Yaponlar
Yaponiya dünyanın ən qədim, bənzərsiz dövlətlərindən biridir. Yapon xalqı öz adət-ənənələrini qoruyub yaşatmaqla yanaşı, müasir dünyanın həyat və məişət üçün xeyirli, dəyərli bütün yeniliklərini qəbul etməkdən, texniki tərəqqinin yüksək nailiyyətlərindən, qabaqcıl texnologiyalardan bəhrələnməkdən də heç vaxt çəkinməmişdir. Bunun nəticəsidir ki, müasir elektron aparatura, avtomobil sənayesi, arxitektura və s. sahələrdə Yaponiya Qərbi heyran etmişdir. Dünyanın bir çox ölkələrində Yapon fenomeninə güclü maraq da elə buradan doğmuşdur. Alimlər, yazıçılar, curnalistlər, iş adamları sirli-müəmmalı Yaponiyanı, yapon xalqını, yapon milli xarakterini araşdırmaq, öyrənmək məqsədilə cild-cild kitablar yazmış, bu mövzuya sənədli filmlər, elmi-publisistik məqalələr həsr etmişlər. Belə kitablardan biri də V.Pronnikov və İ. Ladanovun etnopsixoloci oçerklərdən ibarət “Yaponlar” (Moskva, “Elm” nəşriyyatı, 1985) kitabıdır. Həmin kitab oxucuları yapon milli xarakteri ilə tanış etmək baxımından böyük maraq doğurur. Şəxsi müşahidələr və bol faktiki material əsasında yazılmış bu kitab yaponların davranış və vərdişləri haqqında oxucuya zəngin məlumat verir.
S A M U R A Y L I Q
BUSİDO RUHU
Busido (hərfi mənada “döyüşçünün yolu” deməkdir) cəngavər davranışı haqqında təlimi özündə əks etdirir.
Busido – bir yandan samurayların əxlaq kodeksi, digər bir yandan isə – yapon millətinin sonralar ənənəyə çevrilmiş əzəli ruhunun daşıyıcısıdır.
Qeyd etmək lazımdır ki, busido – samurayların əxlaq kodeksi kimi heç bir dərslikdə, yaxud qanun-qayda kitablarında sistemləşdirilməyib. Buna baxmayaraq, yaponların həyatında busidonun təsiri azalmamış, o hər bir yaponun qəlbində özünə möhkəm yer etmişdir.
Samurayların əxlaq kodeksinə çevrilməmişdən hələ çox qabaqlardan busidonun əsas amilləri yapon xalqı arasında yaşamaqda idi. Busidonun başlıca ideyalarını isə “Xaqakure” kitabında tapmaq olar. “Xaqakure” sözünün hərfi mənası “yarpaqlar altında gizlənmiş” deməkdir.
”Yarpaqlar altında gizlənmiş” ifadəsi o mənanı verir ki, buradakı müəmmalar yalnız təlimin gizli qatlarını dərk edən adama aydın ola bilər. “Xaqakure”də toplanmış deyimlərin əksəriyyəti – sahibi vəfat etdikdən sonra dünyanın çaxnaşmalarından uzaqlaşıb guşənişin həyata qapılmış samuray Yamamoto Sunemotaya aid edilir.
Adətən, “Xaqakure” adına “busido” termini də əlavə edilir ki, bütövlükdə bunların hamısına “Döyüşçünün kitabı” deyirlər. Bu kitabda samurayın öz sahibinə (ağasına) qulluq göstərmək və sədaqətli olmaq ideyları izhar olunur… Tədricən “Xaqakure”dəki ideyalar bütün millətin təfəkkürünə də sirayət etmişdir.
Tarixdən bəllidir ki, samuraylar yerli feodalların silahlı dəstələri kimi meydana çıxmışlar. Onlar, adətən, kəndlilərdən və işçi adam-lardın ibarət olurdu. İlk dövrlər onlar çox qaba adamlar idi. Onlardan yalnız ağasına kor-koranə sədaqət göstərmək və bir də döyüşdə cəsarətli olmaq tələb edilirdi. Lakin zaman keçdikcə bu keyfiyyətlər kifayət sayılmadı. Hərbi iş peşəkar məşğuliyyətə çevrildikdən sonra, xidmət pillələri ilə irəliləmək üçün çin dilini və yazısını öyrənmək də tələb olundu. Tədricən samuraylar orta əsrlərin mürəkkəb mədəniyyət mühitinə qaynayıb-qarışmağa başladılar. Din baxımından onları buddizmin dzen təriqəti daha çox cəlb edirdi, çünki bu təriqətdə onlar kamilləşmək üçün daha böyük imkanlar görürdülər.
Ağa ilə muzdur münasibətlərinə həsr olunan “Xaqakure” kitabında Tokuqava (1600-1668) recimi zamanı daha da çiçək açmış samuraylıq insti-tutunun ideya əsasları toplanmışdır. Yaponiyanın tarixində samurayların belə bir xasiyyəti böyük rol oynamışdır ki, onlar çox böyük həvəslə elm öyrənməyə meylli olmuş, bu yolda əsil xarüqələr göstərmişlər. XVII əsr Yaponiyanın qarşısında mənəvi problemlər qaldırdığı zaman məhz samuraylar çin filosoflarının və əxlaq alimlərinin əsərlərini bir-bir oxuyub öyrən-məyə atılmışdılar. XIX əsr özünün texniki tərəqqisi ilə Yaponiyaya varid olanda isə yenə samuraylar sənaye-ticarət müəssisələrinin başında durdular, siyasətçilərə çevrildilər, publisistik əsərlər yaratdılar. Samuraylar milli qürur hissindən yoğrulmuş adamlar kimi həmişə Yaponiyanı hamıdan qabağa çıxartmaq ehtirası ilə coşub-daşmışlar. Bitib-tükənmək bilməyən yapon enercisinin mənbələri məhz o məqamlardan baş alıb gəlir. Bu enercinin açılışı üçün vacib olan başlanğıc impulslar “Xaqakure”nin yaradıcıları tərəfindən müəyyən edilmişdir.
”Xaqakure”də müəyyən mövzu ardıcıllığı aydınca müşahidə olunur: şərəf, ölüm, rəşadət, sahibə sədaqət, özünükamilləşdirmə.
”Xaqakure”də əsas ana xətt kimi ölüm ideyası nəzərə çarpır. Əksər tədqiqatçılar bu ideyanı ölümə nifrət kimi izah edirlər. “Xaqakure”ni öyrənən döyüşçü daim şərəfli ölüm haqqında düşünəcək və beləliklə, onun həyat yolu düz və sadə olacaqdır. Təhlükəli situasiyalarda o daha fikirləşməyəcəkdir ki, öz həyatını necə xilas etsin; əksinə, o özünü düşmənin üstünə atıb ölümü də təbəssümlə qarşılayacaqdır. “Xaqakure” döyüşçülərdə qarşısına qoyulmuş məqsədə çatmayaraq yaşamaqda davam edən adama nifrət hissi tərbiyə edir. “Xaqakure”də ölüm ideyası ilə yanaşı rəşadət ideyası dayanır. Nabe-simanın samuraylarının döyüş şücaətləri haqqında hekayətdə göstərildiyi kimi, rəşadət hər bir döyüşçünün canında olmalıdır. Samuray ən böyük rəşadəti öz sahibinə sədaqətdə izhar etməlidir. Belə hesab olunurdu ki, sözsüz itaət olmayan yerdə başqa xeyir işlərdən danışmaq qeyri-mümkündür. Yaponiyada məhz ağasına hörmət, sədaqət əxlaqı üstündə neçə-neçə nəsil tərbiyə almışdır. Digər xeyirxahlar kimi, sədaqət də şərəf duyğusuna əsaslanır.
”Xaqakure” öyrədir: “Siz öz həyatınızı itirə bilərsiniz, lakin şərəfinizi – heç vaxt!”. Döyüşçüləri məhz öz “şərəfli adını” qorumağa çağırırdılar. Samurayın verdiyi söz heç bir yazılı iltizam olmadan yüksək tutulurdu. Samuraylar heç bir zaman and içməzdilər – bu onların şərəfini alçaldan hərəkət olardı. Şərəfin bu cür qavranılması yapon dilinin lüğət tərkibinə də öz təsirini göstərmişdir. Nitobe İnadzonun dediyinə görə, yapon dilində “yalan” sözü yoxdur; uso sözü isə sadəcə həqiqətən (makoto), yaxud faktın inkarı kimi başa düşülür.
”Xaqakureyə” görə şərəf duyğusu döyüşçüyə göydən gəlmir, onda bu hissi tərbiyə etmək lazımdır, bunun üçünsə döyüşçü öz üzərində işləməlidir. Bu istiqamətdə kitabda müəyyən məsləhətlər də verilir. Lazımi keyfiyyətləri özündə tərbiyə etməyin yolları öyrədilir. Samuray daim özünün kamilləşməsinə, ruhunun və bədəninin möhkəmlənməsinə çalışmağa borcludur. “Xaqakure”yə görə hərbçi adam heç vaxt öz daxili hiss-həyəcanlarını büruzə verməməlidir. Adam arasına isə mütləq səliqə-sahmanda çıxmalıdır.
”Xaqakure” kitabı 11 hissə və 130 kiçik bölmədən ibarətdir. Kita-bın əsas hissəsini Samuray Sunemotonun düşüncələri təşkil edir. Bu düşüncələrin araında Nabesima tayfasının hökmdarının xeyirxahlığından bəhs edən müxtəlif əhvalatlar, ibrətamiz rəvayətlər danışılır. Həmin düşüncələr, əhvalat və rəvayətlər Samuray şərəfinin, Samuray müdrikliyinin, borc hissinin məsuliyyətini duyaraq yaşamaq tərzinin etalonu sayılır. Bütün bunların gizlin mənası isə məhz busido psixologiyasının mahiyyətini təşkil edir.
Busidonun köklərini konfusiliyin, buddizmin və sintoizmin ehkamlarında axtarmaq lazımdır. Busidonun mənəvi-etik əsası məhz Konfusi təliminə dayaqlanır. Buddizm – busido tərəfdarlarına ölümə qarşı etinasızlıq hissləri təlqin etmişdir. Lakin busidonun əsl kökü təbiətin və əcdadların sintoist pərəstişkarlığına söykənir ki, bu da yaponlarda “yapon millətinə” məxsusluqbarədə xüsusi fəxarət tərbiyə edir.
Konfusi təlimi hər şeydən əvvəl busido qanun-qaydalarına “borca sədaqətli olmaq” amalı aşılamışdır. Konfusi deyirdi ki, hər bir “alicənab insan” (onun fikrincə, əxlaqı bütöv adamlar “alicənabdırlar”) öz davranışında borc hissini əldə rəhbər tutmalıdır. Konfusiyə görə “borc hissi” – “şərəf duyğusu” ilə qaynayıb-qarışır və bu, ictimaiyyət arasında hörmət, şöhrət qazanmaq üçün mənəvi haqq verir.
Busido qanunlarına görə borc və şərəf hissi adamları sədaqətli, alicənab, mərd olmağa sövq edir. Bu barədə Konfusinin məşhur kəlamı da var: “Borc hissinin mütləq icrasını tələb etdiyi bir şeyi görüb də eləməmək mərdliyin çatışmamasından irəli gəlir.”
Konfusilik sintoizm əxlaqı ilə də səsləşir. Sintoizm əxlaqının mahiyyəti ondadır ki, insan özünü dərk etməli, öz qəlbini dərinliklərinə nüfuz etməli və oradakı ilahi başlanğıcı (kami) duymalıdır. Sintoizmə görə insan həmin ilahi başlanğıcın göstərişləri ilə hərəkət etməlidir, çünki o – valideynlərin və ümumən, nəsilbə-nəsil gələn əcdadların çağırışını bilməlidir. Sintoizmə görə hər bir yapon öz həyatı üçün əvvəlki əcdadlarına borcludur. Sintoizm qanunlarına görə yapon həm də öz qəlbində sülhün, qanun-qaydanın təmsilçisi olan hökmdara xüsusi məhəbbət yaşatmalıdır. Sintoizm insanlara üçqat borc hissi təlqin edir: valideynlərə, əcdadlara, imperatora. Busido ruhu da bu mənvi dayaqlar üzərində bərqərar olur.
S i n t o i z m ə görə hər bir yaponun şəxsiyyəti - i l a h i başlanğıcların toplanıb saxlandığı zəngin bir xəzinədir. Bədən isə insan Məninə müvəqqəti olaraq verilmişdir və bədən sanki kaminin xüsusi mülkiyyətidir. Sintoistlər deyirlər ki, adamlar
öz bədənlərinə ona görə qulluq etməlidirlər ki, sağlam bədən – ruhun və enercinin mənbəyidir. Hətta sintoistlərdə gənc yaşlarında vəfat edən adamın belə tez öldüyü üçün valideynlə-rindən üzr istəməsi də adətdir. O təxminən belə deyir: “Bağışlayın ki, mən sizdən aralanıb gedirəm… amma mən getməliyəm, çünki göylərin iradəsi bunu təlb edir”.
Busido insanlarda mətanət tələb edir. Busidoya riayət edən bilir ki, insanın əsl borcu özünü xilas etməyə yönəlmişdir. Yaponiyada kokoti sözü ilə ifadə olunan (bu söz eyni zamanda həm hiss, həm ağıl, həm xeyirxah qəlb mənasını verir) vicdan anlayışı ən yüksək amallarla yaşayan adamın mənəviyyat ölçüsünü bildirir.
Özündə busido ruhu tərbiyə etmək istəyən adam çox şeyləri öyrənməyə məcburdur, ən başlıcası isə – dözümlü olmaq və risqə getmək bacarığını. Yeni nəsil tərbiyəsinin əsasında dözümə və risqə hazırlıq dayanır. Hər cür məhrumiyyətlərə alışmaq xatirinə yapon uşaqları ayaqyalın qar üstündə gəzir, qılınclaşmaq üzrə məşqlər keçir, gecənin zil qaranlığında qəbristanlığa yollanır, “hücuma hazır” vəziyyətdə bütün gecəni yatmadan gəzinir,ağır, bəzən hətta vəhşiyanə sınaqlardan keçirlər. Bütün bunlar “özünü idarə edə bilmək vərdişlərinə nail olmaq məqsədi daşıyır.
Yaponların özünütərbiyə sahəsindəki əsas məqsədləri məhz özünü idarə edə bilməklə əlaqələndirilir. Əgər kimsə ağır, mürəkkəb situasiyalarda hirsini büruzə verib hədsiz çılğınlıq göstərirsə, bu cür adama ləyaqətsiz kimi baxırlar; o özü də tezliklə başa düşür ki, belə hərəkətlər gülünc hərəkətlərdir, adam özünü ələ almağı, ehtiraslarını yatırmağı bacarmalıdır. Yaponlara görə kədər içində olan adam öz kədərini təbəssümlə gizlətməlidir, elə etməlidir ki, onun qəlbindəki acı duyğulardan heç kəs xəbər tutmasın. Bəzən xaricilər düşünürlər ki, axı bu yaponlar yeri gəldi – gəlmədi niyə gülümsəyirlər? Lakin məsələ ondadır ki, yaponların təbəssümü böyük bir tarixi dövranın nəticəsi kimi təzahür edir. Bu təbəssüm həqiqi samuray tərbiyəsinin yekunu olaraq, ən geniş mənada milli xarakterin mühüm cizgilərindən birini formalaşdırır. Busido mədəniyyətində nəzakət əlaməti belə təzahür edir: “xoşbəxt admlarla birgə sən də sevin və göz yaşla-rını kimsəyə bildirmə”.
İkinci dünya müharibəsi ərəfəsində qədim busido – “döyüşçünün yolundan” bütün “millətin yoluna” çevrildi. Yazıçı Kan Kikutinin dediyi kimi: “20 yaşdan 40 yaşadək olan şəxslər döyüşçü oldular”.
Busido ruhunun milli mənsubiyyət və borca sədaqət duyğularına təsiri barədə aşağıdakı maraqlı hadisə daha dolğun təsəvvür yaradır.
Yaponiyanın müharibədən çıxmasından otuz il sonra, 1974-cü il mart ayının ortalarında Filippində yapon ordusunun bölmələrindən birinin “təslimolma” (“kapitulyasiya”) aktı icra ordusunun bölməsi 1945-ci ildən burada vuruşurdu. Xüsusi təyinatlı bu bölmənin tək bircə komandiri Onoda sağ qalmışdı. O zaman bu qəribə fakt haqqında bütün dünya mətbuatı xəbər vermişdi. Yaponiyada çıxan “Mantaym” curnalı Onodanın bu “kapitulyasiyası” haqqında yazaraq, öz oxucularını həmvətənlərinin həm adi, həm də qeyri-adi olan hərəkəti ilə heyrətləndirmişdi.
1944-cü ilin sonlarında imperator ordusunun xüsusi təyinatlı qoşun hissəsinin komandiri mayor Taniquti podporuçik Onodanı yanına çağıraraq delə bir əmr vermişdi :
-Siz Lubanq adasında dağlarda gizlənməlisiniz. Sizin başlıca məqsədiniz – terror, dağıntı işləri, düşmən haqqında məlumat toplamaq olacaqdır. Biz nə zamansa Lubanq adasına qayıdacağıq və sizin bölmənin tapşırığı ondan ibarətdir ki, bizim qayıtmağımız üçün şərait yaradasınız. Hər şey aydındırmı?
- Bəli!
- Onda daha bir tapşırıq. Bu əmri sizə mən verirəm. Və onu məndən başqa heç kimin ləğv etməyə ixtiyarı yoxdur.
Beləliklə, podporuçik Onoda balaca Filippin adasının cəngəlliklərində peyda olur. Onunla birgə tapşırığa kiçik unter-zabit Simada və birinci dərəcəli sıravi döyüşçülər Akasu və Kotsuka da yollanırlar. Xüsusi təyinatlı bu qrup uzun illər, hətta onilliklər boyu davam edən müharibəsini başlayır.
İlkin olaraq Akasu oyundan çıxır: 1951-ci ilin yazında o əsir düşür. Üç ildən sonra – 1954-cü ilin mayında Filippin ordusunun dağ atıcıları bölməsi unter Simadanı öldürür. Daha on səkkkiz il keçdikdən sonra patrullarla atışmada Kotsuka həlak olur. Qrupun komandiri tabeçiliyində olanlardan çox mübarizə apara bilir. Podporuçik Onoda üçün İkinci Dünya müharibəsi 1974-cü il mart ayının 10-da başa çatır. Yeni mayor Taniqutinin döyüş tapşırığını icra etməyə başladıqdan düz iyirmi doqquz il üç ay sonra…
Bəs Onoda necə təslim olmuşdu?
1946-cı ilin mart ayı. Lubanq adasının cəngəlliklərində Amerika əsgərlərinin müşayiəti ilə bir yapon gəzib meqafonla hər yana elan edirdi ki, Yaponiya tam təslim olmuşdur. Onun çağırışına qırxadək piyada hay verərək gizləndikləri yerlərdən çıxmışdılar. Onoda isə cəngəlliklərdə qalmaqda davam edirdi.
1954-cü ilin may-iyun ayı. Yaponiya Onodanı və Kotsukini xilas etmək üçün Lubanq adasına nümayəndə göndərir. Qrupun tərkibində döyüşçülərin qohum-əqrabaları da var idi. Üç gün dağlarda axtarış bir nəticə vermir. Silahı qoyub təslim olmaq barədə çağırışlarla boğazlarını yırtan nümayəndələr heç bir şeyə nail olmadan geriyə, Yaponiyaya qayıdırlar. 1959-cu ilin may-dekabr ayları. Eyni tapşırıqla Lubanqa dalbadal üç nümayəndə heyəti yollanır. Onlarla birgə adaya podporuçikin doğma qardaşı də gəlir. Onoda nümayəndə heyətinin çağırışlarını bu dəfə eşidir və hətta qardaşını tanıyır da. Lakin buna baxmayaraq “əmri yerinə yetirməkdə” davam edir. 1973-cü ilin noyabrından 1974-cü ilin aprelinədək buraya daha dörd axtarış qrupu gəlir. Bu dəfə Onodanı Filippin meşələrindən çıxarıb evə aparmaq təşəbbüsünə atası da qoşulur. O Lubanqanın dağlarda gəzərək klassik yapon beytlərini ucadan qışqırmağa başlayır. Lakin Onoda “müharibəni” davam etdirir.
Onoda günlərin bir günü öz həmyerlisi olan bir yapon turistini əsir götürməsə idi, Allah bilir onun “müharibəsi” nə qədər davam edəcəkdi və nəylə qurtaracaqdı. Turistlə söhbətdə Onoda öz həmyerlisinə qətiyyətlə bildirir ki, otuz il əvvəl verilmiş əmr özünün birbaşa tabe olduğu komandir tərəfindən ləğv olunmayana qədər o – imperator ordusunun zabiti, müharibəni davam etdirəcəkdir.
Bu söhbətin nəticəsində daha bir nümayəndə heyəti adaya yollanır. Heyətin tərkibində bu dəfə sabiq mayor Taniquti də var idi. Onodanı Lubanq adasına döyüş tapşırığına göndərmiş həmin mayor Taniquti. Mart axşamlarının birində, Filippin cəngəllərinin bir yüksəkliyində istefada olan mayor qarşısında şax vəziyyətdə dayanaraq tüfənglərini ayaqlarına dayamış podporuçik Onodaya döyüş tapşırığnın ləğv olunduğu barədə əmrin surətini oxudu. Beləliklə, döyüşçü Onodanın otuz illik müharibəsi başa çatır.
Onodanın qəlbində busido ruhunun necə dərin kök saldığını onun telekamera qarşısında dedikləri bir daha sübut edirdi:
”Ona görə təslim olmurdum ki, birbaşa öz komandirimin əmri ilə hərəkət etməyə borclu idim… Tabeliyimdə olan yodaşlarımın ölümünə heyfslənmirdim. Sadəcə olaraq onların qisasını almaq barədə düşünürdüm…”.
Busido – yapon xalqının təkcə keçmişi yox, həm də bu günüdür. Busido kütlələri “milli mənafe naminə” ən ağlasığmaz şücaətlərə belə ruhlandır-mağa qadirdir. Bunu kamikadzelərin dramatik talelərinin tarixi də göstərmişdir.
————————–
Akif ƏLİ (avqust 1993)
Dostları ilə paylaş: |