15. YANĞINLARIN SÖNDÜRÜLMƏSİ ZAMANI TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ
15.1. Ştat və ştatdankənar yanğınsöndürmə komandalarının şəxsi heyəti xüsusi geyim formalarında və ləvazimatlarda olmadan yanğın zonasında işlərin aparılmasına buraxılmırlar.
15.2. Yanğınsöndürmə komandasının şəxsi heyətinə qaz və buxar mayeləri olan yerlərə hermetik müdafiə kostyumlarında və əleyhqazlarda (izoləedici və yaxud süzgəcli) daxil olmalarına icazə verilir.
15.3. Güclü istilik şüalanması olduqda şəxsi heyət yanğını müdafiə ekranına malik istilik əksetdirən kostyumlarda su şırnaqlarından istifadə etrməklə söndürməlidirlər.
15.4. Dağıntı və partlayışların baş vermə ehtimalı yarandıqda şəxsi heyət əvvəlcədən müəyyən edilmiş siqnal əsasında təhlükəsiz yerə çəkilməlidir.
15.5. Yanğınsöndürən hündürlüklərdə işləyərkən sığorta vasitələrindən istifadə edilməlidir. Pilləkənlərdən istifadə edərkən isə özünü karabinlə möhkəm bağlamalıdır. Hündürlükdə lülə ilə işləyərkən onu ən azı iki nəfər saxlamalıdır. Lüləni nəzarətsiz saxlamaq, hətta suyun verılməsi dayandırıldıqdan sonra qadağandır.
15.6. Yanğının söndürülməsinə başlamazdan əvvəl həmin sahədə elektrik cərəyanının və qazın dayandırılması vacib elementlərdən biridir. 220 v gərginlikli elektrik naqillərində cərəyanın kəsilmək yolu ilə dayandırılması o halda icazə verilir ki, başqa yolla cərəyanın verılməsini dayandırmaq mümkün deyil. Bu əməliyyat yanğınsöndürmə komandası rəhbərinin nəzarəti altında rezin çəkmələrdə, elektrik keçirməyən əlcəklərdə bu işləri praktiki yerinə yetirmək təcrübəsi olan şəxs tərəfindən həyata keçirilir. Əgər elektrik naqilinin zərərsizləşdirilməsinə əminlik yoxdursa həmin naqil gərginlik altında olan naqil kimi qəbul olunmalı və naqilin zərərsizləşdirilməsi üçün tədbirlər görülməlidir.
15.7. Binanın həyətində olan insanları xəbərdar etmədən yuxarı mərtəbələrdən kənar əşyaları aşağı tullamaq qəti qadağandır. Əşyaları aşağı atarkən onların aşağıdakı mərtəbələrin eyvanlarına, elektrik naqillərinin və aşağıda olan texnika və qurğuların üzərinə düşməməsinə çalışmaq lazımdır.
15.8. Köpüklə, köpük əmələgətirən məhlullarla işləyərkən onların dəriyə, xüsusilədə göz nahiyəsinə düşməsi hallarınnın qarşısını almaq lazımdır. Əgər belə hal baş verərsə dərhal gözləri 2 faizli bor turşusunun məhlulu və yaxud su ilə yumaq lazımdır. 36 v gərginlik altında olan qurğuların cərəyanını zərərsizləşdirməyənə kimi onların söndürülməsində köpüklü odsöndürənlərin tətbiqi qadağandır.
15.9. Kimyəvi maddələr olan otaqlarda yanğının söndürülməsinə başlamazdan əvvəl həmin maddələrin xarakteri müəyyən olunmalıdır. Belə otaqlarda yanğınlar ancaq əleyqazlardan və belə maddələrin söndürülməsi üçün nəzərdə tutulan odsöndürmə qurğularından istifadə etməklə söndürülür.
15.10. Binanın konstruksiyalarını sökərkən mümkün qədər binanın əsas aparıcı divarlarına və elektrik şəbəkələrinə zərər yetirməməyə çalışmaq lazımdır. Sökülmələr zamanı sökülən materiallar yanğının söndürülməsinə mane olursa dərhal kənarlaşdırılmalıdırlar. Belə materialları kənarlaşdırarkən çalışmaq lazımdır ki:
15.10.1. digər əmlaklar zədələnməməsin;
15.10.2. keçidlər tutulmasın;
15.10.3. onlar elə yığılmalıdır ki, komandanın fəaliyyətinə maneə törətməsin.
15.11. Konstruksiyaları sökərkən uçma ehtimalı olan yerlər şəxsi heyət tərəfindən mühafizə olunmalı və ora kənar adamların girişinə yol verilməməli və yaxınlıqda işləyən digər yanğınsöndürmə komandasının üzvləri xəbərdar edilməlidir.
15.12. Tüstül olan otaqlarda yanğını söndürərkən izolə edici əleyhqazlarda işləmək lazımdır.
15.13. Qışda yanğını söndürərkən şəxsi heyətin soyuqlamaması və xəstələnməməsi üçün lazımi tədbirlər görülməlidir. Hündürlüklərdən, pilləkən üzərində olarkən şəxsi heyətin sürüşüb yıxılmaması üçün sığortalama vasitələrindən istifadə olunmalıdır.
15.14. Meşə yanğınlarını söndürərkən aşağıdakı tələblərə riayət olunmalıdır:
15.14.1. yanğının geniş miqyas alma ehtimalı olduqda şəxsi heyətin yanğın yerindən təhlükəsiz yerə çəkilməsi üçün tədbirləri nəzərə alınmalı;
15.14.2. tüstü ilə zəhərlənmə və yanıqlar zamanı ilk tibbi yardımın göstərilməsi üçün tibbi apteçkalar olmalı;
15.14.3. yanğınsöndürənlərlə daima rabitə əlqəsi olmalı;
15.14.4. yanğının sonunda şəxsi heyət yanmış iri ağacların yanından keçərkən onların üstünə aşmamasına ciddi fikir verilməli.
15.15. Yanğınların xəbərdar edilməsi üzrə tədbirlər:
15.15.1. Hərbi qurumlarda yanğına qarşı mühafizə tədbirləri daxili xidmət nizamnaməsinin maddələrinə uyğun təşkil edilməlidir. Hərbi hissənin yanğından mühafizə tədbirlərinin təşkil olunmasına birləşmə (hərbi hissə) komandirinin MTT üzrə müavini cavabdehdir.
15.15.2. Bütün hərbi qulluqçular yanğından mühafizə qaydalarını və yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını bilməlidirlər.
15.15.3. Yanğın baş verdikdə hər bir hərbi qulluqçu yanğınsöndürmə komandasını çağırmaq, yanğını söndürmək, texnika və əmlakları təxliyyə etmək qaydalarını bilməli və bacarmalıdırlar.
15.15.4. Hər bir hərbi hissədə yanğından mühafizə planı işlənirki, onun tələbləri ilə bütün hərbi qullüqçular tanış edilməlidirlər.
15.15.5. Hərbi hissələrdəki yanğından mühafizə komandalarına bilavasitə yanğından mühafizə xidmətinin rəisi rəhbərlik edir (hərbi hissələrdə bu vəzifə nəzərdə tutulmadığından yanğından mühafizə taqımlarının komandirləri bu vəzifəni yerinə yetirirlər). O həftədə ən azı bir dəfə ştatdankənar yanğınsöndürmə komandası ilə yanğınların söndürülməsi üzrə praktiki məşğələlər təşkil edib keçirtməlidir.
15.16. Hərbi qurum rəhbəri borcludur:
15.16.1. şəxsi heyətin yanğın təhlükəsizliyi qaydalarına riayət etmələrini və onlara yanğının söndürülməsi qaydalarının öyrədilməsini təşkil etsin;
15.16.2. rübdə bir dəfədən az olmayaraq hərbi hissədə yanğından mühafizənin vəziyyətini və təşkilini yoxlamalı, aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsini təşkil etsin;
15.16.3. yaxınlıqdakı şəhər (rayon, qəsəbə) yanğınsöndürmə komandası ilə telefon əlaqəsini yaratsın.
15.17. Təcrübə göstərir ki, hərbi hissələrdə yanğınlar əsasən aşağıda göstərilən hallarda baş verir:
15.17.1. elektrik təsərrüfatını düzgün istismar etmədikdə (elektrik naqillərinin ağac, tezalışan materialların üzəri ilə çəkilməsi; cərəyan gücü şəbəkənin cərəyan gücündən çox olan elektrik qurğularının şəbəkəyə qoşulması; kustar yolu ilə düzəldilmiş qurğulardan istifadə; elektrik şəbəkəsinə qoşulmuş qurğuların nəzarətsiz qalması);
15.17.2. tezalışan mayeləri öz təyinatı üzrə istifadə etmədikdə (geyim formalarının yuyulması, maşınların mühərriklərinin yuyulması və s.);
15.17.3. odla ehtiyatsız davrandıqda (təyin olunmamış yerlərdə siqaret çəkmək, açıq alovdan işıqlandırmaq məqsədi ilə istifadə etmək);
15.17.4. qaynaq işlərini yerinə yetirərkən təhlükəsizlik qaydalarına riayət olunmadıqda və bu işlərin yerinə yetirilməsinə buraxılışı olmayan şəxslər buraxıldıqda;
15.17.5. elektrik və yanacaq sobalarından düzgün istifadə etmədikdə.
15.18. Qadağandır:
15.18.1. parkın ərazisində, saxlanclarda və binalara 40 metr yaxın yerlərdə ocaqdan və s açıq alovlardan istifadə etmək;
15.18.2. standart olmayan sobalardan və elektrik qurğularından istifadə etmək;
15.18.3. anbarın (saxlancın) yanğından mühafizəsini yoxlamadan mühafizə üçün təhvil vermək;
15.18.4. maşınları, əmlakları və geyim formalarını tezalışan mayelərlə yumaq;
15.18.5. əmlakı sobaya, elektrik lampasına və naqilinə yaxın yerlərdə saxlamaq;
15.18.6. binaların zirzəmilərində tezalışan mayeləri saxlamaq;
15.18.7. elektrik və qaz qurğuları (şəbəkəsi) üzərində icazəsi və hazırlığı olmayan şəxslər tərəfindən təmir işlərin yerinə yetirilməsi.
Dostları ilə paylaş: |