TOHİDİ-SİFATİDƏ QƏLBİN TƏSDİQİ
Varlığın əsli Allahdan olduğuna görə, bütün ehtiyacsızlıqlar da ondandır. Bu yerdə də təkcə əqli dəlillər kifayət etmir. Bəlkə qəlbin təsdiq etməsinə də ehtiyac vardır. Keçən söhbətlərimizdə sifətin vəhdətinin əvvəl əqli dəlillərlə isbat olunmasını qeyd etdik. Bütün elm və qüdrətlərin Allaha aid olduğunu ilk növbədə əqli dəlillərlə sübut etmək lazımdır. Lakin təkcə əqli idrak kifayət etməyib, təsdiqə də ehtiyac vardır. Təsdiqin də yeri yalnız qəlbdir. Qəlb bütün elm və qüdrətlərin Allahdan olduğuna xatircəm olmalıdır. Öz nəfsini sevərək, bütün elm və qüdrətin özünə məxsus olduğunu hesab edən insanın Allahı və Onun elm və qüdrəti görməsi qeyri mümkündür. İnsan nə qədər ki, özünün heçliyinə inanmayıb, onun həqiqəti tapması mümkün deyildir.
Güzgüyə müstəqil nəzərlə baxan adam üçün haqq həmişə gizli qalacaqdır. (Bunun misalı əvvəlki söhbətlərdə qeyd olunmuşdur.) Hələ də mənəm-mənəmlikdən dəm vuran kəs, Allahın qüdrətini necə başa düşə bilər?
Bir halda ki, «mən» bir neçə il bundan əvvəl bir parça torpaq idim və bir neçə il bundan sonra da torpaq olacağam. Lakin insan öz qüdrətinin müstəqil olduğuna inandığına görə, bütün qüdrətlərin yalnız Allahdan olduğuna inana bilmir. Amma bunu bilməlidir ki, iradə edərək əl-ayağını tərpətməsi, dilinin hərəkət etməsi və bütün fəaliyyətlərin hamısı Allahın ona bəxş etdiyi nemətlərdəndir.
Dostları ilə paylaş: |