19. İLK TİBBİ YARDIMIN GÖSTƏRİLMƏSİ ÜSULLARI
16.1. Hər bir hərbi qulluqçu ilk tibbi yardımın göstərilməsi üsullarını bilməlidir.
16.2. Əzilmələr zamanı.
16.2.1. Əzilən yerə isladılmış soyuq pambıq və yaxud təmiz əski parçası qoyaraq tənziflə möhkəm bağlamaq lazımdır. Sıyrıntılar və yaxud cızılmalar olduğu halda dərini yodla təmizləmək və tənziflə sarğı qoymaq lazımdır.
16.2.2. Başın, döş qəfəsinin və qarın nahiyələrinin əzilməsinin əlamətləri baş ağrıları, baş gicəllənməsi, qusmaq, qan bəlğəminin gəlməsi, huşun itirilməsi, qarında və döş qəfəsində ağrıların olması ilə müşahidə olunur. Belə hallarda zərərçəkəni arxası üstə uzatmaq və onun üçün sakitlik yaratmaq və lazım olduqda tibb məntəqəsinə göndərmək lazımdır.
16.3. Yaralanmalar (qanaxmalar) zamanı ilk tibbi yardımın göstərilməsi:
16.3.1. yara yerini təmizləmək;
16.3.2. yaranın kənarlarını yodla təmizləmək, təmizləyərkən yodun yaraya düşməməsinə çalışmaq;
16.3.3. yaranı yumadan, ona əllə toxunmadan tənziflə sarğı qoymaq;
16.3.4. güclü qanaxmalar zamanı qanaxmanı dayandırmaq üçün jqut və yaxud əlaltı vasitələrdən (bel kəməri, nazik ip və s.) istifadə etməklə qanaxan yerdən yuxarı hissəni bağlamaq.
16.4. Jqut qoyarkən aşağıdakı qaydalara riayət edilməlidir:
16.4.1. jqutu çox bərk sıxmamaq;
16.4.2. jqutu qoyduqdan sora yaranı bağlamaq;
16.4.3. jqutun altında jqutun qoyulmasının vaxtını göstərməklə kağız parçası qoymaq;
16.4.4. jqutu 2 saatdan (qışda 1 saatdan) çox qalmasına yol verməmək.
16.5. İlk tibbi yardım göstərildikdən sonra yaralı dərhal tibb məntəqəsinə çatdırılmalıdır.
16.6. Sınıqlar zamanı. Sınıqlar açıq və qapalı ola bilər. Bütün hallarda zədələnən yerə şina qoyulmalıdır. Şinalar xüsusi (tibbi) və əlaltı vasitələrdən olan materiallardan (kiçik piyada beli, taxta, çomaq, faner və s.) qoyula bilər.
16.7. Qapalı sınıqlar zamanı:
16.7.1. barmaq sümüklərinin sınması zamanı tənziflə və yaxud pambıqla bükülmüş nazik taxta parçasından əlin arxa və qabaq hissəsindən biləyə qədər şina qoymaq və üzərindən tənziflə sarımaq;
16.7.2. bilək sındıqda dirsəyə qədər bilək enində şina qoymaq və üstünü tənziflə sarımaq;
16.7.3. bazu sümüyü sınarkən barmaqların uc nahiyəsindən dirsəyə qədər şina qoymaq və əli dirsəkdən bükməklə tənzifi (kəmər, yaylıq) boyundan keçirməklə halqa düzəltmək zədələnən əli asılı vəziyyətə gətirmək;
16.7.4. çiyin nahiyəsi sınarkən əli dirsəkdən bükməklə çiyinin hər iki tərəfindən şina qoymaq və əlin tərpənməməsi üçün onu bükülü vəziyyətdə bağlamaq;
16.7.5. bud nahiyəsi sınarkən şinanın biri çiyindən dabana qədər, ikinci şina isə ayağın iç tərəfindən qasıq nahiyəsindən dabana qədər qoyulur;
16.7.6. baldır nahiyəsində sınıq olarsa ayağın bud hissəsinin orta nahiyəsindən başlayaraq ayağın aşağı və yuxarı hissələrindən şina qoyulur;
16.7.7. körpücük sümüyü sınarkən əl dirsəkdən bükülmüş vəziyyətdə qarın nahiyyəsi səviyyəsində asılı vəziyyətdə olmaqla bağlanılır;
16.7.8. qabırğaların sınması zamanı nəfəsi xaricə verilməsi vəziyyətində sinə nahiyyəsini bağlamaq lazımdır;
16.7.9. çanaq sümüyünün və onurğanın sınması zamanı zərərçəkəni arxası üstə uzatmaq, kürəyinin altına taxta qoymaq, ayaqlarını yüngülcə dizlərdən bükmək, dizinin altına yumşaq materialdan hər hansı bir əşya qoymaq və çanaq hissəni möhkəm tənziflə bağlamaq lazımdır.
16.8. Şinlər geyimin üzərindən qoyulur. Əl və ayaq nahiyələrində sınıqlar baş verərkən əl altında şina yoxdursa onda lazımdır:
16.8.1. əli dirsəkdən bükülmüş vəziyyətdə qarın nahiyəsinə bağlamaq;
16.8.2. ayaq sınarkən zədələnən ayağı salamat ayağa bağlamaq.
16.9. Açıq sınıqlar zamanı:
16.9.1. sınıq yerinin ətrafını yad cisimlərdən azad etmək və yodla təmizləmək;
16.9.2. yaraya tənzifdən ibarət və yaxud aseptik sarğı qoymaq;
16.9.3. ağrıları sakitləşdirmək məqsədi ilə sınmış hissəni şina ilə bağlamaq;
16.9.4. hava soyuq olduqda zərərçəkənin üstünü isti materialla örtmək.
16.10. Bütün hallarda sınıq baş verdikdə zərərçəkəni dərhal tibb məntəqəsinə göndərmək lazımdır.
16.11. Yanıqlar zamanı.Yanıqların növləri bunlardır: termiki, kimyəvi və elektrik.
16.12. Termiki yanıqlar zamanı lazımdır:
16.12.1. dərini qoparmadan ehtiyyatla yanan yerin ətrafını paltar və digər əşyalardan azad etmək;
16.12.2. yaraya tənzifdən ibarət və yaxud aseptik sarğı qoymaq;
16.12.3. zərərçəkənin üstünü isti materialla örtmək;
16.12.4. heç bir sürtgünü (maz) yaraya sürtməmək, dərinin suluqlarını partlatmamaq.
16.13. Kimyəvi yanıqlar zamanı lazımdır:
16.13.1. su şırnağı ilə yanan yeri yumaq;
16.13.2. əllə yanan yerə toxunmamaq, heç bir sürtgünü (maz) yaraya sürtməmək və dərinin suluqlarını partlatmamaq;
16.13.3. sulfat turşusu ilə yanıqları 2 faizli soda, qələvi turşulu yanıqları isə 2 faizli bor turşusunun məhlulu ilə təmizləmək.
16.14. Elektrik yanıqları zamanı lazımdır:
16.14.1. ehtiyyatla yanan yerin ətrafını paltar və digər əşyalardan azad etmək;
16.14.2. yanan yerə steril sarğı qoymaq.
16.15. İlk tibbi yardım göstərildikdən sonra zərərçəkəni dərhal tibb məntəqəsinə çatdırmaq lazımdır.
16.16. İstivurma və günvurmalar zamanı. İstuvurmanın əlamətləri: baş ağrıları, görüntünün pisləşməsi, qusmaq, tərləmənin artması, kürək nahiyəsində və ayaqlarda ağrılar, huşunun itirməsi. Günvurma zamanı isə huşunu itirmə və qıcolma halları müşahidə olunur.
16.17. İlk tibbi yardım göstərərkən lazımdır:
16.17.1. zərərçəkəni kölgə bir yerə aparmaq;
16.17.2. yarıoturaq vəziyyətdə yerləşdirmək;
16.17.3. yaxasını, kəmərini açmaq, dar paltarlarını əynindən çıxartmaq;
19.17.4. sinəsini və başını soyuq su ilə islatmaq;
16.17.5. içmək üçün soyuq su vermək;
16.17.6. nəfəs olmadıqda sünü nəfəs vermək.
16.18. Elektrik cərəyanı ilə zədələnərkən. Elektrik cərəyanı ilə zədələnmənin əlamətləri: huşunu itirmə, ürək fəaliyyətinin zəifləməsi, qıcolmalar və yanıqlar.
16.19. Elektrik cərəyanı vurarkən birinci növbədə zərərçəkəni cərəyanın təsirindən azad etməli, bunun üçün naqili bel və yaxud balta ilə kəsmək, bu alətlərdə əl altında olmadıqda onda əlləri quru parça ilə sarımaq və hər hansı bir taxta parçası ilə naqili zərərçəkəndən kənarlaşdırmaq lazımdır. Belə hallarda imkan daxilində rezin əlcək və yaxud çəkmələrdən istifadə etmək lazımdır.
16.20. Əgər zərərçəkəndə nəfəs olmazsa onda ona nəfəs yaranana qədər süni nəfəs vermək lazımdır. Yanıqlar zamanı yanan yerə steril sarğı qoyulmalıdır.
16.21. Donvurmalar zamanı. Əlamətləri: bədənin kəskin soyuması, ağrılar, arabir sancmalar, dərinin tədricən ağarması, dəridə hissiyatın itməsi.
16.22. İlk tibbi yardım zamanı təmiz əllərlə dərinin zədələnən hissəsini tənziflə və yaxud yun materialdan olan əski parçası ilə dəri qızarana qədər sürtmək lazımdır. Cod materialdan olan parça ilə və çirkli əllərlə dərini sürtmək olmaz.
16.23. Suluqların əmələ gəlməsi və yaxud dərinin keyləşməsi hallarında donvuran yerləri steril tənziflə sarımaq lazımdır.
16.24. Zəhərli texniki mayelərlə zəhərlənmələr zamanı. Əlamətləri: baş ağrıları, qusma, gicgahda ağrılar, ayaqların halsızlaşması, nəfəsin kəsilməsi və qıc olma.
16.25. Sulfat və qələvi turşuları ilə zəhərlənmələr zamanı lazımdır:
16.25.1. cəld zərərçəkənin su ilə yaxalamaq və ona iki-üç stəkan su içizdirmək;
16.25.2. zərərçəkəni arxası üstə uzatmaq və onu isti materialla bükmək.
16.26. Zərərçəkəni qusdurmaq qəti qadağandır.
16.27. Başqa zəhərli mayelərlə zəhərlənmələr zamanı isə zərərçəkənə çoxlu su içizdirməklə iki barmağı onun ağzına salmaq və qusdurmaq lazımdır. Bu əməliyyatı bir neçə dəfə təkrar etmək lazımdır, fasilələr zamanı isə ona içmək üçün çoxlu su vermək lazımdır. Bundan sonra isə zərərçəkəni arxası üstə uzatmaq və onu isti materialla bükmək lazımdır. İlk tibbi yardım göstərildikdən sonra zərərçəkəni dərhal tibb məntəqəsinə çatdırmaq lazımdır.
16.28. Dəriyə etil benzini və digər zəhərli mayelər (sulfat və qələvi turşularından başqa) düşərkən dərhal həmin nahiyə kerosinlə isladılmış əski vasitəsi ilə təmizlənməli, sonra isə isti su və sabunla yuyulmalıdır. Əgər zəhərli maye paltara düşərək onu isladıb və bədənə toxunubsa onda dərhal paltarı əyindən çıxartmaq, bədəni kerosinlə təmizləmək, duş qəbul edərək təmiz paltar geyinmək lazımdır.
16.29. Suda boğulmalar zamanı ilk tibbi yardımın göstərilməsi:
16.29.1. zərərçəkənin əynindəki paltarlarını, bel və qurşaq kəmərlərini açmaq;
16.29.2. tənziflə dolanmış barmağın köməyi ilə zərərçəkənin ağzından lili, otları və kənar cisimləri təmizləmək;
16.29.3. zərərçəkəni ağzı üstə çevirərək, ayaqları dizlərdən bükərək qarını üzərində elə uzatmaq lazımdır ki, başı və çiyinləri aşağı əyilmiş vəziyyətdə olsun;
16.29.4. əllərin köməyi ilə onun kürəyini çanaq hissədən baş nahiyəsinə tərəf elə sığallamaq lazımdır ki, ciyərlərinə və mədəsinə dolan sular xaric olsun;
16.29.5. arxası üstə isti və yumşaq material üzərinə uzatmaq;
16.29.6. dilinin qatlanması hallarına xüsusi fikir vermək lazımdır, belə hal olduqda barmaqları zərərçəkənin ağzına salmaqla dilin geri boğaz tərəfə qatlanmasına imkan verməmək;
16.29.7. qusma halları baş verərərkən həmin maddələrin nəfəs yoluna düşməsinin qarşısını almaq məqsədi ilə zərərçəkəni yanı üstə uzatmaq lazımdır;
16.29.8. nəfəs itdikdə nəfəs bərpa olunana qədər sünü nəfəs vermək lazımdır;
16.29.9. dərini sürtməklə qızdırmaq, isti materiala bükmək və isti çay vermək, mütəmadi olaraq zərərçəkənin huşunu itirməməsi üçün onun burnuna naşatır spirti yaxınlaşdırmaq lazımdır.
16.30. İlk tibbi yardım göstərildikdən sonra zərərçəkəni dərhal tibb məntəqəsinə çatdırmaq lazımdır.
16.31. Zərərçəkənin tibb mənbtəqəsinə və yaxud maşına tərəf aparılması qaydaları:
16.31.1. zərərçəkəni xərəyin yanına aparmaq yox, xərəyi zərərçəkənin yanına gətirmək lazımdır;
16.31.2. zərərçəkəni müəyyən komanda ilə xərəyin hər tərəfindən yapışmaqla eyni vaxtda qaldırmaq lazımdır (xüsusən sınıqlar zamanı);
16.31.3. düz yerdə zərərçəkəni ayaqları qabağa olmaqla aparmaq, dikə və yaxud pilləkənlə qalxarkən baş nahiyəsi qabağa olmaqla aparmaq lazımdır;
16.31.4. xərəklə gedərkən xərəyi aparanlar eyni vaxtda eyni ayaqları atmamalıdırlar (yəni biri sağ ayağını atdıqda o birisi sol aağını atsın);
16.31.5. zərərçəkəni maşına, maşına qədər daşındığı xərəkdə qoyulması məqsədəuyğundur (xərəyin altına yumşaq nəisə sərilməlidir). Maşını sürərkən asta
sürətlə və ehtiyatla sürmək lazımdır.
Dostları ilə paylaş: |