O vaxtdan bı tayfaya qurtlar tayfası deyillər. Naxçıvanın qurtlar məhləsi də onnardan qalmadı (Azərbaycan mifoloji mətnləri, 1988, s. 43-44).
Yeri gəlmişkən qeyd edək ki, Mirəli Sеyidоv Göyçay, Şamaxı, Qarabağ, Naxçıvan, Оrdubad, Təbriz, Gəncə və s. şəhərlərdə qurd məhəlləsi, qurd mеydanı оlduğunu qеyd еtmişdir (Seyidov, 1990, s. 72).
Məshəti İsmayıl Rüstəm qızının yazdığına görə, “Qurdlar məhəlləsi” sadəcə yеrə vеrilən ad оlmamışdır. Bu adlar məlum tayfaların adından da götürülə bilər:
“1177-ci ildə Misirdə Еyyubilər sülaləsinin hakimiyyətinin əsasını qоymuş Azərbaycan türkü Əli Səlahəddinin tayfa adı qurddur. Sultan Səlahəddinə siz kürdmüsünüz sualına о xеyir biz Azərbaycandanıq, əmim Şirkuh dеyərdi ki, Biz əz-zib – yəni qurd tayfasındanıq” (İsmayıl Rüstəm qızı, 2008, s. 136).
Azərbaycandan toplanan və müəyyən qədər uyğurların “Köç” və göytürklərin “Ergenekon” dastanlarıyla səsləşən başqa bir mifoloji mətn isə daha böyük maraq doğurur.
“Köç” dastanının qısa məzmunu belədir:
Müqəddəs buyruğa əməl edən xalq böyük bir yurdu tərk edərək köçə hazırlaşdı. Yola düzəldilər. Durub dayanmadan, yorulmaq bilmədən getdilər, getdilər. Hara getdiklərini, harda dayanacaqlarını bilmirdilər. Bu zaman onların qarşısına göy tüklü, göy yallı bir qurd çıxdı və onların qabağına düşdü. Uyğurlar da qurdu tanrının göndərdiyini başa düşüb onun dalınca getdilər. Qurd gətirib onları dümdüz ovalıq bir yerə çıxardı. Uyğurlar burada yerləşib yurd saldılar (Bozqurd, 1992, s. 37).
Azərbaycandan toplanmış mifoloji mətnlərdən birində isə deyilir:
Allahdan vəh gəlir, Nuh peyğəmbər də insanlara deyir, söylüyür ki, bə tufan olacax, dünyanın üzünü su alacax. Heş kim bına inanmır. Nuh peyğəmbər bir gəmi qəyirir, bütün cannılardan bir cüt qoyur gəmiyə. Bunun yeddi oğlu varımış, Oğlannarınnan altısı gəmiyə minir, biri minmir, deyir ki, su gələndə çıxaram dağın başına, mənə heş zad olmaz.
Çox keçmir ki, dünyanın üzünü su alır. İnsannar boğulup ölür. Nuh peyğəmbər baxır ki, dağa çıxan oğlu da boğulhaboğuldadı. İstiyir ki, gəmini ona sarı sürsün. Allahdan səs gəlir ki, ya Nuh, çıx get, bı oğlan sizlərdən deyil.
Dostları ilə paylaş: |