Maraqlıdır ki, Ön Asiya türkmənlərinin etnik tərkibi genoloji cəhətdən klassik şəklinə (M. Kaşqarlı variantı) uyğun gəlir” (Koroğlu, 1999, s. 15-16).
S.P.Tolstov və ona istinad edən X.Koroğlu Səlcuqluların Azrbaycan və Ön Asiyaya köçündən öncə də türkmənlərin, yəni oğuzların yaşadığını etiraf etmişlər:
“Xl əsrdə Azərbaycana gəlmiş oğuzlar burada kifayət qədər kompakt yaşayan türkdilli yerli əhali ilə qarşılaşdılar. Gəlmə oğuz-qıpçaqların artıq Azərbaycanın əsil əhalisinə çevrilmiş hun mənşəli türklərlə etnik yaxınlığı çoxsaylı faktlarla təsdiqlənir. Məsələn, tarixi əsərlərdə və eposda Oğuz xanın hun hökmdarı Mete ilə eyniliyi haqqında çox deyilmişdir. Oğuzların 12 sağ, 12 sol (yaxud İç oğuzlar və Daş oğuzlar) qanada bölünmüş 24 oğuz tayfası hunların bölgüsünə (tümənbaşı ümumi adın adını daşyan 24 hun ağsaqqalı) tam uyğun gəlir (Толстов, 1938, s. 80; Koroğlu, 1999, s. 14-15).
Yeri gəlmişkən qeyd edək ki, ərəb tarixçilərinin dövrümüzədək ulaşmış əsərləri oğuzların Azərbaycan və Anadoluya guya Səlcuqlular dövründə gəldiyi barədə qondarma konsepsiyaları kökündən rədd edir. Məsələn, Mühəmməd Vakidi (740-823) xəlifə Ömərin zamanında, təqribən 638-639-cu illərdə ərəb ordusunun Ərməniyyəni (Van gölü və ətrafı) fəthi zamanı Ərciş (Van) gölü yaxınlığında yaşayan xristian oğuzlardan və onların məleykəsi Turunc xatundan və onun islamı qəbul etməsindən söhbət açır. Eyni hadisə Ənvərinin yeganə nüsxəsi Paris Milli Kitabxanasında qorunan “Düsturnamə” əsərində də yer almaqdadır (Koroğlu, 1999, s. 57-58). Ənvəri eyni zamanda həmin bölgədə yaşayan oğuzların Oğuz Tümən adlı başçısını da yad edir.
Maraqlıdır ki, “Xannamə”də Gün xanın məşhur vəziri Irkıl Xocanın adı ilə də rastlaşırıq ki, burada onun adı özbəklərin ikinci əfsanəvi xanı Uluq xanın adı ilə yanaşı yad edilir:
Başçısız və padşahsız gəzən özbəklər Uluq xana bir elçi göndərir və onlara tabe olmasını tələb edirlər. Əgər tabe olmasa, döyüşəcəklərini bildirirlər. Bu vaxt özbəklərin içində İrkıl Kugərdi adlı bir ağıllı adam var idi. Bu yaşlı kişi bütün özbəkləri toplayır və Uluq xanla birləşmələri üçün məsləhətlər verir. Onun sözü ilə bütün özbəklər Uluq xana tabe olmağa razı olurlar və bir çox hədiyyələrlə xanın yanına gedirlər. Xan da onları bəy eləyir (Ögəl, 2006, s. 394).
Dastanın “Uluq xanın türkmən döyüşü” adlı növbəti bölümündə türkmənlərin 27 uruqdan (boydan) ibarət olduğu bildirilir və onlardan bir neçəsinin adı sadalanır. Bu dəfə də Azərbaycan və Anadolu boylarının adı çəkilir, Türkmənistandakı boylardan isə söhbət belə getmir. Yuxarıda təqdim edilən siyahıda adı “ləbnət” kimi keçən boyun adı bu siyahıda daha düzgün, “lənbə” kimi təqdim edilir. Bu siyahıda ığdırların da adına rast gəlinməsi diqqət çəkir:
Dostları ilə paylaş: |