ALLAHIN ŞƏRİKİNİN OLMASI QEYRİ MÜMKÜNDÜR
Vacibəl-vücud bir deyil, iki olduğu halda onların bir-birlərindən fərqlənməsi lazım gəlir. Bütün cəhətlərdən eyni olan şeylər iki dənə ola bilməz. İki dənə olan şeylərin mütləq aralarında müxtəliflik olmalıdır. Əgər müxtəliflik olmasa, ikilikdən söhbət ola bilməz. Müştərək və müxtəlif olan cəhətlərin tərkib olunmağa mütləq surətdə ehtiyacları vardır. Hər mürəkkəb olan şey öz tərkib hissəsinə və onu tərkib edənə möhtacdır. Bu anda inqilab, yəni, bir şeyin bir halda başqa hala düşməsi lazım gəlir. Yəni vacibəl-vücud mümkünəl-vücud olur. Çünki mürəkkəb və möhtac olan şey mütləq mümkün olub, onu, vücuda gətirən vacibə ehtiyaclıdır. Bu dəlil və nəzəriyyə ilə Allahın şərikinin mumtəniəl-vücud yəni, mütləq surətdə qeyri-mümkün sübut olması olur.
Əgər başqa bir vacibəl-vücud da olsa və aləmin məxluqlarının iki məbdə və iki illətdən yarandıqları fərz olunsa, bu əvvəlki söhbətlərimizdə qeyd etdiyimiz fəsad və hərc-mərcliyə səbəb olacaqdır. Çünki vacibəl-vücudun məxluqları yaratması vacibdir. Belə olan halda vacibəl-vücudların hər biri ayrı-ayrılıqda məxluqlar xəlq edəcək, onların özlərinə məxsus ayrıca aləmləri olacaqdır. Bu zaman onlardan hansı biri digərinə qələbə çala bilər? Əgər qələbə çala bilməsələr bu açizlık əlamətidir və Allah da aciz ola bilməz. Yox, əgər qələbə çala bilsələr, onda fəsad və hərc-mərcliyin olması lazım gəlir. Allah Quranda buyurur: «Əgər belə olsaydı, onda hər bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər və onların bir qismi digərinə üstün olmağa çalışardı».1 Biri digərinə üstünlük əldə edə bilsə bu fəsadın yaranmasına səbəb olacaqdır. Məğlub olan isə artıq vacibəl-vücud deyildir. Çünki Allah heç vaxt məğlub olmur.
Quran ayələri və əqli dəlillərlə Allahın şərikinin mümtənil-vücud olması aşkar olur.
Dostları ilə paylaş: |