Torpağın strukturu



Yüklə 494,91 Kb.
səhifə6/7
tarix20.05.2022
ölçüsü494,91 Kb.
#116085
1   2   3   4   5   6   7
111a -5,6,7,8

Potensial münbitlik anlayışından da həmçinin istifadə edilir. Təbii münbitlik təbii torpaqəmələgəlmə proseslərinin inkişafı ilə şərtlənmiş və insan tərəfindən pozulmamış torpaq xassə və rejimlərinin mürəkkəb qarşılıqlı təsiri ilə müəyyən olunur.
Təmiz formada təbii münbitlik xam torpaqlara məxsusdur və torpaq üzərində yetişən senozların məhsuldarlığı ilə səciyyələnir. Torpaqların əkinçilikdə istifadəsi təbii torpaq proseslərində, rejim və xassələrində əhəmiyyətli dərəcədə dəyişikliklər əmələ gətirir. Bu dəyişikliklər torpaqların becərilməsi, gübrələrin verilməsi, müxtəlif meliorativ tədbirlər və s. ilə əlaqədardır. İnsanın təsiri nəticəsində torpağın xassə və rejimlərində yaranmış kəmiyyət və keyfiyyət dəyişiklikləri onları süni münbitlik kimi səciyyələndirir.
Süni münbitlik təmiz formada istixana, parnik və digər örtülü sahələrdə subsratların hazırlanması zamanı yaranır.
Torpaqlardan kənd təsərrüfatı istifadəsi zamanı süni münbitlik təbii münbitliklə birlikdə effektiv və ya iqtisadi münbitlik formasında özünü göstərir. O, kənd təsərrüfatı bitkilərinin məhsulu vasitəsilə realizə olunur. Effektiv münbitlik təkcə təbii münbitlikdən asılı deyildir. Onun səviyyəsinə istehsal prosesində torpaqdan istifadə şəraiti, elm və texnikanın inkişafı nailiyyətlərindən kənd təsərrüfatında, əkinçilikdə istifadənin imkanları da təsir göstərir. O, cəmiyyətdəki sosial-iqtisadi münasibətlərlə də sıx əlaqədardır. Torpağın tərkibində qida elementlərinin müəyyən ehtiyatı (ehtiyat fondu) vardır. Bu ehtiyat məhsulun formalaşması zamanı qismən sərf olunur (mübadilə fondu). Bu cür yanaşma potensial münbitlik haqqında anlayış yaradır.
Potensial münbitlik - müəyyən iqlim və relyef şəraitində yerləşmiş konkret torpağın çoxillik tsikl ərzində təbii yolla və ya insanın təsərrüfat fəaliyyəti nəticəsində qazandığı xassələri vasitəsilə bitkini bütün zəruri inkişaf amilləri ilə təmin etmək qabiliyyətidir. Potensial münbitlik kənd təsərrüfatı istifadəsində (əkin, bicənək, mədəni otlaq və s.) və ya təbii şəraitdə (meşə) bitkinin inkişafı üçün əlavə insan amillərini (ilk növbədə suvarma və gübrələmə) qoşmadan orta çoxillik iqlim şəraiti fonunda torpaq və digər ekoloji amillərin təsiri ilə müəyyən olunur. O, torpağın sabit göstəricisi olub, adətən zəif dəyişir. Potensial münbitlik yalnız intensiv meliorativ tədbirlər (qurutma, torpaq profilindən duzların yuyulması) və ya başqa səbəblərdən (texnogen çirklənmə, təkrar şorlaşma və s.) qısa vaxt ərzində dəyişə bilər. Yüksək potensial münbitliyə, məsələn, qara torpaqlar, aşağı potensial münbitliyə isə podzollu torpaqlar malikdirlər. Torflu-bataqlıq torpaqlar da yüksək potensial münbitliyə malik torpaqlardan hesab olunur. Özündə qida elementlərinin böyük ehtiyatını toplamış bu torpaqlar qurutma meliorasiyası tədbirlərindən sonra ehtiyat fondunu qismən sərf etmək hesabına yüksək effektiv münbitliyi təmin etmək qabiliyyətinə malikdir.

Torpağın münbitliyi, torpaqəmələgəlmə prosesi kimi maddələrin çevrilməsi, akkumulyasiyası və ötürülməsi prosesləri ilə sıx bağlıdır. Bu dəyişikliklər həm əlverişli istiqamətdə inkişaf edərək torpaq münbitliyinin inkişafına və onun yüksəlməsinə (qida maddələrinin toplanması, strukturun yaxşılaşması və s.), həm də əlverişsiz istiqamətdə inkişaf edərək münbitliyin aşağı düşməsinə (qida elementlərinin torpaqda yuyulub aparılması, strukturun pisləşməsi və s.) gətirib çıxara bilər. Hər hansı müddət ərzində torpaq xassələrinin dəyişməsi də münbitliyin müyyən nisbi səviyyəsinin yaranmasına səbəb olur. Beləliklə, müəyyən müddət ərzində (vegetasiya müddətində, illik və ya əkin dövriyyəsi tsiklində və s.) münbitliyin dəyişməsi natamam, sadə və geniş təkrar istehsal formalarında təzahür edə bilər. Münbitliyin ilkin səviyyədən aşağı səviyyəyə doğru inkişafı (formalaşması) baş verirsə, bu, torpaq münbitliyinin natamam təkrar istehsalını göstərir. Əgər torpaq münbitliyi ilkin səviyyədə qalırsa və ya inkişaf prosesi nəticəsində həmin səviyyəyə qayıdırsa bu, torpaq münbitliyinin sadə təkrar istehsalından xəbər verir. Torpaq münbitliyinin ilkin səviyyədən yüksək səviyyəyə doğru inkişafı onun geniş təkrar istehsal mərhələsini yaşadığını göstərir.


Torpaq münbitliyinin təkrar istehsalı torpaqəmələgəlmənin obyektiv qanunudur. Təbii torpaqəmələgəlmə proseslərinin inkişafı zamanı münbitliyin təkrar istehsalının natamam, sadə və geniş tipi əsasında konkret torpaqəmələgəlmə proseslərinin və ya onların birləşmələrinin inkişafı müəyyən edilir. Torpaqlardan kənd təsərrüfatında istifadə zamanı onların münbitliyinin təkrar istehsalı təbii amillərin və insanın torpağa təsiri altında baş verir.
Təbii və antropogen amillərin təsiri altında mədəni torpaqəmələgəlmə prosesi inkişaf edir. Mədəni torpaqəmələgəlmə prosesinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o, insanın istiqamətləndirici təsiri altında inkişaf edir. Bu zaman təbii bitkiliyi aqrosenozlar əvəz edir, torpaqəmələgəlməyə təbii proseslərə xas olmayan yeni amillər, torpaqların becərilməsi, gübrələrin və kimyalaşdırmanın digər vasitələrinin tətbiqi, meliorasiyanın müxtəlif üsulları (qurutma, suvarma və s.) təsir göstərir. Mədəni torpaqəmələgəlmə prosesinin inkişafı zamanı maddələrin bioloji dövranının həcmi, intensivliyi və xarakteri, bütövlükdə maddə və enerji mübadiləsi dəyişir.
Mədəni torpaqəmələgəlmə prosesinin inkişafı zamanı maddə və enerji dövranının əsas xüsusiyyəti – məhsulla birgə bitkilər tərəfindən yaradılmış üzvi maddələrin və onların daxilindəki qida elementlərinin torpaqdan kənarlaşdırılmasıdır. İnsanın şüurlu məqsədəuyğun fəaliyyəti şəraitində mədəni torpaqəmələgəlmə prosesinin inkişafı torpaqların yaxşılaşmasına və münbitliyinin yüksəlməsinə səbəb olur. Bu prinsipin pozulması torpaq münbitliyinin itirilməsinə (eroziyanın inkişafına, şorlaşmaya, humusun itirilməsinə, strukturun pozulmasına və s.) gətirib çıxarır. Müasir intensiv əkinçilik intensivləşdirmənin kimyalaşdırma, meliorasiya və mexanikləşdirmə, həmçinin
kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldar növlərinin tətbiqi kimi güclü amillərindən istifadəyə əsaslanır. Bu amillərin ən yüksək səmərəliliyi torpaq münbitliyinin ən yüksək səviyyəsində özünü göstərir. Bu da əkinçilikdə intensivliyin artması ilə eyni zamanda yüksək münbitliyi olan torpaqların da əhəmiyyətinin artdığını göstərir. Ona görə də intensiv əkinçilik şəraitində torpaqlardan səmərəli istifadənin mühüm məqsədi – torpaq münbitliyinin geniş təkrar istehsalının, yəni həm effektiv, həm də potensial münbitliyin eyni zamanda artımının təmin edilməsidir.
Torpaq münbitliyinin geniş təkrar istehsalının həyata keçirilməsinin obyektiv imkanı onunla təmin edilir ki, insan torpaq və onun münbitliyinin qanunauyğunluğunu bilərək:
1.torpağın münbitliyini qida elementləri və nəmliyin miqdarını artırmaqla və onların sərfini məqsədyönlü şəkildə dəyişməklə (məsələn, səhraların və digər qeyri-məhsuldar sahələrin mənimsənilməsi və s.) yüksəldə bilir;
2. məhsul vasitəsilə götürdüyünü torpağa daha çox qaytara bilir; üçüncüsü, o, münbitliyin yüksək səviyyəsini əldə etmək məqsədilə torpağın xassə və rejimlərini tənzimləyə bilir.
İntensiv əkinçilik şəraitində torpaq münbitliyinin təkrar istehsalı iki yolla həyata keçirilir: maddi və texnoloji. Birinciyə gübrələrin, meliorantların, pestisidlərin, aqronomik baxımdan əlverişli əkin dövriyyəsinin tətbiqi daxildir. İkinci torpağa mexaniki təsir vasitələri (şumlama, kultivasiya və s.) və meliorasiya tədbirləri ilə bağlıdır. Bu tədbirlərin konkret toplusu zonal əkinçilik sistemini və mədəni torpaqəmələgəlmə prosesinin antropogen şəraitini səciyyələndirir.
Mədəni torpaqəmələgəlmə proseslərinin istiqamətləndirilmiş inkişafı torpaq münbitliyinin müəyyən səviyyəsini (modelini) təmin etməyə imkan verir. Münbitlik modeli dedikdə torpağın bitki məhsuldarlığının müəyyən səviyyəsinə uyğun gələn və aqronomik cəhətdən əhəmiyyətli hesab edilən xassə və rejimlərinin cəmi başa düşülür.
Torpaq xassələrinin optimal parametrləri – torpağın xassə və rejimlərinin kəmiyyət göstəricilərinin elə toplusudur ki, bu zaman bitki üçün həyat əhəmiyyətli amillər maksimum istifadə edilir, becərilən bitkilərin potensial imkanlarını tam həyata keçirməklə ən yüksək və keyfiyyətli məhsul əldə edilir. Müxtəlif bitkilərin torpaq şəraitinə tələbi eyni olmadığından torpaq münbitliyinin modeli bitkilərin torpağın xassə və rejimlərinə tələbi nəzərə alınmaqla hazırlanmalıdır. Torpaqların genetik xüsusiyyətləri fonunda (profilin quruluşu, humus horizontlarının olması, su-temperaturrejiminin fatsial şəraiti və s.) torpaq münbitliyinin modeli torpağın aqronomik xüsusiyyətlərinin və kəndtəsərrüfatı bitkilərinin becərilməsinin differensial aqrotexniki qaydalarının formalaşmasında fundamental göstərici kimi torpağın qranulometrik tərkibi (qumlu və qumsal, yüngül və orta gillicəli, ağırgillicəli və gilli) nəzərə alınmaqla işlənilir.
Torpaq münbitliyinin modeli torpaqşünaslar, əkinçilər, melioratorlar, bitkiçilər və aqronomluq elminin müxtəlif sahələrinin mütəxəssisləri tərəfindən hazırlanır. Torpaq münbitliyinin modeli aparıcı bitkilərin iştirakı ilə çöl təcrübələri sistemində torpağın əsas parametrlərinin öyrənilməsi, qabaqcıl təsərrüfatların və sınaq məntəqələrinin torpaq göstəricilərinin və bitkilərin məhsuldarlığına dair məlumatların ümumiləşdirilməsi əsasında formalaşdırılır. Optimal parametrlər əsasında torpaq münbitliyinin modelinin qurulduğu torpağın xassə və rejimlərinə aşağıdakılar daxildir:
1) torpağın humus vəziyyətinin göstəriciləri – humusun miqdarı və tərkibi, onun ehtiyatı, humus qatının qalınlığı;
2) torpağın qida rejimini səciyyələndirən parametrlər – bitki tərəfindən mənimsənilən qida elementlərinin miqdarı;
3) fiziki xassələrin optimal göstəriciləri – sıxlıq, aqreqatlılıq, tarla sututumu, su
keçiricilik, aerasiya;
4) torpaq profilinin quruluşunu səciyyələndirən göstəricilər - əkin qatının və bütövlükdə
humuslu qatın qalınlığı;
5) fiziki-kimyəvi xassələrin göstəriciləri – reaksiyası, udma tutumu, mübadilə olunan
kationların tərkibi, əsaslarla doyma dərəcəsi.
Bütün torpaq tipləri üçün ümümi olan xassə və rejimlərdən başqa, ayrı-ayrı torpaq tiplərinin zonal xassələrinin optimal göstəriciləri (tayqa-meşə zonasının torpaqlarında toksik maddələrin – alüminium və manqanın mütəhərrik formaları, arid və yarımarid zonanın torpaqlarında duz rejiminin göstəriciləri – toksik duzların miqdarı, tərkibi və yerləşmə dərinliyi və s.) də münbitliyini şəraitini və səviyyəsini təyin edir.
Torpağın bir çox xassələrinin optimal göstəriciləri torpağın aqronomik baxımdan əhəmiyyətli və praktiki olaraq bütün xassə və rejimlərinə təsir göstərən fundamental göstəricilərinin – qranulometrik tərkibinin və humusluluğunun optimallığından asılıdır. Bütün həyat amilləri bitki üçün eyni dərəcədə əhəmiyyətlidir. Onlardan heç biri digəri ilə əvəz edilə bilməz. Ona görə də effektiv münbitlik torpağın bitkini bütün zəruri şəraitlə maksimum təmin etmək qabiliyyətindən asılıdır. Buradan V.R.Vilyams tərəfindən formalaşdırılmış olduqca əhəmiyyətli bir müddəa ortaya çıxır ki, torpaq münbitliyinin yüksəldilməsi, yüksək və sabit məhsul alınması üçün bitkinin bütün həyat və böyümə amillərinə eyni vaxtda təsir etmək zəruridir. Bu zaman əsas amil (və ya amillər qrupu) aşkar edilməlidir ki, ona təsir etməklə qalan amillərin səmərəliliyini artırmaq mümkün olsun. Məsələn, quraq zonalarda aparıcı amil – bitkinin su ilə təmin olunmasıdır. Ona görə də bu zonada nəmliyin toplanması və səmərəli sərfinə yönəlmiş tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Meşə-tayqa zonasında torpaqların düzgün və sistematik gübrələnməsi və əhəngləşdirilməsi effektiv münbitliyin artırılmasının əsas amili hesab olunur.
Torpaq münbitliyi torpaqəmələgəlməsində bioloji, kimyəvi, fiziki-kimyəvi və başqa prosesləri stimullaşdıraraq bitkilərin məhsuldarlığını təyin edən energetik bir güvvədir. Ona görə də, torpaq münbitliyi anlayışı bir sistem kimi qəbul edilməlidir, çünki torpaq müəyyən konkret ekoloji şəraitdə əmələ gəlir və ondan antropogen amillərin təsiri altındadır. Məhz bu baxımdan potensial münbitliyin meyyarı hasab olunan torpaq xassələrinin kəmiyyət göstəriciləri ( morfoloji, aqrokimyəvi, aqrofiziki, bioloji ) və effektiv münbitliyin meyyarı hesab olunan ekosistemin məhsuldarlıq göstəriciləri ( məhsuldarlığın səviyyəsi və sabitliyi, rentabellik səviyyəsi və s.) müəyyən zaman və məkan daxilində antropogen amillərin təsirindən kənarda qala bilməz. Buna görə də halhazırda torpaqşünaslıq sahəsindəaparılan tədqiqatlarda yeni bir mərhələ - torpaq münbitliyinin sistemli analiz mərhələsi artıq meydana gəlmişdir.. Tədqiq olunan obyektlərin mürəkkəbliyi, çox saylı olması və torpaqda baş verən proseslərin rəngarəngliyi bu metodu torpaq tədqiqatının ən vacib və müasir metodlarından biri hesab etməyə əsas verir. Bu metod torpaq münbitliyinin modelləşdirilməsidir. Modelləşdirmənin əsas məqsədi - tədqiq olunan prosesin ən səciyyəvi xüsusiyyətlərini ifadə edə bilən əsas amillərin ən vaciblərinin müəyyən edilməsi ilə bağlıdır. Torpaqmünbitliyinin modelləşdirilməsi torpaqların münbitliyini yüksəltmək və qorunub saxlamaq üçün labut olan aqrotexniki, aqrokimyəvi, meliorativ və digər tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsi üçün obyektiv şərait yaradır.
Torpaq münbitliyinin modelinin işlənib hazırlanmasında torpaq-iqlim şəraiti və k/t-ı bitkilərinin məhsuldarlığına dair çoxillik məlumatlardan istifadə olunur. Modelin işlənib hazırlanması üçün əsas olaraq elə dəyişən parametrlər seçilməlidir ki, torpaq münbitliyinin hazırki vəziyyətini ifadə edə bilsin. Bu parametrlərin sayı 15-20 arasında olmalıdır, əks təqdirdə model “ işləməyəcək”.
Torpaq-ekoloji tədqiqatlar və ayrı-ayrı reqionların təbii şəraitinin təhlili və məlumatların araşdırılması taxıl, pambıq,üzüm, çay, meyvə, otlaq, meşə və başqa bitkilərin tələbindən asılıolaraq müxtəlif formalar üçün münbitlik modelinin işləmə yə imkan vermişdir.
Azərbaycan şəraitində Q.Məmmədəv tərəfindən işlənilmiş modellər zonal əkinçilik sistemləri çərçivəsində münbitliyin idarə edilməsi əhəmiyyətinə görə 9 blokdan ( aqroekoloji,torpaq tərkibi,torpaq rejimləri, torpaq xassələri, qiymətləndirmə, biometriya, torpaq faunası, aqromeliorasiya, monitorinq )ibarətdir.
1.Aqroekologiya bloku havanın yer səthinə yaxın qatının iqliminin ( orta çoxillik məlumatlar) və relyef şəraitinin səciyyəsini verir.
2.Torpaq tərkibi blokuna torpağın dəyişməsi mümkün olmayan və praktiki cəhətdən çətin olan göstəricilər ( humus tərkibi,TUK, qranulometrik tərkib, mineral biogen elementlər )daxildir.
3.Torpa rejimləri blokuna torpaq parametrlərinin – hava nəmliyi, temperatur və bitki örtüyü ilə qarşılıqlı əlaqə və təsirini əks etdirir.
4. Torpaq xassələri bloku – bitkilərin qidalanmasını təmin edən torpağın fiziki parametrləri və kimyəvi elementlərin mütəhərrik formaları daxildir.
5. Qiymətləndirmə bloku - əsas k/t-ı bitkilərinə münasibətdə torpağın balla ifadəolunmuş münbitliyinin səviyyəsini və onun balla vı ya pulla ifadə olunmuş qiymətinin göstərir və beləliklə, torpağın münbitliyinin və məhsuldarlığının artırılması üçün perspektivlər açır.
6. Biometriya bloku
7.Torpaq faunası bloku – torpaqdakı canlıların sayını və paylanmasını, onların torpağın digər xassələrinə təsirini səciyyələndirir.
8.Aqromeliorasiya bloku – aqroekologiya, torpaq xassə və rejimləri blokunun parametrlərinin mövsümi və uzun müddət ərzində tənzimlənməsini təmin edir.
9.Monitorinq bloku - monitoringin həyata keçirilməsi torpaq münbitliyi üzərində müşahidələr aparan nöktələrin coğrafi şəbəkəsinin təşkilini, ekspedisiya və vegetasion təcrübələrin keçirilməsini, torpaq məlumatlarınıninformasiya bankının yaradılmasını tələb edir.



Yüklə 494,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin