KAMİL YƏQİNLİYİ ALLAHDAN İSTƏYİRİK
Həzrət Peyğəmbərimiz (s) «Üsuli-Kafi»də nəql olunan bir dua haqqında belə buyurmuşdur: Bu dua mənim və bütün peyğəmbərlərin duasıdır.
«Pərvərdigara! Səndən elə bir iman istəyirəm ki, onun vasitəsilə qəlbim işıqlansın. Elə bir düzgün yəqin istəyirəm ki, bir şey mənə qismət olmayanda onun, Sənin tərəfindən mənim üçün belə təqdir olunduğunu başa düşüm. İlahi! Həyatımda mənim üçün qismət etdiyin ruziyə qane və razı olanlardan qərar ver. Ey mehribanların ən Mehribanı!
İlahi! Mənə od kimi (eşq və məhəbbətdən) yanan bir sinə ver: O sinədə də elə bir ürək ver ki , həmişə yanıb-yaxılsın».
Dərdli və yanan qəlb ilə Allahla münacat edərək deyin: «Allahım! Mənə öz əlimdən və mənə həmlə edən nəfs və mənəmliyimin şərindən nicat ver!»
Əgər Allah lütf etsə, bu böyük hicab aradan gedər və insanın qəlbi genişlənər. O, məhz bu zaman öz Allahını tanıyar, Pərvərdigarın dostluğu İmam Səccadın (ə) inşa etdiyi Əbu Həmzeyi Somali duasındakı kimi, onun dilinin əzbəri olar: «İlahi! Əgər mənim o dünyada zəncirlərə burub, Öz mərhəmətindən məhrum etsən, camaatın yanında rüsvay edərək yaxşılardan ayırıb cəhənnəmə atsan da, mən yenə də Səndən ümidimi kəsməyib, dostluğunu qəlbimdən çıxarmayacağam! Mən Sənin nemət və ehsanlarını heç vaxt unutmayacağam».1
Belə insanların bütün çətinliklərə baxmayaraq, qəlbləri həmişə Allahın məhəbbətilə çağlayır. Çünki o, Pərvərdigarın nemətlərini heç vaxt unutmayıb və bu lütf və mərhəmətlər həmişə onun gözlərinin qarşısındadır.
Məğrurluq aradan gedən kimi bütün çətinliklər asanlaşır. Əgər Allahın məhəbbəti qəlbdə yerləşə bilsə, əziyyət və rahatlığın insan üçün fərqi olmaz. Hər iki hal onun üçün xoş olar. Çünki o, artıq rıza məqamına çatmışdır. Nə qədər çətinlik olsa da qəlbinə yad hisləri buraxmır, Allahından həmişə razıdır.
Mümkündür ki, bu məsələləri bizim dar düşüncəmiz qəbul edə bilməsin, lakin bunlar həqiqətən də belədir.
Bu duaların həqiqətə çevrilməsindən ötrü var qüvvəmizlə çalışmalıyıq ki, bəlkə həyatımızda bu məqamlara çata bilək.
Əgər insanın şüuru inkişaf etsə, onun Allaha olan məhəbbəti daha da artacaqdır. Çünki əlaqəli olduğu hər bir şey varlığın özüdür, ya da ki Onun xüsusiyyətləridir. Hər bir şeyin vücudu da Allahdandır. Elə buna görə də Allahdan qeyrilərinə ümid bəsləməyir, qəlbi yalnız Ona tərəf olur.
Dostları ilə paylaş: |