ALLAHIN VƏHDANİYYƏTİNƏ ELM SAHİBLƏRİNİN ŞƏHADƏT VERMƏSİ
Təfəkkür və əqli dəlillər çox yaxşı və lazımlı bir şeydir. Amma əgər bir kəs bu dəlillər vasitəsi ilə iman gətirib, batini elm əldə etsə, öz şübhələrinə cavab tapmış olacaq. Allahın vəhdaniyyəti barəsində xatircəmlik əldə etməkdən ötrü mərifət dərsində dediyimiz şeyləri əldə etmək lazımdır. Bəsirət gözü ilə Allahın təkliyini görməkdən ötrü çalışıb nəfsin qarşısında olan hicabları aradan aparmaq lazımdır.
Allah Quranda buyurur: «Allah özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq, O qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər».1
Elm sahiblərinin elmi əqli dəlillərlə əldə olunan elm deyildir. Bəlkə o elm insanın qəlbində olan bir nurdur. Əgər əqli dəlillər qəlbdə olan elmi əldə etməkdən ötrü bir müqəddimə olsa çox yaxşı olar. Əks halda onların özləri də faydasız olacaq və bu işlər üçün ancaq nəfsin paklanmasına ehtiyac vardır.
Allah-Təala bu barədə buyurur: «Allah möminlərə lütf və mərhəmət göstərdi. Çünki onların öz içərisindən özlərinə Allahın ayələrini oxuyan, onları pis əməllərdən pak edib, təmizləyən, onlara kitabı, Quranı və hikməti öyrədən bir peyğəmbər göndərdi».1 Bu ayədə Quranın təlimindən əvvəl paklanıb, təmizlənmə zikr olunmuşdur. Bir kəsin əqli dəlilləri yaxşı bilməsinə baxmayaq, nəfsi pak olmasa heç vaxt həqiqi elm məqamına çata bilməyəcəkdir. Bəsirət gözü hicablı olan şəxs, həqiqəti nə vaxt görəcəkdir?
«Şəhadət verirəm» kəlməsi «şahidlik» mənasındadır. İnsan bu şəhadətlə Allahın vəhdaniyyətinə və Onunla bir yerdə olmasına şahid olmalıdır.
Dərs oxuyan adamın hamısına elm sahibi demək olmaz. Çünki o qədər dərs oxuyan adam vardır ki «elm sahibi» deyildir. Amma əksinə bəzi bisavadlar «elm sahibi»dirlər. Qəlbdə haqqın zühur etməsindən ötrü, insanın qəlbini nurlandıran elm, günəşdən də işıqlıdır. Bu elmə sahib olan kəs, özünün daim Allahla bir yerdə olduğunu dərk edir. «Siz harada olsanız O, da sizinlədir».
Dostları ilə paylaş: |