Bu pirin adı təsadüfi olaraq “Dədə Günəş” adlandırılmamışdır. Günəş Azərbaycanın ən qədim kultlarındandır. Bu kult Tunc dövründə çox böyük tərəqqi tapmışdı” (Azərbaycan incəsənəti, 1977, s. 13).
Günəş kultundan söhbət düşmüşkən Qobustandakı gəmi təsvirlərini də unutmamaq lazımdır. Şumer gəmilərinin prototipi olan bu gəmilərin uclarındakı günəş təsvirləri diqqəti çəkməkdədir. Şumer mifologiyasında bu qayıqlar günəş tanrısı Utu ilə əlaqəli təsəvvür edilmişdir. Şumerlər inanırdılar ki, ölən insanlar ölülər dünyasına belə qayıqlarda yollanırdılar. Bunun üçün onlar Kur çayını keçməli idilər. Sonradan bu mifiloji təsəvvür qədim sami və yunan mifologiyalarına da keçmişdir. Onun izlərinə hətta Amerika hindularının əfsanələrində də rast gəlinməkdədir. Maraqlıdır ki, qədim yunan tarixçisi Herodot iskit xaqanlarını Kür çayının yuxarı axarında kurqanlarda basdırmaq adətindən söz açmışdır. Görünür, şumelərin bu dünya ilə o biri dünyanı bir-birindən ayıran Kur, yəni Kür çayı barədə, eləcə də ölülərin bu çayı günəş qayıqlarında keçməsi barədə təsəvvürləri əski vətənlərindəki real hadisənin yeni vətəndə əfsanələşdirilməsi ilə meydana gəlmişdir. Hər halda belə düşünməyə ciddi əsaslar vardır. Əvvəla, Qobustanın gəmi təsvirləri və Herodotun iskit xaqanlarının dəfni ilə bağlı verdiyi məlumat, eləcə də Kür çayının yuxarı axarında son Eneolit dövrünə aid Soyuqbulaq kurqanlarının aşkar edilməsi bu versiyanın ciddi bir versiya olduğunu göstərir. Deyilənlərə kurqanların “şüa sistemi”nə uyğun yerləşdiyini də əlavə etmək lazımdır.
Tunc dövründə insanların dünyagörüşündə baş verən köklü dəyişikliklər Qobustanın həmin dövrə aid qayaüstü təsvirlərindən çox aydın hiss edilir. Əvvəlki dövrlərdən fərqli olaraq, bu dövrdə artıq öküz təsvirlərinə rast gəlinmir. Belə ki, Azərbaycanın son Eneolit – erkən Tunc dövrlərə aid Şomu-təpə, Töyrə-təpə, Qarğalar təpəsi, Baba-Dərviş və Əlikömək təpəsi kimi abidələrində tədqiqat aparmış arxeoloq D. Hacıyev həmin dövrlərdə insanların artıq iribuynyzlu heyvanların da ətindən istifadə etdiklərini təsbit etmişdir. Araşdırmalar nəticəsində Şomu-təpədən əldə edilən heyvan sümüklərinin 57 %-inin kiçikbuynuzlu heyvanlara, 25 % - nin iribuynuzlu heyvanlara, 5,5 %-nin isə qabana aid olduğu üzə çıxmışdır. Töyrə-təpədən tapılan sümüklərin isə 25,5 %-ni öküz sümükləri təşkil edirdi. Qarağalar təpəsi, Baba-Dərviş və Əlikömək təpəsində isə bu göstəricilər müqabil olaraq 23,4 %, 36,5 % və 43,3 % idi (Гулузаде, 2005, с. 83).
Deməli, həmin dövrlərdən etibarən öküzləri yeməyə başlamışlar. Çünki artıq onları müqəddəs varlıq hesab etmirdilər. Bir sözlə, öküz kultu yerini tədricən günəş kultuna vermişdi. Bu da təbiidir. Çünki zaman keçdikcə insanların sayı durmadan artmış və bu da ərzaq probleminin yaranmasına gətirib çıxarmışdı. Öküz və inək isə həm zəngin ət, süd mənbəyi, həm də əkinçilərin işini yüngülləşdirən səmərəli güc mənbəyi kimi çıxış etmək potensialına sahib idi. Artıq son Eneolit – erkən Tunc dövrlərindən etibarən öküzlərin kotana qoşulduğunu təsdiqləyən çox sayda fakt mövcuddur. Bununla belə, dövrümüzədək ulaşan və həmin dövrlərin yadigarları olan cütçü nəğmələrindən də göründüyü kimi, öküzə hələ də son dərəcə xoş münasibət bəslənilir, o, marala, ceyrana bənzədilərək əzizlənirdi:
Dostları ilə paylaş: |