"Səkkizoğuz, Otuztatar qalmadı gəldi...” (Rəcəbov, Məmmədov, 1993, s. 150).
Doğrudur, mütəxəssislər sözügedən petroqlifdə öncə 7 qadının təsvir edildiyini, 8-cinin isə sonradan əlavə edildiyini qeyd edirlər. Elə bu üzdən də təsviri "7 gözəl adlandırmışlar. Fəqət bu hal işin mahiyyətini dəyişmir. Bu o deməkdir ki, öncə 7 oğuz qəbiləsi ittifaq bağlamış, sonra 8-ci qəbilə də bu ittifaqa qəbul edilmiş, nəticədə təsvirdə korrektə edilmişdir. Arxeoloqların fikrincə, petroqlifdəki qadınları bir-birindən fərqləndirən cizgilər onların, deməli, həm də ayrı-ayrı soyların qəbilə ittifaqındakı, yəni boydakı ictimai mövqelərinə işarə etməkdədir.
Yuxarıda sadalanan faktlar oğuzların ilkin ata yurdu kimi Mərkəzi Asiyaya işarə edən Orta Asiya mənşəli “Oğuznamə”lərdən (uyğur variantı, Əbülqazi variantı və s.) fərqli olaraq, Azərbaycan və Şərqi Anadoluya işarə edən “Oğuznamə”lərin, o cümlədən “Kitabi – Dədə Qorqud”un həqiqəti daha dürüst əks etdirdiyini söyləməyə ciddi əsas verir.
Bu baxımdan Yazıçıoğlu Əlinin “Oğuznamə”si böyük maraq kəsb edir. Yazıçıoğlu Oğuz xanın doğumundan danışarkən bu hadisəni Azərbaycan və Şərqi Anadolu ərazilərini əhatə edən, Övliya Çələbinin “Mahan” adlandırdığı ərazi ilə üst-üstə düşən coğrafi məkanla bağlayır. Yəni həmin məkan oğuzların ilkin ata yurdu kimi təqdim edilir. Söhbətinə “İsrailoğullarının Tövratında yazıldığı və müsəlman tarixçilərinin əsərlərində qeyd edildiyi kimi...” sözləri ilə başlayan müəllif daha sonra Nuh və oğulları barədə əfsanəni təkrar edir və yazır:
“...Türklər Yafəsə Abulca xan deyirlər” (Koroğlu, 1999, s. 56).
Onun sözlərinə görə, Abulca xan köçəri maldar idi və oğuzların ilk vətənində yaşayırdı. Onun Dib Yabquy adlı oğlu vardı. Onlar və tayfaları bütpərəst idilər. Div Yabquyun ölümündən sonra taxt-taca oğlu Qara xan sahib oldu. Onun Oğuz adlı oğlu oldu (Koroğlu, 1999, s. 56).
Yazıçıoğlu daha sonra Oğuzun böyüməsindən, kafir atasını öldürməsindən, evlənməsindən və qəzavatından danışır. Oğuz xanın düşmənləri ilə 75 il müharibə apararaq Buxaraya qədər Türküstan torpaqlarını, o cümlədən Talas və Sayramı almasını təsvir edir və onun təsvirindən belə aydın olur ki, bu ərazilər oğuzların ilkin ata yurdu olmayıb, sonradan qazanılmış Vətəndir. X. Koroğlu mövzu ilə bağlı yazır:
“Türküstan ölkəsinin qüdrətli hökmdarları arasında Yazıçı oğlu Salur Qazan boyunun adını çəkir. Bu, “Qorqud Kitabı”nda Salur Qazanın böyük rol oynadığı oğuzların epik tarixini təcəssüm etdirir. Yazıçıoğlu çəkişmələr nəticəsində oğuzların iki qanada bölünməsi və sonda ağsaqqallar şurasının hakimiyyəti Lukman (Səlcuqun babalarından biri) başda olmaqla sol qanada verməsi əfsanəsini misal gətirir. Bu əfsanə geniş şəkildə “qorqud Kitabı”nın Xll boyunu təşkil etmişdir. Diqqətəlayiqdir ki, “Qorqud Kitabı”nda olduğu kimi, Yazıçıoğlu variantında da Bayandır xan sol qanadı təmsil edir. Yazıçıoğluna görə bütün bunlar oğuzların ilk Vətənlərində baş vermişdi. Sonralar oğuzlar otlaqların çatmaması üzündən öz yerlərini tərk edib qışı Buxarada, yazı Soğd və Səmərqənddə keçirdikləri Orta Asiyaya gəldilər (Koroğlu, 1999, s. 57).
Məsələyə eyni mövqedən yanaşma görkəmli Azərbaycan tarixçisi Əbu Bəkr Tehraninin 1471-ci ildə qələmə aldığı və Ağqoyunlular sülaləsindən böyük Azərbaycan imperatoru Uzun Həsənə həsr etdiyi “Kitabi-Diyarbəkriyyədə də müşahidə edilməkdədir. Uzun Həsəni 68-ci nəsildə Həzrət Adəmə bağlayan tarixçinin əsərində “Kitabi-Dədə Qorqud” personajları da real tarixi şəxsiyyətlər kimi təqdim edilir. Məsələn, Azərbaycan hökmdarının 52-ci göbəkdən ulu babası adlandırılan Bayandır xandan söhbət açılır və aşağıdakı son dərəcə qiymətli məlumat verilir:
Dostları ilə paylaş: |