XƏVARİCLƏR HAQQINDA PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – DƏN GƏLƏN HƏDİSLƏR
Ənəs İbn Məlik - radıyallahu anhu – deyir ki, bir gün Peyğəmbərə – sallallahu aleyhi və səlləm – bir nəfər haqqında xəbər verdik. Peyğəmbər: “Mən onu tanımıram” dedi. Biz: “Yə Rəsulullah! O, bu cür, bu cür görünür” dedik. Peyğəmbər: “Mən onu tanımıram” dedi. Bu söhbət əsnasında haqqında danışdığımız kimsə gəldi. Biz də: “Bax, bu o kəsdir Yə Rəsulullah!” dedik. Peyğəmbər: “Mən onu tanımıram” dedi. Bu kimsə bizlərə yaxınlaşaraq salamladı. Biz də onun salamını aldıq. Bu əsnada Peyğəmbər: “Allahı şahid tuturam, məgər sən bura gələndə qəlbində düşünmədinmi ki, mən burada olanların hamısından xeyirliyəm (üstünəm)”. O: “Allaha and olsun Hə” deyib məscidə namaz qılmağa getdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əbu Bəkrə - radıyallahu anhu – buyurdu: “Get onu öldür!”. Əbu Bəkr - radıyallahu anhu – məscidə daxil olur və onu namaz qılar halda görür. Öz-özünə: “Həqiqətən də namazın qədir qiyməti vardır, bizlərə namaz qılanı vurmaq qadağan edilmişdir. Soruşum bu barədə Peyğəmbərdən” dedi. Qayıtdıqda Peyğəmbər: “Sən onu öldürdünmü?” deyə buyurdu. Əbu Bəkr: “Yox, mən onu namaz qılan halda gördüm Axı, namazın qədir qiyməti vardır. Əgər sən əmr etsən onu öldürərəm” dedim. Peyğəmbər: “Yox, bu sənə aid deyil” buyurub Ömərə - radıyallahu anhu – onu öldürməyi əmr edir. Ömər - radıyallahu anhu – məscidə daxil olur və onu səcdə edər halda görür. Bir müddət onu gözlədikdən sonra öz-özünə deyir: “Həqiqətən də səcdənin qədir qiyməti vardır. Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – icazə alım bu mənim üçün daha yaxşıdır”. Qayıtdıqda Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Onu öldürdünmü?”. Ömər: “Xeyr, mən onu səcdə edər halda gördüm, axı səcdənin qədir qiyməti vardır. Lakin sən əmr etsən onu öldürərəm” dedi. Peyğəmbər: “Yox, bu sənə aid deyil” deyib Əlini - radıyallahu anhu – onu öldürməyə göndərdi. Sən bunu edə bilərsən əgər onu tapsan. Əli - radıyallahu anhu – məscidə daxil olur, lakin onu orada tapmayıb geri qayıdaraq Peyğəmbərə – sallallahu aleyhi və səlləm – xəbər verir”. Peyğəmbər: “Əgər o, bu gün öldürülsəydi ümmətimdən iki nəfər belə ixtilaf etməzdi”22. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Hüneyn günü (döyüş qurtardıqdan) sonra qənimət bölgüsündə bəzi kimsələrə digərindən daha çox qənimət verdi. Akra b. Xabisa yüz dəvə, Uyeynəyə də bu qədər verdi, Ərəblərin tanınmışlarına da yüz dəvə verərək həmin günü digərlərindən üstün tutdu. (Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bu məqsədini başa düşməyən) bir nəfər: «Vallahi bu bölgü ədalətli olmayan və Allah rızası gözlənilməyən bir bölgüdür» dedi. Mən də: «Vallahi, bu sözləri Peyğəmbərə – sallallahu aleyhi və səlləm – xəbər verəcəyəm dedim və Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək ona xəbər verdim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in üzü dəyişdi, hətta qırmızı rəng aldı və: «Allah və Rəsulu ədalətli olmazsa, kim ədalətli ola bilər? Allah Musaya rəhmət etsin! O, bundan da daha çox əziyyətlərə məruz qaldı, lakin səbr etdi» deyə buyurdu23. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qənimətlərdən əldə edilmiş qızılı bu dörd kişi arasında bölüşdürürdü. Arka b. Xabis əl-Hənzəli, Uyeynə b. Bədr əl-Fəzari, Alqamə b. Ulasə əl-Amiri və Kilab oğullarından olan Zeydul Həyl ət-Tai və ya Nəbhan oğullarından olan biri. Qureyş bundan qəzəbləndi və: «Bizləri buraxaraq Nəcdin böyüklərinəmi verirsən?» dedilər. Peyğəmbər: «Mən bunu yalnız onları İslama bağlamaq üçün edirəm» deyə buyurdu. Bu vaxt gur saqqallı, yanağının iki almacığı çıxmış, gözləri içəri batmış, yekə alınlı və başı keçəl biri gəlib dedi: «Ya Muhəmməd! Allahdan qorx». Peyğəmbər: «Əgər mən də Allaha üsyan edərəmsə onda kim ona itaət edər? Sizlər mənə inanmadığınız halda O, məni yer üzərinə əmin etmişdir» deyə buyurdu. Sonra o, kimsə dönüb getdi. Səhabələrdən biri onu öldürmək üçün Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən izin istədi. Peyğəmbər: «(Başqa rəvayətdə: İnsanların, Muhəmməd – sallallahu aleyhi və səlləm – səhabələrini öldürür demələrindən Allaha sığınıram) Bu kimsənin nəslindən elə bir qövm törəyəcək ki, Quranı gözəl səslə oxuyacaqlar, lakin Quran onların boğazlarından aşağı enməyəcəkdir, onlar müsəlmanları öldürəcək, müşrikləri isə tərk edəcəklər. Onlar İslamdan oxun şikardan çıxması kimi çıxacaqlar. (Başqa rəvayətdə: Ox şikarın bədənini sürətlə deşib çıxdığı kimi dindən çıxacaqlar) Əgər mən onların zamanına çatmış olsaydım, Ad (Digər rəvayətdə: Səmud24) qövmünün öldürüldüyü kimi onları da öldürərdim» deyə buyurdu25. Başqa rəvayətdə: Veyl sənə! Mən yer üzündə insanların Allahdan qorxmağa ən layiqlisi deyiləmmi? Sonra o, kimsə dönüb getdi. Xalid b. Vəlid: «Ya Rəsulullah! İzin ver boynunu vurum» dedi. Peyğəmbər: «Xeyr, namaz qılan bir kimsə olması umulur» deyə buyurdu. Xalid: «Ya Rəsulullah! Namaz qılanlardan neçə kimsələr var ki, qəlblərində olmayanları dilləri ilə söyləyirlər» dedi. Peyğəmbər: «Mən insanların qəlblərini yarıb baxmaq üçün göndərilmədim» deyə buyurdu26. İmam Qurtubi – rahmətullahi aleyhi – deyir ki: “Peyğəmbərin sözlərinin mənası ondan ibarətdir ki: Xəvariclərlə dəstə dəstə deyil, bir dəfəyə Allahın Ad qövmünü bir dəfəyə məhv etdiyi kimi məhv etməsidir”27. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qənimətləri payladığı zaman Bəni Təmim qəbiləsindən olan Zul Xuveysra adlı bir nəfər gəldi və: «Ey Allahın Rəsulu adil ol!» dedi. Peyğəmbər: «Vay sənin halına! Əgər mən adil olmasam kim adil ola bilər! Əgər mən adil olmasaydım (sən mütləq adil olmayan bir insana tabe olduğun üçün) əliboş qalardın və zərər çəkənlərdən olardın» deyə buyurdu. Ömər: «Ey Allahın Rəsulu! İzin ver boynunu vurum» dedi. Peyğəmbər: «Onu tərk et, onun kimi onun dostları vardır ki, sizdən biriniz öz namazını onların namazı yanında, öz orucunu onların orucu yanında kiçik görər. Onlar Quranı oxuyacaqlar, lakin Quran onların boğazlarından aşağı enməyəcəkdir, onlar İslamdan oxun şikardan çıxması kimi çıxacaqlar. (Başqa rəvayətdə: Ox şikarın bədənini sürətlə deşib çıxdığı kimi dindən çıxacaqlar). Ovçu oxunun dəmirinə baxar orada qandan bir əlamət görməz, oxun taxta hissəsinə baxar yenə də orada bir əlamət tapmaz. Onların əlaməti qolu qadın döşü və ya yellənən ət parçası kimi olan qara kimsədir. Onlar (müsəlmanlar) arasında ayrılıq düşdüyü zaman ortaya çıxarlar. Onları iki tayfadan haqqa ən yaxın olanı öldürər» deyə buyurdu28. Əli b. Əbu Talib - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Axır zamanda yeniyetmə (yaşları kiçik) səfehlər çıxacaqdır. Onlar məxluqata verilən sözlərin ən xeyirlisindən Qurani Kərimdən (və hədislərdən) dəlil gətirəcəklər. (danışdıqları zaman çox gözəl danışacaqlar). Onlar Quranı oxuyacaqlar, lakin Quran onların boğazlarından aşağı enməyəcəkdir, onlar İslamdan oxun şikardan çıxması kimi çıxacaqlar (Başqa rəvayətdə: Dinə geri qayıtmayacaqlar. Onlar yaradılmışların - insanların və heyvanların - ən şərliləridirlər). Onlarla harada qarşılaşsanız onları öldürün, onları öldürənə Qiyamət günü savab yazılacaqdır (Onlarla vuruşmaq hər bir müsəlman üçün haqdır29)»30. Ubeydullah b. Rafi - radiyallahu anhu – deyir ki, Əli - radıyallahu anhu – ilə birlikdə idim. Hərurilər meydana çıxıb üsyan etdikləri zaman – İnil Hukmu İllə Lilləh – Höküm Allahdan Başqasının Deyildir – (əl-Ənam 57, Yusuf 40,67, əş-Şura 10). Allahdan başqa hakim olmaz dedilər. Əli: «Bu haqq bir sözdür ki, onunla batil qəsd olunmuşdur»31. Əbu Ğalib, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrindən Əbu Umamə - radıyallahu anhu – nun belə dediyini rəvayət edir: «Şamda Xəvariclər baş qaldırdı və qətlə yetirilərək quyuya atıldılar. Əbu Umamə - radıyallahu anhu – onların atıldığı quyunun başında durub ağladı və: «Subhənəllah! Şeytan bu ümməti necə azdırdı? Cəhənnəm köpəkləri, Cəhənnəm köpəkləri, Cəhənnəm köpəkləri, yer üzündə ən şərli öldürülmüşlər, ən şərli öldürülmüşlər» dedi32. Uqbə İbn Vəcis deyir ki: “Mənə Xəvariclər və onların əmirləri pisləmələri barəsində danışdılar. Bir gün Abdullah İbn Amrı - radıyallahu anhu – gördüyüm zaman ona: “Sən Peyğəmbərin – sallallahu aleyhi və səlləm – səhabələrindən və Allahın elm verdiyi kimsələrdənsən. İraqda bir qrup insanlar öz əmirlərini pisləyir, onların yanılmaları barəsində açıq-aydın söz açırlar. Bu barədə nə deyə bilərsən?”. O: “Bu o, kəslərdir onların üzərinə Allahın, mələklərin və bütün insanların lənəti vardır”33. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xəvariclər – od sakinləri arasında olan itlərdir»34. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həqiqətən aranızda elə bir məxluq yaranacaq ki, onlar ibadətdə o, dərəcədə çalışqan olacaqlar ki, insanları təəccübləndirəcəklər, hətta özlərini də. Amma onlar oxun şikardan çıxdığı kimi dindən çıxacaqlar»35. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Onlar mənim ümmətimin ən pis adamlarıdır və ümmətimdən ən yaxşılarını öldürəcəklər»36. İbn Ömər - radıyallahu anhu – deyir ki: «Onlar kafirlər barəsində nazil olan ayələri möminlərə qarşı tətbiq edirlər»37. İbn Əbu Aufə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xəvariclər Cəhənnəmin köpəkləridir»38. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Axır zamanda bir qövm çıxacaqdır ki, onlar Quranı oxuyacaqlar, lakin Quran onların boğazlarından aşağı enməyəcəkdir, onlar İslamdan oxun şikardan çıxması kimi çıxacaqlar. Onların əlamətləri başlarını qırxmaq olacaqdır. Onlar həmişə mövcud olacaqlar. Onların axırıncısı Dəccəllə bərabər çıxacaqdır. Onlar məxluqatın ən şərlisi və ya məxluqatın ən şər təbəqəsidir. Onlarla qarşılaşdığınız zaman onları öldürün»39. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Hədislərdə xəbər verilmişdir ki, onlar Dəccəlin çıxdığı dövürə qədər çıxmaqda davam edəcəklər»40. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənim ümmətimdən şərq tərəfdən insanlar peyda olacaqlar və onlar Quran oxuyacaqlar, lakin Quran onların boğazlarından aşağı enməyəcəkdir. Onlar hər yüzillikdə peyda olacaqlar və darmadağın ediləcəklər, hər yüzillikdə peyda olacaqlar və darmadağın ediləcəklər və Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu sözləri iyirmi dəfədən çox təkrar etdi: Bu Dəccəl onların qoşunundan çıxanadək davam edəcəkdir»41. Peyğəmbər buyurdu: “Ümmətimdə ayrılıq və parçalanma olacaqdır. Sonra pis işlər görən, lakin gözəl sözlər söyləyən bir qrup insanlar çıxacaqdır. Onlar Quran oxuyacaqlar, lakin (Quran) onların boğazlarından aşağı enməyəcəkdir. onlar İslamdan oxun şikardan çıxması kimi çıxacaqlar. Onlar məxluqatın ən şərliləridir, onları öldürənə və ya onların öldürdüyünə Tuba olsun. Onlar Allahın kitabına çağırar, lakin özlərinin onunla heç bir əlaqəsi olmayacaqdır. Onları öldürən kimsə onlardan daha çox Allaha yaxındır”. Biz: “Ey Allahın Rəsulu! Onların əlaməti nədir?” dedik. Peyğəmbər: “Saçlarını daz qırxmaları” deyə buyurdu42. Alimlər deyirlər ki, başı üç halda qırxmaq olar: “Həcc və ya Ümrə, körpənin doğumunun yeddinci günü, kafirin İslamı qəbul etməsi. Digər vaxtlarda saçın qırxılması caiz deyildir”43.
Bu hədislər Xəvariclər ancaq səhabələrin dövründə olub, bu günlərdə Xəvaric yoxdur deyənlərin sözlərini təkzib edir. Çünki onlar o, zaman da mövcud olublar, bu gündə mövcuddurlar və Qiyamətə qədər də olacaqlar. Xəvariclərə heç vaxt hakimiyyət verilməyəcəkdir və onlar haqq tərəfdarlarının üzərində qələbə çala bilməyəcəklər. Onlar hər dəfə çıxdıqda haqq tərəfdarları tərəfindən darmadağın ediləcəklər44.
Bu günkü Təkfirçi, ixvanlara Xəvaric deyildikdə özündən çıxır, coşur və deyir ki: Mən Xəvaric deyiləm, mənə nə üçün Xəvaric deyirsiniz? Bir tərəfdən baxdıqda bu sözlərdə həqiqət vardır. Çünki Xəvariclər daha imanlı və ağıllı idilər. Sizlər isə cahil və onların quyruqlarısınız. Təkfirçi, ixvansınız. Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən gələn hədislər, səhabələrin və alimlərin onlar haqqında dedikləri sözləri və irəlidə onların vəsflərini, sifətlərini qeyd edəcəyik. Əgər səndə bu vəsflər yoxdursa qəzəb etməyə dəyməz, əksinə Allaha həmd et! Yox əgər səndə bu vəsflər olarsa onda tövbə etməyə tələs! Əbul Aliyə – rahmətullahi aleyhi - deyir ki: «Allah mənə iki nemət (xeyir) bəxş etmişdir. Mən bilmirəm ki, bunlardan hansı daha yaxşıdır. Allahın məni İslam dininə hidayət etdiyinəmi, yoxsa Allahın məni Həruri (Xəvaric) etməməsinə görəmi?».
Dostları ilə paylaş: |