İBRAHİM (Ə) VƏ SONRADAN ALLAHPƏRƏST OLAN KAFİR QONAQ
Əllamə Məclisinin (r.ə) «İrşadul-qulub» kitabında İbrahim Xəlilullah (ə) haqqında belə bir hədis nəql olunur: İbrahim (ə) heç vaxt qonaqsız xörək yeməzdi. Bəzi günlərdə hətta qonaq tapmaqdan ötrü ətraf yerləri gəzərdi. Günlərin bir günündə o həzrət yenə də qonaq axtarmağa gedərkən bir nəfərə rast gəlib, onu nahara dəvət elədi. Süfrəyə oturduqları vaxt İbrahim (ə) «Bismillah» dedi. Qonaq isə Allahı yad etməyib əlini süfrəyə uzatdı. İbrahim (ə) buyurdu:
Niyə Allahın adını çəkmədin? Qonaq dedi: Allah kimdir, mən Allah-zad tanımıram. İbrahim (ə) buyurdu: Qalx ayağa və get burdan! Mən Allahı inkar edən adamla bir süfrə başında otura bilmərəm. Qonaq ayağa durub getdi. İbrahim (ə) tək qaldı. Həmin anda Allah tərəfindən vəh nazil oldu: «Biz bu şəxsə illərlə ruzi verdik və ruzimizə görə də heç vaxt ona minnət qoymadıq.Təkcə bu gün onun ruzisi sənə həvalə olunmuşdu. Sən isə onu qovdun».
İbrahim (ə) tez ayağa qalxıb, həmin şəxsin ardınca getdi. Çox xahiş minnətdən sonra kafir dedi: Bir şərtlə qayıdaram, de görüm məni qovandan sonra nəyə görə dalımca gəlib, qayıtmağımdan ötrü bu qədər təkid edirsən?
İbrahim (ə) həqiqəti açıb buyurdu:
Səni qovduğuma görə Allah-Təala məni danladı.
Şəxs dedi:
Vay olsun mənə ki, bu cür mehriban Allahdan üz döndərmişəm. Ey İbrahim, məni Allahımla tanış et. Həmin şəxs nəhayətdə mömin və Allahpərəst oldu.
İnsan bir az düşünsə görər ki, Allah ona maddi nemətdən tutmuş mənəvi nemətə qədər hər şey vermişdir. Bunun müqabilində hansı ibadəti yerinə yetirmiş və hansı mərifəti əldə etmişdir?
Dostları ilə paylaş: |