Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


"Saklar qəsbkar idilər və Ahura Məzdaya hörmət etmirdi­lər. Mən Ahura Məzdaya hörmət edirdim. Ahura Məzdanın mərhəmətilə mən onlarla öz istəyimə uyğun rəftar etdim."



Yüklə 1,48 Mb.
səhifə144/163
tarix03.01.2022
ölçüsü1,48 Mb.
#46818
1   ...   140   141   142   143   144   145   146   147   ...   163
"Saklar qəsbkar idilər və Ahura Məzdaya hörmət etmirdi­lər. Mən Ahura Məzdaya hörmət edirdim. Ahura Məzdanın mərhəmətilə mən onlarla öz istəyimə uyğun rəftar etdim." (Ağa­sıoğlu, 2005, s. 105).

Artıq qeyd etdiyimiz kimi, bu sakların kimmerlərlə eyniləş­dirilməsi keçmişin ənənələri ilə bağlı olmuşdur. Yəni bir za­man­lar bu saklar kimmerlərin hakimiyyəti altında yaşamış olduqları üçün uzun müddət xüsusi "sak" (şakı) adı ilə yanaşı ümumiləş­dirici "kimmer" adını da daşımışlar. Yuxarıda bu barədə söhbət açarkən, müəyyənləşdirmişdik ki, bu saklar utilərin, yəni pay­taxtı Bərdə (Partav) şəhəri olan Uti vilayətinin qonşuluğunda yaşayan saklar idi ki, b.e. VII əsrinə qədər Kür və Araz çayları ara­sında yaşamaqda davam edirdlər və həmin ərazidəki Saka­sena (Şa­

kaşen) ölkəsinin sakinləri idilər. Lakin belə olan halda, hə­min sakların Mannaya heç bir dəxli olmur. Çünki belə hesab edi­lir ki, Manna Cənubi Azərbaycanda, Urmiya gölünün cənu­bu­nu və şərqini əhatə edən bir ölkə idi (Azərbaycan tarixi, 1994, s. 86; Qaşqay, 1993, s. 48) və Quzey Azərbaycan ərazisi onun sı­nırla­rına daxil deyildi. Əgər bu fikir doğrudursa, o zaman birmənalı şəkildə söyləmək olar ki, iki müxtəlif (biri quzeydə, biri isə gü­neydə) Sakasena olduğunu iddia edən Qiyasəddin Qey­bullayev (Гейбуллаев, 1991, s. 321) haqlıdır və sözügedən Sakasenanın Man­na ərazisindəki Sakasenaya, birinci Sakase­na­da yaşayan sak­ların isə "Manna sakları"na heç bir aidiyyatı yoxdur.

Lakin Solmaz Qaşqay arxeoloji materiallara istinadən, haqlı olaraq göstərir ki, müəyyən dövrlərdə Mannanın sərhədləri Araz çayından şimala uzanmış və Manna dövləti özünün gücləndiyi dövrlərdə geniş bir ərazini əhatə etmişdir (Qaşqay, 1993, s. 69). İlkin mənbələrin diqqətlə incələnməsi bu müddəanın tam doğru olduğunu, Manna ərazisinin düşünüldüyündən çox-çox böyük ol­duğunu, təkcə Güney və Quzey Azərbaycanı deyil, eyni za­man­da bugünki Dağıstan və Çeçenistanı da içinə aldığını gös­tərir. Bu məsələyə keçməmişdən öncə qeyd edək ki, mütəxəs­sislərin, demək olar ki, hamısı (V.V.Struve, İ.M.Dyakonov, K.V.Trever, İ.Q.Əliyev, V.F.Minorski, A,P.Novoseltsev) tək bir Sakasenadan söhbət açmış və onun Gəncə ilə Urmiya gölü ara­sında uzandığını, yəni həm Quzey, həm də Güney Azərbaycanı əhatə etdiyini qeyd etmişlər (Гейбуллаев, 1991, s. 321). Mə­sə­lən, İ.Dyakonova görə, iskitlərin məskənini Manna torpaqlarının şimal sərhəddində, Araz çayı və ondan şimaldakı torpaqlarda lokalizə etmək lazımdır (Дьяконов, 1956, c. 250). İ.Əliyev isə qeyd edir ki, iskitlərin məskəni Azərbaycanın həm cənubunu, həm də şimalını əhatə etmişdir (Алиев, 1960, c. 230, qeyd 5). M.İs­mayıl da eyni fikirdə olmuşdur (İsmayıl, 1955, s. 11). Ar­xeoloji tədqiqatlar nəticəsində isə məlum olmuşdur ki, sakların yaşayış arealına bugünkü Gür­cüstan ərazisi də daxil idi (Пирцха­лава, 1975).

Məlum olduğu kimi, "Sakasena" adına antik müəlliflərin, "Şakaşen" adına isə erməni müəlliflərinin əsərlərində rast gəlin­mişdir. Saklardan gen-bol söz açan aşşur mənbələrində isə bu toponimə rast gəlmirik. Əvəzində isə aşşur və Urartu mənbə­lə­rində paytaxtı Parda (Bərdə) olan Saqarta (Zikertu) toponiminə rastlaşırıq və bu toponim mənbələrdə Mannanın əyalətlərindən biri kimi qeyd edilir (Qaşqay, 1993, s. 63).

Doğrudur, həmin ölkənin Cənubi Azərbaycanda Miyanə və Ərdəbil arasında yerləşdiyi hesab edilir (Qaşqay, 1993, s. 63), lakin faktlar bu ehtimalı nəinki təsdiqləmir, əksinə söhbətin məhz Bərdə ətrafındakı ərazilərdən getdiyini sübut edir. Məsələ burasındadır ki, saqartalılardan söhbət açan Herodot onları uti­lər­lə birlikdə yad edir (Гейбуллаев, 1991, c. 147), utilərin isə Araz çayı yaxınlarında yaşadıqlarını göstərir (Гейбуллаев, 1991, c.143). Və məsələ təkcə bu faktla bitmir.

Məlum olduğu kimi, Mannanın əyalətlərindən biri də An­diya idi. Bu əyalətin adına ilk dəfə III Salmanasarın, daha sonra isə III Adadnerarinin kitabələrində rast gəlinir (Qaşqay, 1993, s. 64). Mütəxəssislər III Adnerarinin kitabəsində söylənilənlərə is­tina­dən, Andiyanın Xəzər sahillərində yerləşdiyi fikrində yekdil ol­muş­lar (Меликашвили, 1978, c. 75 сн 2; Дьяконов, 1956, 165).

Q.Melikaşvili Saqartanın (Zikkertunun) paytaxtı Parda şə­hə­ri ilə Azərbaycandakı Bərdə, eləcə də Andiyanın adının Da­ğıstandakı Andi toponimi ilə eynilik təşkil etdiyinə diqqət çək­miş, fəqət bunu mannalıların guya qafqazdilli olduqlarını "sü­but" etmək üçün etmişdir (Меликашвили, 1978, c. 60). Bu alim Andiya və Andi toponimləri arasındakı eyniliyi göstərməklə, əslində bizə Andiyanın harada olduğunu göstərmişdir. Biz də bu fikirdəyik ki, Andiya əyaləti Xəzər dənizi sahilində yerləşən bu­günkü Dağıstan ərazisini əhatə etmişdir və qafqazdilli andi (an­diyalı) xalqının adı ilə bağlı olmuşdur. Məlumat üçün bildirək ki, andilər (andiyalılar) Dağıstan xalqlarından biridir və bu gün də varlıqlarını sürdürməkdədirlər. Fəqət sovet dövründə onların millətləri inkar edilmiş və avarların bir qolu olduqları iddia edil­mişdir (Брук, 1986, c. 166). Hazırda Dağıstanda mövcud olan iki Göysu çayından biri avarların adı ilə "Avarskoye Koysu", di­gəri isə andilərin adı ilə "Andiyskoe Koysu" adlanmaqdadır.

Maraqlıdır ki, II Sarqonun müttəfiqi kimi çıxış edən Manna hökmdarına qarşı Urartu çarının təhriki ilə üsyan edən Saqarta (Zik­kertu) və Andiya əhalisini cəzalandırmaq üçün bu ölkələrə hü­cuma keçən II Sarqon öncə saqartalı, daha sonra isə andiyalı üs­yançıları məhv etmişdir. Yəni o, öncə Saqartaya (Zikkertuya) gəlmiş, daha sonra isə Saqartadan keçərək Andiyaya daxil ol­muş­du (Azərbaycan tarixi, 1994, s. 98-99). Bu da təbiidir, çünki Da­ğıs­tana getmək üçün mütləq Quzey Azərbaycandan keçmək lazımdır.

Mannanın digər bir əyalətinin də "Durdukka" olduğu və burada eyniadlı şəhərin bulunduğu məlumdur (Azərbaycan tari­xi, 1994, s. 96). Q.Melikaşvili haqlı olaraq göstərmişdir ki, Dur­dukka çeçenlərin əski adı olan "durdzuk" (Dağıstanda bu gün də çeçenlərə "durdzuk" deyirlər) etnonimi ilə bağlıdır (Меликаш­вили, 1978, c. 60). Eyni etnonimə XI əsr gürcü tarixçisi Leonti Mrovellidə də rast gəlmək mümkündür (Ковалевская, 1984, c. 85). O, eyni zamanda durdzuklarla yanaşı, andilərin, yəni andi­yalıların bir qolu olan didoyların da (Брук, 1986, c. 166) adını çəkmişdir (Ковалевская, 1984, c. 85).

Bütün bu faktlar sübut edir ki, Manna gücləndiyi vaxtlarda Quzey Azərbaycan ərazisi ilə yanaşı, Dağıstan və Çeçenistanı da öz sərhədləri içərisinə daxil edə bilmişdi. Saqarta da Mannanın bir parçası idi. Onun mərkəzi Bərdə olsa da, ərazisi Azərbay­ca­nın həm quzey, həm də güney ərazilərini əhatə edirdi. Mənbə­lərdən belə aydın olur ki, həmin dövrdə "sak" adı Azərbaycan əhalisinin mühüm bir hissəsinin ümumiləşdirici adı kimi çıxış edirmiş (Azərbaycan tarixi, 1994, s. 127-128). Məsələn, Aşşur mənbələrində Bərdənin Uti vilayətinin deyil, Saqartanın (Zik­kertunun) mərkəzi kimi göstərilməsi o deməkdir ki, həmin dövrdə utilər (udulular) üçün də "sak" adı ümumiləşdirici ad idi. Yəni utilər də sak ittifaqına daxil idilər.

Mənbələrdən belə aydın olur ki, Azərbaycanın şimal-qər­bində, Xəzər sahillərində yaşamış massagetlər də bir vaxtlar bu ümumiləşdirici ad altında çıxış etmişlər (İsmayıl, 1955, s. 11-12). Sonrakı dövr mənbələrində "maskutlar" adlandırılan bu xal­qın bəzi mütəxəssislərin fikrincə, Dərbəndlə Beşbarmaq dağı arasında (Ашурбейли, 1985, c. 304), digər mütəxəssislərin fik­rincə isə, Kür çayına qədər olan ərazilərdə və Muğanda (Anadol, 1991, s. 19) yaşadıqları bildirilimişdir. Antik müəlliflərin mas­saget kimi söz açdıqları həmin xalqın adı ilk dəfə Sasani şahının Paykulidəki yazısında, daha sonra isə erməni müəlliflərinin əsərlərində "maskut" kimi çəkilməkdədir (Касумова, 1985, c. 53). Ammian Marselinin yazdığına görə, massagetlər alanların əcdadları olmuşlar, Valeriy Flak isə massagetləri midiyalılarla birlikdə yad etmişdir (Гейбуллаев, 1991, s. 174-175).

Herodot massaget tayfaları barədə yazırdı ki, "bu xalq qə­dərsiz və cəsur hesab edilir, şərqdə Araz çayının o tərəfində is­sidonlarla üzbəüz yaşayır. Bəzilərinin fikrincə, bu iskit xalqıdır” (Azərbaycan tarixi, 1994, s. 124). Dion Kassi Arazdan şimalda yaşayan albanları massaget mənşəli hesab edirdi. Strabon qeyd etmişdir ki, iskitlərin böyük bir hissəsi massaget və sak adını daşıyırdılar (Azərbaycan tarixi, 1994, s. 124) və Araz çayı sahi­lində yaşayırdılar (Алиев, 1987, c. 25). Əhəməni şahlarının ya­zılarında ayrıca "massaget" adına rast gəlinmir və onlar da ümu­miləşdirici "sak" adı altında tanınırdı. Və maraqlıdır ki, Proko­piy, Musa Kağankatlı, Dionisiy Perieqet və erməni mənbələri massagetləri hunlarla eyniləşdirmişlər (Azərbaycan tarixi, 1994, s. 118; Kalankaytuklu, 1993, I, XIV fəsil; Гейбуллаев, 1991, s. 177; Пигулевская, 1939, №1, c. 114).

Yuxarıda qeyd edildiyi kimi, Əhəməni şahı Daranın Nəqşi-Rüstəmdəki kitabəsində üç növ saklardan söhbət açılmaqdadır: xaumvarqa sakları (şərab bişirən saklar), tiqraxauda sakları (ox­papaq və ya şişpapaq saklar) və taradrava sakları (dənizin ar­xasında yaşayan saklar) (Гасанов, 2000, c. 54).

Daha qədim dövrə aid aşşur mənbələrindən belə aydın olur ki, bunlardan biri kimmerlərlə eyniləşdirilən saklar idi. Həmin mənbə­lər sayəsində bu sakların bir neçə hökmdarının adı da döv­rümü­zə­dək ulaşmışdır. Bunlar Teuşpa, İşpakay, Tuqdamme və onun oğlu Sandakşatrudur. Aşşur hökmdarları Teuşpa ilə e.ə. 678-ci, Manna­lıların köməyinə gələn İşpakayla e.ə. 670-ci ildə döyüşmüş və onlara qalib gəlmişdilər (Ağasıoğlu, 2005, s.107). Asarhaddonun kitabəsindən belə məlum olur ki, aşşurlar saklar­dan çəkinirmişlər:

"Müəyyən edilmiş bu müddət ərzində Manna vilayətində yaşayan və Manna ölkəsinin hüdudlarına gəlmiş sak ordusu bir qəsd hazırlayırmı? Bir şey fikirləşirmi? Hubuşkiya şəhə­rinin keçidini... keçəcəklərmi, gələcəklərmi, Aşşur sərhəd­din­dən böyük qənimət, əsirlər aparacaqlarmı?" (Azərbaycan ta­rixi, 1994, s. 105).

Eyni kitabədən belə aydın olur ki, döyüşdə saklar məğlub olurlar və bu Manna dövlətinin süqutu ilə nəticələnir:




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin