ALLAHIN NİŞANƏLƏRİNİ TANIYIB AXTARAN LAZIMDIR
Bir adam lazımdır ki, Pərvərdigarın varlıq aləmində olan ayət və nişanələrini axtarıb onları dərk etsin. Başqa ifadə ilə desək, insan gərək bütün məxluqların yaradılışının bir mütləq varlığa dəlalət etməsini başa düşsün. Aləmdə olan bütün varlıqlar müstəqil olmayıb, bir olan Allahın məxluqlarıdır. Bütün bu dəlillər yalnız Allahın vəhdaniyyətini dərk etmək istəyən insan üçündür. Amma çox təəssüf ki, insanların əksəriyyəti yerdə və göydə olan Allah nişanələrinin yanında etinasız keçib, onlara fikir vermirlər. Allah-Təala Quranda buyurur: «Göylərdə və yerdə Allahın birliyini sübut edən neçə-neçə əlamətlər, nişanələr vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər».1
Bu insanlar aləmlərin Pərvərdigarını tanımaq istəmirlər. Əgər istəsələr, yerdə və göydə başa düşməli ayələr çoxdur. İnsanın özü xarici aləmlə birlikdə böyük bir əlamətdir. Əgər bəşər əlamət və nişanə tanıyan olsa, Allahın haqq olduğunu mütləq başa düşəcəkdir. «Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, kainatda, göylərin və yerin ətrafında, həm də onların öz daxilində mütləq göstərəcəyik».2 Həqiqi vücud yalnız Allaha məxsusdur, Ondan başqa olan hər bir şey, Onun təsir və bəhrəsidir.
Dostları ilə paylaş: |