TƏKFİRLƏ BAĞLI BƏZİ QAYDALAR
Ərəblərdə belə bir söz var: «Hər iməkləyən təkfirdən danışır. İnsanları ittiham edir». Günümüzdəki təkfirçilər həddi aşaraq sağa-sola müsəlmanları təkfir edirlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər hansı bir kimsə öz müsəlman qardaşına ey kafir deyə müraciət edərsə bu sözə o, ikisindən biri layiq olar. Əgər dediyi kimidirsə heç bir eybi yox. Əksi təqdirdə bu söz onun özünə geri dönər»544. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə başqasını fasiqlikdə və ya kafirlikdə ittiham edərsə əgər o, kimsə belə deyilsə mütləq o, söz ona geri dönər»545. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu hədisə şərt qoydu: «Əgər ittiham olunan kimsə kafirdirs,ə onda söz geri dönməz, əksi təqdirdə söz sahibinə geri dönər». Bu hədisdən göründüyü kimi də əgər fərdi şəxs üçün belə bir hədə, təhdid gəlibsə onda cəmaatı, dövləti, əmirləri və bütün müsəlman alimləri təkfir edənlərin halı necə olacaqdır? İbn Həcər əl-Heytəmi – rahmətullahi aleyhi - deyir ki: “ər-Rafii deyir ki: Dəlil olmadan bir müsəlmana: Kafir – deyən kimsə özü küfrə düşər. Çünki o, İslamı küfr adlandırmışdır. Müsəlman bir kimsəni küfrdə ittiham edən özü kafir olar...”546. İbn Əsakir – rahmətullahi aleyhi - müsəlmanları küfrdə ittiham etmyi qadağan edən hədislər barəsində deyir ki: “Bu hədislər müsəlman bir kimsəni təkfir etməyi qadağan edən hədislərdir. Kim ki, bunu etmişdirsə Peyğəmbərlərin seyyidinə asilik etmişdir”547. Hafiz İbn Abdul Bərr – rahmətullahi aleyhi - deyir ki: “Kim bir müsəlmanı təkfir edərsə böyük və əzəmətli bir günaha düşmüşdür. Bu hədis: “Kim öz qardaşına: Ey kafir!” deyərsə sözləri ən böyük hədə və təhdiddir və müsəlman bir kimsəyə kafir deməyi qadağan edir”548. İmam Dəqiqlid – rahmətullahi aleyhi - deyir ki: “Bu hədislər buna layiq olmayan müsəlman bir kimsəni təkfir edənlər üçün qorxulu bir hədədir. Özlərini Sünnə və hədisə nisbət edən bir çox kimsələrin düşdüyü təhlükəli bir məsələdir. Əqidə məsələsində ayrılığa düşdükləri zaman onlara müxalif olan hər bir kəsi küfrdə ittiham etməyə başladılar”549. İmam əz-Zarkaşi – rahmətullahi aleyhi - deyir ki: “Ey təkfir məsələsi ilə oynayan kimsə! Bundan həzər et! Həzər et ki, müsəlmanları təkfir etdiyin üçün özün düşərsən buna”550. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim bir müsəlmanı küfrdə ittiham edərsə, onu öldürmüş kimsə kimidir”551. İmam əl-Mənəvi – rahmətullahi aleyhi - deyir ki: “Bu hədis əməlin Allah qatında nə qədər böyük olmasına dəlildir. Onu öldürmüş kimidir – sözünün mənası: Müsəlmanı küfrdə ittiham edən bir kimsə onun namusuna qəsd etmiş kimidir. Müsəlmanın namusu isə onun qanı kimi qorunma altındadır. Müsəlmanı küfrdə ittiham edən onun qanını axıtmış kimidir. Digər cavab: “Müsəlmanı küfrdə ittiham etmək onu öldürmək kimidir ki, Qiyamət günü buna görə Cəhənnəm odunu dadacaqdır”552.
İbn Abbas – radıyallahu anhu – deyir ki: «Necə ola bilər ki, kafir sözü ona qayıtsın? Allah ölümünə yaxın əməlləri yavaş-yavaş ondan itirər, tədricən o insan mürtəd kimi ölər». Həqiqətən də, biz bunun şahidiyik ki, Təkfir fitnəsinə düşməmişdən qabaq o, kimsə saleh birisi idi. Cəmaat namazlarında iştirak edər, cümələri buraxmazdı, zahiri sünnələr ilə bəzənərdi. Bu fitnəyə məruz qaldıqdan sonra tədricən bu əməllər ondan itməyə başlayır. Şeytan tələsmədən hissə-hissə öz fitnəsini onlara yeridir. İlk öncə ona etiqad etdirir ki, namaz qılmayan kafirdir, ondan sonra artıq namaz qılmayan kafirdisə, onun kəsdiyi ət yeyilməz, sonra şeytan öz fitnəsini yeridərək onu cəmaat namazlarından, cümə namazlarından, daha sonra isə məscidləri birdəfəlik tərk etməyi əmr edir. Bütün bunlar da şeytanın onlar üçün qurduğu hiyləsidir. Bundan sonra başlanılır darul İslam, darul küfr məsələləri, müsəlmanlar kütləvi şəkildə təkfir olunur, məscid imamları və onların arxasında namaz qılanlar təkfir olunur. Bütün bu qapılar açıldıqdan sonra artıq şeytan onları istədiyi kimi idarə edir, istədiyi səmtə, istədiyi yerə onları yönəldir. Artıq onlar – Allah qorusun - şeytanın qulu olurlar. Bundan sonra şeytan onlara vəsvəsə edir ki, saqqal qırxılsın, isbal uzadılsın və s. sünnələr tərk edilsin. Subhənəllah! Kafir dedikləri söz onların özlərinə qayıdır. Tədricən onlar bütün əməllərdən məhrum olurlar.
Buna görə də kimsə küfr və şirk məsələlərindən danışarsa, bilavasitə Qurana, Sünnəyə əsaslanmalı və Saleh Sələflərin başa düşdükləri tərzdə məsələyə yanaşmalıdır. Huzeyfə b. Yəmən – radıyallahu anhu – ravayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizin üçün ən çox qorxduğum Quranı bəlağətli oxuyar və bu gözəllik onda büruzə verər. Sonra bu kimsə İslamın qoruyucusu olar. Daha Sonra o, kəs Quranı arxasına ataraq qılıncla qonşusunun üstünə hücum edərək onu şirkdə ittiham edər». Huzeyfə: «Ya Rəsulullah! Onlardan kim şirkə daha yaxındır? İttiham edən, yoxsa ittiham olunan?». Peyğəmbər: «İttiham edən» deyə buyurdu553. Kim ki, bu şeylər haqqında elmsiz danışarsa, Allahın adından elmsiz danışmış sayılır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qul heç əhəmiyyət verməyən elə bir kəlimə söyləyər ki, onu Cəhənnəmin dibinə dərinliyi məşriq və məğrib arası qədər olan bir məsafəyə salar (Başqa rəvayətdə: 70 illik bir məsafədə)»554. Ən böyük günahdır ki, insan elmsiz Allahın adından danışır. O, kəslər haqqında nə demək olar ki, onlar elmsiz hər kəsi küfrdə ittiham edirlər. Əgər o, kimsə bilmədiyi bir sözə görə bu qədər Cəhənnəmin dibinə yuvarlanırsa, onda bilərək dediyi sözə görə necə olacaq?
İbn Qeyyim – rahmətullahi aleyhi - deyir ki: «Allah elmsiz olaraq söz söyləməyi haram etmiş və bunu ən böyük haramlar arasında saymışdır. Hətta bunu haramların ən yüksək mərtəbəsi olaraq qiymətləndirmişdir. «De ki: Rabbim yalnız aşkar və gizli alçaq işləri (həyasızlıq), hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur». (əl-Əraf 33). Allah haramları dörd mərtəbə olaraq sıralamışdır. Bunların ən alt mərtəbədə olanından başlamışdır ki, bu da həyasızlıqdır, ikinci bundan daha ağır dərəcədə oln günah və zülm, üçüncü olaraq bu ikisindən də ağır Allaha şərik qoşmaq, dördüncü isə bütün bunlardan daha ağır olan Allah haqqında biliksiz söz söyləməkdir. Bu da Allah haqqında İsimləri, Sifətləri, Əməlləri, dini və şəriəti haqda biliksiz söz söyləməyi özündə əhatə edir»555.
Allahın adından elmsiz danışmaq şirkdən böyük və pisdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hədisindən də göründüyü kimi kim elmsiz bir kimsəyə kafir deyərsə özü kafir olur. Allahın adından, şəriətindən elmsiz danışdığı üçün. Şeyx Abdullah b. Batın və Şeyx Səhman – rahmətullahi aleyhi - öz kitabı olan «Minhəc Əhlul Həqq vəl İttibə» 77 səh deyir ki: Çox təəccüblüdür, əgər sən küfrdə ittiham edən bir kəsdən təharət və ya ticarət və s. Məsələlər barəsində soruşsan sənə cavab verə bilməz. Çünki bu barədə elmi yoxdur. Bu məsələdə alimlərin sözlərini axtarar və onların söylədikləri kimi söyləyər. Bəs bu məsələlərdən daha böyük bir məsələ olan Təkfir barəsində nə demək olar?”. Çünki təkfir Allahın, sonra Peyğəmbərin – sallallahu aleyhi və səlləm – haqqıdır. İbn Qeyyim – rahmətullahi aleyhi - ən-Nunyə adlı qəsidəsidən deyir ki: «Küfr - Allahın, sonra isə Peyğəmbərin haqqıdır. Filan və filankəsin sözü deyildir»556. AbdurRahman əs-Sədi deyir ki: “Küfr – Allah və Rəsulunun haqqıdır, Allah və Rəsulunun kafir adlandırdığı kimsədən başqa heç kəs kafir deyildir”557.
Şəriət heç kəsin nəfsi-istəklərinə görə, ağlına görə deyildir. Əksinə ağıl və nəfs şəriətin çərçivəsindən qırağa çıxmamalıdır. Buna görə də səni küfrdə ittiham edəni sən də küfrdə ittiham edə bilməzsən, səni aldadanı sən də aldada bilməzsən. Görürsən ki, indikilər deyirlər: «Kafirlər bizim haqqımızı tapdalayırlar. Biz də onları aldadırıq və malları da bizə halaldır». Əgər kimsə sənə qarşı hansısa bir günahı edibsə, sənin ixtiyarın yoxdur ki, ona qarşı da eyni günahı edəsən. Əgər kimsə sənin yaxınını öldürübsə, bu o, demək deyil ki, sən də istədiyin vaxt gedib onun yaxınını öldürə bilərsən. Xeyr, şəriət, məhkəmə, qazılar var. Bu Allahın şəriətidir. Kim nə istədi onu edə bilməz. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Bu səbəbdən də elm və sünnə əhli müxalif olan kimsəni onları kafir adlandırsa da belə kafir hesab etmirlər. Çünki küfr şəriət hökmüdür və insanın eyni tərzdə cavab verməsi yolverilməzdir. Məs: Kiminsə sənə qarşı yalan danışması, ailənə qarşı əxlaqsızlıq etməsi sənin də ona yalan danışmana və onun ailəsinə qarşı əxlaqsızlıq etmənə izn vermir. Çünki yalan və əxlaqsızlıq Uca Allahın haqqı olduğuna görə haramdır. Kiminsə kafir adlandırılması da Allahın haqqıdır. Ona görə də Allah və Onun Peyğəmbərinin kafir adlandırdığı kəsdən başqası kafir hesab edilməz»558.
Dostları ilə paylaş: |