İMANDA İSTİSNA ETMƏK «İNŞƏALLAH, MƏN MÖMİNƏM» DEMƏK
Əhli Sünnə vəl Cəmaat imanda istisna etmək – yəni «İnşəallah, mən möminəm» deməyin və özləri haqqında yəqin olaraq «Mən möminəm» deməyin əleyhinədir. Bu isə onların Allahdan qorxmaları və qədərə iman etmələrinə görədir. Çünki heç kəs yəqin olaraq deyə bilməz ki, «mən möminəm». Mütləq iman bütün itaətləri etməyi və bütün qadağaları tərk etməyi əhatə edir. İnsan bütün bunları etdikdə də yəqin olaraq bu kəlməni söyləməz. Əgər belə etsə onda özünü tərif etmiş, təmizə çıxarmış və özünü Allahdan haqqıyla qorxan, yaxın kimsələrdən olduğunu irəli sürmüş olur. Beləliklə də özünə yəqin olaraq mömin deyən kimsə özünün Cənnət əhlindən olduğunu da irəli sürməlidir. Bu isə mümkün deyildir. «Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu daha gözəl bilir». (ən-Nəcm 32). İstisna Etmək – «İnşəallah, mən möminəm» demək haqqında üç rəy vardır. Kimisi bunun vacib olduğunu, kimisi bunun haram olduğunu, kimisi də bu məsələdə orta yolu tuturlar.
Müxaliflərin qeyd etdiyinə görə iman tək bir şey olub əməl və sözdən ibarət deyildir. İman qəlbdəki təsdiqdir. Əgər qəlb təsdiq edirsə o, özünün mömin olduğunda da heç bir şəkk-şübhə etməməlidir. Onlara görə şahadət kəlməsini söylədiyimi bildiyim kimi, mömin olduğumu da bilirəm. Onların «Mən möminəm» deməyi, «Mən müsəlmanam» deməyi kimidir və bu məsələdə «İnşəallah, mən möminəm» deyənlərə də Şəkkak – şübhəçi adını verirlər.
İmam Əbu Hənifə – rahmətullahi aleyhi – də imanda inşəallah, mən möminəm deməyin haram olduğu fikrindədir. O, deyir: «Mömin yəni inanan kimsə həqiqətən mömindir, kafir də həqiqətən kafirdir. Küfrdə şübhə olmadığı kimi imanda da şübhə yoxdur». Allah buyurur: «Onlar həqiqi möminlərdir». (əl-Ənfal 4). «Bütün bunlar həqiqətən kafirdilər». (ən-Nisa 151). Muhəmməd - sallallahu aleyhi və səlləm – in ümmətinin günahkar olan kimsələrinin hamısı həqiqətən mömin olub, kafir deyillər»707. İmam Əbu Hənifə – rahmətullahi aleyhi –, Harisi və Haskəfinin rəvayətinə görə belə demişdir: «Alqamə ilə birlikdə Ata b. Əbi Rəbahın yanında idik». Alkamə ona: «Ey Əbu Muhəmməd! Ölkəmizdə imanlarını özlərinə nisbət etməyə və mən möminəm deməyi xoş qarşılamayan bir qrup vardır» dedi. Ata b. Əbi Rəbah: «Onlara nə olur ki, bunu söyləmirlər?» deyə qarşılıqlı sual verdi. Alkamə sözünə davam edərək: «Deyirlər ki, mömin olduğumuzu söylədikdə özümüzü Cənnət əhlindən olduğumuzu da qeyd edirik». Ata onlara: «Allah! Allah! Bu şeytanın hiylələrindən biridir. Şeytan onları Allahın onlara verdiyi ən böyük nemət olan İslamı tərk etməyə və bu xüsuslarda Peyğəmbər - sallallahu aleyhi və səlləm – ə müxalif olmalarını vəsvəsə edir. Mən səhabələrin və eyni zamanda da Peyğəmbər - sallallahu aleyhi və səlləm – in də bunu etdiyinin şahidi olmuşam»708.
Digər bir qrup isə hər bir şeydə istisna etməyə başladılar və bu məsələdə həddi aşmışlar. Məs: Onlar etdikləri bütün saleh əməllərdə də istisna etməyə başladılar. «İnşəallah mən namaz qıldım, inşəallah oruc tutdum» və s. sözlər söyləməyə başladılar. Yenə onlardan bir çoxu hər şeydə istisna etməyə başladılar. «İnşəallah bu paltardır, inşəallah bu ayaqqabıdır» və s.
Lakin ən gözəl mövqe isə Sələfin mövqeyidir. Allah Qurani Kərimdə yəqin olaraq baş verən bəzi işləri Allahın diləməsinə bağlayaraq ifadə edildiyini açıq göstərən bir sıra ayələr vardır. Məs: «And olsun ki, Allah öz peyğəmbərinin (Məkkə fəthi) röyasının çin olduğunu təsdiq etdi. (Ey möminlər!) Siz, inşəallah əmin-amanlıq içində, (bəziniz) başınızı qırxdırmış, (bəziniz) saçınızı qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidulhərama daxil olacaqsınız». (əl-Fəth 27). O, yürüyüb-qaçmaq və atasına kömək edə bilmək çağına (on üç yaşında) çatdıqda (İbrahim) dedi: «Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən! O, dedi: «Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşəallah mənim səbrlilərdən olduğumu görəcəksən». (əs-Saffat 102). Və heç bir şey barəsində: «Mən onu sabah edəcəyəm! demə. Ancaq: «İnşəallah edəcəyəm» de. (əl-Kəhf 23-24). (Yəqub və ailəsi) Yusifin hüzuruna daxil olduqda o, ata-anasını bağrına basıb: «İnşəallah əmin-amanlıqla Misirə daxil olun» dedi. (Yusif 99). Aişə – radıyallahu anhə – rəvayət etdi ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – gecənin sonunda Bəqi qəbristanlığına girər və deyərdi: «Ey möminlər topluluğunun yurdu! Salam üzərinizə olsun. Sizə vəd olunmuş (ölüm) gəlmişdir. İnşəallah biz də sizə qovuşacağıq. Allahım! Bəqi qəbristanlığında yatanları bağışla!». Başqa rəvayətdə Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Ey möminlərin və müsəlmanların yatdığı yurdun sakinləri! Salam üzərinizə olsun! İnşəallah biz də sizə qovuşacağıq!» 709. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Hər Peyğəmbərin qəbul edilmiş duası vardır. Hər peyğəmbər bu duasını etmişdir. Lakin mən duamı Qiyamət günündə ümmətimə şəfaət etmək üçün saxladım. Artıq ümmətimdən Allaha heç bir şeyi şərik qoşmamış olan kimsələr inşəallah bu şəfaətə nail olacaqlar»710. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Süleyman b. Davud (Allahın salamı iksinin də üzərinə olsun): «Şübhəsiz bu gecə yetmiş (Bəzi rəvayətlərdə 90, bəzilərində 99, bəzilərində 100) zövcəmi (xanımlarımı) dolaşacağam. Zövcələrimdən hər biri Allah yolunda vuruşacaq bir süvari doğacaq» dedi. Bu an yoldaşı (olan mələk) Ona: «İnşəallah de!» dedi. Lakin o, İnşəallah deməyi unutdu. Bunundan sonra o, qadınlardan biri xaric, heç biri hamilə olmadı. O, da xəstə olan bir uşaq doğdu». Sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, əgər İnşəallah demiş olsaydı hər biri Allah yolunda vuruşacaq süvarilər doğardılar (Başqa rəvayətdə: Əgər İnşəallah demiş olsaydı vədini yerinə yetirmiş olardı və öz istəyinin yerinə yetməsi üçün daha çox ümidi olardı)»711.
Səhabələrdən gələn rəvayətlərdə: Əbul-Vahterinin (Səid b. Feyruz) rəvayətinə görə Əli – radıyallahu anhu – demişdir: «Bir kimsənin mən möminən deməsi bidətdir»712. İbn Məsud – radıyallahu anhu – deyir: «Hər kim mömin olduğuna dair şahitlik edərsə, özünün Cənnətdə olduğuna da şahidlik etsin»713. Bir nəfər İbn Məsud – radıyallahu anhu – nun yanında şübhəsiz ki, mən möminəm dedikdə İbn Məsud ona: «Onda mən Cənnətliyəm də de!» dedi. Sonra İbn Məsud – radıyallahu anhu – o, adama: «Lakin biz Allaha, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə inanırıq»714. Bir nəfər İbn Məsud – radıyallahu anhu – nun yanında şübhəsiz ki, mən möminəm deyir: «Ey Əbu Abdurrahmən! Bu adam mömin olduğunu iddia edir». İbn Məsud – radıyallahu anhu – onların bu sözlərinə: «Ondan bir soruşun görün o, Cənnətlikdir yoxsa Cəhənnəmlik?» Onlar həmin şəxsdən bunu soruşurlar. Adam da onlara: «Allah ən doğrusunu bilir». Adamın bu cavabından sonra İbn Məsud – radıyallahu anhu – ona: «İkincisini (yəni Cənnətlik və ya Cəhənnəmlik olduğunu) Allaha həvalə etdiyin kimi birincisini də Allaha həvalə etsəydin?» dedi»715. İmam Əhməd – rahmətullahi aleyhi – ə imana dair sual verildikdə o: «İman - söz, əməl və niyyətdir!» deyə cavab vermişdir. Bu dəfə ona: «Adam sən möminsən?» deyə soruşarsa, o: «Bu bir bidətdir!» deyə cavab vermişdir. Bu səfər ona: «Yaxşı, beləsinə necə cavab verilir?» deyilincə, «İnşəallah, möminəm!» deyilir, deyə cavab vermişdir. Peyğəmbər - sallallahu aleyhi və səlləm – qəbr əhlini ziyarət etdikdə buyurdu: «İnşəallah, biz də sizə qovuşacağıq!». O, burda istisna etdi. O, isə yəqin olaraq öləcəyini bildiyi halda istisna etdi»716. Vəlid b. Müslim: «Əvzai, Məlik b. Ənəs və Səid b. AbdulƏzizin kişinin mən möminəm deməsini inkar etdiklərini, inşəallah mən möminəm deməsinə isə izn verdiklərini eşitdim»717. İmam Beyhəqi – rahmətullahi aleyhi – deyir ki: «Bunu – imanda istisna etməyi – səhabədən bir qrupdan, tabiinlərdən və sələfi salihdən rəvayət etdik»718. İbrahim ən-Nəhai – rahmətullahi aleyhi – deyir ki: «Bir kimsənin bir nəfərə – Sən möminsən – deyə soruşması bidətdir»719. Sufyan b. Uyeynə – rahmətullahi aleyhi – deyir ki: «Bir kimsəyə sən möminsən deyə soruşulduğu zaman istəyirsə cavab verməsin və belə desin: «Sənin mənə belə bir sual verməyin bidətdir, mən imanımdan şübhə etmirəm. İman artar və əskilər. Mən möminəm inşallah deyəni isə tənqid etmə»720. İmam əl-Acurri – rahmətullahi aleyhi – deyir ki: «Sözünü etdiyimiz elm adamlarından həqiqət əhlinin bir özəlliyi də imanda istisna etmələridir. Bu şübhə üzərində edilən bir istisna deyildir – imanda şübhədən Allaha sığınırıq – Lakin imanda kamil bir mənaya gələ biləcək şəkildə nəfislərini təzkiyə etməkdən qorxduqları və imanın həqiqətinə layiq kimsələrdən olub-olmadıqlarını bilmədikləri üçün edilən bir istisnadır. Bu səhabələrin və onlara gözəl bir şəkildə uyanların yoludur»721. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Mütləq iman Allahın quluna əmr etdiyi şeylərin hamısını etməyi və haramları tərk etməyi əhatə edir. Bir kimsə: «Kimsə özünə mən möminəm dediyi zaman əmr edilən bütün şeyləri yerinə yetirən və qadağaları tərk edən təqva sahibi yaxşılardan olduğuna şahidlik etmişdir. O, artıq Allahın vəlilərindən olur. Bu insanın bir növü öz nəfsini təzkiyə etməsi və bilmədiyi bir şeylə öz lehinə şahidlik etməsi deməkdir. Əgər bu şahidlik səhih olsaydı insanın bu hal üzərə ölməsi onun Cənnətlik olmasına da şahidlik etməsi lazım gəlir. Özünün Cənnətlik olmasına şahidlik edən heç kimsə yoxdur. Öz nəfsi üçün imanla şəhadət etməsi, bu hal üzərə ölürsə Cənnətlik olacağına şahidlik etməsi kimidir722. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «İbn Məsud və səhabələr, Sevri, İbn Uyeynə, Kufə alimlərindən bir çoxu, İmam Əhməd və sünnə imamları – Allah onlardan razı olsun - kimi hədis alimləri də imanda istisna edərdilər. Bu onlardan mütəvatir olaraq gəlmişdir»723. Həmçinin səhabələrdən: «Ömər, İbn Məsud, Əli, tabiinlərdən - İbn Əbi Muleykə, Tavus, Həsənul-Basri, Məhəmməd b. Sirin, İbrahim ən-Nəhai, Səid b. Feyruz, Dəhhak b. Məşriki,İsmail b. Əbu Xalid, Muğirə b. Miksəm, fikhçilərdən Abdullah b. Şübrümə, Mamər b. Rəşid, Sufyan əs-Səvri, Sufyan b. Uyeynə, Abdullah b. Mubərək, İmam Məlik, İmam Əhməd – Allah onlardan razı olsun - və s. rəyləridir»724.
Dostları ilə paylaş: |