İYİRMİ İKİNCİ DƏRS
ALLAHDAN QAFİL OLMAQ, MÜXTƏLİF ÇƏKİŞMƏLƏRƏ SƏBƏB OLUR
Qəlb inandıqdan sonra orada nurun yaranmasıyla insan bütün kamalların yalnız Allahdan olduğunu dərk edir. Bütün mövcudların zat və sifət cəhətindən müstəqil olmayıb, elm və qüdrətin Allaha məxsus olduğunu tövhidi-sifati barəsində etdiyimiz keçən söhbətimizdə qeyd etdik.
Tövhidi-əfalidə də mətləb bu şəkildədir. İnsan qəlbində olan hicabları aradan aparıb nəfsindəki təkəbbürü azaltdıqdan sonra, bütün işlərdə həqiqi failin yalnız Allah olduğunu qəlbin nuru ilə dərk edir. Hətta, bəşərin ixtiyari işlərinin baş verməsini də Allahın qüdrət və məşiyyətinin sayəsində olduğunu başa düşür. Belə insanlar bir iş görən anda da, o işə Pərvərdigarın idarə və istək nəzərilə baxırlar. İnsan nə qədər ki, özündə müəyyən bir qüdrət görür, dilində «La hövlə vəla qüvvətə illa billah» desə də heç vaxt tövhidi-əfali məqamına çata bilməyəcəkdir. Öz qüdrətini bir şey hesab edən kəs, əvvəldə qeyd etdiyimiz «təfviz» xəstəliyindəndir. Belələri Allaha şərik qoşmaqdan qorxmalıdırlar. Çünki onlar öz qüdrətlərini Pərvərdigarın qüdrəti qarşısında qərar verərək, Onun əzəmətini unudurlar.
Bu təkəbbür insanı bütün səadətlərdən məhrum edib, hər cür bədbəxtliyə vadar edə bilər. Belə insanlar həmişə zəhmət içindədirlər. Bəşər arasında baş verən çəkişmələr də elə bunun nəticəsidir. Çünki özünü və rəqibini müstəqil hesab edib, onu aradan götürmək istəyir. Allahı öz işlərində mütləq fail hesab edən iki nəfərin bir-biriylə çəkişməsi qeyri mümkündür. Peyğəmbərlər və övliyalar arasında heç vaxt çəkişmə olmamışdır. Çünki onlar islah olunmuş insanlardır, bütün qüdrətlərin yalnız Allaha məxsus olduğunu bilirlər.
Dünyada baş verən müharibələr həqiqətdə təkəbbür və cəhalət üzündəndir. Allah-Təala Quranda buyurur: «Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu, xeyirlərini başa düşməyən kimsələrə bənzəməyin! Onlar Allahın itaətindən çıxmış fasiqlərdir».1
İnsan Allahın qüdrətini görə bilməsə, öz acizliyini də görə bilməyəcəkdir. «Onlar öz şübhələrində tərəddüd edib durarlar».2 Belə adamlar yalnız fəsada səbəb olurlar.
Peyğəmbərlər bəşəriyyətin təkəbbürünü aradan aparmaqdan ötrü zühur etmişlər. Onlar bir-birlərinin ardınca gələrək bəşərin zat, sifət və fel cəhətindən mümkünəl-vücud və aciz olduğunu insana başa salıblar.
Bizim zat və əslimiz Allahdandır. Sifət və bütün qüdrətlər də Ona məxsusdur. Peygəmbərlərin (s) proqramları insanları nəfs çirkinliklərindən pak etmək olmuşdur.
Dostları ilə paylaş: |