7. Qurbanlıq Kəsilən Zaman Allahın Adını Zikr Etmək - Bu haqda ixtilaf vardır. Bir qrup alimlər Bismilləh kəliməsinin deyilməsini Sünnə (müstəhəb), digərləri isə bunu vacib biliblər. Sünnə (müstəhəb) deyən Şafiilər bu hədisə əsaslanmışlar: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Müsəlman bir kimsənin kəsdiyi heyvan halaldır, hətta Allahın adını zikr etsə də, etməsə də belə”.1126
Lakin bu məsələdə ən səhih rəy qurban kəsilərkən Bismilləh deyilməsinin vacib olduğunu deyənlərin rəyidir. Bu da Quran və Sünnə ilə öz təsdiqini tapmışdır; “Əgər siz Allahın ayələrinə inanan kimsələrsinizsə, üstündə Onun adı çəkilmiş (Bismillah deyilərək kəsilmiş) heyvanları yeyin! Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqlarını artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, çoxları (şəriəti) bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır!” (əl-Ənam 118-119). “Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üstlərində Allahın adını çəkin (Bismillah deyin). Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (nemətimizə) şükür edəsiniz!” (əl-Həcc 36).
Ummu Sələmə – radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qurbanlıq heyvanlarını Allahın adını zikr edərək kəsin”.1127 Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Mən sizin öz bütləriniz üçün kəsdiyiniz heyvanların ətindən yemirəm və mən Allahın adı ilə kəsilməyən heyvanın ətindən də yemirəm”.1128
Qurbanlıq heyvanının kəsilməsində Allahın adını zikr edərək kəsməyi vacib görənlər özləri də iki fikrə ayrılıblar. Əgər bir müsəlman qəsdli olmadan Bismilləh kəliməsini deməyi unudubsa; Bu əti yemək olar, yoxsa yox? Allahın adı zikr olunmadan kəsilən heyvanın ətinin yeyilməsini qadağan edən alimlər deyirlər ki: “Kəsilən heyvanın ətinin yeyilməsinin halal olması onun üzərində Allahın adının zikr olunmasına görədir. Buna görə də bir kimsə Bismilləh deməyi unudarsa (qəsdli olmadan) bu ətdən yemək olmaz”. “Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır...”. (əl-Ənam 121). Lakin İbn Abbas bu ayənin təfsirində deyir: “Bu ayədə söhbət Allah üçün kəsilməyən heyvanlardan gedir”. Buna görə də qəsdli olmadan Allahın adı ilə kəsilməyən heyvanın əti halaldır. Bu fikirdə olub: Əli, İbn Abbas, Sad ibn Museyyib, Ata, Tavus, Həsənul-Bəsri – radıyallahu anhum - və s.1129 İbn Abbas – radıyallahu anhu - deyir: “Hər bir müsəlmanda Allahın adı vardır (Başqa rəvayətdə: Müsəlmanın bu adı daşıması ona kifayətdir). Heyvanı kəsdiyi zaman Allahın adını zikr etməyi unudarsa, qoy o ətdən yesin (Başqa rəvayətdə: Yediyi zaman Bismilləh desin). Lakin heyvanı Allahın adını zikr edərək Məcusi kəssə, o ətdən yeməyin”.1130 İmam ət-Təbəri – rahmətullahi aleyhi – deyir: “Müsəlman bir kimsənin unutqanlıqdan Bismilləh demədən kəsdiyi heyvanın ətini yemək olmaz”- deyənlərin sözləri haqdan çox uzaqdır və onlar Əhli Sünnənin olduğu doğru yoldan uzaqlaşmışlar”.1131 Lakin bir kimsə qəsdli şəkildə (Bismilləh) deməyin vacib olduğunu bildiyi halda Allahın adını zikr etməzsə, o ətdən yemək olmaz.
Sünnəyə uyğun olaraq qurbanlıq heyvanı kəsərkən deyilir: "Bismilləh – Allahu Əkbər – Allahummə Təqabbəl Minni - Allahın Adı ilə, Allah Böyükdür, Allahım! Məndən qəbul et".1132 Həmçinin, müsəlman öz qurbanlıq heyvanının kəsimindəki niyyətinə ailəsini də daxil edə bilər. Necə ki, bunu Peyğəmbər – sallallahu aleyhi və səlləm – edərdi: "Allahummə həzə Anni Və An Əhl-Beyti – Allahım! Bu Məndən və ailəmin adındandır!".1133
Dostları ilə paylaş: |