ALLAHIN QƏLBLƏRDƏ İŞIQLANDIRDIĞI NUR Bəsridən nəql olunan hədisdə Həzrəti İmam Sadiq (ə) buyurdu: «Bil ki, elm çox oxumaq və çox öyrənməklə deyildir. Elm elə bir nurdur ki, Allah-Təala onu hidayət etmək istədiyi bəndəsinin qəlbinə əta edir». Buradakı elmdən məqsəd qəlblə iman gətirməkdir. Bütün elmləri, hətta tövhid elmini öyrənməklə dərk etmək mümkündür. Bütün öyrənməli elmlər bəşərin ixtiyarındadır. İnsan nə qədər çox zəhmət çəksə, həmin elmləri kəsb edə bilər. Deməli hədisdəki elmdən məqsəd, öyrənmək və öyrətmək deyil, qəlbdə Allaha olan mərifət və bütün hadisələri dərk etməklə haqqa şahid olan elmdir. Bəndəsinin qayğısına qalıb elm nurunu onun qəlbində işıqlandıran ancaq Allahdır. Qəlbi nur saçan bəndə həqiqətləri olduğu kimi görür. «Pərvərdigara mənə həqiqətləri olduğu kimi başa sal». Şeyin həqiqətini dərk etmək, zahiri elmləri kəsb etməklə ələ gəlməz. İnsan qəlbində təsdiq və imanın yaranmasından ötrü öz batinini həmin nuru qəbul etməyə hazır etməlidi.