncə dünyada hansı inqilab qələbə çalırdısa, həmin Şərq hökumətinə yönəlir, ya marksist, ya da bir qədər yumşaq formada sosialist rejimi qururdu. Lakin İslam, İran xalqı və bu xalqın rəhbəri onu rədd etdilər, qəbul etmədilər və kənara qoydular.

Biz Qərbdən də örnək götürmək istəmirdik və götürə bilməzdik. Qərbin bəzi şeyləri vardı, amma daha mühüm olan bəzi şeyləri yox idi. Qərbdə elm vardı, əxlaq yox idi; sərvət vardı, ədalət yox idi; mütərəqqi texnologiya vardı, amma təbiəti məhv və insanı əsir edirdi; demokratiyanın adı vardı, əslində isə demokratiya yox, kapitalokratiya idi. Bu gün də elədir. Dediyim bu söz mənim iddiam deyil, hansısa təəssübkeş müsəlman yazıçıdan da söyləmirəm, qərblilərin özləri deyirlər ki, Amerikanın özündə demokratiya və seçkinin yalnız forması var, əslində isə kapitalın hakimiyyəti mövcuddur. Mən onların yazıçılarının və kitablarının adını çəkmək istəmirəm. Amma orada mer seçkilərinin, parlament seçkilərinin və prezident seçkilərinin hansı dəm-dəsgahla keçirildiyini Amerika yazıçılarının özləri yazırlar. Əgər insan nəzər salsa, görər ki, orada xalqın səsinin təxminən heç bir rolu yoxdur. Birinci və axırıncı sözü deyən pul, kapitalizm, modern təbliğat vasitələri və dayaz insanları aldadan cəlbedici üsullardır. Demokratiyanın adı var, özü isə əsla yoxdur. Qərbdə elmi inkişaflar vardı, amma bu elmi inkişaflar digər xalqların istismarına vasitə olmuşdu. Qərblilər elmdə inkişaf edən kimi onu siyasi və iqtisadi qüvvəyə çevirib dünyanın şərqinə və qərbinə sarı yola düşdülər. Harada ələ keçirib istismar etməli ölkə vardısa, çəkinmədilər. Harada etmədilərsə, mümkün deyildi.

Qərbdə azadlıq vardı, amma zülmlə, pozğunluqla birgə olan azadlıq. Qərbdə qəzetlər azaddırlar, hər şeyi yazırlar, amma onlar kimlərindir? Məgər xalqındır?! Bu aydın məsələdir, gedib baxsınlar. Siz Avropa və Amerikada oliqarxlara məxsus olmayan bir sanballı qəzet göstərin. Orada qəzetin azadlığı deyildikdə öz sözünü danışan, istədiyini gözdən salan, istədiyini böyüdən, ictimai rəyi istədiyi tərəfə yönəldən kapitalistin azadlığı nəzərdə tutulur. Bunun harası azadlıqdır?! Əgər bir nəfər peyda olub sionizmin əleyhinə danışsa, həmin fransalı cənab1 kimi sionistlər əleyhinə bir neçə cild kitab yazıb yəhudilərin yandırılmasının həqiqətə uyğun olmadığını desə, onunla başqa cür rəftar edirlər. Oliqarxlara və onların mərkəzlərinə bağlı olmayan adamın nə sözü deyilir, nə səsi bir kəsin qulağına çatır və nə söz azadlığından bəhrələnir. Bəli, oliqarxlar özlərinin qəzet, radio və televiziyaları vasitəsilə ürəkləri istəyəni deməkdə azaddırlar. Amma bu azadlıq dəyər deyil, antidəyərdir. Bu azadlıq xalqı pozğunluğa və imansızlığa sürükləmək, istədikləri yerdə müharibə yaratmaq, istədiklərini sülhə məcbur etmək və istədiklərinə silah satmaqdır. Azadlıq budur!

Tehranın cümə namazı xütbələrindən: 2000.




Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin