Bəziləri belə deyirlər: Bir rəvayətə görə göytürklərin ilk ataları Xsi-hai, yəni Qərb dənizinin (Xəzərin) sahillərində yaşayırdılar. Onların qadınları, kişiləri (uşaqları ilə birlikdə), böyüklü-kiçikli hamısı birlikdə Lin (Alan, Alaniya) adlı bir məmləkət tərəfindən məhv edilmişlər. (Türklərin hamısını qırdıqları halda) yalnız bir uşağa rəhm etmiş, onu öldürməkdən vaz keçmişlər. Bununla belə, onun da qollarını və qıçlarını kəsərək, özünü Böyük bataqlığın içindəki otların arasına atmışdılar. Bu vaxt dişi bir qurd peyda olmuş və ona hər gün ət və yemək gətirmişdir. Uşaq da bunları yeyərək özünə gəlmiş və ölməmişdi. (az bir vaxtdan sonra) uşaqla qurd ər-arvad kimi yaşamağa başlamış və qurd uşaqdan hamilə olmuşdu.
(Türklərin əski düşməni olan Lin dövlətinin hökmdarı uşağın sağ qaldığını eşitdikdə) tez adamlarını göndərərək həm uşağı, həm də qurdu öldürməyi əmr etmişdir. Əsgərlər qurdu öldürməyə gəldikləri zaman qurd bundan xəbərdar olmuş və qaçmışdı. Çünki qurdun müqəddəs ruhlarla (əyələrlə) əlaqəsi vardı (və daha öncə onlar vasitəsilə düşmənlərin gəldiklərini xəbər tutmuşdu).
Buradan qaçan qurd Qərb dənizinin şərqindəki bir dağa getmişdi. Bu da Kao-ç-anqın (Kuşanın) şimal-şərqində yerləşirdi. Bu dağın altında isə çox dərin mağara var idi. (Qurd buraya gəlincə) dərhal həmin mağaranın içinə girmişdi. Bu mağaranın arxasında böyük bir ovalıq var idi. Bu ovalıq başdan-başa ot və çaylarla örtülü idi. Ovalığın çevrəsi isə təqribən 200 mildən artıq idi.